Modern.az

İranın ən liberal prezidenti - Əli Əkbər Rəfsəncani - FOTOLAR

İranın ən liberal prezidenti - Əli Əkbər Rəfsəncani - FOTOLAR

9 Yanvar 2017, 12:29

İran siyasətinin ən nüfuzlu simalarından sayılan Əli Əkbər Haşimi Rəfsəncani ürək tutmasından vəfat etdi. 82 yaşında keçinən siyasətçi hazırki prezident Həsən Ruhanin ən yaxın müttəfiqi sayılırdı.

 

 

Modern.az saytı Əli Əkbər Rəfsəncaninin həyatı və siyasi fəaliyyəti ilə bağlı əsas məqamları diqqətə çatdırır.

 

O, ölkəsinin ən ciddi siyasətçilərindən biri sayılırdı. Rəfsəncani 1934-cü il avqustun 25-də Nuq şəhərində anadan olub.

 

Qumda dini təhsil alaraq müasir İranın banisi, İslam İnqilabının əsas ideoloqu Ruhulla Xomeyninin ən yaxın tərəfdarı idi. Hətta 1989-cu ildə Xomeyninin vəfatından sonra məhz Rəfsəncanidən İranın ali dini lideri olması gözlənilirdi. Lakin o, ikinci planda qalmağa üstünlük verdi və rəhbər funksiyalarının Əli Xameneyiyə ötürülməsinə mane olmadı. Bunun qarşılığında isə özü İranın prezidenti (1989-1997) postunu tutdu.

 

 

Rəfsəncani İran siyasətinin mötədil praqmatik qanadının nümayəndəsi idi və İran iqtisadiyyatının liberallaşması məhz onun prezidentliyi dövründə baş verdi. Radikal mühafizəkarlarla daim mübarizə içində olan siyasətçi həm də ölkənin ən zəngin insanlarından biri sayılırdı. “Forbes” jurnalının yazdığına görə, 2003-cü ildə Rəfsəncani ailəsinin şəxsi kapitalı 1 milyard dollardan çox idi. 2005-ci ildə yenidən prezidentlik yarışına qoşulsa da, o, mühafizəkar, Tehranın keçmiş meri Mahmud Əhmədinejata məğlub oldu.

 

Keçmiş prezident uzun illər idi ki, İran parlamenti və Konstitusiya Mühafizəçiləri Şurası arasında mübahisəli məsələləri yoluna qoyan məşvərətçi orqana sədrlik edirdi. Onun dövründə bu orqanın böyük nüfuzu mövcud idi.

 

Digər tərəfdən, Rəfsəncani ABŞ-la nüvə proqramı məsələsində qarşılıqlı güzəştlərin və sülh yolunun tərəfdarı idi. Lakin onun ölümü şəraitində islahatçılar qanadını çətin günlər gözləyir. Belə ki, məhz onunla ittifaqda Həsən Ruhani İrandakı prezident seçkilərini qazanmışdı. Onun ölümü mühafizəkarlara qarşıdan gələn seçkilərdə daha inamlı olmağa yardım edəcək.

 

Son rəy sorğularına görə, Həsən Ruhaniyə respondetlərin yalnız 38%-i səs verməyə hazırdır. Əksəriyyət Tehran sakini Suriyada İran qoşunlarına başçılıq edən, İran İslam İnqilabı Mühafizə Korpusunun “Qüds” qruplaşmasının komandanı, general Qasım Süleymaniyə səs vermək istəyir.

 

Ekspertlərin fikrincə, ABŞ-da İsrailin yaxın dostu sayılan Donald Trampın prezident seçildiyi şəraitdə islahatçı Əli Rəfsəncaninin siyasət arenasından getməsi region və dünya ölkələri üçün nikbin heç nə vəd etmir.

 

Şəxsi həyatına gəlincə, Əli Əkbər Rəfsəncani Əffat Maraşi ilə evli olub. Cütlüyün 3 oğlu (Mehdi, Möhsün, Yasir) və 2 qızı (Fayezə və Dilma) olub. Böyük oğlu Mehdi Fransanın "Total" şirkəti ilə bağlı korrupsiya qalmaqalında əsas fiqur olub və 10 il müddətinə azadlıqdan məhrum edilib.

Vüqar İSMAYILOV

   

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı