Modern.az

Səməd Vurğun repressiya dövründə necə addım atmışdı?

Səməd Vurğun repressiya dövründə necə addım atmışdı?

29 Dekabr 2016, 09:26

Səməd Vurğun çox millətpərvər və ədalətsevər insan olduğu üçün siyasi-ideoloji tələblərə tamamilə tabe olmamış və öz daxili dünyasını qorxu hislərinə qurban verməmişdir. Hətta deyərdik ki, o zaman üçün böyük cəsarət nümayiş etdirmişdir. Mövcud rejimin başında duranların və onların yerlərdə oturan əlaltılarının türklüyə qarşı apardığı qəddar dağıdıcı fəaliyyəti dövründə, yəni 1935-38-ci illərdə şair qətiyyətlə türklük davasına qalxmış, geniş səlahiyyət sahibləri olan nazir-komissarları türk dilində danışmağa çağırmış, hətta öz sevgilisi ilə belə öz ana dili olan türk dilində danışmayan məsul şəxslərə açıq aşkar meydan oxumuşdur:

                 Nədən söyləməsin ana dililə,
                 Öz odlu nitqini yoldaş komissar?
                 Türkcə danışmasın sevgilisilə,
                 Bu mənhus adətdə böyüklükmü var?  
                                                  (“Komsomol” poeması)

Məlumdur ki, o zamanın hüdudusuz səlahiyyətə malik olan şəxsləri birinci şəxs tərəfindən verilən xüsusi imtiyazlara malik komissarlar idi. Bu şəxslər istədiklərini həbs edir, istədiklərini sürgünə göndərir, istədikləri şəxsləri isə 20 dəqiqəlik formal mühakimədən sonra güllələtdirirdilər. Bu şəxslərin hətta öz sevgililəri ilə ana dilində danışmamasını göstərən şair, bu dilin türk dili olduğunu dəqiqiləşdirməklə bərabər onların danışdığı alternativ dilin ünvanını da müəyyənləşdirir. Bu dil hansı dil ola bilərdi. Aydındır ki, bu dil rus dili idi. Öz dilini bəyənməyib, rus dilində danışan nazirlərin çürük mənəviyyatına işarə vurmaqla bərabər şair açıq-aşkar ölkənin siyasi rejiminin apardığı ruslaşma siyasətinə etiraz edirdi. Özü də bu etiraz bu anti milli siyasi kompaniyanın ən yüksək zirvəsinə çatdığı 1935-36-cı illərdə edilirdi. Xatırladaq ki, məhz türk adının “azərbaycanlı” adı ilə əvəzlənməsi də bu vaxt, yəni 1936-cı ildə baş tutmuşdu.

 

Belə bir ərəfədə milli məfkurəyə dayanıqlı türklük davası qaldırmaq özünə sözü ilə məzar qazmaq, sözü üzə çıxarıb, evdə cəllad yolunu gözləmək deməkdir. Biz əminik ki, bu misralar dərc olunduqdan sonra (ilk dəfə 1935-ci il tarixində “Ədəbiyyat qəzeti”ndə çap olunmuşdur), S.Vurğun hər dəqiqə, hər saat repressiya maşınının onun başı üstünü kəsdirəcəyini gözləmişdir. Lakin buna baxmayaraq o həyatı bahasına da olsa öz daxili etirazlarını aşkar büruzə vermişdir. Çünki S.Vurğunda türklük və millilik ötəri sözlük deyil, böyük millət anlayışı, yüksək qürur və vətəndaş sevgisidir.


Atif İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru
e-mail: [email protected]

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir