Modern.az

Milli Qəhrəman Mübariz İbrahimovla bağlı “Hünər simfoniyası”

Milli Qəhrəman Mübariz İbrahimovla bağlı “Hünər simfoniyası”

15 Mart 2011, 15:21

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində “Qarabağ İctimai Forumu”nun (QİF) təşkilatçılığı ilə şair Balayar Sadiqin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat yolundan bəhs edən “Hünər simfoniyası” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə QİF-in sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu açıb. O, əvvəlcə kitabın ərsəyə gəlməsində müəllif başda olmaqla, bütün yaradıcı kollektivə öz təşəkkürünü bildirib.  U.Rəhimoğlu çıxışında cəmiyyətin susqunluğuna, düşdüyü depressiya vəziyyətindən çıxmasında M.İbrahimovun şücaətinin böyük rol oynadığını vurğulayib. O, Balayar Sadiqin qələmə aldığı poemanı çox qiymətli bir iş olduğunu dedi.

Kitabın redaktoru, şair-publisist Qulu Ağsəs kitabı təmənnasız çap edən “MHS-poliqraf” nəşriyyatının rəhbərliyinə öz minnətdarlığını bildirib. O, M.İbrahimovun qəhrəmanlığından, onun keçdiyi qısa, amma çox şərəfli bir həyat yolundan danışıb. Milli Məclisin deputatı Aqil Abbas isə çıxışında son dövrlərdə formalaşan bədbinlik hissinin Mübarizin qəhrəmanlığı ilə aradan qalxdığını qeyd edib. O, kitabın geniş təbliğinə ehtiyac olduğunu, “Ədalət” qəzetinin bu istiqamətdə əlindən gələn köməyi etməyə hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Millət vəkili Qənirə Paşayeva gənc nəslin, xüsusilə də müharibə dövrünü görməyən gənclərin vətənpərvərlik ruhunda böyüdülməsində Mübariz İbrahimov qəhrəmanlığının böyük rolu olduğunu söyləyib. O, tədbir iştirakçılarını bu yaxında Tovuzda, cəbhə bölgəsində, N saylı hərbi hissədə keçiriləcək görüşə dəvət etdi. Xanım deputat, bu kitabın təbliğatında əlindən gələn köməyi etməyə hazır olduğunu deyib. Xankəndindən deputat seçilmiş Flora Qasımova cəmiyyətdə Qarabağ hadisələrinin unudulacağı qorxusu olduğu bir vaxtda M.İbrahimovun qəhrəmanlığının əvəzsiz rolunu qeyd edib. O, bu olayın nəinki orta nəslin nümayəndələrində, hətta müharibə dövrünü görməmiş və ya həmin dövrdə azyaşlı olmuş insanların da Qarabağı unutmadığını ortaya qoyduğunu müsbət bir hal kimi xüsusi ilə vurğulayıb.

Millət vəkili Zahid Oruc son dövrlərdə şou xarakterli verilişlərin artması fonunda, vətənpərvər verilişlərin azalmasını diqqətə çatdırdı. O, Mübarizin öz qəhrəmanlığı ilə Azərbaycanın əsgər, gizir və zabitinin öz sözünü lazımi anda deyə biləcəyini göstərdi. Milli Məclisin üzvü, QİF yaradıcılarından biri olan Məlahət İbrahimqızı çıxışında Mübariz İbrahimovun qəhrəmanlığının son dövrlərdə xüsusi ilə televiziya məkanında olan mənəviyyatsız mühitə son qoyduğunu bildirib. O, qəhrəmanlıq səhnələri ilə zəngin olan tariximizin cəmiyyətin bütün sahələrində geniş təbliğ olunmasına hər zaman ehtiyac olduğunu deyib.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı kitabın müəllifi B.Sadiqi təbrik edib ona uğurlar diləyib. S.Rüstəmxanlı xalqın unutqanlığının onun tarixində dərin iz buraxdığını qeyd edib. Tədbirin sonunda çıxış edən müəllif həm “Qarabağ İctimai Forumu”na, onun sədri Umud Rəhimoğluna və bütün iştirakçılara öz minnətdarlığını bildirib.

Tədbirdə Milli QHT Forumunun rəhbəri Rauf Zeyni, “Qarabağ qaziləri” ictimai birliyinin sədri Etimad Əsədov, tanınmış şair-publisistlər Tofiq Abdin, Əjdər Ol, şair-naşir Vasif Qurbanzadə, jurnalist-publisistlər Vahid Qazi, Tahir Aydınoğlu iştirak ediblər. 

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı