Modern.az

Multikulturalizm “virusu”  

Multikulturalizm “virusu”   

Ədəbi̇yyat

31 Dekabr 2016, 11:02

Azad Müzəffərli

 (hekayə)

-      Ay camaat, ay camaat, almanlar girdilər kəndə... Kəndin yuxarı başındadırlar...

       Şişli Qaya kəndinin mərkəzi “prospekti” boyunca aşağı-yuxarı çovuyan bir kapal colma-cocuğun haray-həşiri ara vermirdi. Kəndin alman dili müəllimi Göyüşün Almaniyadan gələn qonaqları buraya yenicə ayaq bassalar da, artıq kənd əhli “xalturşik” Həsənin “qəhrəmanlığından” dəm vurmaqdan yorulmurdu.

-      Ə, kişi, elimizin-obamızın ad-sanını uca tutub da. Qonaqlara görə gediş haqqı almayıb.

-      Sağ olsun, Göyüş müəllimi də, heç olmasa, benzin pulunu ona güclə verib. 

-      Ə, yetim, bir həsirdi, bir də Məmmədnəsir. Yəqin bu gecə qafunsuz yavan çörəklə dolanacaq.

-      Həsən oğuldu, məsələ kimin ac, kimin tox olmasında deyil e, gərək, yeri gələndə nəfsindən ucada durmağı bacarasan.

-      O, almanlara “Ac ol, kişi ol” dərsi keçib. Söhbəti yoxdu, tezliklə nəinki Almaniya, hətta, bütün Avropa ondan danışacaq.

        Göyüş müəllim qonaqları ilə birgə evinə çatar-çatmaz şagirdləri valideynlərinin göndərdikləri pay-puşla onun qapısında növbəyə dayanmışdılar. Ev yiyəsinin yalvar-yaxarına məhəl qoyan olmadı. Göyüşün soyuducusunda kənd nemətləri zığ verirdi. Mənzilin dördbir tərəfində də bircə qarşı belə boş yer qalmamışdı. Naz-nemət əlindən tərpənmək olmurdu. Qonaqların gözü bərələ qalmışdı. Onlara ucqar dağ kəndindəki uşaqların almanca əməlli-başlı qırıldatmaları və bu kiçik yaşayış məntəqəsinin sakinlərinin qonaqlara qarşı qaynar münasibəti lap ləzzət eləmişdi. Canıyananlıq, qonaqpərvərlik, dözümlülük, elmi dilnən desək, multikulturallıq, tolerantlıq bizim canımızda, qanımızdadır. Öyünməyimizə dəyər. Əsl, Tanrı vergisidir!!!

       Ta axşam gecəylə vidalaşana qədər kənd camaatı “almanları sakit buraxmadı”. Hər evdə, hər tində söz-söhbət almanlardandı. Kimi pıç-pıçla, kimi də səsini başına ataraq ağzına gələni, bilib-bilmədiyini döşəyirdi. Onların kəndə gəlişini hərə bir cür yozurdu.

       Şişli Qayaya almanların təşrif buyurmaları xəbəri  ətraf kəndlərə də ildırım sürətilə yayıldı. Göz qabağındaydı, heç SNN telekanalı da ”informasiya yarışında”  bu ucqar dağ kəndinin əhliylə zirəklikdə rəqabət apara bilməzdi. Məlum məsələydi, bu cür “qaynar” xəbərlərin bir göz qırpımında ən əlyetməz ünvanlarda belə “qapıları döyməsi” ilk növbədə qadınların işiydi. Hardaydı kişilərdə bu fərasət.

      Həmin kənddə bircə Bağır kişinin evində “alman fırtınası” cövlan eləmirdi. Onların dərdi başqa dərdi. Evin möhkəmcə soyuqlayan kiçik övladının qızdırması hava qaralandan bəri düşmürdü ki, düşmürdü. Kənd həkimi tər-qan içindəydi. Bilib-bacardığını əsirgəməmişdi. Nəhayət ki, gecəyə yaxın türkə-çarənin də köməyliyi ilə yazıq uşağın əhvalı nisbətən normallaşdı. Kəndin aman-zaman bircəcik həkimi valideynlərə məsləhət gördü ki, səhər tezdən mütləq uşağa qaynar-qaynar çolpa şorbası yedirtsinlər, bunun çox köməyi olacaq. Xəstə, elə bil, bu “həb”ə bəndmiş, o andaca yuxu ona üstün gəldi.

        Səhər alatorandan Gülpəri özünə əl qatdı, böyük oğlunu harayladı ki, dur, tez elə, çolpalardan birini tut, kəs, mən də tifil durana qədər şorbanı hazırlayım. Həmid gözlərini ovxalaya-ovxalaya, ürəyində kiçik qardaşına olmazın “təriflər” yağdıra-yağdıra hinə yollandı. Əl atıb quşlardan ən irisini qamarladı. Çolpa səsini başına atdı, bir vay-şivən qopardı ki, gəl görəsən. Bağır kişi dik atıldı. Anındaca məsələnin nə yerdə olduğunu kəsdirən kimi şalvarına əyninə keçirməyi belə unudaraq həyətə sarı götürüldü.

-      Ə, gədə, əl saxla, yaramaz oğlu, yaramaz, sən bilirsən, nə eləyirsən?!. – deyə çımxırdı.

-      Ay dədə, anam dedi də, tut bunu kəs, mənim nə günahım, doyunca yatmağa qoymadığınız bəs deyil, hələ bir söyürsünüz də!?. Bu olmadı ki...

-      Kirisinə, qoduğun biri qoduğ. Ə, o dedi, dedi, bəs, sənin başın işləmir, bu toyuğun yumurtalarını cüt-cüt ötürənlərdən biri elə sən döyülsən!?.

-      A, kişi, uşağa niyə dəhmərlənirsən, həkim demədi ki, xəstəyə çolpa şorbası lazımdır?!.

-      Mən də bilirəm, dedi, nə olsun?!. Axı, biz bu çolpaların yumurtası ilə əl-qap eləmirik, bəyəm?!. Səhərlər məni yeyəcəksiniz, hə, xörəyə yumurtanı bəs haradan çalacaqsan, dillənsənə, hə, nə oldu, dilini it qapdı, köpəyin qızı!?. Uşaq da ki, maşallah, özünə gəldi də, birinci dəfə döyüll ki, qızdırması qalxan?!.  

-      Bəlkə, xoruzu kəsək?

-      Arvad ki, arvad, ay balam, o xoruzsuz cücələr göydən düşəcək bəyəm, bir başını işlət də?!. Nə vaxtacan, mən deyib, mən eşidəcəm!?.  

-      Yaxşı, sən Allah, a kişi, bəsdi özünə əl qatdın. Deyirsən, kəsmə, kəsmərik, daha özünü niyə həlak eləyirsən, bizi də söyüb batırırsan!?.

         Haray-həşirə oyanan xəstə uşağın həyətə düşməsi ilə söz-söhbətə son qoyuldu. Hamı tezcə özünü yığışdırdı.

-      Mənə şorba-morba lazım deyil, bəsdirin bir-birinizi qırıb çatdınız, yetər, özümü indi yaxşı hiss eləyirəm.

         Uşağın əhvalı nisbətən babatlaşsa da, hələki yataqlıqdı. Bu, adi gözlə görünəndi.  Anası yel kimi özünü ona yetirdi. Ərinin qarasına deyinə-deyinə Gülpəri yalvar-yaxar xəstəni yenidən yerinə uzatdı.

         Göyüş müəllim neçə illərdi Şişli Qaya kəndində alman dilindən dərs deyirdi. Uca dağların qoyundakı ətraf kəndlərin bircəciyində belə xarici dil müəllimi yoxdu. Şişli Qaya əhlinin bu sarıdan bəxti gətirmişdi. Buraya müvəqqəti müəllim işləməyə gələn Göyüş sonradan bu kənddən bir qıza mehrini salıb evlənmişdi. Beləcə, o da Şişli Qaya sakininə çevrilmişdi.

       Onun almanları kəndə gətirməyi də təsadüf nəticəsində alınmışdı. Bakıda multikulturalizmlə bağlı tədbirdə iştirak edən almanlardan birinin Feysbukda bölüşdükləri onun sinəsinə yatmışdı. Millətimiz, ölkəmiz haqqında xoş sözlərə görə minnətdarlığını bildirməyi özünün vətəndaşlıq borcu sayan Göyüş müəllim həmin almana cavab yazmışdı. Bu əcnəbiyə onu da bildirmişdi ki, sən hələ Bakını görmüsən, təəccüb içindəsən, işdi əgər, bizlərə tərəf təşrif buyursan, bizim dağları gəzib-dolaşsan, yerli camaatın tolerantlığının şahidi olsan, təəssüratını bölüşməyə  bəlkə də ömrün yetməyə. Göyüşün and-amanı almanı nə təhər məhvərindən oynatmışdısa, o, Almaniyada özünə yer tapa bilməmişdi. Günlərin birində Göyüşə yazmışdı ki, dost, mən arvadı da vurub qoltuğuma gəlirəm sizlərə sarı, təvəqqe edirəm, mənə bu niyyətimdə yardımçı olasan.

       Sözünün üstə kişi kimi duran Göyüş də ailəsi ilə birgə azərbaycanlılarsayağı dünəndən bəri bu ər-arvadın qulluğundaydı. Qonaqlar nağıllar aləmindəydilər. Adət-ənənələrimiz, ailə dəyərlərimiz, milli mətbəximizin çeşidbəçeşid təamları, tər-təmiz dağ havası və həsəd doğuran təbiət mənzərələri qonaqları necə məftun eləmişdisə, az qala səhəri diri gözlü açalar. Söhbətləri də yaman alınmışdı.  Göyüşün “Siz, istər bu kənddə, istərsə də qonşu kəndlərdə hansı qapını döysəniz, eyni hörmət-izzətlə qarşılanacaqsınız” deyimi qonaqları lap heyrətləndirmişdi. Axırda yarı zarafat, yarı ciddi belə şərtləşmişdilər ki, sabah günorta çağı qonaqlar kənddə özlərinin təsadüfən seçəcəkləri bir ailəyə pənah aparsınlar.

       Belə də elədilər. Kəndin küçələri ilə xeyli var-gəldən sonra qonaqlar düz Bağır kişinin doqqazının tuşunda  ayaq saxladılar. Göyüş müəllim ev yiyəsini səslədi. Bağır onları görcək sevincək içəri dəvət elədi. Artıq bu ailə də kənddəki qonaqlardan xəbərdardı. Evin kişisi külfətə səsləndi. Hamı bir-bir qonaqları doğmaları tək bağrına basdı, onları yuxarı başa keçirdilər. Ev sakinləri təkin bardaşqurma əyləşən qonaqlar böyük otaqın yuxarı tərəfindəki çarpayıda uzanan uşağın xəstə olduğunu duyanda onun səhhəti ilə maraqlandılar. Onlara bildirildi ki, iynə-dərman olunur, az qalıb, uşaq bu gün-sabah ayağa durasıdı.  Bağır arvada çımxırdı:

-      Zalım qızı, nə döyükmüsən, əlli-ayaqlı ol, pürrəngi çaydan süz, tez ol böyük gədəyə de, çolpalardan birinin boğazını üzsün, cəld yompala, bas qazana, dadlı-tamlı doyumluq şorba hazırla.

      Gülpəri qonaqlara çay süzməyə tam macal tapmamış Bağır kişi yenə səsini başına atdı:

-      Arvad, qonaqlara təkcə çolpa şorbası az olar, Almaniyadan basa-basa bura yol ölçüblər,  sən atanın goru, gədəyə çımxır, xoruzu da tutsun. Əsl kabablıqdı. Özü də xoruzun kababını elə manqalın başında isti-isti onlara yedirtsək, məncə yaxşı olar, elə deyilmi, Göyüş müəllim!?.

-      Lap xəcalət verirsiniz. Bəlkə, toyuq şorbası bəs elədi, bizdə də biş-düşlər hazırlayırlar, icazə versəniz naharı orada davam etdirərdik.

-      Müəllim, başına dönüm, nə danışırsan, bəyəm, biz kişi deyilik!?. Onlar bizi sayıb qapımızı açıblar, ayıb olmazmı onları yarı ac, yarı tox yola salsaq, istisna olunur, əziz qonağımsınız, canla-başla qulluğunuzdayıq.

         Göyüş müəllim həqiqətən onları xərcə salmaq istəməsə də, amma indiki məqamda həmkəndlilərinin bu cür qonaqpərvərliyi onun da lap ürəyindəndi.

         Azca keçmiş çolpa şorbasının ətri evi bürüdü. Gülpəri evin künc-bucağında ehtiyatda saxladığı nə vardısa, döşədi süfrəyə. Çatmayanları da əlaltından qonşulardan gətirtdi. Qonaqların kasaları lüməlümdü. Evin xəstə uşağı özünü yatmış kimi göstərsə də, onun da bir gözü süfrədəydi. Eləki çolpa şorbası süfrəyə verildi, qonaq ev yiyələrindən daha bir kasa gətirmələrini rica etdi. Gülpəri dil-boğaza qoymadı:

-Göyüş müəllim, sən atanın goru, onlara and-aman elə, doyunca yesinlər, vallah, biz toxuq, indicə nahar eləmişik, yoxsa, küsərəm a...

        Bunu eşidən alman yüngülcə qımışsa da, bir daha təkidlə kasa istədi. Bu, Bağır kişinin pisinə gəldi, fikirləşdi ki, bəlkə, qonaqlar şorbanı bəyənməyiblər. Gülpəri kasa gətirincə ortalığa sükut çökdü. Göyüş ev yiyələrindən də betər çaş-baş qalmışdı. Daha kimsənin cınqırı çıxmadı. Gülpəri kasanı qonağa uzadanda, o, öz şorbasını yarıladı,  kasalardan birini və öz qaşığını aparıb xəstə uşağın çarpayısının yanındakı kətilin üzərinə qoydu. Uşağa göz vurub, yeməsini istədi. Bayaqdan pərtlikdən özlərinə yer tapmayan ev yiyələri və Göyüş müəllim, sanki, gedər-gəlməzdən qurtuldular.  Sürəkli əl çalıb qonağı alqışa tutdular. Gülpəri cəld qaşıq dalınca yüyürdü. Xəstə şorbanı gözünə təpdi. Qonaqlar da girişdilər ləzzəti damaqdan getməyən kənd nemətlərinə. Sanki, aclıqdan çıxmışdılar. Bəh-bəhlə ortalıqdakıların axırına çıxıb endilər həyətə.   

       Evin böyük oğlu xoruzu dədə-baba qaydasınca kabab eləmək üçün bayaqdan özünə əl qatmışdı. Ədalət naminə, Həmid işinin öhdəsindən layiqincə gəlmişdi. Manqalda araya-ərsəyə gətirilən kababın ilk tamlı tikəsi şişdəcə hörmət əlaməti olaraq el qaydasınca almanın xanımına uzadıldı. O da eləmə tənbəllik, əli yanmasın deyə şişi ehmallıca götürüb cəld yönəldi evə sarı. Ani çaşqınlıqdan sonra hamı vəziyyətin nə yerdə olduğunu anladı. Xoruzun ilk tikəsini xəstə uşağa ərmağan edən və çantasından götürdüyü dolu şərab şüşəsini nümayişkarənə şəkildə  başının üzərinə qaldıran alman xanım qalibanə görkəmdə həyətə endi.

-   Es lebe Azerbaydschanische Kultur!!! Es lebe Multikulturalizm, es lebe Toleranz!!!  (Yaşasın Azərbaycan mədəniyyəti!!! Yaşasın multikulturalizm, yaşasın tolerantlıq!!!) 

        Aradan bir neçə ay ötmüşdü. Almaniyada Azərbaycan abı-havası vardı.  Süfrədəki löyünbəlöyün alman yeməkləri və Odlar Yurdundan gətirilən çeşidbəçeşid sovqatlar gəl-gəl deyirdi. Başda oturan qonaqlar isə Göyüş müəllimlə Bağır kişinin ailələri idi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!