Modern.az

Yaşayış binalarının liftləri niyə tez-tez xarab olur?

Yaşayış binalarının liftləri niyə tez-tez xarab olur?

5 Noyabr 2009, 17:43

Fövqəladə Hallar Nazirliyi demək olar ki, hər gün Bakı şəhərindəki hansısa yaşayış binasında liftin xarab olması, içəridə qalan sərnişinlərin çxarlması üçün xilasedicilərin hadisə yerinə çağırılması barədə məlumat yayır. Bu məlumatlar paytaxtdakı binalarda liftlərin heç də yaxşı vəziyyətdə olmadığını bir daha təsdiqləyir.

Nərimanov rayonu Faiq Yusifov küçəsi 71 ünvanında yerləşən doqquzmərtəbəli binanın sakinlərinin Modern.az-a lift problemi ilə bağlı müraciət etmələri səbəbindən bu istiqamətdə kiçik bir araşdırma aparmalı olduq.  Öncə qeyd edək ki, adı çəkilən ünvanın sakinlərini narahat edən məsələ onların binasında quraşdırılan yeni liftin nasaz işləməsidir. Bu binada liftə nəzarət edən Göyərçin Piriyevanın sözlərinə görə 2008-ci ilin noyabrında istifadəyə verilən liftdə hər gün dayanmalar baş verir. Nəticədə mərtəbələrin arasında xarab olan liftdəki sərnişinləri çıxarmaq üçün aidiyyatı qurumlara müraciət edilir. Liftin normal işləməsi üçün indiyədək müxtəlif instansiyalara müraciət edən sakinlərə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentindən cavab gəlib. Verilən cavabda  liftin fasiləsiz işləməsi üçün sakinlər tərəfindən teniki-xidmət haqqının vaxtlı-vaxtında ödənilməsi məsləhət görülüb. Sakinlər isə bu cavabı əsassız sayır. Onlar borclarının olmadığını deyirlər. Bildirilər ki, sentyabrdan xarab olan liftin  işləməməsinin səbəbi onun texniki nasazlıqla istifadəyə verilməsidir. G.Piriyeva bildirib ki, şikayət zamanı lift idarəsindən usta göndərilir. Lakin usta təmir işləri apardıqdan sonra sakinlərin rahatlığı cəmi 1 saat sürür. “Hər dəfə göndərilən usta lazımi ehtiyat hissələri olmadığından lifti müvəqqəti bərpa etməklə kifayətlənir. Hazırda on gündən çoxdur  lift işləmir, yaşlı insanlar, uşaqlar pilləkənləri çıxmaqda çətinlik çəkirlər”-deyı G.Piriyeva bildirib. İndi sakinlər yarasız liftin yenisi ilə əvəz olunmasını istəyirlər.

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin «Lifttəmir» İstehsalat Birliyinin texniki şöbənin rəisi Mehdi Hüseynov Modern.az-a bildirib ki, hazırda paytaxta 4900 liftə xidmət göstərirlər. O, 2005-ci ildən indiyədək «Lifttəmir» İstehsalat Birliyi tərəfindən Bakıda 210 köhnə liftin yenisi ilə əvəz olunduğunu, 486 liftdə isə əsaslı təmir işləri aparıldığını deyib.

M.Hüseynovun sözlərinə görə, yeni quraşdırılan liftlər bütün standartlara cavab verir. Belə olan halda bəzi binalardakı təzə liftlər niyə tez-tez xarab olur? Mehdi Hüseynov yeni liftlərdə baş verən dayanmaları kiçik texniki problem adlandıraraq, bunun yüksək gərginliklə əlaqəli olduğunu deyib. Texniki şöbənin rəisi yeni istifadəyə verilən liftlərin Ukrayna istehsalı olduğunu bildirib. O, növbəti illərdə də dövlət büdcəsindən ayrılan vəsait hesabına köhnə liftlərin dəyişdiriləcəyini qeyd edib.

Qeyd edək ki, ötən ilin dekabrında ölkə başçısının müvafiq sərəncamı ilə şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb. «Lifttəmir» İstehsalat Birliyindən bildirilib ki, vəsait təyinatı üzrə xərclənir. Qurumun nəzarət etdiyi bütün liftlər ildə bir dəfə yoxlanıldıqdan sonra onların istifadəsinə icazə verilir. «Lifttəmir» İB-nin mütəxəssisləri deyirlər ki, bəzi çoxmərtəbəli yaşayış binalarındakı köhnə liftlərin tez-tez xarab olması onların istismar müddətinin başa çatması ilə bağlıdır. Hazırda Bakı şəhərindəki dövlət mənzil fonduna aid binalarda liftlərin 30 faizinin istismar müddəti başa çatıb. Amma 20 ildən çoxdur sakinlərə xidmət göstərən həmin nəqliyyat növləri bu gün də istismar olunur. Halbuki bir liftin istismar müddəti 15 ildən çox olmamalıdır.

Bakıda ilk lift 1905-ci ildə indiki Filarmoniya ilə üzbəüz binada quraşdırılıb. Sonralar paytaxt binalarında liftlərin sayı artmağa başlayıb və 1967-ci ildə «Azərlift» adlı idarə fəaliyyətə başlayıb. Həmin dövrdə şəhərdə cəmi 80 olub.

 

Vüsalə SEYİDOVA

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir