Modern.az

Türkçülüyün kiçik Turanı: Azərbaycan Cümhuriyyəti! - II Yazı

Türkçülüyün kiçik Turanı: Azərbaycan Cümhuriyyəti! - II Yazı

Ədəbi̇yyat

7 Yanvar 2017, 11:46

Dos., Dr. Faiq Qəzənfəroğlu


Şimali Azərbaycan türkləri arasında “Azərbaycan” milli ideyası öz yerini gücləndirməyə çalışdığı bir dövrdə, bu dəfə “Azərbaycan” isminə qarşı etirazlar Qacarlar dövlətindən, daha doğrusu bu dövlətdə “İran”, “İranlı” adlarıyla pərdələnən fars şovinistlərindən gəlməyə başladı. Belə ki, Tehranda nəşr olunan “Novbahar” qəzeti 1918-ci ilin əvvəllərində  yayımladığı saylarının birində Şimali Azərbaycan türklərinin “Azərbaycan” ideyası zəminində Azərbaycan muxtariyyəti uğrunda mübarizə aparmasını tənqid edirdi. “Novbahar” qəzetinin irançı ideoloqlarına görə, Azərbaycan muxtariyyəti ideyası “İran” dövlətinin istiqlalına qarşı olub “İran Azərbaycanı”nı da özünə birləşdirmək niyyəti güdür. “Novbahar” qəzetinin müdiri Məlikşüəra yazırdı: “Qafqaz Azərbaycanı türklərinin islamiyyət evində özlərinə məxsus otaq tutmağa haqqları yoxdur: məgər inke özlərinə məxsus olan otağa bizə, yəni İrana, yainki Osmanlı türklərinə ilhaq edələr”.


M.Ə.Rəsulzadə “Novbahar” qəzetinin bu iddiasına cavab olaraq yazırdı ki, onların əsas hədəfi “İran dövləti” ya da “İran Azərbaycanı” deyil, Bakı, Gəncə, İrəvan və qeyri əyalətlərdən ibarət olan Qafqaz Azərbaycanı türklərinin muxtariyyəti və istiqlalıdır. Milli ideoloqumuza görə, bu mənada ““Novbahar” müdiri möhtərəm Azərbaycan adından nahaq xof və dəhşətə düşmüşdür... Azərbaycan yüz on il bundan qabaq havayi-ruzigardan təqsim olundu və Araz çayının Şimal tərəfində olan qitələri rus aldıqdan sonra Azərbaycan adını götürüb Zaqafqasiya adlandırdılar ki, Məvarayi-Qafqaz olsun”.


Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra da “Azərbaycan” ismi üzərindən müzakirələr davam etmiş, bu müzakirələrin mərkəzində isə Bakıdakı “Azərbaycan” qəzeti ilə Tehrandakı “İran” qəzeti dayanmışdır. Belə ki, Rəsulzadə 1919-ci ilin aprelində “Azərbaycan” qəzetində yayınlanan “İran və biz” məqaləsində Qacarlar dövlətindəki irançıların “Azərbaycan” adı üzərindən sui-istifadə etmələrinin doğru olmadığını yazmışdır. Milli ideoloqumuz Qacarların sülaləsinin Türk kimliyini, eyni zamanda türklərin, o cümlədən Azərbaycan türklərinin Qacarlar dövlətindəki ana varlığını nəzərdə tutaraq yazırdı ki, Cümhuriyyətlə Şahlıq arasında iqtisadi, ədəbi, tərbiyəvi, ən əsası böyük bir qohumluq vardır. Bü baxımdan irançı aydınların Azərbaycanın şimalında yaranan Türk Cümhiyyətinin isminə düşməncəsinə münasibət bəsləyərək bunu, “İran”a təhdid kimi görmələrini doğru qəbul etməyən Rəsulzadə hesab edirdi ki, “Azərbaycan” adını Qacarlar dövlətinin bir hissəsi olan Azərbaycana bağlayaraq başqa mənalara yozmağın bir anlamı yoxdur: “Azərbaycan derkən qəsdimiz Şimali Azərbaycan və yaxud Qafqasiya Azərbaycanıdır ki, əski Aran ilə Şirvan və Muğanı ehtiva edər. Azərbaycan ismi isə coğafi istilah olmaqdan ziyadə qövmi bir məna ilə işlənmişdir. Biz kəndimizi Azərbaycan dili ilə (ki türkcənin bir növüdür) mütəkəllim məxsus bir qövm ədd edəriz. Bu qövmün ismi nə Aran, nə Şirvan, nə də Muğandır. Yalnız Azərbaycandır”.


Bizcə, Rəsulzadə bu məqaləsində yeni Türk dövlətinə niyə “Azərbaycan” adının verilməsi məsələsinə əsasən nöqtə qoymuşdur. Milli ideoloq “Azərbaycan” adının yalnız coğrafi ya da vətən anlamında başa düşülməsini yanlış olduğunu, burada əsas məsələnin “Azərbaycan” kəliməsinin milli kimlik olaraq anlaşılmasının önəmini vurğulamışdır. Başqa sözlə, “Azərbaycan” kəliməsinin milli kimlikdən uzaqlaşaraq coğrafiya ya da vətən anlamında başa düşülməsini doğru qəbul etməyən Rəsulzadə hesab edirdi ki, türklüyün, o cümlədən Azərbaycan türklüyünün sinonimi olan “Azərbaycan” kəliməsi yenidən milli kimlik anlamında çar Rusiyasının işğalından sonra ortaya çıxmışdır. Belə ki, çar Rusiyasının “Azərbaycan” adına qoyduğu qadağalara baxmayaraq, 19-cu əsrin ikinci yarısından etibarən Gəncə, İrəvan və Bakı vilayətlərindən Sankt-Peterburqa, Moskvaya təhsil almağa gedən tələbələr “Azərbaycan cəmiyyəti” adlı təşkilatlar qurmuş, burada keçirdikləri tədbirlərinə “Azərbaycan gecəsi” ismini vermişlər. Eyni zamanda, Qafqaz türkcəsindən ruscaya lüğət tərtib edən milli aydınımız S.M.Qənizadə kitabını “Azərbaycan türk dili-Rusca lüğət” adlandırmışdır. Rəsulzadə yazırdı: “Ola bilər düşünülsün ki, başqa bir isimlə olsa da məxsus bir qövm olmaq əsası və xüsusiyyəti uya bilər bir kütlə olduğu üçün mətlub degildir. Böylə bir düşüncənin, əlbəttə ki, ciddi mütəfəkkirlərcə beş para qiyməti olamaz. Çünki  o zaman Cümhuriyyətimizi təşkil edən qövmin qövmiyyətini inkar etmək, ona kəndi müqəddəratını təyin həqqini verməmək icab edər. Böylə bir vəziyyətə ruslar, ingilislər, firəng və sair xristian millətlər durmadığı halda dindaş bir dövlətin duracağını qətiyyən təsəvvür etməyiz. Böylə olunca Azərbaycanın nə ismi, nə də  cismi iranlı qardaşlarımızda şəkk və şübhə hissi oyatmamalı, yanı başlarında bir Ermənistan, bir Gürcüstan hökuməti təşəkkül etdigi bir zamanda, bir də həmkeş (dindaş, məzhəbdaş – F.Q.) və əqraba bir Azərbaycan Cümhuriyyətinin təşəkkül edib kəsbi-qüvvət etməsini səmimanə bir surətdə arzu etməlidirlər”.


Ancaq Rəsulzadənin bütün bu uzlaşdırıcı fikirlərinə baxmayaraq, Qacarlar dövlətini yıxmaqda qərarlı olan irançı ideoloqlar başda “İran” qəzeti olmaqla yazırdılar ki, Qafqazın bir qimindən ibarət olan Türk dövlətinə “Azərbaycan” isminin verilməsi doğru deyildir. Çünki “Azərbaycan” adı yalnız “İran”ın qədim vilayəti kimi tanınan Azərbaycan əyalətinin haqqıdır. Bir sözlə, irançı ideoloqlar bütün vasitələrə əl ataraq “Azərbaycan”ı tarixi-coğrafi anlamda sözdə “İran”ın qədim əyaləti kimi qələmə verir, mümkün qədər türklük və turanlılıqdan uzaq tutmağa çalışırdılar.


Şübhəsiz, irançı ideoloqların “İran Azərbaycanı” iddiasına qarşı çıxan Rəsulzadə “Azərbaycan və İran” adlı növbəti məqaləsində bir daha yazırdı ki, Qafqazdakı Azərbaycan türk milləti, azərbaycanlılar “Azərbaycan” kəliməsini çoğrafi mənadan çox milli mənsubiyyət olaraq qəbul edirlər. Deməli, dünyada “Azərbaycan” adlı bir coğrafiyayla yanaşı “Azərbaycan camaatı” da vardır. Milli ideoloqumuza görə, “Azərbaycan camaatı” da özünə məxsus bir ləhcə ilə danışan Türk xalqlarından bir millətdir ki, o, başqa adla Qafqaz türkləri də olaraq tanınır. Bu anlamda Qafqaz türklərinin ədəbiyyatı, teatrı, operası, dili də “Azərbaycan”la bağlıdır. Beləliklə, coğrafi anlayışlar üzərindən müzakirələr aparılmasını doğru saymayan Rəsulzadə “Azərbaycan” ideyasında əsas vurğunun milli kimlik üzərində qurulmasını vacib hesab etmişdir: ““Qafqaz müsəlman türkləri” ilə azərbaycanlı təbirinin eyni mənanı ifadə etdiklərini coğrafiya nöqteyi-nəzərindən cərh (yaralama, sancma) eləmək mümkün olsa da, qövmiyyət nöqteyi-nəzərindən bunu inkar etmək mümkün deyildir. Zira İrəvan, Gəncə və Bakı quberniyalarındakı türklər ilə Ərdəbil, Marağa, Xalxal, Təbriz və Qaracadağ mahallarındakı türklərin  biri-birindən nə ilə ayrıldıqlarını mən yaxşı fərq edəmiyoram. Eyni dil, eyni adət, eyni məzhəb, eyni ənənələr burada da, orada da hökmfərma, ortada yalnız yüz illik digər bir siyasi həyat ilə yaşamanın təsiri mövcuddur. “Qafqaz müsəlman türkləri”nin “İran müsəlman türkləri” kimi tanınan bir ismi vardır: Azərbaycan türkü”.


Beləliklə, “Azərbaycan” kəliməsini milli kimlik anlamında irəli sürənlər Azərbaycan Cümhuriyyətini milli həyat yaşamaq istəyən Azərbaycan türk millətinin təsis etdiyi bir dövlət olaraq görürdülər. Azərbaycan türk millətinin də “Azərbaycan Cümhuriyyəti” adından Qacarlardakı Azərbaycan türklərinə görə imtina etməsi məntiqli hesab olunmurdu. Qaldı ki, irançıların Azərbaycan Cümhuriyyəti adı altında öncə Qafqaz Azərbaycanı türklərinin, daha sonra da Qacarlardakı Azərbaycan türklərinin istiqlalını istədikləri müddəasına, Azərbaycan türk aydınları bunu da əsassız hesab etmişlər.


Deməli, yeni Türk dövlətinə “Azərbaycan Cümhuriyyəti” adını verən başda M.Ə.Rəzulzadə olmaqla, milli ideoloqların düşüncəsində nə keçmişə yönəlik türksüz “Azərbaycan tarixi” yaratmaq, nə də gələcəyə yönəlik türksüz “Azərbaycan dili” anlayışnı ortaya atmaq fikri əsla olmamışdır. Rəsulzadə açıq şəkildə yazırdı ki, Azərbaycan Cümhuriyyəti dövlətini, “Azərbaycan Cümhuriyyəti tarixini”, “Azərbaycan Cümhuriyyəti mədəniyyətini”, bu dövlətin Türk dilini, bir sözlə “Azərbaycan” anlayışını Türklükdən, Türk mədəniyyətindən, Türk dövlətçiliyindən, Türk tarixindən ayrıca hesab etmək mümkün deyildir.  M.Ə.Rə­sul­zadə yazırdı: «I Dünya müharibəsindən əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, Şimali İranda mövcud olan Təbriz ilə ətrafına deyilirdi. Hərbdən və böyük Rusiya inqilabından sonra dil­lər­də dolaşan Azərbaycan hazırda Azərbaycanın şima­lın­da Cənubi-Şərqi Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi Ba­kıdır. Azərbaycanlılar milliyyət etibarilə türk, din etiba­ri­lə islam, mədəniyyəti-əsasiyyə etibarilə şərq­li­dir­lər».


Eyni zamanda M.Ə.Rə­­sul­zadə yazırdı ki, bu Cüm­hu­riy­yət “Azərbaycan” adlansa da əslində bir türk hökuməti, başqa sözlə kiçik Türkiyədir. Deməli, bu ölkənin adının nə cür adlan­ma­sından asılı olmayaraq Azərbaycan Cümhuriyyəti bir türk dövləti, bir türk hökumətidir.  M.Ə.Rəsulzadə «Azər­baycan» sözünə sinonim kimi «kiçik Türkiyə» ifadəsini də bu mənada işlətmişdir. Hər halda açıq şəkildə hiss olunur ki, Cümhuriyyət ideoloqları milli mənsubiyyət, milli dili, milli mədəniyyəti, dövlətçiliyi, dövlət ənənə­lərini həm «Azər­­bay­can»-azər­bay­cançılıq, həm də türkçülük-turançılıq ideyaları əsasında təbliğ ediblər. Fikrimizcə, bundan çıxış edərək M.Ə.Rəsul­zadə yazır ki, Rusiyada yaşayan Qafqaz müsəl­manlarını «türk», ölkələrini «Azərbaycan» kimi qəbul etdir­mək qaza­nılmış bir dava idi. Onun fikrincə, «Azərbaycan» sö­zü artıq xalqın düşüncəsində də coğrafi mənadan ideoloji mənaya çevril­miş­dir: «Xalqın düşün­cəsində AZƏRBAY­CAN məfhumu coğrafi bir mənadan ziyadə (daha çox – F.Q.) fikir və əməl şəklində təcəssüm ediyor».


Deməli, «Azərbaycan», «azərbaycanlılar» anlayışları yal­nız birinci Dünya müharibəsi dövründə, xüsusilə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması ilə «tarixi-coğra­fi» yaxud da coğrafi məkan, vilayət, əya­lət anlamlarından kənara çıxaraq siyasi-ideo­loji mənada milli ideologiya səviyyəsinə qədər yüksəl­mişdir. «Az­ər­baycan» anlayışının milli ideyalardan birinə çevrilməsi nəticəsində də «Azərbaycan milləti», «Azərbay­can türk mil­lə­ti», «azərbay­canlı», «Azərbaycan xalqı», «Az­ər­baycan türk di­li», «Azər­baycan türk dövləti» kimi istilah­lar  ölkə daxi­lin­də və onun xaricində sta­tus qazanmağa başlamışdır. Ancaq burada “Azərbaycan milləti”, “azərbaycanlı”, “Azərbaycan dili” kimi anlayışlar Türk milləti, Türk, Türk dili eyniliyindən başqa heç bir anlam kəsb etməmişdir. Çünki Rəsuzladənin təbrincə desək, “Azərbaycan” coğrafiyadan çox milli kimliyi ifadə edir ki, bu ulusun da bir adı var: Azərbaycan türkü!!!

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər