Modern.az

Xanımı mətbuatın Tağı Əhmədov haqda yazmağından narahatdır: “Axı nəyə lazım?..”

Xanımı mətbuatın Tağı Əhmədov haqda yazmağından narahatdır: “Axı nəyə lazım?..”

26 Dekabr 2016, 14:29

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi məhkəmə prosesi davam etdirilib. 

Prosesdə "Bakı Metropolitieni" QSC-nin keçmiş rəisi Tağı Əhmədovun zərərçəkmiş kimi ifadə verəcəyi bildirilib. Təqsirləndirilən şəxslərin vəkilləri buna etiraz ediblər. Onlar həmin epizod üzrə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər. Bildiriblər ki, epizod üzrə cinayət işinin materiallarını özləri ilə gətirməyiblər.

Bu səbəbdən günün ikinci yarsına kimi fasilə elan edilib. İclasda T. Əhmədovun ifadə verəcəyi gözlənilir.

 

Məsələ ilə bağlı Modern.az-ın ona ünvanlandığı sualı eşidən keçmiş metropolitençi Tağı Əhmədov telefonu qapadıb. Amma Salatın Əhmədova həyat yoldaşından fərqli olaraq, təmkin nümayiş etdirib, sualımızı dinləyib və cavablandırıb. O, mətbuatda T.Əhmədova bu qədər geniş yer verilməsindən narahat olduğunu bildirib:

“Kimin ağlına nə gəlirsə, yazır. Belə bir şey yoxdur, mən xəbərsizəm. Mən haradan bilim axı? Bir insan öz işi ilə məşğuldursa, onun barəsində yazmaq, onu, ailəsini narahat etmək nəyə lazımdır?”.

S.Əhmədova deyib ki, hər kəs, o cümlədən də Tağı Əhmədov öz sahəsində işləyərək hökumətinə, dövlətinə xeyir verməkdədir.

 

Xatırladaq ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

 

Qeyd edək ki, A.Çovdarovun “qurban”larından biri də T.Əhmədov olub.

Belə ki, MTN-ə 10 ədəd "Range Rover" markalı avtomobil lazım olub. Bunun üçün büdcədən pul ayrılıb. Lakin A.Çovdarov ayrılan məbləği mənimsəyərək, Tağı Əhmədovdan həmin maşınları alıb verməsini istəyib. T.Əhmədov təxminən 1 milyon dollara başa gələcək bu "xərc"dən imtina edib. Bu da qarşı tərəfi narazı salıb, bundan sonra T.Əhmədov və ətrafı barədə araşdırmalar başlanılıb.

 

Tağı Əhmədovun özünün, metroda işləyən qardaşı oğlu Şövqi Tağıyevin  və digər qohumu Elşən Tağıyevin (Tağı Əhmədovun qardaşı oğlanları) istifadəsində olan telefon nömrələri qanunsuz olaraq dinlənilib. Bu işdə A.Çovdarovun tapşırıqlarını MTN-in Monitorinq Xidmətinin sabiq rəisi, general-mayor Teymur Quliyev, həmin xidmətin əməkdaşları Anar Şirəliyev və Fərhad Atayev yerinə yetirib.

 

Dinləmələr zamanı lazımi məlumatlar əldə edildikdən sonra Xidmətin üçüncü idarə rəisi Rəsul Rəsulov Tağı Əhmədovla görüşüb. Ona rəhbərliyin mesajını çatdırıb. R.Rəsulov Metropoliten haqda MTN-ə daxil olan şikayətlər əsasında onu həbs edəcəkləri, şəxsiyyətini zor tətbiq etməklə alçaldacaqları ilə hədələyib. Bunların baş verməməsi üçün isə T.Əhmədovun 3 milyon manat verməsini istəyib. Sabiq Metropoliten rəisi bu tələbi də rədd edib.

 

Bundan sonra T.Əhmədovun qohumları olan Elşən və Şövqi Akif Çovdarovun göstərişi ilə saxlanılıb. Onlara MTN-də fiziki təzyiq olunub, döyərək işgəncələr verilib. Onlardan T.Əhmədovun əleyhinə ifadələr almağa çalışıblar. Elşən Tağıyev MTN-dən ağır kəllə-beyin travması diaqnozu ilə Mərkəzi Klinikaya yerləşdirilib.

 

Nəhayət, Tağı Əhmədov məcburən 3 milyon manatı verməyə razılaşıb. Onun oğlu Ruslan və qardaşı oğlu Əli 1,2 milyon dollar, 1,5 milyon avro və 300 min manat pulu qara idman çantasında 2014-cü ilin aprel ayında Bakıda A.Çovdarova məxsus mənzillərin birində şəxsən onun özünə veriblər.

 

T.Əhmədov A.Çovdarovun həbsindən sonra aparılan araşdırmalar zamanı istintaqda dindirilib və hadisəni danışıb. Müstəntiqin ondan "Siz 3 milyon manatı necə əldə etmişdiniz ki, Akif Çovdarova bu məbləğdə pulu ödəyə bildiniz?" sualına "40 illik əmək haqqımdı, yığıb saxlamışdım" deyə cavab verib.

 

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...