Modern.az

Yaxın, uzaq Xankəndi… - I YAZI

Yaxın, uzaq Xankəndi… - I YAZI

26 Dekabr 2016, 09:26

İlham Cəmiloğlu


Artıq 25 ildir ki, Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Xankəndi bizə yaxın olduğu qədər bizdən uzaqdır. Zamanın ən ağır sınaqları ilə üz-üzə qalmış, ermənilərin təcavüz siyasətinin ilk qurbanı olan doğma şəhərimiz bu gün yaddaşımızda, xəyallarımızda yaşayır. Torpaq nisgili ilə yaşayan, bütün ağrı-acılara sinə gərən xankəndililər düz 25 ildir ki, doğma yurdlarının həsrətini çəkirlər və arzuladıqları bir anı, böyük Qələbə gününü, yurda dönüşü, Vətənə qayıdışı gözləyirlər. 

Biz öz torpaqlarımıza sahib olacağıq. Bu bizim qədərimiz və qismətimiz olmaqla mütləqdir. Hadisələrin ədalətli sonluğu üçün bir az da zaman tələb olunur. Zaman və zamanın ixtiyarında olan bizlər, böyük və qüdrətli Azərbaycan xalqı ulu Tanrının gücü ilə hər şeyi yerbəyer edəcək. Məcrasından çıxan hadisələr Qarabağ məkanında nə qədər siyasi, maddi, mənəvi və xoşagəlməz səliqəsizlik yaratsa da tarix hər şeyi sahmana salacaq.
Biz yenidən doğma şəhərimizə dönəcəyik. Xankəndi öz doğma sakinlərini yenə də qoynuna alacaq. Sönmüş ocaqlarımızı yenidən yandırıb, ata-babalarımızın ruhuna işıq, nur salacağıq.

Bütün varlığımızla qəribsədiyimiz Xankəndi torpağında dünyaya gələn yeni xankədililərin mübarək qədəmlərinin də şahidi olacağıq. Ötən illərin ağrı-acılarından, neçə onilliklər boyu ermənilərin azərbaycanlılara xəyanətindən və bütün bunların müqabilində aldığımız həyat dərsindən onlar da xəbərdar olacaqlar. Köhnə xankəndililərdən fərqli olaraq yeni xankəndililər sovet rejiminin məngənəsində sıxılan, günü-gündən süni şəkildə erməniləşdiriən, türk qanına susamış Şaumyanın adını daşıyan şəhərin sakinləri yox, müstəqil Azərbaycanın Xankəndi şəhərinin sakinləri olacaq.



***

Hər bir xalq və millət tarixə hörmətlə yanaşmalıdır. Tarixdə yanlışlıq gələcəkdə hər hansı bir millətin və xalqın müqəddəratında arzuolunmaz hadisələrə, kiçik münaqişələrdən tutmuş böyük savaşlara səbəb ola bilər. Və bu gün on minlərlə, yüz minlərlə insanın həyatına son qoyan müharibələrin səbəblərindən biri də tarixi təhrif edərək torpaq iddiası ilə yaşayanların məkr və cinayət dolu əməlləridir.
Elə Qarabağ münaqişəsinin kökündə də erməni millətçilərinin t'arixi təhrif etmək cəhdi və bu cəhddə bulunaraq Azərbaycan torpaqlarına sahib olmaq iddiası durur. Amma bir məsələ də var ki, həqiqəti sevən, gerçəklik və reallıqları öz səhifələrinə yazan tarix ləkə götürmür.


Erməni millətçilərinin Qarabağ torpaqları ilə bağlı iddialarının əsasız olduğunu və Xankəndinin əzəli Azərbaycan torpaqlarına məxsusluğunu bir daha sübuta yetirmək üçün tarixi faktlara nəzər salmaq yetərlidir.
Xankəndi 18-ci əsrin axırlarında Qarabağ xanlığının başçılarının təşəbbüsü ilə xanlığın paytaxtı Pənahabbaddan, indiki Şuşadan 10 kilometr aralıda, nisbətən dağətəyi ərazidə xanların istirahət yeri məqsədi ilə salınıb. Ərazi seçilərkən onun Ağdama, Xocalıya, Malıbəyliyə və digər yaşayış məntəqələrinə yaxın olması da nəzərə alınıb. İlk gündən yeni salınmış bu ərazidə azərbaycanlılar məskunlaşıblar. Əvvəl yeni yaşayış məskənində ancaq xanın ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınmış, qısa bir müddətdən sonra bu yer Xankəndi adını alıb. Sonralar Xankəndinə mövcud ətraf kəndlərdən - Malıbəyli, Kərkicahan, Kosalar, Canhəsən, Qaybalı, Zarıslı və digər yaşayış məntəqələrindən azərbaycanlılar köcməyə başlayıblar. Zaman-zaman Xankəndi böyüyüb, inkişaf edib, Qarabağ xanlığının iqtisadi qüdrətinin artmasında mühüm rol oynayıb.

Qarabağ xanlığını Rusiya imperiyasına birləşdirən 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşıb. Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələr kimi Xankəndinin də taleyinə ciddi təsir edib. Əvvəlki həyat tərzi dağıdılaraq hər şey imperiyanın maraqlarına tabe etdirilib. Eyni zamanda keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün bütün ərazi boyu Rusiya imperiyası tərəfindən hərbi hissələr yerləşdirilib. Hərbi hissələrin biri də Xankəndində olub. Xankəndi hərbi hissə üçün çox əlverişli olduğundan buradan çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı digər yaşayış məskənlərini nəzarətdə saxlamaq daha asan olub. Digər tərəfdən Rusiya imperiyasının Xankəndinə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı da nəzərdə tutulub. Bu planın reallaşması nəticəsində çar çinovnikləri digər bölgələrdə olmasa da, Xankəndində etnik proporsiyanı müəyyən qədər poza biliblər. 1813-cü ildə Xankəndində heç bir erməni və rus ailəsi yaşamadığı halda, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi olub. 
Rusiya işğalından dərhal sonra Xankəndində çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirilib. Ermənilər və rus zabitləri yaşayış məskənini “qərargah” adlandırsalar da, 1847-ci il çar Rusiyası xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşüb. Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilib, etibar qazandıqlarına görə onlar çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin ediliblər. Xankəndində iki sinifli məktəb də fəaliyyət göstərib. Şəhərdə 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşun postu yerləşdirilib. Rus hərbi kontingentinin Xankəndində yerləşdirilməsi ilə əlaqədar burda hərbi kazarmalar, xəstəxana, səhra kilsəsi, inzibati binalar tikilməyə başlanıb və bölgənin hərbi qərargahı buraya köçürülüb. Bundan sonra Xankəndinə ermənilərin köçü daha da artmağa başlayıb.
Erməni millətçiləri tərəfindən həyata keçirilən etnik siyasət nəticəsində ötən əsrin əvvəllərində Xankəndində erməni və rus əhalisinin sayı xeyli artıb. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayıblar. Məqsədli təcrid siyasətinə baxmayaraq onlar Xankəndində ciddi söz sahibi olublar və hakimiyyət nümayəndələri onlarla hesablaşmalı olub.

19-cu yüzilliyin ortalarında rus hərbi hissəsinin komandanlığının təşəbbüsü ilə Qarabağda ilk hərbi yunker məktəbi Xankəndində fəaliyyətə başlayıb və ora ancaq bəy uşaqları qəbul olunub. 

“Hərbi şəhərciyə” yaxın onun qərbində hərbi kontingentin ət, yağ məhsullarını saxlamaq üçün iri anbar otaqları olan buzxana tikilib. Xankəndinin intensiv tikilən evlərini kərpiclə təmin etmək üçün şimal tərəfdə kərpic zavodu inşa olunub. Onun ətrafındakı yaşayış sahəsi “kərpicxana” adlandırılıb.

Xankəndi bir tərəfdən ətraf azərbaycanlı əhalisi olan kəndlərdən bura miqrasiya edənlərin və hərbi xidmətdən tərxis olunan kazakların hesabına böyüyüb, inkişaf edib və abadlaşıb. Belə ki, Xankəndində yerləşən “Hərbi şəhərcik”də 25 illik qulluğunu başa vuran Don kazaklarının bir hissəsi vətənlərinə dönmyərək Qarabağda qalmağa üstünlük veriblər. Bununla yanaşı Bakıda neft sahibkarı Krasilnikov qardaşları da Xankəndində Məşədi Şükür Hacıyevə məxsus mülkün arxasında iki ikimərtəbəli iri, çoxmənzilli yaşayış binası inşa ediblər.
XX əsrin ilk onilliklərində Türkiyədə qırğınlar törədən və buna görə cəza alacaqlarından yaxa qurtarmaq üçün Qərbi Azərbaycana (Sisyan, Zəngəzur və s.) qaçan və sığınacaq tapan, türklərin qatı düşməni olan erməni daşnakların bir qismi də Xankəndində yerləşdirilib. Onlar özlərinə yer etdikdən sonra yerli azərbaycanlıları təqib etməyə və zorakılığa məruz qoymağa başlayıblar. 

1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndindən də yan ötməyib. XIX əsrdə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığını buraya yerləşdirilmiş İran erməniləri  Ermənistan dövləti elan ediblər. Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başlayıblar. Bakı, Şamaxı, Quba, Göyçay, Göyçə, Zəngəzur qırğınlarına aid arxiv sənədləri indi də durur. Həmin dövrdə qanlı qarşıdurmalar eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, o cümlədən Xankəndində də baş verib. Erməni millətçiləri vaxtilə qulluq etdikləri Xankəndində yerləşən çar ordusu hərbi hissəsinin imkanlarından da geniş istifadə ediblər. Məhz neçə onilliklərdən sonra - 1992-ci il fevralın 26-da da onlar bu metodu təkrarlayaraq Xankəndində yerləşən, dağılan Sovet Ordusunun 366-cı alayından istifadə edərək Xocalı soyqırımını törədiblər. 

1918-1920-ci illərdə müstəqil Azərbaycan Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün olub.
Sovet hakimiyyətiinin elə ilk illərində də millətçi erməni siyasətçiləri Dağlıq Qarabağın ələ keçirilməsi, Ermənistana qatılması istiqamətində məkrli siyasətlərini davam etdiriblər.

Azərbaycanda sovet rejimi hakimiyyəti ələ aldıqdan sonra Sovet Azərbaycanının hökuməti Qarabağda, ələlxüsus onun dağlıq hissəsində sosial-siyasi vəziyyətə xüsusi diqqət yetirib.      
 
1920-ci il iyulun 10-da AK(b)P MK bürosuna Qarabağ partiya təşkilatının rəhbərlərindən biri olan A.N.Karakozovun məruzəsi təqdim olunub. Məruzəçi Qarabağ məsələsində ingilis imperialistlərinin ikili siyasət yeritdiklərini söyləyərək qeyd edib ki, Qarabağ kommunistləri Qarabağın Azərbaycana birləşdirilməsini zəruri sayırlar. 
1920-ci il iyulun 15-də AK(b)P N.Nərimanovun, Q.K.Orconikidzenin, Y.D.Stasovanın, M.D.Hüseynovun, D.X.Bünyadzadənin, A.İ.Mikoyanın, XI Ordu Hərbi İnqilab Şurası nümayəndələrinin iştirakı ilə Ermənistanla sülh haqqında məsələni müzakirə edərək qərara alıb ki, "Qarabağ və Zəngəzur Azərbaycana birləşdirilməlidir". 
1920-ci il avqustun 10-da İrəvanda RSFSR ilə daşnak hökuməti arasında bağlanmış müqaviləyə əsasən Sovet Rusiyası Ermənistanın istiqlaliyyətini və müstəqilliyini tanıyıb.  Müqavilədə Qarabağ, Zəngəzur və Naxçıvan "mübahisəli vilayətlər" elan olunub. Beləliklə, Qarabağ və Zəngəzur müxtəlif partiya qüvvələri və siyasi qüvvələr arasında mübarizə meydanına çevrilib.

1921-ci ilin mayında RK(b)P MK Qafqaz bürosu Zaqafqaziya respublikaları arasında sərhədləri müəyyənləşdirmək üçün S.M.Kirovun sədrliyi ilə bu respublikaların nümayəndələrindən ibarət komissiya yaratmağı qərara alıb.
1921-ci il iyunun 25-27-də Tiflisdə komissiyanın iclası keçirilib. Elə ilk iclasda Ermənistanın nümayəndəsi Bekzadyan "Zaqafqaziyanın inzibati bölgüsünün ədalətsiz olduğunu" vurğulayaraq erməni əhalisinin yığcam yaşadığı rayonlarda güzəştlər etməyi təklif edib.

Azərbaycan və Gürcüstan nümayəndələri hər hansı ərazi güzəştlərinin yolverilməz olması barədə əks təkliflə çıxış ediblər. S.M.Kirov onları dəstəkləyib. Bununla mübahisə həll olunmayıb və RK(b)P MK Qafqaz bürosunun müzakirəsinə verilib. 1921-ci il iyulun 4-də RK(b)P MK Qafqaz bürosu plenumunun iclasında qərara alınıb: "Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə daxil edilsin, rəy sorğusu yalnız Dağlıq Qarabağda keçirilsin". Belə olan halda N.Nərimanov bəyanatla çıxış edib: "Qarabağ məsələsi Azərbaycan üçün mühüm məsələ olduğuna görə, onun qəti həllinin RKP MK-ya çıxarılmasını zəruri sayıram". 1921-ci il iyulun 5-də RK(b)P MK Qafqaz bürosu RK(b)P MK üzvü Stalinin və Azərbaycan SSR-in Xalq Xarici İşlər komissarı M.D.Hüseynovun iştirakı ilə tam tərkibdə toplaşaraq, üç nəfər bitərəf qalmaqla qərara alıb: "Müsəlmanlarla ermənilər arasında milli sülhün zəruriliyini, Yuxarı və Aşağı Qarabağın iqtisadi əlaqələrini, onun Azərbaycanla daimi əlaqəsini əsas tutaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlansın, onun tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəzi olmaqla geniş vilayət muxtariyyəti verilsin". 

Lakin Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında qərar Azərbaycanın heç də hər yerində və ictimaiyyətin nümayəndələrinin hamısı tərəfindən razılıqla, birmənalı qarşılanmayıb. 1921-ci il avqustun 8-də AK(b)P MK-nın Siyasi və Təşkilat bürosu Qarabağda vəziyyət haqqında L.İ.Mirzoyan və Ə.H.Qarayevin məruzələrini dinləyərək, Şuşa qəza partiya komitəsinin yeni tərkibini, habelə Ə. H. Qarayevi Qarabağ üzrə fövqəladə müvəkkil təsdiq edib. Sentyabrın 26-da isə səs çoxluğu ilə qərara alınıb: "Qafqaz bürosundan xahiş edilsin ki, Dağlıq Qarabağa muxtariyyət verilməsi haqqında qərarına yenidən baxsın, həmin vaxtadək muxtariyyət elan edilməsin".  Qarabağ məsələsinə dair yeni materialları əldə etməklə məsələni bundan sonra da öyrənmək üçün Ə.H.Qarayev, S.M.Əfəndiyev və D.X.Bünyadzadədən ibarət xüsusi komissiya yaradılıb.


(ardı var)

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi