Modern.az

Şirin erməni və fars mənşəli deyil - NİZAMİ ŞİFRƏSİ

Şirin erməni və fars mənşəli deyil - NİZAMİ ŞİFRƏSİ

4 Yanvar 2017, 13:35

Məlumdur ki, araşdırmaçıların bir qismi Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərindəki Şirin obrazını farslaşdırmağa və erməniləşdirməyə çalışıblar. Lakin mətn daxiində mövcud olan “Nizami şifrələri” bu mülahizələrin mənasızlığını aşkara çıxarır. Hər bir mətnə ciddi təhlil əsasında yanaşanlar yaxşı bilirlər ki, mətndə işarə səviyyəsi mövcuddur. İşarə bəzən bir mövzu içərisində gizlənən mövzu, motiv içərisində mühafizə olunan motiv ola bilər. Bəzən bu işarənin bərpası ya əsəri geniş anlamda dəyərləndirər, yaxud da özü müstəqil mövzuya çevrilib əsərin üzdə olan mövzusunu kölgədə qoya bilər. Böyük Nizamidə bir çox məsələləri işarə səviyyəsində aşkarlamaq olur. Nizaminin “Xosrov və Şirin” əsərində Məhin Banu Şirinə öyüd verərkən Xosrov Pərviz haqqında deyir:                              

                                Əgər o aydırsa, biz günəşik,

                                O Keyxosrovdursa, biz də Əfrasiyabıq

                                          ( filoloji tərcümə  H.Məmmədzadənindir).

  R.Rzanın bədii tərcüməsində isə bu şəkildə səslənir:

                                        Əgər o aydırsa biz aftabıq,

                                        O Keyxosrov, bizsə Əfrasiyabıq.

Məlumdur ki, türklərin babası sayılan Alp ər Tonqa farslarda Əfrasiyab adlanır. Nizaminin Məhin Banununun dilində səsləndirdiyi bir cümləlik iki misra geniş məsələləri ortaya çıxarır. Məhin Banunun və Şirinin türk mənşəli, Xosrovun fars mənşəli olmasına diqqət çəkən Nizami türk əxlaqına uyğun şəkildə Məhin Banunun Şirinə öyüd verməsini sevə-sevə təsvir edir, Şirinin bu öyüdü hətta eşqindən belə üstün tutmasını, əxlaq qanunlarının minillərin sınağından çıxmış ehkam səviyyəsində dəyişməzliyinin həmişə gözləndiyini nəzmə çəkir. Hətta əsərin böyük bir hissəsi Şirin və bu qaydanın dəyişməsini tələb edən Xosrov arasında gedən çəkişmə, mübarizə və münaqişələrə həsr edilmişdir.


Atif İSLAMZADƏ   
Filologiya üzrə fəlsəfə doktoru        
e-mail: [email protected]

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır