Modern.az

“Ağaxan muğamatın dahisiydi” - Həmkarları xanəndənin ölümündən DANIŞDILAR

“Ağaxan muğamatın dahisiydi” - Həmkarları xanəndənin ölümündən DANIŞDILAR

Mədəni̇yyət

26 Dekabr 2016, 12:53

Ötən gün Azərbaycanın xalq artisti, məşhur xanəndə Ağaxan Abdullayev 66 yaşında dünyasını dəyişib.  Ağaxan Abdullayev özünəməxsus ifa tərziylə Azərbaycan xalqının xatirində hər zaman qalacaq.


Xalq artistinin həmkarları Modern.az-a deyiblər ki,onun vəfatı Azərbaycan xalqı üçün böyük itkidir.


Xalq artisti Arif Babayevin
sözlərinə görə, Ağaxan Abdullayevin ölümü xanəndəlik sənətinə böyük bir itkidir.

“Ağaxan Abdullayev muğamların, xalq mahnılarımızın mahir ifaçısı, yaxşı dost, ailə başçısı, bacarıqlı müəllim idi. Heyf belə bir sənətkar aramızdan getdi. Amma ölüm haqdır. Ağaxan Abdullayev şərəfli bir ömür yaşadı, hər kəsin xatirində bir iz qoydu.  Ağaxan Abdullayev xanəndəlik sənətində öz dəsti-xətti ilə seçilən bir sənətkar idi. Onunla bağlı hər kəsin xoş xatirələri  var. Allahdan Ağaxan Abdullayevə rəhmət diləyirəm”.

Xalq artisti Mənsum İbrahimov də Ağaxan Abdullayevin ölümünü sənət üçün böyük itki sayır:

“Ağaxan Abdullayev böyük sənətkar idi.  O, gənclərə xüsusi qayğı ilə yanaşan bir insan idi. Azərbaycan muğam məktəbində Ağaxan müəllimin öz yeri var. Onun adı muğam sənətinə qızıl hərflərlə yazılıb, Azərbaycan muğamını bütün dünyaya tanıdan insan olub. Eyni zamanda muğamı bir ustad kimi gənclərə sevə-sevə öyrədərdi. Mən Ağaxan müəllimlə dəfələrlə səfərlərdə olmuşam, hər dəfə onun yüksək ifasını görmüşəm. Uzun müddət muğam müsabiqəsinin münsifi olmuşuq, Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzmişik. Onun vəfatı çox böyük itkidir. Ağaxan müəllim çox tez, 66 yaşında vəfat etdi. Bu bir sənətkar üçün heç nədir. Ağaxan müəllim Azərbaycan xalqı tərəfindən hər zaman hörmət və sevgi ilə xatırlanacaq”.

Xalq artisti Nəzakət Teymurovanın sözlərinə görə, Ağaxan Abdullayevin yeri hər zaman görünəcək:

“Ağaxan müəllim böyük ustadlarımızdan biri idi. Mən Ağaxan müəllimlə Fransada, Macarıstanda, Rusiyada, Almaniyada və bir çox ölkələrdə səfərdə olmuşam. Ağaxan müəllimin ifasından sonra bütün salon onu ayaqüstə alqışlayırdı. Hər zaman Azərbaycan musiqisini yüksək səviyyədə təbliğ eləyib. Ağaxan müəllim bu dünyada dürüst yaşayıb. İstər gənclərə, istər həmyaşıdlarına qarşı hər zaman hörmətlə yanaşan, əlindən gələn köməyi edən bir adam idi. Çalışıb ki, muğamlarımız qorunub saxlanılsın. Allah Ağaxan müəllimə rəhmət eləsin”.

 

Xalq artisti Alim Qasımov bildirib ki, Ağaxan Abdullayev əvəzi olmayan muğam ifaçısı idi.

“Ağaxan müəllim mənim ustadım və muğamatın ustasıdır. Bu sənətin incəliklərini ondan öyrənmişəm. Onun haqqında danışmağa çox söz var. Ağaxan Abdullayevin ölümü bizi çox sarsıtdı. Ağaxan müəllim muğamatın dahilərindən idi. O hər zaman yaddaşlarda qalacaq, unudulmayacaq. Xalq Ağaxan Abdullayevə layiqli qiyməti verib.  Allah Ağaxan Abdullayevə rəhmət eləsin”.

 

Qafar Ağayev

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır