Modern.az

Ölülərin dirilərə MƏKTUBU

Ölülərin dirilərə MƏKTUBU

Ədəbi̇yyat

29 Dekabr 2016, 11:47

      Salam, əziz ata-analar, bacı- qardaşlar, qohumlar və dostlar!

       Dünyada baş verən bir çox hadisələrdən, həyatınızdan, işinizdən, əməlinizdən hərtərəfli xəbərdar olandan sonra bu məktubu sizə yazmaq qərarına gəldik. Məqsədimiz vaxtınızı alıb başınızı ağrıtmaq  yox, öz güzəranımızı, dərdimizi, düşüncələrimizi sizinlə bölüşmək, bəzi məsələlərə aydınlıq gətirmək fikrindəyik.

      Bəziləriniz bu sətirlərı oxuyanda qəhqəhə çəkib gülsə,  hətta arxamızca bir-iki  kəlmə yağlı söz işlətsə də  fərq eləməz.

     Nə deyirsiniz deyin, öz işinizdir. Amma yaxşı söz eşitmək, məsləhətə qulaq asmaq, böyüyün-kiçiyin yerini bilmək gərəkli olduğu üçün məktubumuzu gözucu  olsa da oxumağı, insanların, dövranın bu hay-küylə, qan-qada ilə, fitnə-fəsadla, yalanla hara getdiyi barədə düşünməyi xahiş edirik.

      Çünki biz gor evində siz dirilərdən nigaranıq. Əməlləriniz, hərəkətləriniz barədə qulaqlarımıza elə xoşagəlməz sözlər çatır ki, kəfəni cırıb yenidən yanınıza— bir anlığa o ədalətsiz dünyaya qayıtmaq həvəsinə düşürük. Ancaq tez də fikrimizi dəyişirik.

     Bura bizim üçün çox rahatdır, sakitdir. Müdirimiz, rəisimiz yoxdur. Geyimimiz, yeyib-içməyimiz, ev-eşiyimiz, var-dövlətimiz, bağ-bağçamız, vəzifəmiz eynidir. Rüşvət alıb verənə, yaltaqlıq, qohumbazlıq, harınlıq, ədabazlıq edənə, ata-anasını döyənə, arvadını, uşaqlarını çöllərə salana, dost-qardaşını satana, qudurub tanrısına ox atana rast gəlmirik. Torpaq, mal-pul, vəzifə üstündə heç kim bir-birini öldürmür, kimsə-kimsəyə kələk gəlmir.

       Yaxşıdır ki, bütün xalqlar öz ana dilində danışır. Biz ölülər öz dilimizdə  bir-birimizi başa düşürük. Hər kəs bacardığı işi görür, adət-ənənəsini qoruyur, dilinə, dininə hörmət edir, ağsaqqalını eşidir. Yalan danışanı, böhtan yazanı, başqasının malına-puluna göz tikəni aramızdan uzaqlaşdırırıq.

        Bazarımızda ucuzluqdur. Marketlərimiz, şadlıq evlərimiz, restoranlarımız eyni ölçüdədir. Malların qiymətləri münasibdir və heç kim qiymət artımı barədə düşünmür, əksinə ucuzluğa gedirik. Sərhədlərimiz açıqdır və dünyanın bu başından vurub o başından çıxmaq mümkündür.  Gömrük qadağası, vergi tətbiq etmə, cərimə yoxdur.

        Mehriban dolanırıq. Suyumuz, çörəyimiz, torpağımız, ərzağımız çox təmizdir. Una kəpək qatan, yağa piy vuran, adi suyu minerala çevirən, imanını pula satan, cib kəsən, əyyaşlığa, sərxoşluğa, dələduzluğa qurşanan insanlardan uzağıq. Korrupsiya, rüşvətxorluq, şantaj, saxtakarlıq nə olduğunu bilmirik.

        Biz gözəi və azad bir dünyadayıq. Məkanımız, sərvətlərimiz, qanunlarımız eynidir. Eşitdiklərimizə görə sizin dünyada vəziyyət yaxşı deyil və deyirlər ki, çətinliklər gündən-günə artır. Müharibə, qarşıdurma, bahalıq, quldurluq, terror ölkələri bürüyüb. Çox yerdə insanlara millətinə, irqinə, dininə görə qiymət verilir. Müsəlmanlar  hər yerdə sıxışdırılır. Böyük, güclü dövlətlər kiçik dövlətləri əzmək, var-dövlətini əlindən almaq, əhalisini didərgin salmaq üçün min bir oyundan çıxırlar. Demokratiya, insan hüquqları, söz, mətbuat azadlığı pərdəsi altında insanları aldadır, pulla müxalifətçi, terror qruplaşmaları  yaradır və istədikləri ölkədə çevriliş planları hazırlayırlar. Haqq-ədalət pulla alınıb satılır.

        Suriya, İraq, Livan, Misir, Yəmən, Fələstin, Pakistan və başqa ölkələrdən gələn ölülər böyük, demokratiya, azadlıq deyən dövlətlərin, beynəlxalq təşkilatların, BMT-nin, ATƏT-in və başqalarının ədalətsiz qərarlarından, yanlış mövqeyindən elə yana-yana, acı-acı danışırlar ki, adam işıqlı dünyanın xoşbəxt gələcəyinə inanmır. İnsanların başına gətirilən müsibətləri, bəzi ağılsız, təkəbbürlü dövlət rəhbərlərinin  bəşəriyyətə zidd i əməllərini eşitdikcə siz dirilərin halına acıyırıq.

        Öz-özümüzə düşünür ki, nəyə görə milyonlarla insan öz torpağında, yurd-yuvasında kiməsə qula çevrilməlidir, qaçqın-köçkün kimi çöllərə salınmalı, qardaşın qardaş qanı axıtmasına, ananın öz balasından ayrı düşməsinə,  abad şəhərlərin, kəndlərin viran edilməsinə, suyun, torpağın, mənəviyyatın zəhərlənməsinə rəvac verilməlidir? Haqlinin haqqını qaytarmaq əvəzinə, haqsıza, qaniçənə, zalıma, qatilə haqq qazandırmaq, bəşər övladına qənim kəsilənləri dəstəkləmək insanlığın gələcək faciələrindən xəbər vermirmi?

        Biz azəbaycanlılar bu suallar barədə çox düşünür və ədalətsizliklərə dözə bilmirik. Axı bizim də torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq qaçqın-köçkünümüz var. Kəndlərimiz, şəhərlərimiz, tarixi abidələrimiz, məzarlarımız ermənilər tərəfindən dağıdılıb, məhv edilib On minlərlə dinc sakinimiz öldürülüb, yandırılıb, şikəst olub. Ancaq dünya, özlərini demokratik, böyük hesab edən dövlətlər Ermənistana, erməni cəlladlarına gözün üstə qaşın var demir, Əksinə ABŞ təcavüzkarlara yardım edir, Fransa bütün hallarda ermənilərə dəstək verir, bəzi başqa dövlətlərdə işğalçının, terrorçunun nazı ilə oynayır, onları silahlandırır, müharıbəyə qızışdırırlar.

        Yaxşı ki, insanlarımız dünyada baş verən hadisələri, bəzi  dövlətlərin çirkin siyasətini artıq dərk edib düzgün qiymətləndirirlər. Ölkəmizdə yaranmış ictimai-siyasi sabitlik, inkişaf, bir çox dövlətlərlə qarşılıqlı mehriban münasibətlər bizi çox sevindirir. Buranın təzə sakinləri, xüsusilə əcnəbilər paytaxtımızın, kənd və qəsəbələrimizin abadlaşmasından, xalqımızın qonaqpərvərliyindən, vətənə sevgisindən elə ağız dolusu danışırlar ki, adam qanad açıb uçmaq istəyir.

       Belə yaxşıdır. Bir-birimizə qarşı nə qədər mehriban, diqqətli olsaq, o qədər möhkəm, güclü, qüdrətli olarıq. Aramıza heç kim nifaq toxumu səpə bilməz. Yaramazlar, nadanlar əl-qol açmağa, düşmənçilik yaratmağa imkan tapmaz. Axı bizim düşmənlərimiz çoxdur. Varımız-dövlətimiz, çörəyimiz-suyumuz, gözəlləşən həyatımız, müstəqil dövlətimiz tikan olub çoxlarının gözünə batır, inkişafımız çoxlarının yuxusuna haram qatır. Ona görə də hər an bizi əyməyə, zəiflətməyə, birliyimizi pozmağa, başqasının əl altısına çevirməyə cəhd edirlər.

        Siz isə bu maneələri yalnız səfərbər olmaqla, düz söz və əməlimizlə dəf edə bilərsiniz. Bunun üçün  yeri gəlsə canınızdan keçməyi belə bacarmalısınız. Bu yanımızda uyuyan minlərlə şəhid oğul və qızlarımızın sizə çağrışıdır. Buna görə də  yalan vədlərə,  şirin dillərə uymayın. Öz mənafeləri üçün sizə yaxınlaşanlardan uzaq olun, hər kəsə inanmayın. Yalnız özünüzə, öz gücünüzə, birliyinizə inanın.

        İçinizdə olan nadanları tərbiyə edin, başlarına ağıl qoyun, həqiqətləri açıb göstərin, düz yola gətirməyə çalışın. Yoxsa onların vəziyyəti bizim yanımıza gələndə çox çətin olacaq. Çünki burada insanlıq, sədaqət, vətəndaşlıq haqq-ədalətlə müəyyən edilir, xainlər ömürlük cəzalandırılırlar.

        Bizim məkanda insanlar sizin dünyada işlətdikləri əməllərinə, yaxşı-pis hərəkətlərinə görə seçilib ayrılırlar. Xeyirxah, ədalətli, sədaqətli, namuslu, bilikli, vətənpərvər insanlar həmişə məclisin başında otururlar. Onlara xüsusi hörmət və ehtiram göstərilir. Məsləhətləri, dəyərli fikirləri daim köməyimizə çatır. Bəzən sizin dünyada gördükləri yaxşı işləri xatırlatmaqla pis adamları utandırır, onlara bir daha ibrət dərsi keçirlər.

         Yaxşı haldır ki, sağlığında pis əməllərə qurşanıb insanlara zülm edən, qan tökən, baş kəsən, dünyaya ağalıq etmək eşqinə düşən insanlar burada-kor evində onlara tutulan iradlardan qətiyyən  incimirlər, hətta səslərini belə çixarmırlar. Əksinə başlarını aşağı tikib deyilən haqlı sözləri təsdiqləyirlər, xəcalət təri axıdırlar.

        Baş ağrısı olsa da bir-iki əhvalatı xatırlatmağı özümüzə borc bilirik və inanırıq ki, yazdıqlarımızı bir çoxlarına danışıb onları da dünyanın işlərindən az da olsa hali edəcəksiniz.

         Bir neçə gün əvvəl müdriklər yığışıb nəyisə müzakirə edirdilər. Aristotel, Heredot, İbn Sina, Nizami Gəncəvi, Məhəmməd Füzulu, Babək, Hacı Zeynalabdın, Üzeyir bəy, Mirzə Cəlil və  Sabirlə yanaşı məclisdə iştirak edən Hüqonun, Drayzerin, Bayronun, Şekspirin başı söhbətə elə qarışmışdı ki, onlar aşağı cərgədə oturan Əmir Teymuru, Çingiz xanı, Napalyonu, Hitleri tamam unutmuşdular. Söhbətin şirin yerində Makedoniyalı İsgəndərin gəlişi və uca səslə, şəstlə məclisdəkiləri salamlaması Nizami Gəncəvini birdən-birə hövsələdən çıxardı.

       --Ay oğul, nə üçün yekəxanalığından əl çəkmirsən, bu nə ədəb-ərkandır, salamdır? Yoxsa yenə özünü dünyanın ağası hesab edirsən? Axı mən sənə insanlığın dəyərini sağlığında, hələ hakimi-mütləq olanda başa salmışdım, nahaq qanlardan, insanlara zülm etməkdən, ölkələri xarabazarlığa çevirməkdən əl çək demişdim. Nüşabənin qarşısında diz çöküb səhvlərini etiraf etməyin yadından çıxıb? Görünür nəsihətlərdən yaxşı nəticə çıxarmamısan?—deyə narazılığını bildirdi.

       İsgəndər başını aşağı salıb  müdriklərdən dönə-dönə üzr istədi və ağlaya-ağlaya çıxıb getdi.

       Bizim məkanda belə hallar tez-tez olur və heç kim həqiqi sözdən inciyib küsmür. Elə bu yaxınlarda bizimkilər—Həzi Aslanov və Mehdi Hüseynzadə Adolf Hitlerin əməlli-başlı dərsini verdilər:--Ay namərd, niyə bu qədər insanı məhv etdin, qanlar axıtdın, ata-anaları, qız-gəlinləri gözü yaşlı qoydun? Viran edilən kəndlərə, şəhərlərə,  milyonlarla günahsız insanlara necə qiydın, göz yaşlarına, ah-amanlara necə dözdün? Qaz peçlərində diri-diri yandırılan, ölüm düşərgələrində zillət çəkən insanlardan utanırsanmı? Eşitmişik ki, bəzi nəvələrin də sənin yerişini yerimək istəyirlər, ali xalqıq deyirlər, haqqı-ədaləti, tarixi həqiqətləri unudurlar, kimsəsizləri, köçkünləri incidirlər, millətçi olduqlarına görə öyünürlər? Onlara xəbər göndər yollarını azmasınlar, insafa-dinə gəlsinlər, yoxsa sənin kimi pis günə qalarlar!

        Adolf gözlərini döyə-döyə onları axıra kimi dinlədi. Iradlarının həqiqət olduğunu bildirdi və millətçi nəvələrinə məktub yazıb yaramaz əməllərinə son qoymağı xahiş edəcəyinə söz verdi.

        Sakinlərimiz bu günlərdə bir ermənini möhkəm sıxışdırdılar, otunu-suyunu verdilər, bihörmət etdilər. Erməni Qurgen sən demə bir neçə həmyerlisi ilə sövdələşib müəyyən köhnə məzarları zəbt edərək burada da Ermənistan dövləti yaratmaq fikrinə düşübmüş. O, bəzi fransızları, ingilisləri, italyanları da bu işə cəlb etməyə çalışıb.

       Qurgen qondarma erməni soyqırımını onlara sırıdığı kimi, bu binəvaları inandırıb ki, bütün məzarlıqlar tarixi erməni torpaqlarıdır, əcdadlarından qalıb və bu ərazilərə sahib çıxmağa haqları vardır. Hətta saxtakar erməni bir çox əcnəbi ölülərin sümüklərinə xaç möhürü də vurub, siçovullara, qarışqalara, həşərastlara erməni dilində danışmağı öyrədib, goreşənləri əməli-başlı silahlandırıb. Bunun üçün xüsusi fond da yaradıb.

       Özlərini dünyanın ən qədim xalqı adlandıran ermənilərin və dələduz Qurgenin əməlləri çox çəkmədi ki, müzakirəyə çıxarıldı və yunan tarixçiləri Miletli Hekatey və Herodot tərəfindən tamamilə ifşa olundu.

       Herodot  Qurgenin boğazından yapışıb divara dirəmişdi.

     --Ay şərəfsiz, nə üçün əcdadların, nəvə-nəticələrin, elə sənin özün mənə qara yaxırsınız, yazdıqlarımı danır, hamını aldadır, arxamda yaramaz sözlər danışırsınız? Axı sizin əzəli torpaqlarınız, qədim xalq kimi tarixiniz, fərli bir dövlətiniz olmayıb. Bilmək istəsən sənin ulu baban Ardaşes və Darex lap qədimdə(e.ə. 223-187) Suriya padşahı Böyük Antioxun sərkərdəsi olmuş və sonradan xəyanət yolu ilə hakimiyyəti ələ keçirib Suriya ərazisində erməni dövləti yarandığını elan etmişlər.

        Bu məqamda onun sözünü tarixçi Strabon kəsdi:--Tamamilə düzdür. Amma bu iki xəyanətkar qardaş hakimiyyət üstündə razılığa gələ bilmədi və onlar daha bir erməni dövləti yaratmaq fikrinə düşərək Qafqaza hücum etdilər. Qurgen sən bil ki, baban Artavaşt xəyanətkarlıq etdiyinə görə romalılar tərəfindən öldürülüb və siz romalıların nökərinə çevrilmişiniz. Bilirsənmi baban Tiqran (e.ə.95-56) Suriyanın bir çox ərazilərini işğal edəndən sonra əcdadlarının Qafqaza  kütləvi köçürülməsinə təkan verib? Ancaq sonra alban hökmdarının qəzəbinə gəlib, məğlub edilərək qurama erməni dövlətinin varlığına son qoyulub?

       Qurgen mat-məəttəl qalmışdı. Nə edəcəyini bilmirdi. Ancaq birdən dilləndi:

    -- Bəlkə deyəsiniz, Ermənistan, Qarabağ da bizim deyil, hə?

       Bayaqdan söhbətə diqqətlə qulaq asan bir nəfər irəli çıxdı. Bu məşhur “Qarabağnamə” kitabının müəllifi Mirzə Adıgözəl bəy idi.

      --Əlbəttə İrəvan və Qarabağ sizin əzəli torpaqlarınız deyil. 1828-30-cu illərdə sənin əcdadlarının 40 min nəfəri İrandan, 84 min nəfəri isə Türkiyədən köçürülərək İrəvan və Gəncə qəzalarına köçürülüb. Sonrakı illərdə də siz başqa ölkələrdən gəlib Azərbaycan torpaqlarında ev-eşik sahibi olmuşunuz. 1918-ci ildə İrəvan quberniyasının 4 mahalında 199 Azərbaycan kəndini dağıdıb, orada yaşayan135 min nəfəri doğma yurdundan didərgin salmışınız. Sənin babaların nəinki İrəvanda, Bakıda, Şamaxıda, Qubada, Gəncədə. Qarabağda və digər ərazilərdə yüz minlərlə müsəlmanı, yəhudini, ləzgini qətlə yetirmişlər, insanlara ağlagəlməz əzablar, işgəncələr vermişlər.

         Qurgenin səsi batmışdı. Bu vaxt kənarda dayanan başqa bir erməni—Aşot söhbətə qoşuldu:

        --Ə, nə gözünü döyürsən, bir dillənsənə! Bəs sən deyirdin türklər, azəbaycanlılar bizi qırıb torpaqlarımızı əlimizdən alıblar? Bu kişilərsə başqa söz deyirlər. Niyə, ay qansızlar, bizi aldadıb, qızışdırıb evimizi-eşiyimizi dağıdırsınız, balalarımızı yetim qoyursunuz.

         Qurgen arada bir ”sus, ərə” desə də Aşot baxmadı, əksinə daha da qızışdı.

        --Bakıda əməli-başlı dolanırdım. Allan evinizi yıxsın, balalarınızı yetim qoysun. Oğlanlarımı əlimdən alıb Qarabağda döyüşməyə göndərdiniz. İndiyədək heç birindən xəbərim yoxdur. Qızlarımı guya hərbidə işə düzəltiniz. Sonra eşitdim ki, ikisi də hamilədir. Heç uşaqları kimdəndir bilmirəm. Dərd məni, arvadımı, anamı bu günə saldı, indi gor evində də bağrım çatlayır. Amma yenə yaxamızdan əl çəkmirsiniz.

          --Sus, bəsdir, çərənləmə! Nə istəyirsən bu yazıq ermənidən?

          Bunu fransızlardan biri dedi. Qurgen də onun sözünə qüvvət verdi.

          --Fransız qardaşım düz deyir, doğurdan da biz yazığıq. Ona görə də türklər başımıza oyun açırlar. Bizə qarşı soyqırım törədirlər, torpaqlarımızı  əlimizdən alırlar.

          Başqa bir fransız da Qurgenin sözünə haqq qazandırdı:

         --Qardaşim haqlıdır. Hələ bizim deputatlarımız da soyqırımı tanıyıblar. Onu inkar edənlərin cərimə edilməsi, həbs olunması barədə qanun da qəbul ediblər. Rəhbərlərimiz də ermənilərin tərəfindədir. Erməni qızlarının xətrini xüsusilə çox istəyirlər, onlardan olmaz deyirlər. Babam da ermənilərlə yaxın dost olub, onlara Fransada gözəllik salonu açıb. O, türklərin erməniləri milçək kimi qırdıqları haqqında hələ bir kitab da yazmışdı. Amma bəzi nadanlar çar etdirməyə qoymadılar, dedilər ki,  yalandı. Kişi də yazılarını bir erməni qızına bağışladı. Eşitdim ki, o günü babamın yazılarını bizim parlamentdə oxuyublar, çox şad oldum. Bax budur həqiqət.

          Bu dəmdə bir əlcəzairli yerindən güllə kimi açıldı:

         --Ay sənin babanı görüm gorbagor olsun. O mənim yüz minlərlə əzizlərimi öldürdəsindən yandırmasından, torpaqlarımın viran qoyulmasından niyə danışmır? Yoxsa əsrlərlə insanların başına açdığınız oyunlardan, zülmdən, fəlakətlərdən xəbəriniz yoxdur? 1961-ci ildə millətimi qırdığınız, qanı su yerinə axıtdığınız yadinızdan çıxıb? Siz tək bizə yox tarixən çox xalqlara zülm etmişiniz. Mələk donuna bürünsəniz də hamı sizi yaxşı tanıyır. Cinayətləri malalamaqda, yalan uydurmaqda mahirsiniz. Dünyada qan-qada salan, müharibələr törədən məgər siz deyilsinizmi?

          Əlcəzairli yaman qızışmışdı. Bir alman onu sakitləşdirmək istəsə də mümkün olmadı. Əksinə o, almanın da payını verdi: --Sus dedi- Sənin danışmağa haqqın yoxdur. Adolfu görmürsən necə büzüşüb, cücəyə dönüb? Onun axıtdığı qanların hesabını heç zaman verə bilməyəcəksiniz. Get öyüt-nəsihəti, məsləhəti mənə yox, nəvələrinə ver, qoy ətalətli olsunlar, yenidən aralığa millətçi toxumu səpməsinlər, müsəlmanlara zülm etməsinlər.

          Bir rus araya girdi:--Qardaşım haqlıdır—dedi—Babalarınızın tökdüyü qanları heç vaxt yuya bilməyəcəksiniz. İndi durub haqdan-ədalətdən, azadlıqdan, insan hüquqlarından danışırsınız, ayıb deyil? Siz fransızlar, almanlar, ingilislər tarixlər boyu üzdə haqq, demokratiya deyib, ancaq arxada insanlara zülm etmişiniz, ölkələri viran qoymuşunuz,

        Türk qardaşlardan biri Qurgenə yaxınlaşıb:--Utanmırsan yalan danışırsan, çörəyimizi yeyib, suyumuzu içib bizə düşmən kəsilən siz deyilsinizmi? Türkiyə, Azərbaycan torpaqlarını tarixən işğalda saxlayan, kəndləri, şəhərləri xarabazarlığa çevirən, milyonlarla insana zülm edən babalarından, nəvələrindən xəbərin yoxdurmu? Torpaq, torpaq deyirsən göstər mənə tarixi torpaqlarını!

        Gürcülərdən biri torpaq sözünü eşidəndə səbrini basa bilmədi, Qurgenin boğazından yapışıb:--Belə çıxır ki, dünyanın bütün torpaqları sizindir, hə? Eşitmişəm bizim elimizə-obamıza da gözünüzü tikmişiniz, bu torpaqlar bizimdir deyirsiniz, utanmırsınız? Axı evimizdə sizi qonaq kimi saxlamışıq. Ev yiyəsinə belə hörmət olar? Yoxsa azərbaycanlıların başına açdığınız oyunları, fəlakətləri bizim də başımıza açmaq istəyirsiniz, xəyanətkar uşağı, xəyanətkar!

         Amerikadan olan ölü mübahisə edənləri sakitləşdirməyə çalışdı:

       --Ay qardaşlar, bir az dözümlü olun—dedi—Yəqin bu mübahisələrə, münaqişələrə BMT, ATƏT, bizim mötəbər beynəlxalq təşkilatlarımız, siyasətçilərimiz bir aydınlıq gətirərlər. Onsuz da dünya qarışıb ,bizim özümüzdə də vəziyyət yaxşı deyil, hərə bir səmtə çəkir. Böyük kiçiyin yeri bilinmir. Səbirli olmaq lazımdı, biz ölüyük, dirilərə nə edə bilərik.

       -- Əgər ölüyüksə, heç kimə təsir edə bilmiriksə, bəs Qurgen  köpək oğlu burada Daşnaqsütun partiyasının şöbəsini nə üçün yaradır, niyə camaatı yoldan çıxarır? Beynəlxalq təşkilatlara danos göndərir, qəzetlərə, saitlərə yalan məlumatlar ötürür? Ağlayır, inləyir, göz yaşı tökür, arvadını, qızını onun-bunun yanına göndərib kömək istəyir?

          Amerikalı:--Ermənilər buna adət ediblər, öyrənənə tövbə olmaz. Gərək səbrimizi basaq, bu dünyada da özümüzü biabır etməyək.

         Bildirmək istəyirəm ki, burada—bizim uyuduğumuz məkanda belə söhbətlər, mübahisələr tez-tez baş verir. Çünki  bir qarış torpaqdan başqa burda heç nəyimiz yoxdur. Son zamanlar sizin dünyadan torpaq üstə vuruşub gələnlər də çoxdur. Torpaq satanlar, mal-mülk, torpaq üstə canını tapşıranlar da az deyil.

         Ancaq torpaq uğrunda vuruşub şəhid olanlara burada böyük hörmət və ehtiram var. Başlarını dik tutub gəzirlər, sözü üzə qırmızı deyirlər, hərəkətlərinə nəzarət edirlər.

        Torpaq satanlardan danışmaq istəməzdim, amma danışmamaq olmur. Onların bir neçəsi burada da müəyyən əraziləri zəbt edib, satmaq istəsə də alınmadı. İşin üstünə tez düşdük, düzəltdikləri saxta sənədləri ləğv etdirdik. Düzü bizim məkanda torpaq satmaq çox çətindir. Çünki hər bir kəsin yeri-yurdu dəqiq məlumdur. Buna baxmayaraq namərdlər bəzi köhnə ölülərin sümüklərini gecə ikən oğurlayıb xəlvəti bir yerə yığaraq onların yatdığı yeri satmaq istəyirlərmiş. Bu kriminal dəstəyə ermənilərin başçılıq etdiyi məlum oldu və onlar ağır cəzalarını aldılar. Təəssüflər olsun ki, onların arasında bir neçə həmyerlimiz də var idi.

        Ancaq nə olursa olsun vətən, torpaq çox əzizdir, qiymətlidir. Elə buna görə də biz hər gün bu barədə düşünür, əcdadlarımızın qəhrəmanlığını xatırlamaqla bərabər, torpağa xəyanət edənləri də lənətləyirik. Bəzi ağlagəlməz hadisələrin şahidi olub, xoşagəlməz şeylər eşidəndə yuxumuz ərşə çəkilir, yerimizə od tökülür. Eşidəndə ki, böyük, sözükeçən bir çox dövlətlərin rəhbərləri öz var-dövlətlərini artırmaq, torpaqlarını genişləndirmək, vəzifələrini qorumaq naminə milyonlarla insanı qırğına verir, ev-eşiklərindən didərkin salır. kiçik dövlətləri barmaqlarına sarıyıb oynatmaq istəyirlər və bu mümkün olmayanda demokratiya adı altında onlara sanksiyalar tətbiq edib, qərarlar çıxarırlar, ölkə rəhbərlərini diktator, cəllad adlandırırlar adamın matı-qutu quruyur.

          Bir neçə ay bundan əvvəl nümayəndə heyətimiz xaricdə səfərdə olarkən təsadüfən Sədam Hüseyn və Qəddafi ilə qarşılaşıblar. Deyirlər ki, hər ikisi vətən, xalq həsrətindən quruyub çöpə dönüb, tanınmaz vəziyyətdədirlər. Ancaq yenə də ümidlərini üzmürlər, xalqlarının azadlığı yolunda hər bir dərdə-əzaba dözməyə hazır olduqlarını bildirirlər.

        Jurnalistlərdən birinin ”Siz kimyəvi silahlardan istifadə edirdinizmi?” sualına Sədam Hüseyn belə cavab verib:” Kimyəvi silahlardan açıq-aşkar istifadə edən, dünyaya müharibə toxumu səpən ölkələrin bu silahı başqalarında axtarması, ona qadağa qoyması gülüncdür. Mənim mövqeyim, əqidəm, xalqıma, torpağıma məhəbbətim kimyəvi sılahdan da güclü və sarsıdıcıdır. Başqalarına əyilmədim, qul olmaq, xalqımı alçaltmaq istəmədim. Övladlarıma, nəslimə, iraqlılara pis ad qoyub getməkdən çəkindim və ona görə də nadanların qəzəbinə duş gəldim. Vətəninə sədaqətlə xidmət edən, siyasi oyunlardan baş çıxaran iraqlılar bunu yaxşı bilir. Mən xalqımın azadlığı yolunda canımı qurban verdim və peşman deyiləm. Ölkəmin vəziyyəti çətin olsa da, inanıram ki, xalqım qalib gələcək. Yalnız o vaxt üzüm güləcək, rahatlıq tapacağam.

        Onun sözlərini Qəddafi də təstiqləyib. Xalqını bəlalara, nifaq salanlara lənətlər yağdırsa da göz yaşlarını saxlaya bilməyib:” Mən çadırımı yenidən Livanın çiçəklənən torpaqlarında, xalqımın arasında qurub amalımla, sözümlə onlara xidmət edəcəyəm”—deyərək jurnalistlərdən uzaqlaşıb.

        Əlbəttə ki, ədalət alçalanda, haqsız haqlını mühakimə edəndə dünyanın nizamı pozulur, insanlıq unudulur, qarşıdurmalar, münaqişələr artır, ölüm-qan, terror baş alıb gedir. Bu təbiidir. Çünki insan öz haqqına ağıl, ədalət hesabına nail olmayanda zora, silaha əl atmalıdır. Özlərini demokratiyanın dayağı, həqiqətin carçısı hesab edən böyük dövlətlərin baş verən hadisələrə, reallıqlara laqeyd münasibətlərinin nəticəsidir ki, dünya siyasi və iqtisadi böhran içərisindədir. Aclıq, səfalət, müharibələr milyonlarla insanı məhv edir, qaçqın-köçkünə çevirir, ölkələri viran qoyur.

         Bu gün məhv olan, şikəst edilən, əzab içində yaşayan yüz minlərlə insanın taleyinə acımayanlar, biganə olanlar humanizm, insan haqları bayrağı altında yüz il bundan əvvəl tarixə məlum olmayan saxta “soyqırımlara” yas saxlayırlar, onlara həqiqət donu geydirir, qanuniləşdirirlər.

         Tarixi ziddiyətli, əməli məkrli olmayan dövlətin, insanların bunu etməsi bir o qədər qəribə görünməsə də, ancaq əsrlərlə necə-neçə ölkələri işğal edib, milyonlara işgəncə verən, başqa ölkələri demirik Əlcəzairdə kütləvi insan qırğınları törədən Fransa kimi bir dölətin deputatlarının  tarixə bəlli olmayan qondarma erməni soyqırımını tanımayanların cərimə olunması, məsuliyyətə cəlb edilməsi haqqında qanun qəbul etmələri tarixin saxtalaşırılması, nəinki Türkiyə Respublikasına, türk dünyasına qarşı bir xəyanət, əsl siyasi riyakarlıqdır. Təəssüf doğuran haldır ki, öz gözlərində tiri görməyib başqalarının gözündə qıl axtaran bu dövlətin hakim dairələri də pulla ələ alınan deputatların saxta əməllərini dəstəkləyir, onlara rəvac verirlər.

        Fransada son illər baş verən terror aktları, qarşıdurmalar məhz bu haqsızlıqların, ədalətsizliyin nəticəsidir. Bu ölkənin bir çox siyasətçiləri, hakim dairələri nəinki tarixi saxtalaşdırıb təcavüzkar ermənilərə haqq qazandırır, həm də islama, müsəlman dünyasına qarşı total müharibə aparırlar.

       İslamı gözdən salmaq meylləri, müsəlmanlara qarşı kəskin nifrət, qaçqın-köçkünlərə təqib və təsirlər Qərb və Avropa ölkələrində gündən-günə güclənir, genişlənir.

         Burada bizim güclü tədqiqatçılarımız, siyasətçilərimiz, filosoflarımız var. Onlar tarixi hadisələri yaxşı bilir, müqayisələr aparır, faktları təhlil edir və həmişə də belə bir nəticəyə gəlirlər ki, demokratiya, insan hüquqları, bərabərlik deyən bir çox böyük dövlət rəhbərlərinin qüdrəti, siyasəti onların bacarığında yox, malik olduqları silahların gücündədir.

        Ona görə də əziz bacı və qardaşlarımız, siz pafoslu, yalan demokratiya şüarlarına deyil, birliyinizə, sədaqətinizə, düzgün sözünüzə inanın. Bilin ki, demokratiya, söz azadlığı, insan hüquqları bir çox hallarda  bəzi dövlətlərin müstəqilliyini qazanan, sərbəst yaşamaq istəyən, inkişafda olan kiçik dövlətlər üzərində bir təsir, onları özlərinə tabe etdirmək vasitəsidir. Dövlətimizə də edilən təsirlərdən xəbərdarıq. Bəzi xarici və daxili düşmənlərin əli ilə ölkəmizdə qarşıdurmalar yaratmağa göstərilən cəhdlər barədə də eşitmişik. Bəzi siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, mətbuat orqanlarının, siyasətçilərin xarici ölkələrə arxalanması onlara qulluq etmələri, dövlətimiz və xalqımız barədə mənfi fikirlər, rəylər söyləmələri barədə də  məlumatlıyıq.

        Dövlətimizin müstəqilliyinin qorunub saxlanılması üçün birləşməyi, xalqımızın firavan həyatı naminə sabitliyi, sakitliyi gözləməyi, fitnələrə, yalan vədlərə uymamağı sizdən xahiş edirik. Bu gələcəyimiz, inkişafımız üçün çox vacibdir. Əgər  1990-cı ilin əvvəllərində  qarşıdurmalar olmasaydı, vəzifə, var-dövlət üstündə bir-birinizə qəsd  etməsəydiniz, siyasi oyunların qurbanına çevrilib onun-bunun dediyi ilə durub-oturmasaydınız, özünüzə ağıllı, uzaqgörən bir başbilən seçə bisəydiniz torpaqlarımız əldən getməzdi, insanlarımız məhv olmazdı, düşmən bizi üstələməzdi, qaçqın-köçkünə çevrilməzdik.

         Nə yaxşı ki, tez ayıldınız, dostu düşməndən, yaxşını pisdən ayıra bildiniz. Çətin anda ağsaqqal, müdrik sözünə dəstək verdiniz, ağıla, kamala, cəsarətə arxa oldunuz. Kimin kim olduğunu dərindən dərk etdiniz, sizi gözləyən ağır bəlalardan xilas oldunuz.

         Amma narahatçılığımız tam ötüşməyib. Adı azərbaycanlı olub öz xalqına xəyanət edən, mala-pula, vəzifəyə satılıb dövlətini gözdən salmağa çalışan, harınlıq edən həmvətənlərimiz haqqında xoşagəlməz sözlər eşidəndə dinclik tapa bilmirik. Partiya yaratmaq, qəzet açmaq, siyasətə qoşulmaq, nöqsanları demək mümkündür, ancaq bunun həddi olmalı, yaradılan qurum, deyilən söz, görülən iş insanların, ölkənin mənafeyinə xidmət etməli, vətəndaşlarda torpağa, vətənə məhəbbət, sədaqət hissi yaratmalıdır. Bu yolu əməli düz, əqidəsi saf, savadlı, ağıllı, iş bacaran insanlar seçməli, onlar əməlləri ilə başqalarına hər an nümunə olmalıdır.

         Yoxsa vəzifədə olanda xalqına arxa çevirən, torpağı satan, milləti zülmə məruz qoyan, çətin gündə vətəni qoyub qaçan insanların yenidən müxtəlif partiyalar, milli şuralar, ictimai birliklər, müxalifət adı altında meydana atılması milli xəyanətdir, ara qarışdırmaq, düşmənə xidmət etməkdir. Kiçik bir ölkədə bu qədər siyasi partiyanın, mətbuatın, qəzet-jurnalın, qeyri-hökumət təşkilatlarının, informasiya vasitələrinin olmasının bizə görə xeyrindən çox ziyanı vardır. Siz onlardan qorxub-çəkinmədən kimə və nəyə xidmət  etdiklərini soruşun, yeri gələndə qanunun yolunu göstərin, səhvlərini başa salın.

         Harınlıq, acgözlük, yaltaqlıq, nadanlıq etməyin. Bu əməllərə sahib olanları bizim dünyada çox pis qarşılayırlar. Bilin ki, o dünyada nə qədər var-dövlət, mal-pul qazanıb, nə qədər dəbdəbəli villalar tikdirib, bahalı maşınlar alsanız da bir dənəsini də bu dünyaya gətirə bilməyəcəksiniz. O dünyada etdiyiniz naqis əməllər bu dünyada tez-tez üzünüzə vurulacaq, utanıb qızaracaqsınız. Ona görə də dənizi, meşələri, gölləri, yüz hektarlarla torpaqları zəbt etməyiniz, bir yerdə yox on yerdə imarət yapdırmağınız, pul qazanmaq üçün çirkin yollara əl atmağınız, rüşvət alarkən yüz dəfə ölüb-dirilməyiniz, vəzifədə olarkən şirə-pələngə, işdən çıxanda cücəyə çevrilməyiniz, övladlarınızı, ailələrinizi xalqdan uzaqlaşdırmağınız, onları Avropa sayağı böyütməyiniz, bəzən dilimizə, dinimizə, milli adət-ənənələrimizə xor baxmağınız, doğulduğunuz, kəndi, eli-obanı bəyənməməyiniz pis haldır, faydasızdır, bir xalq kimi bizə hörmət, baş ucalığı gətirmir.

         Uyuduğumuz məkanda bəd əməl sahiblərinin, insanlara zülm edənlərin nələr çəkdiyinin şahidiyik. Dünyanı zəbt etmək istəyən İsgəndərin məzarını bir az yığcam ediblər ki, etdiyi səhvləri unutmasın. Əmir Teymurun gödək qıçının yerini bir az da gödəldiblər ki, keçmişdən ibrət götürsün. Hitlerin gözlərini qara dəsmalla bağlayıblar ki, işıqlı dünyaya, insanlara bəd gözlə baxmasın...

        Çəkməli misallar, ibrətamiz hadisələr çoxdur. Amma aldığımız bəzi məlumatları oxuyanda, bəzi hadisələr barədə eşidəndə görürük ki,  sizdə  hələ də bəd əməl sahibləri, dünyanı qarışdırmaq istəyənlər az deyil. Dünyanı yenidən bölüşdürmək, kiçik dövlətləri əzmək, təsir altına salmaq istəyən qüvvələr artıb. İnsanlara millətinə, irqinə, dininə görə  münasibət dəyişir. Yaxşi ki, belə hallar bizim Azərbaycanda yoxdur və bütün millətlərin qardaş kimi bir yerdə mehriban yaşaması bizi çox sevindirir. Ancaq müəyyən hadisələrdən, gedişlərdən narahatıq.

         Bəzi vəzifə sahiblərinin dövlətə. xalqa, etimad göstərənə xəyanət etməsini, ölkənin gələcəyini deyil, öz mənafeyini düşünməsini, var-dövlət toplamaq üçün ən çirkin vasitələrə əl atmasını eşidəndə çox təəssüflənirik. Bu yaxınlarda dövlətin təhlükəsizliyinə cavabdeh olan bir qrup şəxsin əməlləri—insanları incitmələri, zor yolu ilə külli miqdarda vəsait, mal-mülk əldə etmələri, harın həyat sürmələri qəlbimizi ağritdı. Biz ölkəmizdə harın həyat sürmək, zəhmətsiz, rüşvət almaq yolu ilə pul qazanmaq, vəzifəsindən sui-istifadə edərək dövləti, insanları aldatmaq mövqeyində olan və əməlinə görə həbs edilən həmyerlilərimiz haqqında eşidəndə dinclik tapa bilmirik. Axı aldadılan, incidilən, var-dövləti talanan, oğul-uşağı ac qalan da, həbs olunan da bizimkidir, öz qanımızdan, öz canımızdandır.

        Əcnəbilər burada biz azərbaycanlıları bəzən dilimizə, dinimizə, adət=ənənəmizə laqeyd, bayağı münasibətdə qınayırlar və bu halların çox zərərli olduğunu izah edirlər. Toy, yas məclislərimiz, dilimizə münasibətimiz, təmtəraqlı həyat şəraitimiz haqqında elə misallar çəkirlər ki, cavab verə bilmirik. Öyrənəndə görürük ki, deyilənlərin çoxu həqiqətdir.

          Ana dilimizə münasibətdə bir çox həmyerlilərimizlə  barışa bilmirik. Çox dil bilmək eyib deyil, əslində qabiliyyətdir, bacarıqdır, ancaq öz dilinə xor baxmaq, onu bəyənməmək əsl nadanlıqdır.

        Burada 5-6 dil bilən ölülər çoxdur. Amma əcnəbilər öz dillərini daha çox sevirlər və bir –birləri ilə öz ana dillərində danışırlar. Yeri gələndə isə hətta başqa dillərdə ser deyir, mahnı da oxuyurlar. Ay tövbə, öz dillərini heç unutmurlar. Ana dilində olan kitabları göz-bəbəkləri kimi qoruyurlar.

         O günü bizlərdən biri ingilisə” bəsdir bu qədər kitab topladın,  pullarını bu kağız-kuğuza nə verirsən” deyəndə o, elə qışqırdı ki, istədik məzardan lap çölə tullanaq.

         --Nə danışırsan, bunlar mənim ana dilimin inciləridir—şerimdir, laylamdır, həyatımdır, xəzinəmdir—deyib bizdən uzaqlaşdı və bir müddət heç birimizi dindirib danışdırmadı.

          İngilisin bu hərəkəti bizi xeyli düşündürdü. Öz ana dilini bu qədər ürəkdən sevdiyinə görə ona məhəbbətimiz daha da artdı. Həm də yeni bir azərbaycanlı sakinimizin söhbətini xatırlamalı olduq.

         Təzə sakinimiz əcnəbilərin ana dilinə olan sayğılarını görəndən sonra iki əli ilə başına möhkəm bir qapaz vuraraq:--kül mənim başıma, indi gör mənim qardaş-bacılarım nə edir” deyə başına gələn bir əhvalatı yana-yana danışdı: ”Kəncim Qulamla çoxdan görüşmürdüm. Biz universitetin ayrı-ayrı fakültələrində oxusaq da bir yataqxanada, bir otaqda yaşamışdıq. Ancaq sonralar yollarımız ayrıldı, Mən işləməyə rayona qayıtdım. Qulam isə nişanlandığı qızın dayısının köməyi ilə Bakıda münasib işə düzəldi. O, əvvəllər kəndə gələr, ata-anasına, qohumlarına baş çəkərdi və mənimlə də görüşərdi. Ancaq vəzifə qazanandan sonra kəndə gəlişi kəsildi. Hətta anasının yasının üçünə gələ bildi və bir neçə saat iştirak edib getdi. Bunu işinin çoxluğu ilə əlaqələndirsə də,  hərəkətindən narazı qalmışdım, onunla heç görüşmək istəmirdim.

          Ancaq şəhərdə təsadüfi qarşılaşdıq. O, mənim bir neçə gün şəhərdə qalacağımı eşidəndə: Yaxşı bir villa tiktirmişəm, bu günlərdə köçmüşük, sabah axşam bizdə görüşüb təzə evimizi yuyarıq.”—dedi

          Düzü etiraz etmək istədim, çünki o, məni heç vaxt evə, çörək yeməyə dəvət etməmişdi. Qarşılaşanda hal-əhval tutub tez də ayrılmışdıq. Düşündüm ki, yaxşı olmaz təzə evə xeyir-dua vermək lazımdır. Axşam Qulamgilə getdim və getməyimə çox peşman oldum. İlk anda başa düşdüm ki, o, məni evinə aramızda olan köhnə səmimiyyətə görə yox, dəbdəbəli villasını, maşınını, geyimini göstərmək üçün dəvət edib.

           Evin gəlini də dostum kimi kənddəki vəziyyət, ailəm haqqında bir kəlmə də soruşmadı. Ancaq hər kəlmə başı” Qulamçik belə qazanır”,”Qulamçik belə yeyib-içir, belə xərcləyir”, “Qulamçikin böyük vəzifəli dostları var”—deyə-deyə tez-tez ərini öpür, yarı rus, ingilis, türk dilində hey danışırdı.

          Uşaqlarını soruşdum.

        ” Qız İngiltərədə, oğlan Amerikada oxuyur, balaca bizimlədir”—dedi

         --Uşaqlardan ötrü darıxIrsanmı?

           --Yox, əşi, burada nə var axı. Qoy gedib dil öyrənsinlər, bir gün görsünlər.

           Bu vaxt evin kiçiyi gəldi və məni alman dilində salamladı. Qulam qızının saçını tumarlayıb rusca “əhsən yaxşı danışırsan” dedi. Sonra özünə məxsus bir tərzdə:” Bizim evdə hamı xarici dildə danışır, mən uşaqlara azərbaycanca danışmağı qadağan etmişəm ki, xarici dilləri yaxşı öyrənsinlər. Maşallah hamısı bülbül kimi ötür.

           --  Bəs ana dilimizdə niyə danışmırlar?

          Sualıma belə cavab verdi:” Biləcəridən o yana kimdir azəbaycan dilində danışan, ay qadası. Uşaq ingilis, alman, rus dillərini bilməsə gələcəyi yoxdur. Görmürsən, arvad da ingiliscə danışır. Uşaqlara tapşırmışam ki, qalıb o tərəflərdə işləsinlər, yaşasınlar. Cənnət oradadır.

         Bu söhbətdən sonra bir daha Qulamla görüşmədim.

         Qəlbində ana dilimizə laqeyd alan insanların dərdini yaşadan bu şəxsin dilindən eşitdiklərimiz digər bir həmyerlimizin dediklərini yada saldı:

         “Nənə kənddən  Bakıya nəvəsini yoxlamağa gəlir. Erkən şəhərə çatdığı üçün səbirsizliklə uşağın oyanmasını gözləyir və nəvə ayılanda ona “sabahın xeyir, gözümün işığı” deyib yaxınlaşanda uşaq “qudmoninq” deyə geri çəkilir. Nənə gəlinindən nəvəsinin nə söylədiyini soruşanda o, uşağın “nənəm nə yaxşı nənədir” dediyini bildirir və sonra oğluna rus dilində “nənə kəndçidir, sənin dediyini qanmır, get yat” deyir.

           Bunu eşidən uşaq isə anasına “babuşka tupaya, babuşka tupaya” deyə-deyə otağına gedir.

            Nəvəsinin onu təriflədiyini zənn edən nənə isə “dilinə qurban olum, nə gözəl danışırsan” deyib fəxrlə  köksünü ötürür. Axşam nənənin gəlişi ilə ailə üzvləri, yaxınları onun başına yığışanda nəvə öz otağından çıxıb nənəsini göstərərək yenə də “babuşka tupaya, babuşka tupaya”deyə-deyə atılıb düşməyə başlayır.”

         Belə əhvalatları eşidəndə Mirzə Cəlillə görüşmək istəyirik, onu tapmayanda isə rəhmətliyin “Bizim obrazovannılar” məqaləsini oxumalı oluruq. Məqalədə öz dilini bəyənməyən, başqa dildə danışmağı ziyalılıq, müdriklik sayan birisindən dostu soruşur:--Mən ölüm, mənə sözün düzünü de görüm, sən ki, otuz səkkiz il müsəlman içində tərbiyə tapmısan, xəta olmadı ki, bir az rusca oxudun? Nə səbəbə sən mənlə heç müsəlmanca tanışmaq istəmirsən?

        Yoldaşım mənə rus dilində belə cavab verir:

        --Sluşay, kak-to stidno, koqda obrazovannu çolovek po tatarski qovarit...(yəni obrozovannın müsəlmanca danışmağı eyibdir!)

         Yerin behiştlik olsun, ay Mirzə Cəlil.

        Deyirik ustad sağ olsaydı indi  ayda bir ətək pul sərf edib uşaqlarına tərbiyə verməyə, dil öyrətməyə  ayrı-ayrı uzaq ölkələrdən dayələr gətirən vəzifə sahibləri haqqında  nələr yazmazdı. Ana dilimizi bəyənməyən, övladlarına yad ruhda tərbiyə verən, başqalarının adət-ənənələrini təbliğ edən, öz balasını azəbaycanlı müəllimə deyil, dünyanın o başından gələn əcnəbi tərbiyəçilərə etibar edən və bunun üçün külli miqdarda pul xərcləyən “obrazovannı”ları biabır edərdi. Məgər bizdə yaxşı müəllim, yaxşı tərbiyəçi yoxdurmu? Nədən öz müəllimimizə 100 manat verməkdə xəsislik edib, başqalarına 10 min manat xərcləməyi fədakarlıq bilir, hətta bununla fəxr edirik?

        Bu məktubla sizdən xahiş edirik ki, dilinizi, adət-ənənələrinizi, milli-mənəvi dəyərlərinizi qoruyun. And olsun Allaha əgər siz öz dilinizi sevməsəniz, onu əziz tutub ucaltmasanız heç bir dili sevə bilməyəcəksiniz.

         Heç kim də sizi sevməyəcək, saymayacaq, qiymətləndirməyəcək.

       Başqa dillərə də sahib olun, ancaq sakini olduğunuz dövlətin, mənsub olduğunuz xalqın dilində danışmağı, yaratmağı yaddan çıxarmayın. Çünki ana dili unudulanda, öləndə xalq, torpaq, vətən məhv olur, alçalır, unudulur. Bunu qulaqlarınızda saxlayın, ürəklərinizin başına yazın: ”Ana dili ölməzdir, müqəddəsdir və əbədidir.”

        Bu sözlər dinimizi sevənlərə, dini ayinlərimizi təbliğ edənlərə, İslama hörmətlə yanaşanlara da aiddir. Din, Islam həmrəyliyi pərdəsi altında dünyada baş verən xoşagəlməz hadisələri eşidəndə torpağın altında bağrımız çatlayır, nəfəsimiz daralır, gözümüz qaralır. İslam bayrağı altında terror qruplaşmalarının, silahlı birləşmələrin kimlər və hansı dövlətlər tərəfindən, hansı məqsədlər üçün yaradıldığını biz də yaxşı bilirik. Bu müsəlmanlara qarşı bir soyqırım vasitəsidir, inkişaf edən müsəlman dövlətlərinin viran edilməsi üçün Qərb və bəzi Avropa ölkələrinin məkrli planlarıdır. Axı İraqda, Suriyada, Misirdə və başqa müsəlman ölkələrində insanlar əvvəllər indikindən qat-qat yaxşı və təhlükəsiz yaşayırdılar. Hər gün yüzlərlə, minlərlə insan qətlə yetirilmirdi, kəndlər. şəhərlər viran edimirdi, milyonlarla sakin öz doğma ev-eşiyini qoyub qaçmırdı, dilənçi, əsir vəziyyətinə düşmürdü. Bu demokratiyadırmı, insan hüquqlarının qorunması, bəşəriyyətə hörmət, qayğıdırmı?

        Vallah çəkiləsi dərd deyil. Müsəlman dünyasına, Islama qarşı yönələn məkrli məqsədlərin kökü çox dərindədir. Yanımıza gələnlər də bunu açıq deyirlər və çox vaxt bir-birimizə sual veririk: “İŞİD-i kim yaradıb? Onun zavodu, fabriki  yoxdur, bəs bu qədər topu-tüfəngi, silahı, ərzağı haradan alır?  Onu yaradanlar, maliyyələşdirənlər əsasən müsəlmanlar olmadığı halda, nədən bu terrorçu qruplaşma islamçı adlandırılır?  Niyə bu qruplaşma məhz müsəlman dövlətlərini hədəfə götürüb və həmin ölkələri viran qoyurlar? Müsəlman olan müsəlmana belə zülm edərmi?

         Bizim kimi siz də yəqin ki, bu suallara cavab tapa bilmirsiniz. Çünki ədalətsiz bir dünyada yaşayırsınız. Yaşadığınız dünyada haqq-ədalət böyük, güclü dövlətlərin əlində puldur, təsir vasitəsidir. Ona görə də sizə məsləhət görürük ki, bəzi dövlətlərin yalançı demokratiya şüarlarına çox uymayın, özünüzə inanın, bir-birinizin qədrini bilin. Xaricdən göndərilən haram pullara allanmayın, dilinizə, dininizə xələl gətirməyin.

       Dediklərimiz sizə qəribə görünməsin. ”Başına gələn başmaqçı olar” deyiblər. Burada uyuyanların bir çoxu məhz həmin yalan vədlərin qurbanı olanlardır. Bu gün də etdikləri hərəkətlərin əzabını çəkir, gor evində rahat yata bilmirlər.

       Eşidəndə kimlərsə din pərdəsi altında adamları başına toplayıb münaqişə yaratmaq, bir başqası silah əldə edib hakimiyyət qazanmaq , digər birisi saxta dini kitablar çap edib əhalini çaşdırmaq istəyir çox narahat oluruq. Biləndə ki, ömrü boyu bəd işlərlə məşğul olub   oğurluq, xuliqanlıq, əyyaşlıq edən bəzi insanlar həccə gedirlər və hacı statusu alandan sonra xeyir-şər məclislərində alimləri, ziyalıları, ağsaqqalları saymadan birbaşa keçib başda otururlar, həm də hamıya əxlaq dərsi keçirlər halımız pozulur. Sərxoş halda məscidlərə gedən, yaslarımızı yeyib-içmək məclisinə çevirən, saxta dini ayinlər təbliğ edən, dini alverə çevirən dindarlar haqqında məlumatlarımız çoxdur.

       Bir-iki əhvalatı sizə də bildirmək istərdik:” Qəbirsanlığda bir nəfər mollaya beş manat verib atasina quran oxumasını xahiş edir. Ətrafına müştəri yığmaq istəyən molla səsini qaldırmaqla bərabər vaxtı da xeyli uzadır. Digər birisi mollanın cibinə əlli manat basıb atasının qəbiri tərəfə çəkir. Adamların çoxaldığını görən molla isə ona pul verən adamın xahişini bir-iki kəlmə quran ayələri ilə yerinə yetirir. Bu atasına quran oxutduran şəxsi razı salmır və o, sakitcə molladan soruşur: Molla əmi, nə üçün o kişinin beş manatına yarım saat, mənim əlli manatıma isə üç dəqiqə quran oxuyursan?

      Molla tez vəziyyətdən çıxış yolu tapır və gəncin qulağına:” Ay oğul, sənin atan savadlı,  qanan adamdı, bir kəlmə deyən kimi başa düşdü,  dediyimi götürdü. O rəhmətliyin oğlu lap zırramadır, yarım saat mouzə oxudum, yenə bir şey anlamadı—deyə ölü sahibini sakitləşdirir və əvəzində təkəbürlü oğlan bu sözlərdən qürrələnərək mollanın çibinə daha bir əlli manatlıq basaraq gedir...

       O günü varlı- karlı ailədən olan bir nəfəri dəfn edirdilər. Buna görə də qəbirstanlığ adamla tamamilə dolmuşdu. Biz də torpağın atından səs-küyü eşidib çöldəkiləri dinləməyə başladıq. Ölənin qohumları imkanlı, vəzifəli olduğundan hamı ölənin şəninə təriflər söyləyirdi. Xeyli keçındın sonra söz mollaya verildi və onun bir-iki kəlməsindən sonra gülmək bizi tutdu. Çünki molla ərəb dilində mərhumu əməlli-başlı yuyub sərdi: -Ay Allah, bu yaramaz neçə-neçə evlər yıxıb, çoxdan ölməli idi, niyə bunun cəzasını vaxtında vermirdin ki, camaatın canı qurtaraydı. Yenə məsləhət sənindi, özün bilən yaxşıdır. Amin, amin..

      Yüzlərlə adam mollanın səsinə səs verdi və məhrumu təntənə ilə dəfn etdilər.

      Bildirmək istəyirik ki, bizim məkanda dələduz, ara qarışdıran dindarlara, yalançı, savadsız mollalara, əməli düz olmayan hacılara, kəlbəlayilərə, məşədilərə yer yoxdur. Onları burada dini mərasimlərə, məclislərə yaxın buraxmırlar.

      Burada əksər millətlərin nümayəndələri bəzi məsələlərdə bizə çox hörmətlə yanaşırlar. Deyirlər ki” Sizdə milli, irqi, dini ayrı seçkilik yoxdur. Bütün millətlər qardaş kimi bir yerdə mehriban yaşayırsınız. Bir-birinizə hörmət edir, əl tutursunuz. Xeyriniz,-şəriniz birdir.”

       Biz də onlara izah edirik ki, əslində belə olmalıdır. Axı bütün insanları Allah yaradıb və hər bir kəsin irqindən, dinindən, millətindən asılı olmayaraq yaşamaq haqqı vardır.

      Millətlərə səmimi münasibətimiz ermənilərdən başqa hamının xoşuna gəlir. ”Sizin ölkədə yaşamaq, işləmək gözəldir, insanlarınız çox qonaqpərvər, mehribandır”—deyirlər.

       Ancaq bizi tənqid etməkdən də çəkinmirlər. Xüsusilə xeyir-şər məclislərimiz, qənaətçil olmamağımız, bir-birimizlə bəhsə girməyimiz, özümüzdən bədgüman olmağımız haqqında yaxşı fikirdə deyillər. Bəzən qulaqlarımız eşidə-eşidə bir-birləri ilə pıçıldaşırlar: ”Bu azərbaycanlıların yası toy, yeyib-içmək məclisinə oxşayır. Toy məclisləri isə tamam əndazədən çıxıb. Şadlıq e3vlərində masanın biri 150-200 manata qalxıb. Belə də qiymət, israfçılıq, oyunbazlıq olar?”

       Özümüzü sındırmırıq, səxavətli, ölülərimizə etiramlı, qonaqpərvər olduğumuzu sübut etmək üçün müxtəlif bəhanələr gətirsək də, onları öz fikirlərindən döndərə bilmirik. Əslində bu adamların iradları düzgündür və bunu işıqlı dünyadan gələn sakinlərimiz də təstiqləyirlər.

       Ölülərdən biri deyirdi ki,” Oğlum böyük vəzifədə olmasına baxmayaraq uzun müddət məni qocalar evində saxlatdırdı. İldə üzünü bir dəfə görməsəm də, öləndə üstümdə hönkür-hönkür ağlayıb saçlarını yoldu, ah-aman elədi. Məni  şəhərdən rayona aparıb, əməli başlı yas mərasimi qurdu, üçümü, yeddimi, qırxımı verdi. Yas yerindən əməli-başlı pul yığıb özünə bahalı bir maşın da aldı. Halal xoşu olsun, amma heç vaxt oğlumu, gəlinimi bağışlamayacağam. Çünki onlar sağlığımda mənə zülm etdilər. Öləndən sonra mənə qoyduqları hörmət qəpiyə dəyməz.”

       Digər bir ana da övladlarının namərdliyindən gileyləndi: ”Sağlığımda məni qapılara saldılar, ona-buna möhtac qoydular. Dərd-sərimi bilmədilər, üzümü güldürmədilər, dava-dərmanımı almadılar. Öləndən sonra yamanca qiymətə minmişəm. Mənə dəbdəbəli yas qururlar, ehsan verirlər, üstümə qara mərmərdən bahalı başdaşı qoyurlar. Heç nəyinizi istəmirəm, qəbrimin başına yığışıb məni narahat etməyin, çıxıb gedin!”

       Başqa bir ölü isə toyda başına gələnlərdən danışdı: ”Allaha and olsun toylar başlayanda qaçıb gizlənməyə yer axtarırdım. Gündə 2-3 toy olar? Gedirdim cibim boş, uşaqlar ac qalırdı, getmirdim üz utanırdı. Birdə ki, toya gedənlər verdiyi 200-300 manatı çıxarmaq üçün möhkəm yeyib-içmək istəyir. Mən də bir neçə dəfə bu qarınqululuğun bəlasını çəkdim. Toylarda az yeməyə söz vermişdim, axı iyirmi cür yeməyi qarın götürməz. Amma axırıncı toyda arvad məni yoldan çıxardı: “ A kişi, bu qədər pul verirsən bir doyunca yeyib-içsənə. Qarnını qucaqlayıb nə oturmusan, görmürsən camaat yeməyə necə girişib?”

       Arvadın sözünə inanıb qarşıma nə qoydularsa yedim və evə çatmamış halım pisləşdi. Həkimlər də köməyimə çata bilmədilər. Ağlıma yox, qarnıma güvənib bu günə düşdüm...

      Şirin söhbətləri, səmimi etirafları ilə seçilən yoldaşlarımızdan biri isə başına gələnləri belə söylədi:-Mən də anladıqlarıma yox, eşitdiklərimə inanıb ömrümə qəsd etdim. Xırda da olsa vəzifəm var idi, dolanırdım. Oğluma babat bir yerdən qız da nişanlamışdım. Toy günün təyin edəndə qız evi bildirdi ki, məclis bahalı şadlıq evində keçirilməli, çalıb-oxuyanlar xarici ölkələrdən dəvət edilməli, toy təbdəbəli olmalıdır. Qiymətlərlə tanış olanda etiraz etmək istədim. Arvadım, qohum-qardaş məni qınadı,” Ayıbdır, adın-sanın var, kimdən əksiksən, yerindən duran xaricdən oxuyan gətirir sənə nə olub axı. Babat adamlar çağırıb pulunu yığacaqsan, oğlunu pərt eləmə.”

       Uşaqlar Türkiyədən, Rusiyadan oxuyanlar dəvət etdilər, bahalı şadlıq evi sifariş verdilər. Allah elə bil ki, mənə qarğıdı. Min nəfərlik dəvətnaməni yazıb payladığım günün səhəri işdən çıxarıldım. Toyuma nəinki vəzifəli tanışlarım, dostlarım, heç yaxın qohum-əqrabamın çoxu gəlmədi. Əlimdə olan pul nədi, oğlum üçün tikdirdiyim villanı satıb toy xərclərini güclə ödədim. Əlim almağa öyrəşdiyindən verdiklərimin dərdi ürəyimi üzdü, günümü qara elədi və canımı aldı.”

       Bu söhbətləri eşitdikcə fikirləşirik: ”Biz nədən bir-birimizlə bu qədər bəhsə giririk, sağlığında əzizlərimizin gününü qara edib canını alır, öləndə onları qiymətə mindirir, dəbdəbəli yas mərasimləri qurur, məzarının üstünə qara mərmərdən başdaşı ucaldır, hətta mükafat da veririk? Nə üçün toy, yas mərasimlərini şouya çevirib bu qədər israfçılığa yol verir, canımıza, pulumuza qəsd edirik? Kimlərinsə bəhsinə xarici ölkələrə müalicəyə, istirahətə gedir, uşaqları  xaricə oxumağa göndərir, bahalı maşınlar alır, təbdəbəli villalar tikdirir, elmli olmaq yox, diplomlu olmaq xatirinə oxuyuruq? Alimlərimizin, həkimlərimizin, müəllimlərimizin elminə, savadına, gənclərimizin gələcəyinə şübhə edirik, öz gücümüzə, qüdrətimizə çox vaxt inanmırıq, başqalarını isə özümüzdən üstün tuturuq? Nədən başqalarının elminə, mədəniyyətinə, səhiyyəsinə həsəd aparıb özümüzü aşağılamalıyıq?”

     Xətrinizə dəysə də bunları sizə deməliyik. Bir-birinin bəhsinə vəzifə qazanmağa çalışan, dilini, dinini, adət-ənənəsini unudan, xalqa xidmət etmək əvəzinə var-dövlət toplayan, villalar ucaldan, bahalı maşınlar alan, xaricdə oxumağa, müalicə olunmağa, istirahət etməyə üstünlük verən, əyri yollar tutan və nəticədə canını, var-dövlətini, ismətini də itirib gör evinə ürcah olan insanların söhbətləri bunu deməyə əsas verir.

      Bu günlərdə qoca bir alman məndən soruşdu ki, “sizin ölkədə ali məktəb, yaxşı həkim, xəstəxana, istirahət mərkəzləri yoxdur?”

      Dedim ki,” yaxşı məktəblərimiz, universitetlərimiz, müasir xəstəxanalarımız, savadlı, bacarıqlı həkimlərimiz, istirahət etməli gözəl yerlərimiz çoxdur.”

      Sual etdi ki,” onda bəs nədən sizin vəzifə sahiblərinin balalarının əksəriyyəti təhsil almağa, insanlar müalicə olunmağa, istirahət etməyə bizim ölkəyə, xaricə üz tuturlar?”

      Cavab verdim ki, ”məgər bu pisdir?”

      Gülüb dedi:--Əlbəttə pisdir. Siz birincisi öz təhsilinizə, elminizə, həkimlərinizə inanıb arxalanmalısınız. Milyonlarla vəsait sərf edib xaricdə təhsil almaq, müalicə olunmaq, istirahət etmək kütləvi olmamalıdır. Xaricdə təhsil almağa pulu olanlar deyil, ağıl, savad sahibləri gəlməlidirlər. Siz pullarınızı havaya sovurursunuz.”

      Bu sözlər məni bərk tutdu, həmyerlilərimiz də pərt oldular. Fikirləşəndə gördük ki, alman düz deyir. Nəyə görə hər yerindən duran vəzifəlinin balası savadı olmadığı halda  xarici ölkədə təhsil almalıdır?  Minlərlə insan müayinə, müalicə olunmaq, istirahət etmək üçün başqa ölkələrə getməlidir? Axı bu külli miqdarda vəsait deməkdir, imkan, şərait olduğu halda bu pullar nə üçün ölkəmizdə xərclənməməli, xaricə aparılmalıdır?

       Araşdıranda görürük ki, bu halların çoxu bəhsə girməkdən, lovğalıqdan, harınlıqdan irəli gəlir. Bəziləri əlli min verib müayinə olunmasından, yüz minə oğluna bahalı mənzil kirayə etməsindən, külli miqdarda xərc çəkib sanatoriyada dincəlməsindən, bahalı təyyarədə xaricə uçmasından, tısbağa, qurbağa, ilan, at əti yeməyindən, pljaşda lüt-üryan çimməyindən, əcnəbi qızlarla tanışlığından və onlara bahalı hədiyyələr aldığından, daha nələrdən, nələrdən elə şit-şit danışırlar ki, lap adamın əti tökülür. Sonra da qayıdırlar ki,” kimdən əksiyik axı, pulu biz qazanmamışıq məgər.  Beşgünlük dünyanın kefini çıxarmaq lazımdır.”

       Həmyerlilərimizdən biri peşmançılığını gizlədə bilmirdi, ağılsızlığından gileylənirdi:” Jek müdiri idim, pis dolanmırdım. Uşaq orta məktəbdə yaxşı oxumasa da fikirləşirdim bir peşə öyrənər, gələcəkdə özü öz başını saxlayar. Amma işçilərdən biri qılığıma girdi, ”sən kimdən əksiksən—dedi- filankəsin oğlu adını yaza bilmirdi, indi xaricdə oxuyur, filankəsin qızı filan yerdə təhsil alır, sənin uşağına nə olub axı? Ali məktəbə qoysan ağıllanacaq, oxuyacaq, dil öyrənəcək.”

       Deyilənlərə əvvəl məhəl qoymasam da sonradan ağlımı uduzdum. “Kimin balası mənim oğlumdan artıqdır”-deyib uşağı xarici ölkə  məktəblərindən birinə düzəltdim. Təhsil haqqı, yeyib-içmək, mənzil xərcləri çox olsa da bir təhər dözürdüm. Uşağın kəmsavadlılığı da məni narahat etmirdi, ayda bir təhər 4-5 min dollar tapıb göndərirdim. Amma sonra bu rəqəm bir azda artdı və bir gün eşitdim ki, oğlum oxumağı buraxıb bir erməni qızına vurulub. Yanına getdim, öyüd-nəsihət verdim, eşitmədi—Sən mənim işimə qarışma, sevgi azaddır, mən kimlə istəsəm onunla da evlənə bilərəm--dedi.

      Kor-peşman  geri qayıdıb, əhvalatı anasına danışdım. Onu da eşitmədi, sonra heç zənglərinə də cavab vermədi. Bir ay keçməmiş öyrəndik ki, iki uşağı olan erməni qadınla evlənib. Bunu eşidən arvadımın ürəyi dözmədi. Oğlum isə heç yas yerinə də gəlmədi. Dərd məni də öldürdü.”

       Digər bir həmyerlimizin oğlu da oxumaq adı ilə xaricə gedib və orada özündən otuz yaş böyük olan bir əcnəbi qadının toruna düşüb. Atası bir vaxt ayılıb ki, oğlu oxumaq nədir, sərxoşluğa qurşanıb, səhər-axşam qoca sevgilisi ilə restoranlardadır, onun pullarını kefi istədiyi kimi xərcləyir. Bu hal kişinin bağrını çatladıb bizimlə yoldaş etdi.

       Bax, başqası i9lə bəhs etməyin, öz ali məktəbini, həkimini, dilini, dinini, adət-ənənəsini bəyənməyənin, böyük-kiçiyini qiymətləndirməyənin aqibəti budur. Əgər ucalmaq, tanınmaq, sevilmək istəyiriksə, birincisi özümüzü sevməli, özümüzü tanımalıyıq. Oğlumuzu, qızımızı yaxşı tərbiyə etməli, oxutmalı, elm verməliyik. Bilikli, ağıllı, vətənpərvər insanlara yol açmalı, meydan verməli, vəzifə tapşırmalıyıq. Insanlara var-dövlətinə, kiməsə qohumluğuna görə yox, ağlına, qabiliyyətinə görə qiymət verib yer göstərməliyik.

      Belə hallar bizi gor evində rahat qoymadığı üçün sizə üz tutduq. Çünki bir-birimizi bəyənməməyin, ağıllımızı vaxtında qiymətləndirməməyinn, özümüzə quyu qazmağın, balta çalmağın bəlalarını çox görmüşük və bu gün də onların ağrılarını yaşayırıq. Çətin günlərdə həmrəy olmamaq, ağıllı adamları eşitməmək, küyə getməyimiz, mala-dövlətə, vəzifəyə aldanmağımız millətimizə, dövlətimizə başağrısı olub.

      Uzaq keçmişi demirik—1918-ci ildə bunu görmüşdük. Əgər o vaxt ki hadisələrdən nəticə çıxara bilsəydik1990-cı ilin 20 Yanvar faciəsini, 1991-93-cü illərin hərc-mərclik  günlərini, Xocalı, Qaradağlı soyqırımlarını, vətəndaş qarşı durmaları anlarını yaşamazdıq. Çox təəssüflər olsun ki, o əzablı günləri yaşadıq. Sizi və bizi  dəhşətli illəri yaşamaqdan xilas edən o müdrik kişiyə, böyük insana gündə min dəfə rəhmət söyləmək azdır, onun ruhu qarşısında dönə-dönə baş əymək və gün ki əmin-amanlığa, sakitliyə görə milyon dəfə minnətdarlıq etmək lazımdır.

      Yoxsa sizin kimi bizim də dünyamız dağılardı, qəbirlərimiz düşmənlərin ayaqları altında itərdi, başdaşılarımız murdarlanardı, məzarımız odlanardı.

      Bu günə şükr edin, keçmişi unutmayın, tez-tez qanrılıb geriyə baxın və yolunuzu azmayın. Şirin dillərə, yalanlara, kiminsə puluna uymayın. Göydə Allahınıza, yerdə sizi özünə əziz bilən bəndənizə baxın, sədaqətli olun.

       İnsanlığı uca tutun, verilən vəzifəni, göstərilən etimadı qiymətləndirin. Həqiqəti söyləməkdən, haqq-ədaləti qorumaqdan çəkinməyin. Xalq, Vətən naminə birləşin, sıralarınızı möhkəmləndirin.

       Şəhid məzarlarına baş əyin, igid oğul-qız böyüdən ata-analara ehtiram göstərin. Namuslu, vətənpərvər övladlara dayaq durun, onları sınmağa, nadanların qarşısında əyilməyə qoymayın.

        Yaxşını yamana satmayın, varın-dövlətin əsirinə çevrilməyin, ləyaqətinizi, adınızı, sözünüzü uca tutun.

        Bilin ki, ruhumuz, fikrimiz sizinlədir. Belə olmasaydı bu məktubu yazmağı qərara almazdıq və buna görə peşman deyilik. Bildiyimiz bəzi məsələlərə aydınlıq gətirmədik, bu sətirləri yazmaqla kifayətlənməyi lazım bildik.

        Vətənimizi, Xalqımızı  xoşbəxt, firavan,  hər birinizi azad, bəxtiyar, qeyrətli, ləyaqətli insan, vətəndaş görmək arzusu ilə Sizdən ayrılırıq. Yolunuz uğurlu, əməlləriniz saf,  ömrünüz uzun olsun. Özünüzü qoruyun.      
 

 Məktubu çapa hazırladı:

Tahir  Rzayev
Milli Məclisin deputatı, fəlsəfə doktoru

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!