Modern.az

Tanınmış jurnalist: “Heç bir nazirə simpatiyam yoxdur” - MÜSAHİBƏ

Tanınmış jurnalist: “Heç bir nazirə simpatiyam yoxdur” - MÜSAHİBƏ

9 Yanvar 2017, 13:53

Tapdıq Fərhadoğlu: “Mirşahinə Corc Buşa sual verməyə imkan vermədilər”


“Amerikanın səsi” radiosunun və “Turan” informasiya agentliyinin əməkdaşı, tanınmış jurnalist Tapdıq Fərhadoğlu Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik.

-Tapdıq müəllim, necəsiniz? İşləriniz qaydasındadır?

-Çox sağ olun, hər şey qaydasındadır.

-Müsahibəyə gəlməzdən öncə, siz də, kimdənsə müsahibə alırdınız. Jurnalist leksikonu ilə desək, kimi sıxışdırmağa çalışırdınız?

-Mən heç kimi sıxışdırmıram. Sadəcə olaraq problemlərlə bağlı suallar verirəm. Bu gün mənim qonağım Azərbaycan prezidentinin keçmiş köməkçisi Eldar Namazov idi. Ondan ölkədəki daxili-siyasi situasiya ilə bağlı müsahibə götürürdüm.

-Neçə ildir, “Amerikanın səsi” və “Turan” agentliyində çalışırsınız. Eyni yerdə, saymaqdan, statik qalmaqdan yorulmamısınız?

-Mən jurnalist fəaliyyətinə hələ sovet dönəmində başlamışam. O zaman aspiranturaya iş vermək üçün, ən azı 2 elmi məqalə dərc etdirməli idin. Mən aspiranturaya iş verəndə elmi məqalələr dərc etdirdim. Bununla da, jurnalist fəaliyyətinə başladım. Sonra, sovet dönəmində yerli müəssisələrin qəzetləri var idi. Həmin qəzetlərdə, Azərbaycan Demokratik Respublikası, onun tarixi, ordu quruculuğu, dövlət fəlsəfəsi sistemi ilə bağlı məqalələrlə çıxış edirdim. 1990-cı ildən isə “Azadlıq” qəzetində fəaliyyətə başladım. 1993-cü ildə, “Turan” agentliyində, 1994-də isə “Azadlıq” radiosunda işləməyə başladım.
Bu gün də “Turan” agentliyində və 15 ildən çoxdur ki, “Amerikanın səsi” radioasunda fəaliyyətimi davam etdirirəm.

-Bildiyimə görə, jurnalist kimi müharibədə də iştirak etmisiniz.

-Qarabağ müharibəsində həm jurnalist, həm də vətənpərvər bir obrazda  vətəndaş kimi iştirak etmişəm. Elə zaman olub ki, komandirlərə kömək etmişəm. Hətta elə bir vaxt olub ki, topçunun köməkçiləri, ona mərmi daşıyanlar qaçıb. Bu zaman həmin topçunun mərmisini daşımışam. Həyat elə gətirib ki, Ağdərə döyüşlərində iştirak etmişəm. Döyüşlərlə bağlı çoxlu sayda məqalələr yazmışam. Şuşanın son günlərində orada olmuşam. Laçında da olmuşam. Azərbaycanın döyüş gedən bütün bölgələrində bir jurnalist kimi olmuşam və məqalələr yazmışam.

-Şuşanın son günlərində orada olduğunuzu dediniz. Tarixə çox ekskursiya etməyəcəyəm. Sadəcə bir jurnalist kimi, müşahidələriniz maraqlı gəlir mənə. Şuşa niyə işğal olundu?

-O dövrün hərbi-siyasi mənzərəsi çox mürəkkəb idi. Azərbaycanın paytaxtında hakimiyyət məsələsi həll olunurdu. Hərbi qurumlar təzə yaranmağa başlamışdı. Əsasən, vətənpərvər qüvvələrdən ibarət batalyonlar döyüşürdü. Hərbi komandanlıqda vahid rəhbərlik yox idi. Hətta cəbhənin özündə vahid komandanlıqla əlaqə yaratmaq mümkün deyildi. Texniki, vasitələr yox idi, silah-sursat, ərzaq çatışmırdı. Buna görə də, kim necə istəyir, elə də döyüşürdü. Hamı qalib gəlmək üçün yox, qəhrəman olmaq üçün döyüşürdü. Vahid idarəetmə, vahid əmrə tabe olmaq sistemi olmadığına görə, Azərbaycan ordusu, vətənpərvər qüvvələr məcbur idi ki, geri çəkilsin. Həm də erməni tərəfinə Rusiya kömək edirdi. Onlarda Rusiya silahları var idi. Ermənilər Rusiya hərbçiləri tərəfindən idarə olunurdu. Rusiyanın kəşfiyyat, hərbi əks-kəşfiyyat idarələri məlumatları ermənilərə çatdırırdı. Onlar da lazım olan nöqtələri, toplarla, digər artilleriya qurğuları ilə vura bilirdi. Buna görə də, Azərbaycan ordusu məğlubiyyətə düçar olurdu.

-1990-cı illərin jurnalistikası indikindən çox dinamik olub. Mən, o dövrlərdə uşaq idim, amma 1990-cı illərdə jurnalist işləyənlərlə söhbətim əsnasında bu qənaətə gəlmişəm. Hər halda, siz də rəsmi şəxslərlə çox ünsiyyətdə olmusunuz. Hətta mərhum prezidentlər Heydər Əliyev və Əblüfəz Elçibəylə də.

-İstər Əbülfəz Elçibəy, istərsə də, Heydər Əliyevə suallar vermişəm, cavablar almışam. Azərbaycanın  hazırkı prezidenti İlham Əliyevə də suallar verib cavablar almışam. Bəzən kəskin, bəzən isə çox kəskin suallar vermişəm. Normal da cavablar almışam.

-Heydər Əliyevə kəskin suallar verəndə, qeyri-iradi olaraq içinizdə bir qorxu, həyəcan yox idi ki?

-Jurnalist həyəcanlansa, heç bir sual verə bilməz. Jurnalist qabaqcadan hazırlaşır, müsahibi haqqında məlumatlar toplayır. Jurnalist birdən-birə, düşünmədən prezidentə sual verə bilməz axı. Düzdür, təsadüfi hallar da olur. Amma bütün məqamlarda jurnalist sual verirsə, hazırlıqlı olmalıdır.

-Sizinlə müsahibəyə gələrkən də haqqınızda bəzi kiçik araşdırma aparmışam. Suala belə başlayacağam. Mirşahin Ağayevlə aranız necədir?

-Mənim bütün jurnalistlərlə münasibətim yaxşıdır.  Hansı mövqedə durmasından asılı olmayaraq. Jurnalist kiminsə, nəyinsə, hansısa sistem və ya quruluşun ruporuna çevrildisə, o, artıq jurnalistika deyil. Jurnalist mövqe ilə çıxış edirsə, bu, artıq jurnalistika deyil. O, artıq sifarişə, qrup marağına tabe olan şəxsdir. Mənim Mirşahinlə də, digər jurnalistlərlə də normal münasibətim var.

-Eşitdiyimə görə, sizinlə Mirşahin ABŞ-da səfərdə olarkən Mirşahinə Corc Buşa sual verməyə imkan verməyiblər. Hətta mühafizəçi ona müdaxilə etməli olub.

-Prezidentlərin mətbuata bəyanat vermək qaydaları var. Burada hər bir şəxsin öz yeri var. 2006-cı ildə Corc Buşla İlham Əliyev görüşürdü. Burada sual verməklə bağlı vaxt ayrılmamışdı. Ağ Evdə prezidentlərin görüşündən sonra Mirşahin Corc Buşa sual verməyə çalışdı. Amma Mirşahinə Corc Buşa sual verməyə imkan vermədilər. Çünki belə bir rejim müəyyən edilməmişdi ki, jurnalist sual versin. Jurnalist yalnız dinləmək və çəkmək hüququna malik idi.

-Bayaq rupor dediniz. Bilirəm, ehtiyatlı ifadə işlədən jurnalistsiniz. Amma mən yenə də bu sualı verim. İndi hansı tanınmış jurnalistlər rupordur?

-Mən heç kimin adını çəkmək istəmirəm. Rupor o şəxslərdir ki, məsələn, “mənim qardaşım” deyirlər. Sual olunur. O, sizin qardaşınızdırsa, qarşı tərəf kimdir?! Bu da bir başqasının qardaşı olur. Jurnalist yiyəlik əvəzliklərindən çox istifadə edirsə, bu, artıq onun mövqeyidir. Artır o rupordur. Jurnalist müşahidəçi olmalıdır. Hadisələri görür, lentə alır, onun haqqında dəqiq, əhatəli, qərəzsiz məlumat toplamağa çalışır. Bu, jurnalistikadır. Məsələn, hər hansı bir yanğın baş verib. Jurnalist deyə bilməz ki, mənim binamda yanğın olub. Çox sadə misallarla izah edirəm. Mənim binam deyərkən, artıq sənin ürək yanğın var. Jurnalistikada hisslər qəbul olunmur. İki prinsipi qeyd etmək lazımdır. Birincisi jurnalist rupor olmamalıdır. İkincisi, jurnalistin hazırladığı material kimdəsə göz yaşı, kimdəsə qəhqəhə yaradacaqsa, bunun jurnalistə dəxli yoxdur. Jurnalist ədalətli prinsiplərlə obyektiv məlumat yaymalıdır.

 

-Nə qədər ədalətli olmağa çalışsaq da, bilərəkdən ya da bilməyərəkdən ədalətsizliyə də yol veririk. Tapdıq Fərhadoğlu jurnalist fəaliyyətində ədalətsizliyə yol veribmi?

-Jurnalist bəzən hadisələrin içinə daxil ola bilir. Bəzən elə ürəkyandırıcı hadisələrlə rastlaşırsan ki, sən özün bir qurbanın, göz yaşının, ədalətsizliyə məruz qalanın tərəfinə keçirsən. Jurnalistin “ədalətsizliyi” belə hallarda olur. Lakin bu halda jurnalistin redaktoru var. Redaktor, məqaləni, süjeti tənzimləyir. Jurnalist özü də insandır. Çox zaman o istənilən hadisənin fövqündə dayana bilmir. Bəzən görürsən ki, efirdə jurnalistlər ağlayır.

-Qərb mətbuatını izləyirəm. Bir xüsusiyyət diqqətimi daha çox cəlb edir: hökumətdəki mənbələrin nüfuzlu nəşrlərə məlumatlar ötürməsi. Siz də neçə ildir, jurnalistsiniz, hökumətdə informasiya mənbələriniz varmı? 


-Mən jurnalist kimi heç zaman tərəfə çevrilməyə çalışmamışam...

-Mənbələrlə işləmək tərəfə çevrilmək anlamına gəlmir axı!

-Bəzi hallar olur ki, hansısa məsələni işıqlandırmaq istəyirsən. Aidiyyatı qurumun mətbuat xidmətinə zəng edirsən. Ona zəng etmək artıq özü məlumatdır. Mətbuat xidməti isə deyir: “5 dəqiqdən sonra zəng et, sənə cavab verəcəyəm”. 5 dəqiqədən sonra, 50 dəfə zəng edirsən, telefona cavab vermir. Belə hallar da olur. Elə mətbuat xidmətləri də var ki, jurnalistlə əlaqə qurur,  işləmək üçün şərait yaradır. Hətta sual edir ki, filan hadisəni necə işıqlandıra bilərsən.

-Hiss etdim ki, sualdan məharətlə yayınmağa çalışırsınız. Siz mətbuat xidmətlərini dediniz, bu, əməkdaşlığın prosedur qaydalarına uyğun olan, görünən tərəfidir. Mən hökumətdəki mənbələrdən informasiya almaqdan söz açdım. Məsələn, “Vaşinqton Post”, “Reuters” yazır ki, filan məsələ ilə bağlı, hökumətdəki üç fərqli mənbə bu haqda məlumat verib. Sizin də belə mənbələriniz var?

-“Vaşinqton Post” hökumətə müraciət edir. Hökumətdəki mənbə, öz adının, vəzifəsinin, statusunun dərc olunmasına icazə vermir. Ancaq deyir ki, bu məlumatı hökumətdəki rəsmi mənbəyə istinadən yaza bilərsən. Jurnalist bu təsdiqi alandan sonra məlumatı yazır. Bizdə də bəzən olur ki, informasiyanı təsdiq edirlər. Amma hökumət ya da qeyri-rəsmi mənbələr düşünür ki, bu, onlar üçün, ailələri üçün, karyerası üçün təhlükələr yarada bilər. Buna görə də, adının dərc olunmasını istəmir. Buna görə də, biz də mənbəyə istinadən məlumatı dərc edirik. Çünki heç bir məqalə insan həyatından üstün ola bilməz. Bütün məlumatlar insanların xoşbəxtliyinə, yaxşılığına, doğruluğuna, ictimai mühitin yaxşı inkişafına xidmət etməlidir.

-Düzdür, əlimdə konkret fakt, sübut yoxdur. Amma eşitdiyimə görə, siz “Amerikanın səsi”ndə olan imkanlarınızdan istifadə edərək, bura əlavə müxbir götürülməsinə mane olursunuz.

-“Amerikanın səsi” radiosunun mərkəzi ofisi Vaşinqtonda yerləşir. Onun heç bir müxbiri işə adam götürmür. Çünki müxbir yaradıcı bir şəxsdir. Əgər orada vakansiya açılarsa, bu haqda “Amerikanın səsi” öz saytında elan verir. Vakansiya yerini qoyur və ora müsabiqə elan edir. Buna Tapdıq Fərhadoğlunun və digərinin heç bir təsir etmək imkanı yoxdur. Çünki biz kadr, büdcə, maliyyə məsələləri ilə məşğul olmuruq. Müxbir, jurnalist yaradıcılıq məsələləri ilə məşğul olmalıdır. Digər məsələlərə isə rəhbərlik baxır.

 

-Məmurlarla, siyasətçilərlə münasibətləriniz hansı səviyyədədir?

-Bütün insanlar bir-birilə rastlaşır, salamlaşır, görüşür. Mənim istənilən məmurla, siyasətçi ilə, hüquq müdafiəçisi ilə, adi vətəndaşla da çox normal münasibətim var. Şəxsi münasibətlərdə müəyyən problemlər ola bilər. Ancaq jurnalist-məmur, jurnalist-vətəndaş münasibətlərində adi iş qaydasında əməkdaşlıq mövcuddur.

-Yəni şəxsi işlərinizlə bağlı heç bir məmura müraciət etməməsiniz?

-Jurnalist kimi yox. Amma bir vətəndaş kimi təbii ki, mənim də ailəm var. Mən də məmurlarla münasibətdəyəm. Bu fonda əlbəttə ki, öz hüquqlarımı qanuni şəkildə müdafiə edirəm. Bəlkə də, şəxsi münasibətlərdə mənim tanınmış jurnalist olmağımın da xeyri ola bilər. Hər halda bütün məsələlərimi hökumətlə, rəsmi mənbələrlə qanun daxilində həll etməyə çalışıram. Qanunun pozulduğunu görəndə isə məhkəmələrə müraciət edirəm. Bu yaxınlarda “Azercell”lə problemim yaranmışdı. Məhkəməyə müraciət etdim və “Azercell”i uddum. Bununla da cəriməni üzərimdən götürdülər.

-Ən çox hansı nazirə simpatiyanız var?

-Mənim heç bir nazirə simpatiyam yoxdur. Bütün vətəndaşlara, rəsmi şəxslərə münasibətim, hörmətim var

-Sizin avtomobilinizdən mikrofonunuz oğurlanmışdı. Bu, həm simvolik, elə də həm də maddi baxımdan jurnalist üçün böyük zərbədir. O mikrofon tapıldımı?

-Bu hadisə kameraların qabağında baş vermişdi. Avtomobilimin şüşəsini sındırmışdılar. Öz iş çantamdan mikrofonumu və leyblı götürmüşdülər. Digər texniki vasitələrə isə əl dəyməmişdilər. Kimlərsə hesab edir ki, bununla  mənim obyektiv mövqeyimə təsir edə bilər. 35 ilə yaxındır ki, jurnalistika ilə məşğulam. Bu yaşda insanlar mövqeyindən, obyektivliyindən dönərmi?! Hesab edirəm ki, yox.

-Bəs elə dediyiniz obyektiv mövqeyə görə, hansısa məmurun qınağına tuş gəlmisiniz?

-Bir-iki halda, hətta yüksək vəzifəli məmurlar deyiblər ki, filan fikir düzgün alınmayıb. Şəxsən özümə deyiblər. Bəzi hallarda onların iradını qəbul etmişəm. Fikri bəzən jurnalist tam anlamır. Daha doğrusu onun nə demək istədiyini, fikirdən çıxara bilmirsən. Bu fonda xırda problemlər olub.

-Əgər sirr deyilsə, ailəniz haqqında da məlumat verin.

-Övladlarım var, ali təhsillidirlər. 4 nəvəm var. 2-si birinci sinfə gedir. Digərləri isə yaşca kiçikdirlər.

-2 yerdə işləyirsiniz. Dolanışığınızdan razısınız?

-Çalışmaq lazımdır ki, həyatını öz əməyinlə qurasan. Buna görə də, nə qədər çox qazansan, qanuni vergi versən, o qədər də daha yaxşı olar.

 

Aqşin KƏRİMOV  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi