Modern.az

“Zəngəzur. Uzaq keçmişdən müasir dövrə qədər” kitabı işıq üzü gördü

“Zəngəzur. Uzaq keçmişdən müasir dövrə qədər” kitabı işıq üzü gördü

10 Yanvar 2017, 16:13

Milli Məclisin deputatı Musa Quliyevin (Musa Urud) “Zəngəzur. Uzaq keçmişdən müasir dövrə qədər” adlı kitabı işıq üzü görüb.

Modern.az saytının məlumatına görə, 479 səhifəlik monoqrafiyada Azərbaycanın ən qədim və zəngin tarixə malik bölgələrindən biri olan Zəngəzurun antik dövrlərdən son illərə qədərki tarixi, coğrafiyası, ictimai-siyasi, sosial-iqtisadi həyatı, bölgədəki etnogenez prosesləri qədim və orta əsrlərə aid mənbələr, arxiv materialları əsasında ətraflı və obyektiv təhlil olunub.

19-cu əsrin əvvəllərindən başlayaraq Zəngəzurda xalqımıza qarşı törədilən tarixi ədalətsizliklər, deportasiya, soyqırımı və etnik təmizləmə siyasətinin bölgənin siyasi, iqtisadi, etnoqrafik mənzərəsinə təsirinin araşdırılması və qiymətləndirilməsi, bölgə azərbaycanlılarının mübarizəsi və qəhrəmanlığı kitabın əsas leytmotivini təşkil edir.

Müəllifin Zəngəzur bölgəsi haqqında dördüncü tədqiqat işi olan bu əsər gərgin zəhmətin, dərin elmi axtarışların və araşdırmaların bəhrəsi olaraq Vətənimizin gözəl bir guşəsi haqqında ətraflı məlumat verən mənbə kimi çox əhəmiyyətlidir.

Kitab Zəngəzurun tarixi, coğrafiyası, iqtisadi həyatı, tarixi-etnik xüsusiyyətləri ilə maraqlanan alimlər, tədqiqatçılar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Zəngəzurdan söz düşmüşkən, bu günlərdə beynəlxalq platforma olan Change.org saytında başladılan “Zəngəzuru Azərbaycana qaytarın” adlı petisiyaya səsvermə davam edir.


Petisiyada tarixi Azərbaycan torpağı olan Zəngəzurun da azad olunması, azərbaycanlı qaçqınların Dağlıq Qarabağ və digər rayonlarla yanaşı, bu bölgəyə də qayıdışının təmin olunması tələb olunur.


Bu petisiya Zəngəzurun tarixini, o cümlədən XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımıları yenidən gündəmə gətirir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir