Modern.az

Bir şəhidin DASTANI: Onun haqqında düşmən də ehtiramla danışır  

Bir şəhidin DASTANI: Onun haqqında düşmən də ehtiramla danışır   

Ədəbi̇yyat

4 Yanvar 2017, 15:03

Bütün şərəfli ömürlərin sonu vətənpərvərlik nümunəsi üçün yeni bir başlanğıcdır 

 

Xalqımız müqəddəs torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyümüzün toxunulmazlığı uğrunda sinəsini düşmən gülləsinə sipər etmiş, bu yolda canından və qanından keçmiş igid oğulları ilə hər zaman fəxr edir, onların xatirəsini daim uca tutur, ehtiramla yad edir! 

Kimliyi haqqında heç bir məlumatım olmayan belə igidlərdən birinin  şücaəti  barədə eşitdiyim bir hadisə hafizəmdə əbədi kök salmış, Azərbaycan əsgərinin yenilməzliyindən,  qəhrəmanlığından bəhs edən xoş bir xatirə kimi  20 il ərzində yaddaşımdan silinməmişdir. 20 il müddətində birinci Qarabağ müharibəsi ilə bağlı   bütün söhbətlərimizdə hər zaman bu unudulmaz xatirəni  bir nümunə olaraq qeyd etmiş, qəhrəman əsgərimizin xatirəsini minnətdarliqla və böyük ehtiramla yad etmiş, ruhuna dualar oxumuşuq.


Bu xatirənin mənim üçün özəl olmasının da üç əsas səbəbi var idi.


Birincisi, Azərbaycan əsgərininin döyüşdə göstərdiyi qəhrəmanlıq barədə eşitmək hər zaman qürurverici bir haldır;


İkincisi, bir döyüşçünün igidliyinin düşmənin özü tərəfindən etirafı və ona olan  ehtiramını ifadə etməsi.


Üçüncüsü isə bu hadisəni danışanın mənim üçün doğma və mərd  bir insanın – Xocavənd rayonunun Muğanlı kənd sakini  Hüseynov Əvəz Həsi oğlunun olması idi. 

                 

1988-ci ildə mənfur qonşularımızın başladığı savaşın ən qanlı günləri bu məmləkəti, milləti qeyrət və xəyanət sınağına çəkirdi. Belə bir vaxtda Əvəz Hüseynov  kənarda qala, xalqımızın başına gətirilən faciələrə seyirci mövqedə dura bilməzdi. O ilk günlərdən Muğanlı özünümüdafiə dəstəsinin ən fəal üzvlərindən biri idi. Öz nəslindən olan bütün kişilərlə birgə yağı düşmənlə mübarizəyə qalxanda iki oğlu - 17 yaşlı Müşfiq və 15 yaşlı Elşəndə onunla çiyin – çiyinə idilər. 26 yanvar 1994-cü il tarixdə Xocavənd uğrunda Əvəz Hüseynovun özünün də iştirak etdiyi döyüşlərdə kəşfiyyat bölüyü ilə düşmən arxasına keçən, ermənilərin səngərinə hamıdan əvvəl girən və onları öz səngərlərində məhv edən Elşən qəhrəmancasına şəhid olmuşdu. Düşmənin böyük qüvvə ilə əks hücumu nəticəsində ələ keçirilmiş mövqelər itirilmiş və Elşən Hüseynovu həmin mövqelərdən çıxartmaq mümkün olmamışdı. 

 

Vətən uğrunda qəhrəmancasına şəhid olmuş övladının meyitini geri almaq, onu öz əlləri ilə torpağa tapşırmaq təbiiki bir ata kimi Əvəz Hüseynovun  ən böyük istəyi idi. Əvəz Həsioğlunu  Dağlıq Qarabağın həm azərbaycanlı, həm də erməni əhalisi arasında demək olar tanımayan yox idi. Düşmən əlində qalmış şəhid qardaşlarımızın geri alınması üçün danışıqlar aparılırdı. Danışıqlar Ağdam rayonunun Gülçülük sovxozu adlanan ərazisində baş tuturdu.Ermənilər tərəfindən danişiqları Xocavənd /keçmiş Martuni/ rayonunun Muşkabad kəndindən olan Abo adlı şəxs aparırdı. Abo müharibəyə kimi sürücü işləmişdi və Əvəzlə bir-birini lap yaxşı tanıyırdılar. Baş tutan növbəti görüşlərin birində söhbət əsnasında Abo yanvar ayının əvvəlində Xocavənd istiqamətdə baş vermiş qanlı bir döyüş əməliyyatı barədə danışır və bu döyüşdə hər  iki tərəfin böyük itkilər verdiyini bildirir. Bu əməliyyat barəsində danışan erməni həmin döyüşdə bizim əskərlərdən birinin göstərdiyi qəhrəmanlıq və şücaət barədə ermənilərin hələ də danışdıqlarını söyləyir. Onun deməsindən belə məlum olur ki, ermənilərin mühasirəsinə düşən dəstənin mühasirədən çıxa bilməsi üçün bizim döyüşçülərdən biri döyüşü öz üzərinə götürür. Səngərdə guya çox sayda döyüşçünün olması görüntüsü yaratmaq məqsədi ilə O, tez – tez yerini dəyişir və müxtəlif yerlərdən atəş açır, düşmənə ağır itkilər verirdi. Eyni zamanda əlindəki qrantamyotla ard-arda düşmənin 2 tankını da vuraraq sıradan çıxarmağa müvəffəq olur. Erməni komandirlər səngərdə yalnız bir döyüşçünün olduğunu müəyyən etmişdilər, lakin döyüş hələ də davam edir, mühasirədə olan qüvvələrimizin böyük əksəriyyəti mühasirəni yararaq yeni mövqelərə çəkilə bilmişdilər. Azərbaycanlı döyüşçünün cəsarəti isə erməni komandirləri sözün həqiqi mənasında heyrətə salmışdı. Həttda erməninin özünün deməsinə görə bəziləri onu vurmamaq, necə olursa- olsun diri ələ keçirilməsini istəyirdilər. Döyüş isə davam edirdi. Hər tərəfdən üzərinə yağan güllə və mərmi  yağışı altında vuruşan Azərbaycan əsgəri bir addım da geri atmır, düşmənin canlı qüvvəsini baş qaldırmağa imkan vermirdi. Düşmənin döyüşə atdığı əlavə iki tank da bir başa azərbaycanlı döyüşçünün mövqe tutduğu səngərə tərəf istiqamətlənir. Lakin zirehli texnikanın zəhmi və vahiməsi də döyüşçümüzün qətiyyətini sındıra bilmir. Əksinə son gülləsinə qədər vuruşan döyüşçümüz düşmənin əlinə sağ düşməmək üçün özünü qumbara ilə partladaraq həlak olur. Müşkabad ermənisi  dönə- dönə təkrarlayırdı ki, düşmən də olsa həmin döyüşçü barədə ermənilər hələ də ehtiramla danışırlar və onu öz əsgərlərinə nümunə olaraq göstərirlər. Həmin vaxt Əvəz kişidən xahiş etmişdik ki, növbəti görüşlərin birində şəhid əsgərimizin hər hansı bir sənədinin qalıb –qalmamasını oyrənsin,lakin məlum olmuşdu ki, özünü qranatla partlatdığı üçün heç bir sənəd qalmayıb.


Qeyd etdiyim kimi bu xatirə uzun illər idi ki, mənim yaddaşımda idi və mən hər zaman bu döyüşçünün kimliyini,  öyrənməyə çalışırdım və 20 il müddətində onu nümunə kimi hər yerdə danışmışam.


Düz 20 il sonra, mən bu illər ərzində  xatirimdə yaşamış qəhrəmanın kimliyini müəyən edə bildim.

 

2014 cü ilin qışında ”Çeyidağ” əməliyyatı (1994- cü il  4 yanvar tarixində Xocavənd istiqamətində həyata keçirilimiş bu iri miqyaslı əməliyyat 161 saylı alayın müdafiə zonasında həyata keçirilmişdir. Həmin dövrdə bu alayın  müdafiə zonası Ağdam rayonunun Mərzili kəndindən başlayaraq, Xocavənd rayonu ərazisindəki “Böyük oxlu” yüksəkliyinə qədər olan 25-30 km-lik bir ərazini əhatə edirdi) haqqında (//modern.az/articles/70062/1/)   yazı hazirlayarkən araşdırmalar zamanı əməliyyatda iştirak etmiş 161 saylı alayın çoxlu sayda keçmiş döyüşçüləri, zabit və əskərləri ilə apardığımız söhbətlər zamanı məlum oldu ki, həmin döyüşdə şücaət göstərərək fərqlənənlərdən  biri də  Qəhrəmanov Bilal Qəhrəman oğlu olmuşdur. 

 

Həmin vaxtlar  3-cü batalyonun  komandiri olmuş polkovnik- leytenant Gülağa Məmmədovun dedikləri:


“Artıq düşmənin 8 ədəd tankı 3-cü taborun mövqelərinə doğru irəliləyirdi. Bu zaman taborun döyüşçüsü, baş çavuş Qəhrəmanov Bilal Qəhrəman oğlu  qumbara atanla düşmənin iki ədəd tankını vuraraq sıradan çıxarır və çoxlu yaralar almasına baxmayaraq digər döyüşçü yoldaşlarının geri çəkilməsinə şərait yaratmaq məqsədi ilə döyüşü öz üzərinə götürür və sonadək vuruşaraq şəhid oldu. Onun səngərində atəş səsləri uzun müddət davam etdi.”


Qısa arayış: - Qəhrəmanov Bilal Qəhrəman oğlu 1969-cü il iyunun 2-də Gədəbəy rayonunun Yenikənd kəndində anadan olub. 1990-cı ildə rayon hərbi komissarlığı tərəfindən Kalininqrad şəhərinə təhsil almağa gödərilir. Amma erməni təcavüzü ona təhsilini davam etdirməyə imkan vermədi. 1991-ci ildə Vətənin müdafiəsinə gəlir və könüllü olaraq Ağdam, Ağdərə və Xocavənd istiqamətlərində gedən döyüşlərə atılır, dəfələrlə fərqlənir.


161 saylı  hərbi hissədə xidmətdən əvvəl isə Bilal Qəhrəmanov digər birləşmələrin tərkibində çox şərəfli döyüş yolu keçmiş, 1992-ci ilin noyabr ayında  “Fərrux” yüksəkliyi uğrunda gedən döyüşdə  ağır yaralanmış, müalicə olunduqdan sonra yenidən döyüşən ordu sıralarına qayıtmışdır. Məhz yanvar ayının 4-də keçirilən döyüş əməliyyatında  göstərmiş olduğu  şücaət və qəhrəmanlığa görə Qəhrəmanov Bilal  Qəhrəman oğlu Azərbaycan Respublikası Prezidentinin 09 oktyabr 1994-cü il tarixli  fərmanı ilə “ Hərbi xidmətlər görə” medalı ilə təltif edilmişdir  (ölümündən sonra) Hazırda Yenikənd kənd tam orta məktəbi bu cəsur döyüşçünün – tağım komandiri çavuş Qəhrəmanov Bilal Qəhrəman oğlunun adını daşıyır.


Adlarını çəkdiyim qəhrəmanların hər birinin həyat və döyüş yolu ayrı-ayrılıqda bir Vətənpərvərlik nümunəsidirlər. Lakin onların hər üçü eyni vaxtda Azərbaycan kişisinin, Azərbaycan oğlunun və ən nəhayət Azərbaycan əsgərinin mərdlik, cəsurluq və  qəhrəmanlıq rəmzidirlər.


Bəli ötən əsrin 90-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış Azərbaycan dövləti bədnam qonşularımızla müharibə apara –apara öz ordusunu da formalaşdırmağa başladı. Bu ordunun əsasını isə əlbətdə ki, Azərbaycan əsgəri, onun qəhrəmanlığı, cəsarəti və Vətənə olan böyük sevgisi təşkil edirdi.  Bu illər ərzində böyük inkişaf yolu keçmiş Azərbaycan Silahlı Qüvvələri hər zaman xalqımızın dayaq və güvənc yeri olmuş, günbəgün möhkəmlənərək əzəmətli orduya çevrilmişdir.  Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunacaq aprel döyüşləri i bunu bir daha sübut etdi və bu döyüşlər zamanı Azərbaycan əsgəri qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə hər an hazır olduğunu bütün dünyaya göstərdi. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, “Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur”.

 
Bu döyüşlər zamanı canlarını müqəddəs Vətən torpağı uğrunda fəda edən Şəhidlərimiz isə öz şərəfli ölümləri ilə Millətimizin tarixinə yeni və daha parlaq bir qəhrəmanlıq salnaməsi yazdılar.


Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

                                                                                     

Ayxan Sadiq

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır