Modern.az

Gürcü prezidentin holland arvadı - Gürcüstanın “gözü və qulağı”...

Gürcü prezidentin holland arvadı - Gürcüstanın “gözü və qulağı”...

16 Mart 2011, 11:04

Sandra Rulofsu Mixail Saakaşvilini hakimiyyətə gətirən güclərdən biri hesab edirlər


Sandra Rulofs hollandiyalıdır. Amma gürcülər onu çox sevirlər. Bu bir həqiqətdir ki, Sandra bu məhəbbəti əldə edənədək xeyli vəhd göstərməli olub. O, birinci ledi olmaq üçün provaslavlığı qəbul edib, eləcə də gürcü dilini tamamilə öyrənib. İndi onun şəxsi reytinqi Mixail Saakaşvilidən az deyil. Sandra əsasən xeyriyyəçiliklə məşğuldur.

Artıq 14 ildir “Soko” fonduna rəhbərlik edir. Bu fond gürcü məktəblərinə, qocalar evinə, uşaqlar üçün internatlara, eləcə də çoxuşaqlı ailələrə, bir sözlə kimin yardıma ehtiyacı varsa vəsait toplayır. Qəsdən siyasətə qarşımır. Özü dəfələrlə bəyan edib ki, onun üçün yaxşı hazırlıqlı olmaq lazımdır. O, müsahibələrindən birində özünü “gürcü xalqının gözü və qulağı” hesab etdiyini deyib. Onun xarakteri sakitdir. Bir vaxtlar yerli kütləvi informasiya vasitələrində şayiələr yayırdılar ki, ərinin eşq macəralarından yorulan Sandra boşana bilər. Şayiələrin bir qədər həqiqət kimi qəbul edilməsinə birinci ledinin kifayət qədər uzun müddət Tiflisdə yaşamaması, onun öz vətəni Hollandiyaya getməsi səbəb idi. Sonra Saakaşvilinin press-spikeri Gela Çarkiani xəbər verdi ki, Sandra ər-arvad arasından “qara pişik” keçdiyinə görə ölkədən getməyib. Sadəcə, xanım Rulofs uşaq gözləyirdi və vətənində onu dünyaya gətirməyə daha yaxşı hazırlaşmaq mümkün olduğu qərarına gəlmişdi.

Sandra zövqlə geyinir, fortepiano və fleytada ifa edir, rəssamlıqla məşğul olur. O, gürcü dilindən başqa ingilis, alman, fransız, rus və əlbəttə, holland dilini də bilir. İkinci uşaq dünyaya gələnədək hətta Tiflisdəki məktəblərin birində fransız dilindən dərs də deyib.

Belə bir atalar sözü var: “Əgər kişi başdırsa, onda arvad boyundur. Və o hara çevirsə, baş ora istər-istəməz baxır”. Bu, həyatda belədir. Bəs böyük siyasətdə? Demək olar ki, eynidir. Budur, yüksək vəzifəli kişilərin kimisi Qərbə, kimisi də Rusiyaya baxır. Özünüz fikirləşin, nə üçün Tiflis NATO-ya və Avropa İttifaqına üzv olmağa can atır? Hər şey sadədir: Gürcüstan prezidenti Mixail Saakaşvili təkcə Qərbdə uzun illər yaşamayıb, həm də hollandiyalı Sandra Rulofsla evlənib. Onlar Strasburqda tanış olublar. Əvvəlcə cazibədar gürcü Saakaşvilini Sandra fransız kimi qəbul edib. Amma sonra biləndə ki, əri ilə Parisə yox, Qafqaza gedəcək çox da peşman olmayıb. 2003-cü ildə “Qızılgül inqilabı” zamanı Sandra ərini müdafiə etmək üçün vərəqələr paylayırdı. Onun qələbəsindən sonrasa kölgəyə çəkilmişdi...


İdealist Sandra-öz işini yaxşı bilir

Sandra Yelizavet Rulofs 1968-ci il dekabrın 23-də Hollandiyanın 50 min əhalisi olan Ternezene şəhərində doğulub. 18 yaşına qədər faktiki heç yerə getməyib. Balaca Sandra yazıçı olmağı arzulayıb. Öz arzusunu reallaşdırmaq ona bir qədər gec nəsib olub. O, “Gürcüstanın birinci ledisi-idealistin nağılı” adlı kitab yazıb. Burada Sandra Gürcüstana ilk səfəri, bu ölkədəki xalqların mədəniyyəti, eləcə də özünün gələcək əri Mixail Saakaşvili ilə tanışlığının tarixçəsi və özünün Gürcüstandakı həyatı və işi ilə bağlı xatirələrini qələmə alıb...

Qatarla taleyin görüşünə...

Sandra uşaqlıqda dil öyrənməyə çətinlik çəkməyib. O, tərcüməçi də olmaq istəyib, ona görə alman və fransız dillərini öyrənmək üçün Brüsselə gedib, institutu əla qiymətlərlə bitirib.         Strasburqda İnsan Haqları üzrə Beynəlxalq İnstitutda keçirilən kurslara elanı oxuyandan sonra humanitar hüququ öyrənməyi qərara alıb. Sandra Brüssel-Strasburq qatarına bilet alır və sözün həqiqi mənasında öz taleyinin görüşünə yollanır. İlk baxışdan məhəbbət, belə demək olar ki, onun planlarını tamamilə dəyişir. İnstitutun kafesində gələcək həyat yoldaşı ilə rastlaşır və onun arxasınca Nyu-Yorka gedir. O vaxt Mixail Saakaşvili təhsilini Kolumbiya Universitetində davam etdirməli idi. 1993-cü ilin noyabr ayında Amerikada evlənirlər.

Zirzəmidən başlayan birgə həyat

Onların birgə həyatı sözün həqiqi mənasında zirzəmidən başlayıb. Gənc ər-arvad bir tində otaq kirayələyirlər. Sandra öz kitabında xatırladır ki, belə şəraitdə sağ qalmaqlarına - onların kirayələdiyi otaqda soba, balaca ayaqyolu, duş vardı və bütün binanın birləşmiş qızdırıcı sistemi orada yerləşirdi - ancaq məhəbbət kömək edib. Sonra onlar Tiflisə gəliblər, kilsədə nikahlanıblar, bundan sonra Sandra provaslavlığı qəbul edib, yenidən Amerikaya qayıdaraq işə düzəliblər. Mixali hüquqşünas, Sandra Hollandiya firmalarının birində ofis meneceri işləyib. O, ardınca hamilə qalıb və böyük oğlu Eduard dünyaya gəlib. Ər-arvad 2 il ABŞ-da yaşadıqdan sonra 1995-ci ildə Gürcüstana yenidən qayıdıblar. Sandra qızlıq soyadını dəyişmək istəməsə də, gürcü dilini öyrənib və yerli dialektləri, gürcü ailələrinin dəyərini duyub, bununla belə, holland liberaizmini qoruyub. Onu ikinci vətənində necə lazımdırsa, eləcə sevirlər. Hesab edirlər ki, Sandra Rulofs sadəcə olaraq sevimli və cazibədar qadın deyil. O həm də Mixail Saakşvilini hakimyyətə aparan güclərdən biridir. Əbəs yerə demirlər ki, yaxşı siyasətçiləri ağıllı arvadlar yetişdirir.

2003-cü ildə M.Saakaşvilinin prezident seçkilərindəki qələbəsində onun həyat yoldaşının xidmətləri az olmayıb. O zaman Sandra küçələrdə vərəqələr yayır və bütün ölkəni gəzərək gürcü dilində ərinin təbliğatını aparırdı.

Bu həqiqətdir ki, Sandra siyasətə şüurlu şəkildə qarışmır. O özü də dəfələrlə bəyan edib ki, bunun üçün yaxşı hazırlıqlı olmaq lazımdır. Buna baxmayaraq, bir dəfə o müsahibəsində özünü “gürcü xalqının gözü və qulağı” adlandırıb.

Gürcüstanda prezident ailəsinə münasibəti ötən illərdə o qədər də yüksək səviyyəli hesab etmək olmaz. Bu, xüsusən 6 il əvvəl, Sandra hamilə olanda daha çox hiss edilirdi. 2005-ci il dekabrın 19-da ikinci oğlunun dünyaya gəlməsi ilə bütün söz-söhbətə son qoyulur. “Uşaq anadan olmamış biz qərara gəlmişdik ki, ona mənim atamın adını-Nikoloz qoyaq. Birinci oğlumuzun adını isə Sandranın atasının şərəfinə Eduard qoymuşuq”- M.Saakaşvili jurnalistlərə açıqlamasında belə deyirdi.

Sandra isə deyir:


- Mən Saakaşvili ilə 1993-cü ildə Strasburqda görüşmüşəm, insan haqları ilə bağlı yay kurslarında iştirak edəndə. Qırmızı Xaç Komitəsinin xətti ilə Afrikaya getməyə hazırlaşırdım, amma qeyri-adi, çox istedadlı və nəzakətli gürcü ilə tanış olmuşdum. Mən 1992-ci ildə Gürcüstanda olmuşdum və ora mənim çox xoşuma gəlmişdi. Mən dərhal bu ölkəni sevmişdim, ona görə, ancaq xoş və səmimi xatirələrim vardı. Bizim Mixail ilə Gürcüstanla bağlı ümumi ideyalarımız, maraqlarımız tamamilə üst-üstə düşürdü. Bu çox vacib şərt hesab olunur. Düşünürəm ki, ən vacib olanı fikirlərin üst-üstə düşməsidir, məqsəd və dostluq, əlbəttə, məhəbbət də xüsusən ilk baxışdan vacibdir, amma dostluq başlıca şərtdir. Dostluq çox möhkəm olmalıdır. İllər ötür, ömürdə qəmli və şən anlar olur, ancaq möhkəm dostluq bütün çətinlikləri geridə qoyur və əbədi qalır. Çünki o ailə həyatında da həlledici rol oynayır.

Qadın həmişə anlamalıdır ki, əri ilə danışa bilər, onunla münasibətləri açıq olmalıdır. Belə ailələrdə uşaqlar da xoşbəxt və sağlam böyüyür. Lap əvvəlcədən ərim mənə böyük stimul verib, istəyib ki, həmişə yaxşı görünüm, stilimi dəyişdirim və s. Bizim ümumi məqsəd və arzularımız olduğundan onun reallaşdırılmasına cəhd etmişik. Ona görə Amerikadan Gürcüstana qayıtmaq istədik. İstədik ki, qayıdaq bura, ölkəni inkişaf etdirək.

Mən valideynlərimə çoxlu məktub yazırdım. Biz bir yerdə ABŞ-da yaşadığımız zaman mən yazırdım ki, Gürcüstanın həyatında çox vacib rol oynamaq istəyirəm., bu ölkənin avropasayağı gələcəyinin qurulmasında iştirak etmək istəyirəm.

Gürcü kişilər arvadlarını çox dəyərləndirirlər

Sandranın fikrincə, Gürcüstanda analara, ümumilikdə qadınlara çox böyük hörmət hiss olunur: “Gürcü kişiləri öz analarını, arvadlarını və bacılarını çox qiymətləndirirlər. Əlbəttə, qadınların üzərinə çox böyük vəzifə düşür. Gürcü qadınları ailədə vacib rol oynadıqlarını gözəl başa düşür, eyni zamanda onlar çox ciddidirlər, bu isə sırf milli xarakterin əlamətidir. Onların üzərinə böyük məsuliyyət düşsə də, amma həmişə ikinci planda olduqlarını da bilirlər. Bu gürcü kişilərini çox qane edir, çünki onlar həmişə birinci olmaq istəyirlər”.
Sandranın müsahibəsinin ardını oxuyaq.

- Qadın, əgər o birinci ledidirsə, ictimai həyatı onun üzərinə çoxlu vəzifələr qoyur. Siz, bu böyük şərəfin, eyni zamanda məsuliyyətin öhdəsindən necə gəlirsiniz?

- Həqiqətən ilk növbədə birinci ledi olmaq təkcə Gürcüstanda yox, istənilən ölkədə qadın üçün böyük şərəfdir, çünki sən bütün ölkəni cəmiyyət qarşısında, ölkədən kənarda təmsil edirsən. Bu o deməkdir ki, sən nə edirsənsə, başqaları üçün nümunə olmalısan. Sən həmişə göz önündəsən, hamıya maraqlıdır ki, sən nə ilə məşğulsan. Bəzən xoşagəlməz məqamlar da olur, onda, ancaq pis danışırlar, tənqid edirlər və sadəcə, xoş sözlər demək istəmirlər. Xalqı həmişə məlumatlandırmaq lazımdır. Nə vaxt informasiya boşluğu yaranır, onda sən inanılmaz şayiələrin yayılmasına əlavə bəhanə verirsən. Ona görə məsuliyyətli olmaq çox vacibdir.

- Birinci ledinin özünün imtiyazları və müstəsna hüquqları var. Amma yəqin ki, ona həmişə nədənsə imtina etmək və qurban vermək lazım gəlir. Siz nəyi qurban verirsiniz, güzəştə gedirsiniz?

- Mən bir dəfə də demişəm ki, səndən çox şey gözləyirlər. Mənim ikinci oğlum hələ balaca olanda hər gün səhər və axşam onunla bir yerdə olmaq və onu yedizdirmək lazım gəlirdi. Mən uşağımı uzun müddət ana südü ilə yedizdirmişəm. Bu isə o demək idi ki, səfərlər zamanı çətinliklər ortaya çıxırdı, xüsusilə yaxşı şərait olmayan regionlara səfər zamanı. Bu seçimdir-sən istəyirsən ki, ailənlə, uşaqlarınla bir yerdə olasan, onlara normal şərait yaradasan, eyni zamanda sən istəyirsən ki, birinci ledi kimi də işini davam etdirəsən. Bəzən adamlara başa salmalıydım ki, mənim ailəm və balaca uşağım var, mən nəsə etməliyəmsə, bu o vaxt mümkündür ki, bir neçə saat çəksin, bir neçə gün yox. Məsələn, mənim üçün suallara yazılı cavab vermək rahatdır. Ona görə ki, kamera qarşısına çıxmaq üçün xüsusi formada olmaq, böyük vaxt və güc sərf etmək lazımdır. Bu isə əlbəttə çətindir. İnsanlara başa salmaq lazımdır ki, mənim də sutkada 24 saatım var, əgər mən 7 saat yatmıramsa, bu, o saat xarici görünüşümə və əhval-ruhiyyəmə təsir göstərir.

- Gürcüstanın birinci ledisinin üstünlükləri varmı?

- Gürcüstan balaca ölkədir, ona görə vacib yerə bir neçə saata gedib gəlmək olur. Məsələn, əgər mən Rusiyanın birinci ledisi olsaydım, bu tamam başqa məsələ. Rusiya böyük ölkədir. Orada bütün regionlarla bir neçə saat ərzində işləmək mümkün deyil. Amma Gürcüstanda başqa cürdür. Mən qısa müddətdə bir neçə regiona gedir və orada onlarla qadınla görüşə bilirəm. Bir sözlə, Gürcüstanın öz üstünlükləri var. Yeri gəlmişkən, Gürcüstanda elə bir yer yoxdur ki, orada olmayım.    


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir