Modern.az

2016-da parlamentin qəbul etdiyi ən vacib qanunlar hansılar oldu...

2016-da parlamentin qəbul etdiyi ən vacib qanunlar hansılar oldu...

29 Dekabr 2016, 11:11

2016-cı ilin bitməsinə iki gün qalıb. Geridə qoyduğumuz 2016-cı il ölkə həyatında bir neçə vacib hadisələrlə yadda qaldı. Bu dövr ərzində Milli Məclisdə bir neçə qanunlara əlavə və dəyişikliklər edildi.

2016-cı ildə  qəbul olunmuş ən vacib qanun layihələri hansılardır?

Məsələ ilə əlaqədar olaraq Modern.az saytı bir neçə deputatın fikrini öyrənib.

 

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc  2016-cı ildə parlamentdə mütərəqqi qanunların çox olduğunu deyib.

“Lakin onların içərisindən ayrıca olaraq “Hərbi vəziyyət haqqında” qanunun yenidən işlənilməsi və daha tutumlu bir səviyyəyə çatdırılmasını qeyd edərdim. Vergi qanunvericiliyi sahəsində  bir çox güzəştləri özündə ehtiva edən, həmçinin sosial amnistiyanı nəzərdə tutan və bir sıra sahibkarlıq subyektinin, iri şirkətlərin fəaliyyətlərinin artırılması ilə əlaqədar sənədləri vurğulayardım. Bunlar çox əhəmiyyətli idi. Çünki nəzərə almalıyıq ki, ölkənin təhlükəsizliyi ilə bağlı problemlər ortadadır. İşğal gerçəkliyi aradan qalxmayıb”.

Deputat həmçinin bildirib ki, 2016-cı ildə ölkə prezidenti tərəfindən də sosial-iqtisadi xarakterli bir sıra qanun layihələri Milli Məclisə daxil olub.

“Düşünürəm ki, biz bunları islahat mənasında qəbul etməliyik. Həm istehsalat müəsisələrinin 7 illik dövr üçün  bir sıra vergi ödəmələrindən azad olunması ilə bağlı, həmçinin idxal və ixracla əlaqədar bəzi qanunlarda biz ciddi dəyişikliklər həyata keçirdik. Buna görə də düşünürəm ki, 2016-cı il hüquqi cəhətdən mühüm sənədlərin qəbulu ilə yadda qalıb. Lakin arzu edək ki, bunların icrası dəqiq, ünvanlı həyata keçirilsin ki, hökumət tərəfindən qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması vətəndaşlarımızı qane etsin. Ölkədəki manatın qeyri-sabitliyi fonunda bəlli sosial çətinliklərin aradan qaldırılıması mümkün olsun”.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bu il ərzində parlamentin gündəyində bir çox qanun layihələri yer aldığını qeyd edib.

“Bunlardan biri Vergi Məcəlləsinə dəyişiklikdir. Çünki kiçik və orta sahibkarlığın inkişafı üçün ilin sonunda Vergi Məcəlləsinə çox ciddi dəyişikliklər edilib. Həmçinin, vergilərin silinməsi ilə əlaqədar da qanuna dəyişiklik olunub. Mən bunu çox vacib qanun kimi hesab edirəm. Düşünürəm ki, vergilərin amnistiyası sahibkarlığın inkişafına çox böyük təsir edəcək. Həmçinin,  bu il ərzində “Elm haqqında” qanun qəbul olundu. Bu qanun da ölkənin inkişafı üçün çox böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, bütün qəbul olunmuş qanunlar Azərbaycanın inkişafına böyük təsir edəcək”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib ki, 2016-cı il ərzində müxtəlif qanunlara əlavələr və dəyişikliklər yadda qalıb.

“Azərbaycan dövlətçiliyi naminə, ölkəmizdə gedən iqtisadi proseslərin davamı olan qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində xeyli işlər aparılıb və qanunlar qəbul edilib. Bəzi təkliflər qanun formasında qəbul olunub. Azərbaycanın bugünkü və gələcək inkişafına yönələn bütün məsələlər Milli Məclisdə müzakirə olunub və millət vəkilləri tərəfindən dəstəklənib. Bu baxımdan bütün qanunlar dövlət quruculuğu istiqamətində çox vacibdir”.

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevdeyib ki, bu il ərzində bir çox vacib qanun layihələri qəbul olunub.

“Mənim üçün ən maraqlı qanun layihəsi “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanundur. Çünki biz aqrar sahənin inkişafından danışırıqsa, hesab edirəm ki, bu qanunun böyük əhəmiyyəti var. “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunun perspektivi isə bu yaxın illərdə özünü göstərəcək”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli:

““Təhsil haqqında”, “Elm haqqında”, “Kooperasiyalar haqqında” qanunları göstərmək olar. Həmçinin dövlət büdcəsi də təsdiq olunub. Bunların hamısı çox vacib qanunlardır. Parlamentin elə bir komitə və plenar iclası olmadı ki, mən də orada çıxış etməyim. Bütün qəbul olunmuş qanunlar dövlətçiliyimizin inkişafına yönəlib”.

 

 

Mirmahmud KAZIMOĞLU

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir