Modern.az

İlyas Tapdıq haqda TƏƏSSÜRATLAR: “Burdakılar sənin istedanını görməzlikdən gəlir"

İlyas Tapdıq haqda TƏƏSSÜRATLAR: “Burdakılar sənin istedanını görməzlikdən gəlir"

26 Dekabr 2016, 13:12

Azərbaycanın tanınmış şairi və tərcüməçisi İlyas Tapdıq ötən gün axşam saatlarında  uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. İlyas Tapdıq 1934-cü ildə Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulub. O həm də uşaq ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanınıb. Uşaqlar üçün bir-birindən maraqlı şeirlər yazıb.

 

Modern.az saytı tanınmış şairi  yaxın dostları ilə birgə anıb.

 

Xalq şairi Sabir Rüstəmxanlı İlyas Tapdığı belə xatırlayır.

 

“İlyas Tapdıq uşaq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri idi. Hətta, böyüklər üçün də koloritli, seçilən əsərləri var. Şeirləri dərsliklərə düşüb. Uşaqların dilində əzbər olan son dərəcə dəyərli şeirlərin müəllifi kimi tanıyırıq. Uşaqlar üçün yazmaq çox çətindir. Azərbaycanda uşaq ədəbiyyatı, ədəbiyyatın digər növlərinə nisbətən daha kasıbdır və daha az inkişaf edib. İlyas Tapdıq qələmi isə bu sahədə qələbə çalıb. Eyni zamanda, gözəl redaktor olub. Uzun müddət baş redaktor işləyib. Mənim kitabımın redaktoru olub. O vaxtlar bəzi yazılar vardı ki, senzuradan keçməmişdi. Amma İlyas müəllimin cəsarətli redaktorluğu sayəsində kitabda yer almışdı.

 

Məsələn, “Vətən” şeiri vardı. Orada gəncəli Cavad xanın dəfn yeri, Rusiya imperiyasına qarşı vuruşması və Gəncə xanının adını çəkmək çox çətin idi. İlyas müəllim cəsarətli ədəbiyyatın tərəfdarı idi. Onları kitaba daxil etmişdi. Axırıncı dəfə 20 gün bundan əvvəl zəngləşmişdik. Baxmayaraq ki, zəifləmişdi, amma sağlam adam idi.

 

Həmişə də sağlamlığı ilə qürur duyurdu. Həmişə “əllərim güclüdür” deyirdi. İlyas dəyərli insan idi. Onu itirdiyimizə təəssüflənirəm. Ömrünü ədəbiyyata bağlayan insanlar ölümdən yuxarıda dayanırlar. Yeni nəsil gəldikcə, bu cür insanlar hər zaman yaşayacaq. Allah rəhmət eləsin”

 

Uzun illərdir Türkiyədə yaşayan şair Məmməd İsmayıl isə şair dostunu belə xatırlayır.

 

“İlyas Tapdıq  haqqında  onun 75 illiyi münasibəti ilə "525-ci" qəzetdə çox geniş məqalə yazmışdım. Həmin məqalədə hələ sağlığında ikən hər şeyi demişdim. İlyas müəllim özündən sonra ədəbiyyata gələn nəsillərə böyük qayğını göstərirdi. İlk gənclik çağlarımızdan ahıl çağlarımıza qədər onun istedadlı adamlara təmənnasız qayğısını gördüm. Bəlkə onun bu qayğıya daha çox ehtiyacı vardı, amma gücünün yetdiyi qədər hamıya dəstək olmağa çalışırdı. Qürbətə düşməyə məcbur olduğum o ilk qaranlıq illərdə vətəndən qürbətə zəng edib təsəlli verməyi vardı. “Onu bil ki, sənin istedadındır səni qürbətə saldıran. Burdakılar sənin böyük istedadını həzm edə bilmədiklərindən səslərini çıxarmır, səni görməzlikdən gəlirlər”,-deyirdi”.

Məmməd İsmayıl, İlyas Tapdığı ancaq uşaq şairi kimi qəbul etmədiyini deyir.

 

“Belə bir istedad sahibini yalnız uşaq şairi kimi dəyərləndirmək yalnış olardı. İnanıram ki, İlyas müəllimin dəyəri zaman keçdikcə daha çox bilinəcək. Həm də böyüklər üçün yazdığı elə klassik şeirləri vardı ki! İndi bu sətirləri  yazıram və yaddaşımın künc-bucağından onun ölümsüz misraları boy göstərir! "Bənövşənin xətrinə kol dibinə iz düşdü", "Ömrün uçurumdur hər yanı", "Cavan idim bir ürəyim var idi, Ata oldum üç paradır ürəyim" kimi misralarını yada salaq. Bu istedadı yalnız uşaq şairi kimi dəyərləndirmək doğru olmazdı. Sinəsi folklorumuzla, min bir xatirələrlə və dəmir məntiqli fikirlərlə dolu olan bir sənətkarın yeri doldurulmazdır!”

 

Namidə BİNGÖL


 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir