Modern.az

Bu il Mətbuat Şurasına 600-dək şikayət daxil olub

Bu il Mətbuat Şurasına 600-dək şikayət daxil olub

Media

30 Dekabr 2016, 10:41

“Mətbuat Şurasının dəyərləndirilməsi etik kodeks üzrə olur. Bilirsiniz ki, Mətbuat Şurası  jurnalistlərin etik kodeksini qəbul edib. Həmin qaydalarda dörd mühüm prinsip əksini tapıb. Biz KİV-lərdən şikayətlər gələndə bu kodekslər üzrə dəyərləndiririk. Müxtəlif KİV-lərdən şikayətlər gəlir. Bu şikayətlərdə işgüzar nüfuza zərər vurulması, təhqir, böhtan, şəxsi həyata müdaxilə, kommersiya sirrinin yayılması və s. əksini tapır”.

Bu sözləri Modern.az-a Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli bildirib.

Onun sözlərinə görə, il ərzində mətbuat şurasına 600-ə yaxın şikayət daxil olub. 

“Bu da KİV-dən gələn  materialların çoxluğunu göstərir. Uzun müddətdir ki, Mətbuat Şurası  bu sahədə iş aparır. Çap mediasında bu məsələlərdə müəyyən qədər tənzimləmələr var, qayda-qanun yoluna düşür. İndi şikayətlər daha çox onlayn mediadakı materiallarla bağlı olur. 2013-cü ildə jurnalistlərin 6-cı qurultayında Mətbuat Şurasına səlahiyyət verilib ki, onlayn media müstəvisindən də şikayətləri qəbul etsin.  Onlayn mediadan şikayətlərin çərçivəsi  kifayət qədər çoxdur. Hansı kateqoriya üzrə şikayət daha çox olduğu təsnifatını aparsaq görərik ki, təhqir və böhtan halları ilə bağlı şikayətlər daha çoxdur. Bununla yanaşı, şəxsi həyat sirrinin pozulması, kommersiya sirrinin yayılması və təhlükəsizlik prinsiplərin pozulması ilə bağlı şikayətlər də daxil olub. Eyni zamanda, bizə müəllif hüququnun pozulması ilə bağlı, plagiatlıqla bağlı da şikayətlər daxil olur. Şikayətlər arasında yetkinlik yaşına çatmayanlarla bağlı informasiyanın yayılması halları da müşahidə olunur. Demək olar ki, istənilən qayda pozuntuları ilə bağlı Mətbuat Şurasına şikayətlər gəlir”.

Reket jurnalistikası ilə bağlı məsələyə toxunan Müşfiq Ələsgərlinin sözlərinə görə, Mətbuat Şurasına özünü jurnalist elan edən hansısa şəxslərin reketçilik əməlləri bağlı da xeyli şikayətlər daxil olur.

“ Bəzi “KİV” nümayəndələri özlərini vətəndaşlara təqdim edərək, jurnalist olduğunu bildirirlər. Yazdıqları və ya yazacaqları yazıların qarşılığında müəyyən məbləğ tələb edirlər. Mətbuat Şurasının səlahiyyəti onların əməlini qınamaqdan uzağa keçə bilmir. Mətbuat Şurası reketliklə bağlı ancaq rəy verir, bizim o jurnalistləri zərərsizləşdirmək kimi bir səlahiyyətimiz yoxdur. Belə hallar olduqda Mətbuat Şurası bu əməli pisləyir, eyni zamanda şikayət edən şəxsə hüquq-mühafizə orqanlarına müraciət etməsini bildiririk. Əgər vətəndaşlar haqlıdırlarsa, “jurnalistlər”  cəzalanır. Çox yaxşı olar ki, jurnalistlər və KİV qurumları Mətbuat Şurasının rəyini nəzərə alsınlar. Bu yaxınlarda “Gündəlik Bakı” və “Bizim dövr” qəzetlərinin baş redaktorları həbs edildi. Hansı ki, onlar haqqında 2010-cu ildə Mətbuat Şurası rəy vermişdi, onların adını “qara siyahıya” salmışdı və onlara neqativ əməllərdən çəkinmələri üçün xəbərdarlıq edilmişdi. Onlar əməllərindən çəkinmədikləri üçün həbs edildilər. Nümunədən misal götürərək bildirmək istərdim ki, Mətbuat Şurasının verdiyi rəyə jurnalistlər və KİV-lər əməl etməlidir. Əks təqdirdə, onlar hüquq-mühafizə orqanlarının əhatə dairəsinə düşürlər”.

 

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu