Modern.az

2016-cı il yazıçı və şairlərin yaddaşında necə qalacaq...  

2016-cı il yazıçı və şairlərin yaddaşında necə qalacaq...   

Ədəbi̇yyat

31 Dekabr 2016, 09:49

Hər keçən il geridə xatirələr qoyub gedir. Artıq son gününü yaşadığımız 2016-ildə də hər kəsin unutmadığı hadisələr olub. Şübhəsiz ki, yazıçı və şairlərin də həmçinin.

 

Modern.az şair və yazıçıların 2016-cı ildə unutmadığı xatirələri öyrənməyə çalışıb.

 

Xalq yazıçısı Fikrət Qoca:

“ 2016-cı il mənim üçün əhəmiyyətli il oldu, dövlət mükafatına layiq görüldüm. İlin sonlarında poema yazmışam. Bunlar mənim üçün çox vacib məsələləridi. 2016 mənim üçün məhsuldar il oldu. Ədəbiyyatımız da 2016-cı ildə məhsuldar oldu. Aprel  ayında baş vermiş döyüşlərdən sonra Qarabağla bağlı yazıların sayı artdı. Millətə vətənpərvərlik ruhunun aşılanması yolunda yaxşı addımlar atıldı”.

 

Yazıçı, şair Elxan Elatlı:

“2016-cı ildə mənim bir kitabım çap edildi. “Məhəbbətin gizli kodu” adlı kitabım 2016-cı ildə mənim üçün unudulmayan xatirələrin başında gəlir. Ümumilikdə 2016-cı ildə ədəbiyyatımız əvvəlki illərdən məhsuldar olub. Yeni həvəskar yazarlar meydana çıxır, hətta bu yaxınlarda dedektiv janrda  yazan 10-cu sinif şagirdinin kitab təqdimatına getdim. Onda çox böyük istedad hiss etdim. 2016-cı ildə Azərbaycanda xarici ədəbiyyatla yerli ədəbiyyat arasında rəqabət var. Çox istərdim ki, oxucularımız yerli yazarları daha çox oxusunlar. Yerli yazarlar oxucu sayı baxımdan xarici yazarları üstələməyə doğru gedir.

2016-cı ildə mən Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdu” kitabını oxumuşam, çox bəyənmişəm. Bu yazıçını 2016-cı ildə kəşf etdim. Çox sevindim ki, Azərbaycan ədəbiyyatına keyfiyyət baxımından yeni-yeni adamlar gəlir. Biz bu gün oxucunu kitaba qaytarmağı bacarmışıq”.

 

Yazıçı Seyran Səxavət:

“2016-cı ilin ilk mənim yadımda 70 yaşımın tamam olması ilə qaldı. “Seçilməmiş əsərlər” adı altında 1-ci və 2-ci cildlərimi çap elədim. 2016-cı ildə mənim qələm dostlarım, mənimlə eyni ildə doğulan şair və yazıçıların yubileyləri ilə yadımda qaldı. Sabir Rüstəmxanlının, Tofiq Hüseynin və bu yaxınlarda Ramiz Rövşənin 70 yaşı tamam oldu. Dekabrın 29-u da rəhmətlik Nüsrət Kəsəmənlinin 70 yaşı tamam oldu. Adını çəkdiyim qələm dostlarımla həmyaşıdıq, 2016-cı ildə hamımız 70-i yola saldıq getdi. 70 yaşım mart ayının 23-ü oldu. Ondan sonra iki hekayə yazdım - birinin adı “Yusif Səmədoğlu ilə qəbirüstü söhbət” bu hekayə nəhəng yazıçımız Yusif Səmədoğluya həsr olunub, 3-4 ay sonra isə “Oyun” adlı ikinci böyük hekayəmi yazdım. Ümumilikdə 2016-cı il ədəbiyyatımız üçün normal hesab edirəm. Ədəbiyyat öz yolu ilə, ağayana, öz sürəti ilə addımlamaqdadır.  Nə qədər Azərbaycan xalqı var, bu addımlar ədəbiyyatımızı irəli aparacaq. 2016-cı ildə mənim üçün bayaq dediklərimdən başqa əlamətdar  hadisə də oldu. Yaradıcılığımdan Bakı Dövlət Universitetinin müəlliməsi Xəyalə Əfəndiyeva 1 ay əvvəl namizədlik dissertasiyası müdafiə elədi. Bu mənim üçün ilk və əlamətdardır. Qarşıdan gələn 2017-cı ilin Azərbaycan xalqına uğurlu olmasını arzu edirəm ”. 

 

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi