Modern.az

"Mən Astan Şahverdiyev, bütün azərbaycanlılardan üzr istəyirəm” - Deputatdan son AÇIQLAMA

"Mən Astan Şahverdiyev, bütün azərbaycanlılardan üzr istəyirəm” - Deputatdan son AÇIQLAMA

27 Dekabr 2016, 09:35

Milli Məclisin deputatı Astan Şahverdiyev böyük ictimai rezonansa səbəb olan açıqlamasına görə, Azərbaycan xalqından üzr istədi. Bu haqda Modern.az-a danışan deputat səhvini anladığını vurğulayıb:

 

“Mən Astan Şahverdiyev, 24 dekabr 2016-cı ildə “Azadlıq radiosu”na verdiyim açıqlama və müxtəlif saytlarda yerləşdirilmiş materiallarda göstərilən məsələlərlə bağlı səhvimi başa düşürəm. Ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqımdan üzr istəyirəm”.

Deputat bunun məsələ ilə bağlı sonuncu açıqlaması olduğunu bildirib:

 

“İki gün ərzində özümün, ailə üzvlərimin telefonuna çox sayda zənglər, mesajlar gəlib. Mesajlar o qədər çoxdur ki, yenilərini qəbul edə bilmir. Orada ağıza alınmayacaq təhqirlər yazılıb. Mən məsələnin bu yerə qədər çatmasına təəssüf edirəm. Bu mənim məsələ ilə bağlı sonuncu açıqlamamdır. Xalqımdan üzr istəyirəm, onların böyüklüyünə sığınıram. Açıqlamanı yalnız Modern.az-a verirəm. Başqa heç bir sayta, agentliyə açıqlama verməyəcəm”.


Qeyd edək ki, dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb 20 min nəfərdək cəbrayıllı köçkünün yaşadığı 11 qəsəbəyə verilən elektrik enerjisinin tez-tez kəsilməsi olub. Əraziyə gətirilən polis qüvvələri ilə vətəndaşlar arasında qarşıdurma baş verib. Hadisə zamanı xəsarət alanlarla yanaşı 3 nəfər məcburi köçkün həbs olunub. Onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.

Dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə “Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb. 


Görüşdən sonra “Azadlıq” radiosuna müsahibəsində deputat Astan Şahverdiyev aksiyada saxlanılanlar haqda, eləcə də Rusiyaya işləməyə gedən bəzi azərbaycanlılar barədə danışarkən xoşagəlməz ifadələr işlətmişdi.


Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir