Modern.az

Azərbaycanın xarici borcu arta bilər

Azərbaycanın xarici borcu arta bilər

11 Yanvar 2017, 10:43

 

2016-cı il oktyabrın 1-nə olan Azərbaycanın xarici dövlət borcu 7,650.7 milyon ABŞ dolları (12,402.6 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20.1 faiz təşkil edib.

 

 Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Maliyyə Nazirliyinin məlumatlarına görə, xarici dövlət borcu əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə, qalan hissəsi isə beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib.

 

İqtisadçı Natiq Cəfərli Modern.az-a açıqlamasında 2017-ci ildə Azərbaycanın xarici borcunun artacağını istisna etməyib:

 

“İlin sonunda iki müqavilə imzalanması üçün razılıq əldə edildi. Onlardan biri 800 milyonluq, digəri isə 1, 7 milyard dollarlıq müqavilə idi. Rəsmi məlumat yayılmadığından imzalanmanın 2016-cı ilin sonunda olduğu, yoxsa bu ilin əvvəlində olacağı bilinmir. Hər halda ilkin razılaşma vardı”.

 

Ekspert deyib ki, borclar əsasən Cənub Qaz Dəhlizi çərçivəsində alınıb:

 

“Alınmış borc ölkə daxilində yox, ölkə xaricində boruların çəkilməsi, TANAP və TAP layihələrinin i üçün istifadə olunacaqdı. Amma o borcların 2016-cı ilin, yoxa 2017-ci ilin balansına düşəcəyini demək çətindir. Amma istənilən halda bu dövlət borcunun üzərinə əlavə olunacaq.

 

Hökumət növbəti kreditlərin cəlb edilməsi üçün ciddi şəkildə Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Avropa İnkişaf Bankı ilə danışıqlar aparır. Çox güman ki, bu il ərzində də yeni borc müqavilələri bağlanacaq. Təəssüf ki, Azərbaycan sürətlə borclanmaya gedəcək.

 

Burada çox önəmli bir məsələ var. Azərbaycanda dövlət borcu deyərkən səhv olaraq yalnız dövlətin özünün bağladığı müqavilələr çərçivəsində olan borclar nəzərdə tutulur. Dövlət şirkətlərinin dövlət zəmanəti ilə bağladığı borc müqavilələri var ki, bu da az qala dövlət borcu qədərdir. Təkcə SOCAR-ın 8 milyarda qədər xarici borcu var. Həmin borc da dövlət zəmanəti ilə götürülüb. Dövlətin və dövlət şirkətlərinin borclarını topalasaq, kifayət qədər böyük həcmdə borclanma olduğunu görərik. Bu da Ümumi Daxili Məhsulun  60 faizinə bərabərdir. Bu il də yeni borc müqavilələri bağlanmaqla borclarımız artacaq.  İlk dəfə olaraq 2017-ci ildə dövlət büdcəsinin təqribən 10 faizə yaxını xarici borcun qaytarılmasına yönələcək. Belə yüksək səviyyəli borc qaytarılması əvvəlki illərdə olmayıb”.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq