Modern.az

Yaxın, uzaq Xankəndi… - III YAZI

Yaxın, uzaq Xankəndi… - III YAZI

28 Dekabr 2016, 09:04

İlham Cəmiloğlu


1988-ci ilin əvvəllərindən ermənilərin Dağlıq Qarabağda və Ermənistanda keçirdikləri tətillərdə, nümayişlərdə, proseslərin təşkil edilməsində Ermənistandakı “Qarabağ”, Xankəndindəki “Krunk” adlı təşkilatların xüsusi rolu olub.

Əslində 80-ci illərin sonunda Xankəndində cərəyan edən hadisələr 1967-ci ildə baş verməli idi. Ancaq o zaman Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri general Heydər Əliyevin çevikliyi, baş verən hadisələri düzgün qiymətləndirməyi və erməni millətçilərinin planlarını alt-üst etməyi hadisələrin qarşısını alıb. Heydər Əliyev sözün əsl mənasında erməni daşnakları üçün keçilməz maneəyə çevrilib.
1967-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağda, xüsusilə də Xankəndi şəhərində erməni millətçilərinin torpaq iddialı məkrli niyyətləri daha qabarıq şəkildə özünü büruzə verib. Bölgədə yaşayan ermənilər havadarlarının planlarına uyğun olaraq milli ədavəti qızışdırır, planlarının həyata keçməsi üçün ən çirkin əməllərə belə əl atıblar. Yay aylarında baş verən olaylar pik nöqtəsinə çatıb, nəzarət itirilib, hadisələr öz axarından çıxıb.

1967-ci ilin iyul ayında Dağlıq Qarabağda, Xankəndində nə baş verirdi? Məhz, həmin il erməni millətçiləri növbəti dəfə, artıq açıq müstəvidə öz işğalçılıq siyasətlərini həyata keçirməliydilər. Belə ki, “Böyük Ermənistan” planının ilk mərhələsi Dağlıq Qarabağı, xüsusilə də Xankəndini azərbaycanlılardan təmizləmək idi.

Həmin ərəfədə ermənilərin özləri tərəfindən bir neçə ermənini qətlə yetirməsi bölgədə milli ədavətin qızışdırılmasına xidmət edib. Əvvəlcədən planlaşdırıldığına görə bu cinayət hadisələrinin üstü açılmırdı. Əgər həmin ərəfədə ətraf rayonlarda bir erməni qətlə yetirilirdisə və qəsdən bu cinayətin üstü açılmırdısa, təbii ki, hadisələrdən xəbərsiz olan ermənilər tərəfindən qatilin birmənalı şəkildə azərbaycanlı olması düşünülürdü və belə qəbul olunurdu. Son nəticədə ermənilər də baş verən hadisələrə cavab olaraq Xankəndində yaşayan azərbaycanlılara mənəvi və fiziki təzyiqi artırırdılar.

1967-ci ildə daha çox səs-küyə səbəb olan və Xankəndində gərginliyi son haddə çatdıran hadisə isə Xocavənd rayonunda baş verib. Rayonun Qaradağlı kəndində azərbaycanlıların və ermənilərin birgə təhsil aldıqları orta məktəbdə bir erməni uşağı yoxa çıxır. Səhərisi gün vəhşicəsinə qətlə yetirilmiş uşağın meyiti yol kənarından tapılır. Bu hadisədən bir neçə gün sonra heç bir əsas olmadan həmin məktəbin direktoru Ərşad Məmmədovu və daha iki azərbaycanlı müəllimi həbs edirlər. Vilayət prokurorluğu işi Ali Məhkəməyə göndərir. Ali Məhkəmə isə işə Xankəndində baxılması üşün qərar verir. Azərbaycan SSR Ali Məhkəməsinin üzvlərindən birinin sədarəti altında məhkəmə prosesi başlanır. Həmin ərəfədə baş verən hadisələrin canlı şahidi olan azərbaycanlılardan biri, o dövrdə Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində işləyən Əfrail Hüseynovun xatirələrində qan qoxulu həmin günlərdə vəziyyətin nə qədər gərgin olduğu açıqca hiss olunur:

“Qarabağın bütün erməni icması işini-gücünü buraxıb məhkəmə salonlarına doluşur, küçələrdə səsgücləndiricilərlə məhkəmənin gedişini izləyirdilər. İrəvandan və Ermənistanın digər rayonlarından da avtobuslarla Stepanakertə çoxlu ermənilər gətirilmişdi. Onlar həyasızcasına araqızışdırmaqla, təxribatla məşğul olurdular. Axır ki, məhkəmə prosesi başa çatdı. Hökmün verilmə vaxtı yetişdi. Lakin ermənilər işlərini elə qurdular ki, hökmün oxunacağı vaxt Bakıda mühüm bir müşavirənin keçirildiyi vaxta təsadüf etdi. Belə ki, hökmün oxunmasından bir gün qabaq vilayətin bütün məsul işçiləri Bakıya müşavirəyə çağrıldılar. Stepanakertdə yerli rəhbərlərdən yalnız DTK-nın şöbə rəisi Markarov qalmışdı. Belə bir gərgin vaxtda erməni qaraguruhunun təzyiqi altında məhkəmə Ərşad Məmmədova ölüm hökmü oxumağa məcbur qaldı. Hökmün oxunuşundan sonra hakimlər tez-tələsik maşınlarına minib şəhəri tərk etdilər. Ərşad Məmmədovu və digər iki azərbaycanlını dustaqlar üçün nəzərdə tutulmuş xüsusi maşına mindirdilər. Minlərlə erməni vəhşisinin “Ərşada ölüm” çığırtıları altında əvvəl onları yerli həbsxanaya aparmaq istəsələr də, sonra fikirlərini dəyişib şəhərin yuxarı hissəsində yerləşdirilmiş, indi adı bütün azərbaycanlılara yaxşı tanış olan 366-cı alayın düşərgəsinə gətirdilər. Azğınlaşmış ermənilər maşının qabağını düşərgənin darvazasının qarşısında kəsdilər. Hərbçilərin gözü önündə ermənilər dustaq maşınını kalaşnikov, makarov tipli odlu silahlardan atəşə tutdular, sonra dəmir linglə maşının qapısını sındıraraq yaralarından yağış kimi qan süzən dustaqları yerə düşürtdülər. Onları vəhşicəsinə öldürdülər. Bu azmış kimi Ərşad Məmmədovu yaxınlıqda yaşayan qoca erməni Aleksanın həyətinə sürüdülər. Cəsədin qollarını çarmıxa açdılar, ayaqlarını şaquli vəziyyətə gətirdilər. Tonqal qurdular, qoca erməni benzin gətirdi. Üstünə Ərşad Məmmədovun cəsədi sərilmiş tonqala od vurub yandırdılar. Bütün bu qeyri-adi vəhşi mərasim bir xeyli çəkdi. O vaxt Bakıdan, mərkəzi idarədən Xankəndinə ezamiyyətə gəlmiş milliyətcə rus olan Banserev də bu hadisələrin şahidi idi. O cümlədən Markarov da baş verən olayların seyrçisi idi”. 



Göründüyü kimi, Xankəndində vəhşiləşmiş ermənilərin azğınlıqları son həddə çatır. Azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsindən sonra (məhz, hadisələrdən sonra) Markarov baş verənlər haqqında Bakıya məlumat verir. Qısa bir müddət ərzində Şuşa və Xankəndi ağır texnikalar və canlı qüvvələrlə mühasirəyə alınır. Gediş-gəlişin qarşısı alınır. Hadisə yerinə başqa yaşayış məntəqələrindən gəlmək istəyənlər buraxılmır. Sonralar o da məlum olur ki, mühasirə məsələsi də ermənilərin əvvəlcədən düşünülmüş planı olub. Təbii ki, hadisələrdən xəbər tutan Ağdam camaatı erməniləri cavabsız qoymayacaqdı, qisas almaq üşün Xankəndinə üz tutacaqdılar. Ermənilər bunu nəzərə almışdılar.
Yaranmış gərgin vəziyyətin ciddiliyi nəzərə alınaraq səhərisi gün MK-nın birinci katibi Vəli Axundov, Nazirlər Sovetinin sədri Ənvər Əlixanov, Ali Sovetin sədri Məmməd İsgəndərov Dağlıq Qarabağa gəlirlər. Şuşada fövqəladə qərərgah yaradılır. Bundan əlavə Moskvadan və Bakıdan xüsusi istintaq qrupları da hadisə ilə bağlı işə başlayırlar. Həmin ərəfədə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Heydər Əliyev də Xankəndinə gəlir. Dağlıq Qarabağa ezam olunanların əksəriyyəti Şuşada otursalar da Heydər Əliyev real təhlükələrə baxmayaraq, Xankəndində, DTK-nın şöbəsində əyləşir. Onun üzərinə olduqca mürəkkəb və çətin bir iş düşür. Erməni millətçilərinin böyük hiyləgərliklə qurduqları oyunları, cinayət əməllərini ifşa etmək, günahsız azərbaycanlıların qatillərinin layiqincə cəzalandırılmasına nail olmaq, ən başlıcası isə Xankəndində azğınlaşmış ermənilərin qarşısında azərbaycanlıların şərəfini qorumaq. Təcrübəli çekist, DTK kimi çətin bir orqanda tutduğu vəzifələrdən asılı olmayaraq hər zaman millətinin, xalqının tərəqqisinə xidmət edən Heydər Əliyev Xankəndində baş vermiş cinayət hadisəsi ilə yaradılmış əməliyyat qrupuna rəhbərlik edərkən yaxşı bilirdi ki, söhbət adi bir cinayətin açılmasından deyil, xalqının, azərbaycanlıların şərəfindən gedir. Heydər Əliyev onu da yaxşı bilirdi ki, türk qanına susamış millətçi cinayətkarlar layiqli cəzalarını almazlarsa, qətl hadisələrini törədənlər və onların havadarları məsuliyyətə cəlb olunmazsa hadisələr daha ağır nəticələrə səbəb olacaq. Təbii ki, Heydər Əliyev onu da bilirdi ki, Xankəndində baş verən hadisələr Dağlıq Qarabağın Ermənistana birləşdirmək planının başlanğıc həlqəsi idi.

DTK zabiti Əfrail Hüseynovun xatirələrində Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyinin, bütün varlığı ilə millətinə, xalqına bağlılığının bir daha şahidi oluruq:

“Respublika DTK-nın Bakıdan gəlmiş xüsusi əməliyyat qrupunda yeganə azərbaycanlı, qrupun rəhbəri Heydər Əliyev idi. Qrupun işə başladığı günün ertəsi səhər saat 7 radələrində general-mayor Heydər Əliyev əməliyyat müşavirəsi keçirdi. Müşavirədə bütün ətraf rayonların DTK zabitləri iştirak edirdilər. Qrup rəhbərinin lakonik, məntiqli və təmkinli çıxışını çətinliklə sezilən bir narahatlıq müşaiyət edirdi. Bu narahatlığı o anda yalnız azərbaycanlı duya bilərdi.

Mən onu gözəl başa düşürdüm. 1967-ci il... Milli münaqişə zəminində qətl hadisəsi... DTK-nın sədri kimi ciddi və məsul bir vəzifə... Damarlarında axan türk qanı... Amma Heydər Əliyevin həmin günlərdə özünü necə təmkinli aparması, erməni və rus zabitləri ilə apardığı ciddi və dərin müzakirələr inanın ki, canlı bir həyat məktəbi idi. Əməliyyatçılara müvafiq tapşırıqlar verən qrup rəhbəri bunların dərhal icra olunması üçün tədbirlər görülməsini əmr etdi. Növbəti əməliyyat müşavirəsinin vaxtı dəqiqləşdirildi və qrup üzvlərindən ayrılarkən Heydər Əliyev nəzərlərini bir anlıq mənim üzərimdə saxladı. Bu ani baxış mənə çox mətləbləri anlatdı. Anladım ki, son dərəcə ehtiyatlı, diqqətli olmalı, sayıqlığı əldən verməməli, hər addımımı yüz ölçüb bir biçməliyəm.

Qrup rəhbərinin tapşırığı ilə aparılan araşdırmalar ona arayış şəklində növbəti müşavirədə təqdim edilməli idi. Gün ərzində kabinetimdə oturub qətl hadisəsinin təfsilatı, o cümlədən digər hallarla bağlı məndə olan əməliyyat məlumatlarının arayışını hazırlayırdım. İş yükünün ağırlığına və vaxtın məhdudluğuna görə general mənə ikinci müşavirədə iştirak etməməyə icazə verdi.

Müşavirə işə başlamışdı. Təxminən bir saatdan sonra iş otağımın qapısı açıldı. Heydər Əliyev içəri daxil oldu. Cəld ayağa qalxdım. İşarə etdi ki, əyləşim. Görünür rəsmiyyət məqamı deyilmiş. General fikirli və çox qayğılı görünürdü. Vəziyyəti başa düşdüm. Yırtıcı canavarların, vəhşi qatillərin və onların havadarlarının arasında tək qalmışdıq. Mən onda Heydər Əliyevə DTK-nın sədri, hörmətli generalımız kimi yox, namuslu bir azərbaycanlı, əsl vətəndaş, günahsız insanların qanının yerdə qalması ilə barışmaq istəməyən bir insan kimi ümid bəsləyirdim...”.

Həmin ağır günlərdə təkcə DTK zabiti yox, bütün azərbaycanlılar ədalətin bərqərar olması üçün Heydər Əliyevə ümid bəsləyirdilər. Heydər Əliyev isə bu ümidləri doğruldur. Onun peşəkarlığı, gərgin əməyi nəticəsində qısa müddət ərzində Xankəndi olaylarının səbəbləri açılır, cinayəti törədənlər, təşkil edənlər layiqli cəzalarını alır, 39 nəfər erməni canisi həbs edilir. Sübuta yetirilir ki, milli ədavəti yaratmaq üçün erməni məktəblisini vəhşicəsinə qətlə yetirən də Edik Baqdasaryan olub. Daha sonra o da məlum olur ki, Xankəndi olaylarının arxasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi durur.
Bu bir həqiqətdir ki, o zaman general Heydər Əliyev DTK sədri kimi Xankəndinə getməsəydi o qanlı cinayətin üstü ört-basdır ediləcəkdi. Generalın təxirəsalınmaz ezamiyyəti olmasaydı ermənilər hələ çox at oynadacaqdılar. Məhz, Heydər Əliyevin qətiyyəti sayəsində erməni millətçilərinin çirkin əməlləri ali-üst oldu. Ermənilər özləri də bir məsələni yaxşı dərk edirlər ki, nə qədər Heydər Əliyev var onların planlarının hayata keçməsi mümkün olmayacaq. Tarix də bunu sübut etdi ki, Ermənistan Qarabağa qarşı təcavüz planlarını Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdıqdan sonra həyata kecirməyə başladılar.
Təbii ki, 80-ci illərin sonlarında ermənilərin Dağlıq Qarabağla bağlı planlarında ilk növbədə azərbaycanlıları Xankəndi şəhərindən təmizləmək dururdu. Bana müvafiq olaraq Xankəndi şəhərində fəaliyyət göstərən, azərbaycanlıların təhsil aldığı təhsil ocaqlarının fəaliyyətinə son qoymaq ermənilərin məkrli planlarının tərkib hissəsi idi. Sırada isə birinci yerdə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəb dururdu.

1945-ci ildən fəaliyyət göstərən bu məktəb Xankəndi şəhərində erməni şovinizminin əhatəsində milli hissləri, azərbaycançılıq ideyalarını və məfkurəsini daim qoruyub saxlamış, şəhərin azərbaycanlı icmasının mənəvi dəyərlərinin formalaşmasında xüsusi rol oynamışdır.

Ağır, çətin və keşməkeşli yollar keçən Nizami Gəncəvi adına 4 nömrəli orta məktəb yarandıqdan sonra qısa müddət ərzində  fəaliyyətini şəhərin Lenin prospektində Stepanakert şəhər Xalq Deputatları Sovetinin, şəhər poliklinikasının yaxınlığında birmərtəbəli zirzəmi şəraitində, orta məktəbdə təhsil tələblərinə cavab verməyən binada fəaliyyət göstərmişdir. 1950-ci illərdə məktəb Lenin və Atarbekov küçələrinin kəsişməsində yerləşən birmərtəbəli binaya köçmüş və burada fəaliyyətini davam etdirmişdir.
Təhsil ocağının tez-tez yerini dəyişməsinə və şəraiti olmayan binalarda fəaliyət göstərməsinə baxmayaraq bu tədris müəssisəsinin müəllimləri öz peşələrinə sadiq qalmış, azərbaycanlıların keyfiyyətli təhsil almasını təmin etmişdirlər.

Hələ o illərdən erməni millətçiləri bu məktəbin fəaliyyətinə əngəlliklər yaratmaq üçün bütün vasitələrə əl atırdılar. Nəhayət onlar Xankəndində bu yeganə Azərbaycan məktəbinin müstəqil fəaliyyətinə problemlər yarada biliblər. Belə ki, 1964-cü ildə Nizami Gəncəvi adına 4 nömrəli orta və rus təhsilli 5 saylı məktəbin bazasında beynəlmiləl məktəb yaradılıb. Məktəbə milliyətcə qeyri-azərbaycanlı İ.İ.Mixailidi direktor təyin edilib. Azərbaycanlıların da təhsil aldığı bu 4 nömrəli orta beynəlmiləl məktəb Çkalov və Kommunst küçələrinin kəsişməsində yeni tikilmiş dörd mərtəbəli binada fəaliyyətə başlayıb. Bütün çətinliklərə, süni şəkildə yaradılmış maneələrə baxmayaraq Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin müəllim kollektivi “beynəlmiləl məktəbdə” azərbaycançılıq ideyalarını qoruyub saxlaya bilmiş, bütün qüvvələrini səfərbər edərək Xankəndindəki azərbaycanlı uşaqlarının maarifləndirilməsi üçün əllərindən gələni etmişlər. 

Nəhayət, 1969-cu ildə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin müstəqil fəaliyyəti yenidən bərpa olunmuşdur. Məktəb yenidən Lenin və Atarbekov küçələrinin kəsişməsində yerləşən ikimərtəbəli binaya köçmüş və yalnız azərbaycanlıların təhsil aldığı təhsil ocağı kimi fəaliyyətini davam etdirmişdir.

Böyük qürur hissi və bu məktəbin bir məzunu kimi qeyd edə bilərəm ki, bu göstərilən təzyiqlərə, yaradılmış süni problemlərə baxmayaraq Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin fəaliyyətində böyük əməkləri olmuş Famil Allahverdiyev, Şükufə Babayeva, Hüsü Bağırov, Bəsti Bağırova, Baxış Cahangirov, Səadət Cahangirova, Nuridə Cəfərova, Sabir Əliyev, Nizami Əliyev, Vaqif Əliyev, Vahid Əliyev, Eldar Əliyev, Eldar Quliyev, Elman Quliyev, Zenfira Əbdülova, Məhbubə Əliyeva, Kubra Əliyeva, Xavər Əliyeva, Nuridə Əliyeva, Elmira Əliyeva, Elmira Fətullayeva, Yusif Fərzəliyev, Raya Hacıyeva, İsi Hacıyev, Şükufə Hüseynova, Cəmil Xudiyev, Əkbər Xudiyev, Hikmət Xudiyev, Nazim Xudiyev, Müşkülat İmanova, Baxşalı İmanov, Qasım İsgəndərov, İxtiyar İsmayılov, Elza İsgəndərova, Raisa Kiyaçenko, Vasiliy Kiyaçenko, Flora Qasımova, Abdulla Qədirov, Hafiz Quliyev, Mirzalı Quliyev, Məhluqə Ouliyeva, Zərifə Ouliyeva, Bəşir Mahmudov, Əhməd Məmmədov, Nəriman Məmmədov, Zərifə Məmmədova, Şura Məmmədova, Adilə Mehrəliyeva, Telli Mirzəyeva, Gözəl Məmmədova, Nadir Rəşidov, Emilya Məmmədova, Ramiz Məhərrəmov, Tahirə Məhərrəmova, Əbdülqasım Novruzov, Vahid Səfixanov, Yusif Süleymanov, Emin Süleymanov, İntizar Süleymanova, Akif Rəsulov, Suqra Tağıyeva, Şükufə Vəliyeva, Zöhrə Vəliyeva, Seyran Zeynalova kimi müəllimlər ən çətin anlarda, ən mürəkkəb şəraitlərdə belə öz mövqelərini saxlamış, peşələrinə yüksək sədaqət nümayiş etdirmişlər. Bu gün də məktəbin məzunları illər ötsə də müəllimlərini böyük ehtiramla xatırlayırlar.

Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin müəllim kollektivinin yüksək bilik və bacarığı, keyfiyyətli tədris metodu nəticəsində bu təhsil ocağı Azərbaycan cəmiyyətinə dövlət xadimi, general-polkovnik Ramil Usubov, əməkdar müəllim, tibb elmləri doktoru, professor Mübariz Allahverdiyev, 2010-cu və 2015-ci ildə 122 saylı Xankəndi seçki dairəsindən Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilmiş Flora Qasımova, “Azərbaycan Bayrağı” ordenli, millət vəkili Elman Məmmədov, Beynəlxalq Energetika Akademiyasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, bir çox elmi ixtiraların müəllifi olmuş Vidadi Əliyev, filologiya üzrə elmlər doktoru İlhami Cəfərsoy, filologiya elmləri namizədi Şəfəq Cabbarova, Bakı Metropoliteninin ilk dəfə tikilib istifadəyə verilməsində aparıcı mütəxəssislərdən biri olmuş Firudin Əhmədov, “Şərəf nişanı” ordenı və “Əmək rəşadətinə görə” medalı ilə tətlif olunmuş, hazırda 122 saylı Xankəndi seçki dairəsinin sədri Rasim Hacıyev, texnika elmləri namizədi, dosent Rəşid Haşimov, yazıçı-publisist, əməkdar jurnalist Hikmət Xudiyev, tibb elmləri namizədi Səidə Zeynalova, əməkdar mühəndis Kamil Xudiyev, dəyərli tədqiqatçı, “Qızıl qələm” mükafatı laureatı Aydın Qarabağlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, istedadlı yurnalist və naşir Vasif Quliyev, Əməkdar mühəndis Ziyəddin Quliyev kimi dəyərli vətəndaşlar bəxş etmişdir.
Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbi həm də öz qəhrəman məzunları ilə fəxr edir. Təhsil ocağının məzunları respublikamızın ərazi bütövlüyünü, suverenliyini qoruyarkən erməni qəsbkarları ilə mübarizədə şücaətlər göstərmiş, xalqımızın qəhrəmanlıq tarixinə yenu səhifələr yazmışdılar. Məktəbin 40-a yaxın şagird və məzunu şəhidlik zirvəsinə ucalmışdır.

1988-ci ilin sentyabr ayında erməni millətçilərinin Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbinin fəaliyyətinə son qoymaq cəhdi baş tutdu. 700-dən çox şagirdin təhsil aldığı, 60-dan artıq müəllimin çalışdığı Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəb fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Xankəndində yaşayan köməksiz azərbaycanlıların ciddi cəhdlərinə baxmayaraq məktəbin fəaliyyətini bərpa etmək mümkün olmadı.

Beləliklə Qarabağ münaqişəsi, ermənilərin təcavüz siyasəti Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətləri olmuş Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbinin, onun müəllimlərinin və məzunlarınının taleyinə beləcə ağrılı-acılı səhifələr yazdı.

25 illik fasilədən sonra xankəndililərin istəyi, doğma məktəblərinin fəaliyyətinin yenidən bərpa olması arzusu həyata keçdi. Azərbaycan təhsilinin inkişafına töhfələr vermiş, özünəməxsus bir tarix yaşamış bu təhsil ocağının xidmətləri prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Dövlət başçısının 30 dekabr 2012-ci il tarixli sərəncamı ilə məktəbin fəaliyyəti yenidən bərpa olundu. 
Beləliklə, 2013-2014-cü tədris ilində Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 300 şagird yerlik yeni binada Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəb fəaliyyətini davam etdirməyə başladı. Məktəbin 1974-cü il müzunu Nazim Cəmil oğlu Xudiyev təhsil ocağının direktoru təyin edildi. 

Xankəndində erməni millətçilərinin əməllərinə, məkrli planlarına maneçilik törədən digər bir təhsil ocağı Xankəndi Pedoqoji İnstitutu idi. 

2 mindən çox tələbəsi olan Xankəndi Pedaqoji İnstitutu Qarabağın təhsil müəssisələri arasında özünəməxsus yer tuturdu. Bu institutun Yuxarı Qarabağın və ərazi cəhətdən ona bitişik olan başqa rayonların gənclərinin ali təhsilə yiyələnməyində xüsusi rolu olmuşdur. 

Pedaqoji İnstitut 1969-cu ildə indiki N.Tusi adına Pedaqoji Universitetin (keçmiş V.İ.Lenin adına APİ) filalı kimi fəaliyyətə başlamış, bir neçə ildən sonra - DQMV-nin təşkilinin 50 illik yubileyi günündə Xankəndi filialının maddi-texniki bazası əsasında o zaman respublikaya rəhbərlik etmiş Heydər Əliyevin göstərişi və Azərbaycan hökumətinin 28 noyabr 1973-cü il qərarı ilə müstəqil ali məktəb kimi fəaliyyətə başlamışdır. Institut təşkil edilərkən burda üç dildə - Azərbaycan, rus və erməni dillərində ali pedaqoji təhsilli kadr hazırlığına başlanmışdı.

Bu ali təhsil ocağında çalışan dəyərli alimlərimiz, əsl vətənpərvər ziyalılar olan Nəcəf Quliyev, Nazim Axundov, Kamil Quliyev, Xasay Cabbarov, Süleyman Zeynalov, Ənvər Əhməd, Mirələm Vəliyev, Abbas Abbasov, Yusif Ağayev, Zabil Bayramov, Şahlar Quliyev, Bəşir Fərəcov, Yusif Fərzəliyev, Eldar Məmmədov kimi elm adamlarımız müntəzəm olaraq tarixi məharətlə, böyük ustalıqla saxtalaşdırmağı bacaran həmkarlarının, erməni “alim”lərinin cəfəng ideyalarına, sərsəm fikirlərinə qarşı tutarlı tarixi faktlarla, elmi əsaslarla çıxmağı bacarıblar. 

Digər bir tərəfdən azərbaycanlı gənclərin bu institutda təhsil alması, institutun ictimai həyatında kifayət qədər fəal olmaları təbii ki, ermənilər üçün arzuolunmaz idi. Elə bu səbəblərdən də məlum Qarabağ hadisələri başlananda erməni millətçiləri Xankəndi Pedaqoji İnstitutunu ciddi bir obyekt kimi hədəfə almışdılar. 

Beləliklə, fəaliyyətə başlamasından 20 il keçdikdən sonra Xankəndində başlayan erməni qiyamının ilk zərbələrindən biri bu ali təhsil ocağnın kollektivinə dəydi. 1988-ci il mayın 16-da institutun Azərbaycan şöbəsinin müəllim və tələbələri fiziki və mənəvi təzyiqlərə məruz qalaraq Xankəndindən qovuldu. Pedaqoji kollektiv Şuşa şəhərində müvəqqəti sığınacaq tapdı, daha sonra isə Gəncəyə köçürüldü. Bir müddət keçdikdən sonra isə SSRİ Nazirlər Sovetinin 14 oktyabr 1988-ci il tarixli qərarı ilə Azərbaycanın 60 illiyi adına Xankəndi Pedaqoji İnstitutunun fəaliyyəti dayandırıldı.

Acınacaqlı və ən dəhşətli faktlardan biri odur ki, həmin ərəfədə Xankəndində baş verən hadisələrə o dövrdə Azərbaycana rəhbərlik edənlər heç bir ciddi reaksiya vermək bacarığında deyildilər və sadəcə baş verən olayları yalnız seyr edirdilər. Dağlıq Qarabağ Muxtar Vilayətinin Radio Verilişləri Komitəsinin Azərbaycan şöbəsinin rəhbəri, həmin dövrdə birbaşa hadisələrin içərisində olmuş, Xankəndində yaşayan yazıçı-jurnalist Cahid Kərimov öz xatirələrində baş verənlər haqqında yazıb: 

“... Erməni quldurları silah gücünə azərbaycanlıları Stepanakertdən qovub çıxarandan bir neçə gün sonra biz-yüz əlli nəfərə qədər didərgin Bakıya gəlib Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binası qarşısında respublika rəhbərlərinin faciəmizə laqeydliyinə etiraz əlaməti olaraq oturaq aclıq elan etmişdik. Nəhayət, Vəzirov bizi Mərkəzi Komitənin həyətinə yığıb dilə tutmağa çalışdı. Sövdəmiz baş tutmadıqda qəzəblənib, sonra da balaca uşaq kimi küsüb getdi. Biz də qayıdıb aclığımızı davam etdirdik. Bir qədər sonra başda Telman Orucov olmaqla Mərkəzi Komitənin və respublika Ali Sovetinin məsul işçiləri geriyə - Stepanakertə qayıtmağımız üçün bizi yenə dilə tutdular, nəticə verməyən təbliğata başladılar. Görəsən Vəzirov və onun yan-yörəsindəkilər bizi əliyalın yenidən geriyə - Stepanakertə qaytarmaq istərkən hansı ağılla düşünürdülər? Axı biz ora necə qayıda bilərdik? Heç şübhəsiz, hamımız silahlı erməni quldurlarının gülləsinin havayı qurbanı olardıq. Nə isə, bizi dilə tuta bilmədilər. Belə olduqda Telman Orucov gəlib mənə dedi ki, “yoldaş Vəzirov deyir, ağsaqqal özü ilə üç nəfər də götürüb qalxsın yanıma”. Mən özümdən əlavə daha dörd nəfər - üç kişi, bir qadın götürüb, Vəzirovun iş otağına qalxdım. Vəzirov yerində əyləşib çənəsi ovucları içində stola dirsəklənmişdi. Yerindən heç qımıldamadı da. Demədi də keçin oturun. Bir qədər dayandıqdan sonra mən uşaqlara dedim, keçin oturun və hamımız keçib oturduq. Vəzirov elə bil bizimlə küsü saxlayırdı. Handan-hana danışmağa başladı. Mənə dedi: “Ağsaqqal, neçə yaşın var?” Dedim: “Əlli səkkiz”. Dedi: “Mənim də əlli səkkiz yaşım var. Bizim söhbətimiz tutar”. Bu da bizi ələ almaq üçün Vəzirovun, necə deyərlər, uğursuz bir gedişi idi. Dedim bilmək olmaz, sözümüz, söhbətimiz, tutar ya tutmaz. Sonra elə hey üyüdüb tökməyə başladı: “Atamın goru haqqı, gecəm- gündüzüm yoxdur. Qarabağın məsələsi ilə məşğulam. Saatda bir Qarbaçova, Yakovlevə zəng vurub telefonla danışıram. Allah mənə lənət eləyəydi birinci katib gəldiyim yerdə... İndi mən necə eləyim, özümü dənizə atım?.. Mne meşayete, qoymursuz işimi görəm... Sənədlər hazırlamışam, tezliklə məsələ həll olunacaq, sekretdi, heç katiblərim də bilmirlər, ancaq sizə deyirəm.” – deyib cəld qalxıb seyfdən bir koma kağız çıxarıb bizə tərəf tutdu.

Bir nəfəsə danışır, imkan vermirdi ki, bir kəlmə də biz danışaq. Belə olduqda kimsə özünü saxlaya bilməyib dedi: “Əşi, yoldaş Vəzirov, elə özün deyirsən, imkan versənə bir kəlmə də biz deyək. Axı şikayətçi bizik, siz deyilsiniz!” Yalnız bundan sonra biz danışa bildik. Dərdimizi yenidən ona agah elədik. Dağlıq Qarabağda əsl vəziyyəti söyləyib oraya qayıtmağımızın mümkün olmadığını bir daha qəti bildirdik. Vəzirov da öz fikrində israr etdi. Fikirlərimiz yenə çəp gəldi. Kişi yaman hirsləndi. Hətta, yumruğunu stola çırpıb “nu vas k...” rus söyüşü söydü və durub kabinetdən çıxdı. Amma heç bir dəqiqə keçməmişdi, geri qayıdıb dedi: “Bəs sənin təklifin nədir?” Dedim: “Elə bu gün, yubanmadan Ermənistandan qovulan azərbaycanlıların 50-60 min nəfərini Dağlıq Qarabağda yerləşdirmək lazımdır”. Yenə ağzımdan vurdu: “Olmaz. Sən camaatı qırğına aparırsan. Genrix Poğosyan zəng vurdu mənə, çıxart Xocalıdakı qaçqınları, mən çıxartdım. Da, da, a kak je, çıxartdım. Olmaz, nelzya razdrajat armyan. Olmaz, olmaz...”

Bəli, bu “olmaz”lar isə azərbaycanlılar üçün yeni-yeni facilər gətirirdi. Məhz, bu “olmaz”ların sayəsində Xankəndindən bütün azərbaycanlılar qovuldular, öz əzəli doğma yurdlarından didərgin düşdülər. 
Bu gün Xankəndi şəhərinin 10 mindən artıq azərbaycanlı sakini respublikanın ayrı-ayrı şəhər və rayonlarında məskunlaşıblar. Xankəndililər bir-birlərindən ayrı düşsələr də onları bir-birlərinə daha yaxın edən sabaha inamları, yenidən torpaqlarına dönmək ümidləridir...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər