Modern.az

BMT Təhlükəsizlik Şurası Liviyaya dair qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası Liviyaya dair qətnamə qəbul edib

Dünya

18 Mart 2011, 11:03

BMT Təhlükəsizlik Şurası Liviya üzərində uçuşsuz zonanın yaradılması barədə qətnaməni səs çoxluğu ilə qəbul edib. Qətnamədə Liviyanın dinc əhalisinin polkovnik Qəzzafinin hərbi hücumlarından müdafiəsi üçün güc işlədilməsi nəzərdə tutulur. Bununla belə, qətnamə Liviya torpağına xarici qüvvələrin hər hansı müdaxiləsini qadağan edir.
BBC-nin məlumatına görə, qətnamə Təhlükəsizlik Şurasında 10 səslə qəbul edilib. Rusiya və Çinlə yanaşı, Almaniya da səsvermədə bitərəf qalıblar. BBC-nin diplomatik məsələlər üzrə müxbiri Conatan Markus BMT Təhlükəsizlik Şurasının Liviya üzərində uçuşsuz zona yaradılmasına dair qəbul etdiyi qətnamənin əhəmiyyətinə və onun icrasının texniki yönlərinə diqqət yetirib.
O yazır ki, bu qətnamə Liviyada, Benqazi də daxil olmaqla, hücum təhlükəsi altında olan ərazilərdə yaşayan mülki əhalinin müdafiəsi üçün qüvvə işlədilməsinə beynəlxalq legitimlik verir. Qətnamənin Təhlükəsizlik Şurasından keçməsi Fransa, Britaniya və Liviya üzərində uçuşsuz zonanın yaradılmasına çağıran ərəb ölkələri üçün əsil qələbədir.
Bu, həmçinin bir müddətdir ki, tərəddüddə olan, lakin sonunda güclü qüvvəyə əl atılmasına ehtiyac olduğu qənaətinə gələn Obama administrasiyası üçün də qələbədir.

Rusiyanın və Çinin bu qətnaməyə veto qoyacaqları barədə narahatlıqlar doğrulmadı. Ən əhəmiyyətlisi budur ki, qətnamədə Liviya hakimiyyətinə qarşı uçuşsuz zona tədbirindən çox uzağa gedən başqa tədbirlərin tətbiqi də təsdiqini tapır. Ekspertlər bildirirlər ki, polkovnik Qəzzafinin ən güclü qüvvələri yerüstü qoşunlar – tank və ağır artilleriya qoşunlarıdır. BMT qətnaməsində zəruri olarsa, bu qüvvələrin də hədəflənməsinə icazə verilir. Bundan sonra nə baş verəcəyini isə yalnız ehtimal etmək olar.

Lakin Paris, London və Vaşinqtondan gələn çağırışlara görə əməliyyat bir neçə saatın içində başlana bilər. İlk hədəflər yəqin ki, Liviya hökumətinin hava hücumundan müdafiə qurğuları olacaq. Polkovnik Qəzzafi qoşunlarının hərəkətinin dayandırlması üçün də zərbələr endirilə bilər. Bununla belə BMT qətnaməsi Liviya torpağının hər hansı şəkildə işğalını qadağan edir.

Qətnamənin qəbulu zamanı Almaniyanın da, Çin və Rusiya kimi bitərəf qalması hərbi əməliyyatın gələcək perspektivi barədə müəyyən narahatlıq yarada bilər. Liviyada isə, Benqazidə üsyançılar qətnamənin qəbulunu havaya açılan atəşlər və "Allahu-Əkbər" sədaları ilə alqışlayıblar.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi