Modern.az

“Atatürkü inkar etmək olmaz”

“Atatürkü inkar etmək olmaz”

28 Dekabr 2016, 15:29

Bir çox ölkələrdə Atatürk mərkəzləri fəaliyyət göstərir. Azərbaycanda da bu mərkəz 2001-ci ildə fəaliyyətə başlayıb.

Lakin Türkiyənin indiki hakimiyyətinin apardığı siyasət nəticəsində Atatürk mərkəzlərinin fəaliyyətində ləngimələr müşahidə olunmaqdadır.

Türkiyədə gedən  proseslərin nəticəsi olaraq, Azərbaycandakı Atatürk Mərkəzinin fəaliyyətində axsamalar varmı?

Eyni zamanda, uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərən Atatürk Mərkəzinin işi necə gedir?Azərbaycandakı Atatürk Mərkəzinin rəhbəri, deputat Nizami Cəfərov Modern.az-a açıqlamasında mövzuya aydınlıq gətirib. .

 

“Son vaxtlar, müasir dünyada, eləcə də, Türkiyənin özündə Atatürkə münasibətdə müəyyən polemikalar, müəyyən mübahisələr var. Türkiyə Cümhuriyyətinin tarixi və dövlət quruluşu ilə bağlı məsələlərə yenidən baxılır. Bunlar da təbiidir. Həm dünyada, həm də Türkiyədə cəmiyyət inkişaf edir. Bizim də işimiz onları təhlil etmək, mövcud nəticələri ortaya qoymaqdır. Bir də Türkiyədə mövcud olan Atatürklə bağlı qurumlar bu saat da işləyirlər. Amma sizinlə razıyam ki, əvvəlki illərlə müqayisədə bu mərkəzlər məhsuldar işləmirlər”.

 

Nizami Cəfərovun sözlərinə görə, Türkiyədə gedən proseslərin Azərbaycandakı Atatürk Mərkəzinə aidiyyatı yoxdur.

 

“Azərbaycanda yaranmış Atataürk Mərkəzi ümumilli liderimizin yaratdığı bir mərkəzdir. Dünyanın hansısa yerində bu mərkəzlər varsa, onlarda gedən proseslərin Azərbaycandakı Atatürk Mərkəzinə aidiyyatı yoxdur. Bizim öz planımız və proqramımız var. Qarşımıza qoyulan göstərişlər var ki, onları qaydasında yerinə yetiririk. Dünyanın müxtəlif ölkələrində  Ataütrk mərkəzləri, akademik mərkəzlər, siyasi-ideoloji mərkəzlər var.

 

Bizim onların çoxu ilə əlaqələrimiz, münasibətlərimiz var. Bizim işimiz Atatürkü, onun irsini öyrənmək, təhlil etməkdir. Azərbaycandakı mərkəz öz işini lazımi səviyyədə görür və biz öz dövlətimizin siyasətini yürüdürük. Ümummilli liderin qarşımıza qoyduğu o hədəflər, göstərişlər,  prinsiplər səviyyəsində işimizi qurmağa çalışırıq”.

Deputatın bildirdiyinə görə, çalışmalıyıq ki, Atatürk heç vaxt inkar olunmasın.

 

“Atatürkün ideyaları, düşüncələri ilə bağlı ən azı polemika, müzakirə varsa, biz orada iştirak edirik. Heç zaman deyə bilmərik ki, Atatürkün ideyaları müzakirə obyekti olmasın. Təbii ki, müzakirə obyekti olmalıdır. Çünki dünya inkişaf etdikcə, hər an bu məsələ müzakirə olunur. Bizim üçün əsas məsələ bu polemikanın mövcud olub-olmamasıdır. Əsas məsələ odur ki, Atatürk dünyaya, cəmiyyətə necə lazımdırsa, o cür də çatdırılsın.

“Atatürk nə deyirdi, nə istəyirdi və nə etmişdi?” deyə suallar verilir.  Türkiyə Cümhuriyyəti onun əsəridir. Dünyada böyük mütərəqqi ideyalar irəli sürmüş insanlar pis ola bilməz.

 

Atatürklə bağlı mübahisə etmək olar, amma Atatürkü inkar etmək olmaz. Biz daha çox ona çalışırıq ki, Atatürk inkar olunmasın,  Atatürkə qarşı hər hansı hədyan söhbətlər olmasın. Biz onlara cavab verməliyik. Heç də hər hansı düşüncənin qarşısını almaq  mümkün deyil. Söhbət ondan gedə bilməz ki, Atatürkün taleyi ilə bağlı nəsə ciddi problemlər var. Bu, mümkün ola biləcək məsələ deyil”.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi