Modern.az

Kərkicahanın işğal günü Gəncə və Goranboyda anıldı

Kərkicahanın işğal günü Gəncə və Goranboyda anıldı

Aktual

29 Dekabr 2016, 11:51

1988-ci il 18 sentyabr hadisələrini törətməklə erməni separatçıları əsl niyyətlərini nümayişkaranə şəkildə həyata keçirməyə başladılar. Xankəndlilər doğma yurdlarından, evlərindən qovuldu, iş yerlərini tərk etməli oldular. Öz məqsədlərini mərhələlərlə həyata keçirən erməni şovinistləri 1991-ci il dekabr ayının 28-də sonuncu mərhələ kimi Kərkicahan qəsəbəsinə hücum edərək qəsəbəni işğal etdilər. Bununla da, Xankəndi şəhərinin işğalı tam başa çatdırıldı.

 

 

Gəncə şəhərində, eləcə də Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində işğal gününə həsr olunmuş anım tədbirləri keçirilib. Tədbirdə millət vəkilləri Flora Qasımova, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Xankəndindən olan məcburi köçkün və şəhid ailələri, Gəncə şəhərinin ziyalıları və tələbələr iştirak edib. Gəncə şəhərində Şəhidlər Xiyabanını ziyarətlə başlayan tədbir daha sonra M.Gəncəvi adına Mədəniyyət Mərkəzində davam etdirilmişdir.

 

 

İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. 2 orta məktəb, 1 uşaq bağçası, 1 kitabxana, 1 klub, 1 ATS, 1 poçt, 10 dükan, 1 tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan 5 sex və digər məişət-iaşə obyektləri dağıdılaraq ələ keçirilib. İşğal zamanı 18 nəfər şəhid olmuş, 1 nəfər itkin düşmüş, 28 nəfər isə yaralanmışdır. Ümumilikdə isə Dağlıq Qarabağ və ətraf rayonlar uğrunda gedən döyüşlərdə Kərkicahan qəsəbəsindən 34 nəfər (4 nəfər itkin) şəhid olmuş, 100 nəfərdən artıq insan yaralanmışdır. Şəhid olanlardan Atakişiyev Fərhad Rəhman oğlu “Azərbaycan bayrağı” ordeni, Quliyev İslam İdris oğlu və Əliyev İlham Bahadur oğlu “İgidliyə görə” medalı, Səmədov Gündüz Hidayət oğlu isə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?