Modern.az

Azərbaycanlı jurnalistlər Türkiyədə Alanyanı seçir

Azərbaycanlı jurnalistlər Türkiyədə Alanyanı seçir

28 Dekabr 2016, 09:54

Azərbaycanlıların, xüsusulə də azərbaycanlı jurnalistlərin xarici ölkə kimi üz tutuduqları yer daha çox Türkiyədir.

İstanbul, Ankara, İzmir, Antalya  kimi böyük şəhərlərə tədbirlərə gedən jurnalistlər istirahət üçün daha çox qardaş ölkənin Alanya şəhərinə üz tuturlar.

 

Musavat.com saytının rəhbəri Xalid Kazımlı deyir ki, Azərbaycandan Türkiyəyə  gedən jurnalistlər əsasən Ankara və İstanbulu seçirlər.

“Ayrı-ayrı vaxtlarda Bursaya, Antalyaya, İzmirə və digər şəhərlərə səfər edirlər. Jurnalistlər əsasən tədbirlərə gedirlər. İstanbulda bir dəfə tədbirdə olmuşam. Başqa da Alanyada olmuşam. Mən tədbirdən çox istirahət məqsədi ilə Türkiyəyə getmişəm”.

 

CBC.az-ın redaktoru Fərəh Sabirqizı hesab edir ki, Türkiyənin ən çox ziyarət edilən şəhəri İstanbuldur.
“İstər jurnalist olsun, istər digər peşə sahibi, Türkiyədə ilk olaraq görüləsi şəhər buradır. İstanbulun xüsusi aurası var – adamı özünə cəlb edir, nədənsə bu şəhərə təkrar-təkrar getmək istəyirsən. Hər səfərimdə İstanbulda yeni nələrsə, görməli məkanlar aşkar edirsən.  İşlə bağlı səfərlərdə əsasən İstanbula gedirik. Lap bir günlüyünə olsa belə, İstanbul səfərindən imtina edə bilmirəm.
İstirahət üçün isə daha sərfəli və bizə daha yaxın olan Qara dəniz bölgəsini seçirik. Ora maşınla getmək mümkün olduğundan, belə səfərlər ucuz və asan başa gəlir. Alanya da hər il getdiyimiz bölgədir”. 

 

“Kaspi” qəzetinin baş redaktor müavini Məğrur Əli Polad deyir ki, azərbaycanlı jurnalistlər daha çox İstanbul, Ankara və Antalya bölgəsinə gedirlər.
“Mən də ailəmlə bərabər bir neçə dəfə İstanbul, Antalya, o cümlədən avtomobillə Qara dəniz bölgəsində, Trabzonda, Girəsunda olmuşam.
Hətta 3 il öncə ailəvi olaraq avtomobillə Türkiyənin qərb sərhədlərinə, Aralıq dənizi sahillərinə kimi, Sivas, Kayseri, Mersin, Adana, Qaziantep, Elazığ, Ərzurum, Artvin və digər şəhərlərindən keçməklə geniş səyahət etmişik. Biz gəzməyi sevirik, xüsusilə avtomobillə. Çünki bu halda, istədiyin yerdə istədiyin qədər qala, istədiyin məkanlara baş çəkə bilirsən. Gəzməklə yanaşı, səfərlərdə bir məqsədimiz də geyim almaq olub. Ən çox sevdiyimiz yer Alanyadır”.
 

Tanınmış jurnalist Aida Eyvazlı bildirir ki, Azərbaycan və Türkiyə hava yolları şirkətləri uçuş qiymətlərini ucuz, bizim aztəminatlı jurnalistlərimizin pul kisələrinə uyğun etsələr, Türkiyənin bütün şəhərlərini gedib görməklə, o torpaqların hər daşının tarixini öyrənib, peşəkar bir dildə insanlarımıza çatdırardıq.

“Nəzərə almaq lazımdır ki, hər qələm sahibinin özünəməxsus yazı tərzi var. Yaxşı yazanlar, bacarıqlılar hər zaman oxucuya təzə nəsə çatdıra bilirlər. Çünki Azərbaycanda olduğu kimi, Türkiyədə də hər şəhərin, hər vilayətin öz mədəniyyəti, folkloru var. Biz isə Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlətik!”.  Türkiyədəkilər bizə “Can Azərbaycan” deyə müraciət edirlər. Bizim üçün də onlar elə “Can”dırlar.  Jurnalistlərimizin hər birinin hansı məqsədlə getdiyini deyə bilmərəm. Hər kəsin bir işi, bir problemi ola bilir. Ətrafımda olan, tanıdığım jurnalist həmkarlarımdan  qardaş ölkəyə daha çox dəvət alanda getdiklərini bilirəm. Tanıdıqlarımın içərisində artıq köçüb Türkiyədə yaşayanı, ailə həyatı quranlar da var. Və o cəmiyyətdə özlərini çox doğma hiss edirlər. Yəni dönüb Türkiyənin bir parçası ola biliblər. Bir də yay aylarında həmkarlarımız istirahət üçün də Türkiyəni seçirlər. Bu da yaxşı haldır. Orada istirahət etmək üçün ürəkaçan bir şərait var. Mənim özümə gəldikdə isə, bu il Türkiyədə cəmi üç dəfə səfərdə olmuşam. Səfərlərimin hər biri işçi xarakter daşıyıb. Jurnalistlərin tədbirlərə dəvət almışam. Dar çərçivəli səfərlərdə vaxt tapıb, olduğum şəhərlərin tarixi yerlərini gəzmişəm.  Amma o tarixi yerləri addım -adım gəzib, səhifə-səhifə varaqlamaq istərdim.

Daha çox İstanbulda və Ankarada olmuşam. Sonuncu səfərimdə isə  Antalya və Alanyaya da baş çəkə bildim və Alanyanı çox sevdim”.

P.S. Qeyd edək ki, jurnalistlərin daha çox Alanyaya üz tutmalarının əsas səbəbi Türkiyə Qəzetçilər Federasiyasının baş katibi, Alanya Qəzetçilər Cəmiyyətinin sədri Mehmet Ali Dimlə bağlıdır. Azərbaycandan Alanyaya gedən hər bir jurnalist mütləq onun qonağı olur. Eyni zamanda Mehmet Ali Dim Azərbaycanla bağlı Türkiyədə bir sıra ideyaların həyata keçməsinə rəhbərlik edib.

 

Qafar Ağayev

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir