Modern.az

Hacı Zeynalabdin Tağıyevin Bakı müsəlmanlarına MƏKTUBU

Hacı Zeynalabdin Tağıyevin Bakı müsəlmanlarına MƏKTUBU

Ədəbi̇yyat

7 Yanvar 2017, 14:19

"İrşad "qəzetinində məktəb və maarifçilik məsələlərinə aid yazılarla maraqlananda  burada H.Z.Tağıyevin imzası ilə verilmiş bir yazıya təsadüf etdim. Maraqlı idi. Öz adını belə, yaza bilməyən məşhur milyonçu bu yazını nə üçün ictimai müzakirəyə çıxarıb?

Yazıda söhbət qızları "Bakı Müqəddəs Nina Qız məkrtəbi"ndə oxuyan müsəlman qızların valideynlərinin Hacı Zeynalabdin Tağıyevə maraqlı bir müraciətindən gedir. 

Məlumdur ki, adı çəkilən məktəbdə dərslər rus dilində tədris edilirdi. Başqa sözlə, bu məktəb təlimi rus dilində olan təhsil ocağı idi. Adından göründüyü kimi, bu məktəbdə dinindən və milliyyətindən asılı olmayaraq,bütün  qızların  oxumaq hüququ var idi. 

Məktəbin təkcə şəriət müəllimindən savayı, bütün  müəllimləri qadın idi.  Bu da müsəlman valideynlərin ürəyincə deyildi. Onlar  H.Z.Tağıyevdən bu müəllimin dəyişilməsini xahiş edirdilər. Çətin məsələ idi.   Lakin elm, təhsil və  maarif  məsələlərini  qiyətləndirməyi bacaran H.Z.Tağıyev bu dəfə də  öz sözünü deyə bilir. O, ana dili və şəriəti dərindən öyrənmək üçün valideynlərə  öz qız övladlarını ibtidai məktəbi ana dilində  olan məktəblərdə oxutmağı məsləhət görürdü. Bu cəhətdən  nümunəvi qız məktəbinin də adı çəkilirdi:

"Bakı Qız Məktəbi ".


H.Z.Tağıyevin pedaqoji və əxlaqi fikirlərini 110 ildən sonra elmi ictimaiyyətə çatdırırıq. 

Nazim Nəsrəddinov,
Əməkdar müəllim,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, türkoloq


Məktub  ("İrşad" qəzeti,17 sentyabr 1906-cı il, N 218)

“Cənab mühərrir  ( Müraciət edilən zaman "İrşad" qəzetinin mühərriri, müdiri və imtiyaz sahibi Əhməd bəy Ağayev, naşiri İsa bəy Aşurbəyov idi-N.N.)

Bakı şəhər müsəlmanları  bəndənizə müraciət edib xahiş etdilər ki, Qafqaz Nahiyyə Maarif İdarəsinə vəsatət (vasitəçilik-N.N.) edəm ki, "Bakı Ünas (qadın) Svyataya Nina  Məktəbi"ndə təlim almaqda olan müsəlman qızları üçün elmüilahi və türk dili dərslərini tədris edən  müəllim kişidən olmayıb, ünas (qadın) taifəsindən iqtidarlı  birisini şəriət müəllimliyinə təmim ( bir işi ümumə aid etmək) etsinlər.

Əlbəttə, bir məktəb ki orada təlim alan ünas taifəsidir, onların ruhani və cismani  şəriətə mütəəlliq (aid-N.N.)  dərsləri    yenə öz cinslərindən bir  müəllimənin təlim və tədris eləməsi  zəruridir.

Və zəmanə burasını da mənə aşkar elədilər ki, Bakı Müsəlman Qız Məktəbi müəllimlərindən birinin məzkur ( həmin-N.N.) məktəbə gedib dərs demələrinə müsaidə (icazə-N.N.) edəm. Halbuki bu heç bir cəhətlə mümkün olmayacaqdır. Çünki: hal-hazırda  Qafqazda bizim ünas  taifəsindən  türk dili və şəriət dərsi  təlim eləməgə müqtədir müəllimə tapmaq çox müşküldür.  

Filhal (indi,bu saat-N.N.) Müsəlman Qız Məktəbinin müəllimələrindən  birisin məzkur (haqqında danışılan-N.N.) məktəbin şəriət dərslərini təmim (bir işi ümumə aid etmə-N.N.) etməgə mühəvvəl ( həvalə-N.N.) etsək, onda bizim məktəbin talibati (tələbələri-N.N.) dərssiz qalacaqdır.
Məəhaza (bununla bərabər-N.N.) mən öz tərəfimdən belə məsləhət görürəm ki, yaxşı olardı ki, o müsəlmanlar ki, öz qız övladlarlnı ana dili və şəriət dərsi oxumağı xahiş edirlər, onlar gərək qabaqca  qızlarını vereydilər  Bakı Müsəlman Qız Məktəbinə, oranı ikmal edib (qurtarıb-N.N.) öz ana dili və şəriətə xəbərdar olandan sonra  çox asanlıqla  "Svyataya Nina Məktəbi"nin dördüncü qlasına (sinfinə-N.N.) imtahan verib daxil  ola bilərdi.

Hacı Zeynalabdin Tağıyev”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir