Modern.az

Öncə İnsan

Öncə İnsan

İqtisadiyyat

15 Mart 2011, 19:43

...Son 2 günün statistikası:

Azərbaycan ordusunun əskəri xəstəlikdən öldü.

Azərbaycan ordusunun əskəri özünü asdı.

...Soyuq xəbər başlıqları.

Sonuncunun, yəni intihar edən əskərin ordudan tərxis olunmağına 3 ay qalıbmış...

Anası yolunu gözləyirdi...

Bəlkə sevgilisi də...

...Anası hər dəfə oğlunun ordudan tərxis olunacağını xatırlayanda gəlini üçün aldığı nişan üzüyünü sandıqdan çıxarıb yun şalının ucluğuna sürtüb parıldadar, gün işığına tutub necə göründüyünə baxar və yenidən titrək əlləriylə ən qiymətli, ən əziz əşyalarının arasında gizlədərdi...

Bütün analar kimi...

...Lənət olsun! İnsan statistika deyil! İnsan xəbər deyil! İnsan İnsandı! Onun dəyərinin verilmədiyi yerdə heç bir nəsnənin dəyəri yoxdur!

Hər şey insandan başlayır. Hətta Allah da! Çünki Həqiqət yalnız dərk olunduqda təzahür edə bilər!

İnsanın dəyərləndirilmədiyi cəmiyyət isə Allahsız cəmiyyətdir. Belə cəmiyyətlərdə Tanrının buyurduğu bütün yüksək dəyərlər sadəcə statistikadır, xəbərdir, görüntüdür, soyuq epitetdir, texnologiyadır! 

Ən güclü silah - İnam və Etimad

 

...ATƏT sədrinin snayperlərin təmas xəttindən geriyə çəilməsi barədə açıqlamasından sonra maraqlı bir əhvalatın qulaq şahidi oldum. Cəbhə bölgəsindəki vəziyyət barədə ətraflı bilgiyə malik olan soydaşlarımızdan biri təmas xətti boyu səngərlərdə üz-üzə dayanan əsgərlərin snayperlərə münasibətindən danışırdı. Sən demə az qala bütün hərbi xidmət müddətlərini eyni səngərdə keçirən əsgərlər tez-tez əvəzlənən snayperlərin təmas xəttində olmaları barədə bir-birilərini məlumatlandırırmışlar... Bu məlumatın həqiqətə nə qədər uyğun gəlib-gəlmədiyini təsdiqləyə bilmərəm. Bunun üçün əlimdə heç bir imkan yoxdur və indiki halda olması mümkün də deyil. Amma... əgər həqiqətdirsə?!

Şübhəsiz ki, kimsəni xəyanətdə suçlamaq niyyətində deyiləm. İnsan üçün həyatı əzizdir. Hər kəs nəyin bahasına olursa-olsun sağ qalmağa, gələcəkdə onu nələrin gözləməsindən asılı olmayaraq həyatını davam etdirməyə çalışır. Hətta müharibə şəraitində də... Amma mən "ehtiyatlı ol, snayper var" xəbərdarlığı ilə bağlı əhvalatdan fərqli bir nəticə çıxarmağın tərəfdarıyam. Əsgər, zabit, yaxud düşmənlə üz-üzə dayanan istənilən şəxs qarşı tərəflə yalnız bir halda - sağ qalmaq, həyatı üçün olan real təhlükəni adlatmaq naminə bu və ya digər şəkildə könüllü anlaşmaya girə bilər. Bu isə mənəvi-ideoloji aşınmadan, ədalət və humanizm prinsiplərinin kobud şəkildə pozulmasından doğan aşırı fərdiyyətçilikdən, reflektiv özünümüdafiə instinktinin yüksək dəyərlərə üstün gəlməsindən xəbər verir.

Böyük ideallar və dəyərlər naminə öz azadlığının bir hissəsinin məhdudlaşdırılmasına könüllü şəkildə razılıq verən şəxs özünün, mənsub olduğu cəmiyyətin, vətəndaşı olduğu ölkənin azadlığının və təhlükəsizliyinin keşiyində dayanan Azad İnsandır. O daha böyük amallar uğrunda mücadilə apardığını, daşıdığı missiyanın aliliyini dərk etdikcə mətinləşir, sinəsinə sıxdığı silahdan daha güclü, daha sərrast bir silah qazanır. Bu silahın adı İnam və Etimaddır.

Məşhur Fermopil döyüşündə Kserksin nəhəng və dişinədək silahlanmış ordusuna qarşı döyüşdə ağlasığmaz qəhrəmanlıqlar göstərən və adları tarixin yaddaşına əbədi həkk olunmuş 300 azad spartalını xatırlayaq!

Həhəng Roma imperiyasını və onun azad, qürurlu insanlardan ibarət legionlarını yada salaq!

Corc Vaşinqton intizamlı ordunu azad cəmiyyətin dayağı hesab edirdi: "İntizam orduda, qanunlar isə mülki cəmiyyətdə insan hüquq və azadlıqlarının keşikçiləridir. İntizamlı orduda və azad cəmiyyətdə şöhrətə aparan yollar hər kəs üçün açıqdır".

Babək "Bir gün azad yaşamaq qırx il qul kimi ömür sürməkdən daha şərəflidir", - deyirdi və məhz buna görə dünyaya meydan oxuyan xilafətin nəhəng ordularına qarşı 20 il şərəflə mücadilə apara bildi...

...Bu yazıda tarixdən və onun düzənini dəyişən şəxsiyyətlərdən çoxlu sayda iqtibas gətirə bilərəm. Amma bütün bu iqtibasların bətnində ortaq bir amilin - İnsanın dayandığını bildiyim üçün buna lüzum görmürəm.

İnsan şəxsiyyəti və qüruru isə toxunulmazdır! İnsan yalnız dərk etdiyi həqiqət və inandığı amallar uğrunda mübarizə aparanda məğlubedilməz olur!

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir