Modern.az

Ermənistan-Azərbaycan Sülh Platformasının üzvləri Qarabağa gedə bilər

Ermənistan-Azərbaycan Sülh Platformasının üzvləri Qarabağa gedə bilər

27 Dekabr 2016, 12:30

Aprel hadisələrinin təkrarlanmasından ehtiyatlanan erməni ictimaiyyətinin nümayəndələri azərbaycanlı həmkarlarına müraciət edərək, münaqişənin həlli yollarını birgə müzakirə etməyi təklif etdilər.

Qeyd edək ki, 8 noyabrda Ermənistandan olan 3 nəfər hüquq müdafiəçisi  və QHT rəhbərinin iştirakı ilə Bakıda konfrans keçirilib.

 

Konfrans iştirakçıları Azərbaycanla Ermənistan prezidentləri və xalqlarına müraciət qəbul ediblər. Müraciətdə 25 il davam edən münaqişənin törətdiyi fəlakət və faciələr qeyd olunub. Hər iki xalqın bu münaqəşədən yorulduğu və onun qısa müddətdə həllinin vacibliyi vurğulanıb.

 

Sonra konfrans iştirakçıları  fəaliyətlərini institutlaşdırmaq və vahid bir təşkilatda birləşərək sülh yaratma missiyasını davam etdirmək məqsədilə 7 dekabrda Ermənistan-Azərbaycan Sülh Platformasını təsis etdilər.

 

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev Platformanın fəaliyyəti ilə bağlı danışıb.

Qeyd edək ki, Rövşən Rzayev həm də sözügedən Ermənistan-Azərbaycan Sülh Platformasının üzvüdür.

 

Rövşən Rzayev Modern.az-a açıqlamasında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilir.

 

“Bu Platforma isə vətəndaş cəmiyyətləri arasında müəyyən sülh mesajlarını çatdırmaqdır. Düşünürəm ki, Platformanın fəaliyyətinin də vaxtı gələndə öz töhfəsi olacaq”-deyə o bildirib.

 

Deputat qeyd edib ki, Platformanın əsas məqsədi sülh uğrunda mübarizə aparan insanları prosesə cəlb etməkdir. Onun sözlərinə görə, bununla da böyük sülh prosesinə töhfə vermək qarşıya məqsəd qoyulub.

 

“Biz göstərmək istəyirik ki, azərbaycanlılarla ermənilər arasındakı etnik uyğunsuzluq fikirləri tamamilə yanlışdır. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüş nəzərdə tutulub. Amma vaxtı və məkanı bəlli deyil. Çalışırıq ki, bu istiqamətdə bizi dəstəkləyən qüvvələr çoxalsın və fəaliyyətimizi buna uyğun quraq”.

 

O, Platformaya qoşulmaq üçün müraciət edənlərin sayında artım olduğunu da qeyd edib.

 

Rövşən Rzayev Dağlıq Qarabağa səfərlərin olacağını da istisna etməyib:

 

“Bütün bunların hamısını zaman göstərəcək. Çünki bunlar asan məsələ deyil”.

 

Aqşin KƏRİMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı