Modern.az

Coğrafiya İnstitutunun direktor müavini vəfat edib

Coğrafiya İnstitutunun direktor müavini vəfat edib

29 Dekabr 2016, 13:19

Tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə dekabrın 29-da 59 yaşında vəfat edib.

Bu bardədə Modern.az-a AMEA-nın mətbuat xidmətindən məlumat verilib.

Elbrus Əlizadə 1957-ci ilin mart ayının 4-də Ağdaş rayonun Alalbir kəndində anadan olmuş, Ağdaş şəhərində orta məktəbdə təhsil almışdır. 1979-cu illərdə ADU-nun (indiki BDU) geologiya-coğrafiya fakultəsinin coğrafiya şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan EA Coğrafiya İnstitutuna işə göndərilmiş, həmin institutda baş laborant vəzifəsindən bölmə müdiri,baş elmi işçi vəzifəsinədək yüksəlmişdir.

1984-cü ildə “Cənub-Şərqi Qafqazın cənub yamacının relyefinin kosmofotoşəkillərinin deşifrələnmə materiallarının tətbiqi ilə morfostruktur təhlil” mövzusunda namızədlik, 2004-cü ildə “Alp-Himalay qovşaq zonası mərkəzi hissəsinin şərq seqmenti dağ sistemlərinin morfostruktur differensiasiyası qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyasılarını müdafiə etmişdir. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

1992-ci ildən BDU-nun Coğrafiya fakültəsində mühazirə oxuyub. 2005-ci ildən həmin fakültənin “Fiziki coğrafiya” kafedrasının professoru olub.

E.Əlizadə 250-dən çox elmi əsərin müəllifi idi. Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında alimin böyük xidmətləri olmuşdur. O, coğrafiya sahəsində 7 fəlsəfə doktoru yetişdirmişdir. 

Görkəmli alimin əsas elmi nailiyyətləri Azərbaycan ərazisinin dağlıq ərazilərinin morfostruktur quruluşunun kosmik materiallın deşifrələnmə materiallarının tətbiqi ilə tədqiqinə, kosmik şəkillərin struktur-geomorfoloji deşıfrələnmə metodlarının işlənilməsinə, geomorfoloji risklərin qiymətləndirilməsinə, geodinamik-gərgin ərazilərin öyrənilməsinə, Böyük və Kiçik Qafqaz dağlarının, geosistemlərinin ekogeomorfoloji tədqiqinə, müasir dağ ekegeokomplekslərinin formalaşmasına, kompleks endo-ekzodinamiki amillərin təsir dərəcələrinin müəyyən edilməsi və digər elmi problemlərə həsr olunmuşdur.  

Alim YUNESKO-nun nəzdində Rusiya Federasiyasının Vladikavkaz şəhərində fəaliyyət göstərən "Dağların tarazlı inkişafı" elmi mərkəzinin Müşahidəçilər Şurasının üzvü, 2008-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Yer Elmləri” ixtisasları üzrə Ekspert Şurasının üzvü, 2011-ci ildən isə elmi katibi idi.

Elmə verdiyi töhfəyə və yorulmaz yaradıcılıq fəaliyyətinə görə ölkə Prezidentinin 26 may 2016-cı il tarixli Sərəncamı ilə 

Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.

Allah rəhmət eləsin!

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanın müdafiə xətti yarılır - Orduya çağırış edildi