Modern.az

Tarixi şəxsiyyətlərimizə sahib çıxaq

Tarixi şəxsiyyətlərimizə sahib çıxaq

Ədəbi̇yyat

12 Yanvar 2017, 12:00

Yaqub Mahmudov,
AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi,
Dövlət mükafatı laureatı

Müstəqillik tariximizin ən mühüm nailiyyətlərindən biri də tarix elmimizin inkişafı sahəsində əldə olunan böyük uğurlardır. Azərbaycan tarixşünaslığını müstəqil inkişaf yoluna ulu öndər Heydər Əliyev çıxarmışdır. Dahi şəxsiyyət doğma xalqına, vətən torpağına həsr olunmuş ömrünün bütün çağlarında tariximizin azərbaycançılıq məfkurəsi əsasında doğru-düzgün araşdırılmasını və gənc nəslin doğma vətənə sədaqət ruhunda tərbiyə olunmasını daim diqqət mərkəzində saxlayırdı. Erməni-daşnak quldurlarının xalqımıza qarşı törətdikləri soyqırımları və deportasiyalarla bağlı mühüm dövlət sənədləri imzalayan, XX əsrin 20-30-cu illərində ziyalılarımıza qarşı həyata keçirilmiş repressiyaların ağır nəticələrindən dönə-dönə bəhs edən Heydər Əliyev, əslində, tarixçilər qarşısında tarix elmini keçmiş zərərli konsepsiyalardan uzaqlaşdırmaq, saxtalaşdırmalardan və təhriflərdən təmizləmək kimi çox mühüm və şərəfli vəzifə qoymuşdur.

Ulu öndərin tarix elminin inkişafı ilə bağlı bütün ideyalarını, planlarını dönmədən həyata keçirən Prezident İlham Əliyev tarixçi alimlər qarşısına yeni və daha konkret vəzifələr qoydu. Ölkə başçısının çağırışları, təşəbbüsü və birbaşa tövsiyəsi ilə ilk dəfə olaraq “Azərbaycan Tarixi Atlası”, mükəmməl tədqiqat əsərləri olan “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, erməni-daşnak quldur rejimləri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilmiş soyqırımları barədə ayrı-ayrılıqda çoxsaylı kitablar nəşr olundu. Stepan Şaumyanın başçılıq etdiyi “26 Bakı komissarları” adlanan daşnak-bolşevik güruhunun soyqırımı cinayətləri sübuta yetirildi. Ölkə başçısının birbaşa tapşırığı ilə yazılmış fundamental elmi tədqiqat əsəri olan “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı, həmçinin “Real tarix və “Böyük Ermənistan uydurması” tədqiqatı və digər çoxsaylı əsərlər rus, ingilis, italyan, ispan, ərəb və başqa dillərə tərcümə olunaraq dünyada yayıldı. Bununla ermənilərin guya Cənubi Qafqazın “ən qədim əhalisi olması” barədə saxta və uydurma “konsepsiyaya” sarsıdıcı zərbə vuruldu. Dünyanın mühüm elm mərkəzlərində, arxivlərində saxlanılan tariximizlə bağlı külli miqdarda arxiv sənədləri ölkəmizə gətirildi.

Tarixçilərimiz ilk mənbələrə, o cümlədən zəngin arxiv sənədlərinə əsaslanaraq vətənimizin saxtalaşdırılmalardan, təhriflərdən təmizlənmiş yeni tarixini yazırlar. Beş kitabdan ibarət olan ikicildlik “Azərbaycan Respublikasının tarixi (1991-2016)” fundamental araşdırması isə artıq işıq üzü görmüşdür.

Ölkə başçısı tarix elminin inkişafını daim diqqət mərkəzində saxlayır, tarixçilərin əməyinə yüksək qiymət verir. Milli Elmlər Akademiyasının Tarix İnstitutu Prezidentin çağırışlarını, tapşırıq və tövsiyələrini yerinə yetirmək üçün var qüvvəsi ilə çalışır, alimlərimiz xalqımızın şanlı tarixini düzgün və dolğun əks etdirən əsərlər yazırlar. Cəsarətlə demək olar ki, artıq Azərbaycan tarix elmi müstəqil inkişaf yoluna çıxmışdır.

Müstəqil Azərbaycanın bütün sahələrdəki nailiyyətləri kimi tarix elminin inkişafında əldə olunmuş böyük uğurlar da bədxahlarımız tərəfindən (eyni zamanda daxili dönüklər tərəfindən!) birmənalı qarşılanmır. Tarix elmimiz “ənənəvi” konsepsiyalardan uzaqlaşdıqca, saxtalaşdırmalardan və təhriflərdən təmizləndikcə Milli Elmlər Akademiyasının Tarix İnstitutu bundan narahat olan xarici qüvvələrin, xüsusilə erməni saxtakarlarının kəskin hücumlarına məruz qalır. Vaxtaşırı işğalçı ölkənin paytaxtında keçirilən “elmi” toplantılarda qaraqışqırıq salanlar Tarix İnstitutunun uğurlarını iftira və böhtan “atəşinə” tuturlar. Əlbəttə, biz bundan böyük qürur duyuruq! Çünki doğru yoldayıq! Deməli, hədəfləri düz seçmişik!

Nə qədər təəccüblü olsa da, ölkəmizin daxilində də xaricdəki bədxahlarımızla səs-səsə verənlərə ara-sıra rast gəlinir.

Müasir mərhələdə müstəqil Azərbaycanın tarix elmi bədxahlarımıza qarşı başlıca olaraq üç istiqamətdə mübarizə aparır: dövlətçilik tariximizin təhrif olunmasına qarşı; xalqımızın yaratdığı qədim və zəngin mədəniyyətə sahib çıxmağa çalışanlara qarşı; görkəmli tarixi şəxsiyyətlərimizə qarayaxanlara qarşı.

Gizli deyil ki, 1918-ci ilədək Cənubi Qafqazda dövlətçilik tarixi olmayan və bu regiona Çar Rusiyası tərəfindən köçürülüb gətirilmiş ermənilər, habelə uzun tarixi dövrlər ərzində böyük Azərbaycan imperiyalarının tərkibində olmuş digər ölkələrin bəzi “alimləri” ya kağız üzərində özlərinə “dövlət yaratmağa” çalışır, ya da Azərbaycanın qədim dövlətçilik mədəniyyətinin tarixini təhrif etmək üçün hər cür saxtakarlığa əl atırlar. Bu iyrənc məqsədə xidmət edənlər ən adi mənəviyyat və əxlaq normalarını belə pozaraq Azərbaycan xalqına məxsus olan mədəniyyət abidələrinə, nadir sənətkarlıq nümunələrinə, xalqımızın mətbəx mədəniyyətinə də sahib çıxmağa və özlərinə oğurluq mədəniyyət yaratmağa cəhd göstərirlər.

Son zamanlar müxtəlif informasiya vasitələrində Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir tarixi şəxsiyyətlərə hücumlar da kütləvi xarakter almışdır. Məqsəd aydındır: yenidən öz müstəqilliyinə qovuşmuş xalqımızın özünün minillər boyu davam etmiş dövlətçilik tarixinə, qədim və zəngin mədəniyyətinə, qüdrətli tarixi şəxsiyyətlərinə sahib çıxmasına əngəl törətmək, Azərbaycan gəncliyinin, bütövlükdə xalqımızın işğalçılara, antiazərbaycan qüvvələrinə qarşı mübarizə ruhunu güclənməyə qoymamaq!

Bu bir həqiqətdir ki, hər bir xalq, onun milli-mənəvi varlığı doğma elinə, torpağına bağlı olan tarixi şəxsiyyətlərin fəaliyyəti və mübarizəsi sayəsində yaşayır, qeyri-millətlər içərisində əriyib yox olmaq təhlükəsindən qurtulur. Məhz qüdrətli şəxsiyyətlər sayəsində xalq həm də tarixin yaddaşında qalır.

Qədim dövlətçilik mədəniyyətinə malik olan Azərbaycan xalqı üçün böyük qürur mənbəyidir ki, o dünyaya olduqca görkəmli tarixi şəxsiyyətlər bəxş etmişdir.

Müstəqil respublikamızın ərazisinin 20 faizinin təcavüzkar Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu bir dövrdə, informasiya müharibəsinin gedişində beynəlxalq aləmdə, əsasən də vikipediya və digər müxtəlif internet resurslarında ölkəmizə qarşı informasiya hücumları, qarayaxmalar, böhtan və iftira kampaniyaları daha da genişlənməkdədir. Əsas məqsəd tariximizə qara yaxmaq, tarixi şəxsiyyətlərimizi ləkələmək, ermənilərin guya Cənubi Qafqazın “aborigen əhalisi”, yəni “ən qədim sakinləri” olması barədə saxta konsepsiya ilə bağlı uydurma “elmi” fikirləri dünya ictimaiyyətinin beyninə yeritməkdən ibarətdir.

Çox təəssüf ki, ölkəmizin daxilində də xalqın yaddaşında yüz illər ərzində özünə layiqli yer tutmuş görkəmli dövlət xadimlərinə və digər tarixi şəxsiyyətlərə, o cümlədən Babək, Cavanşir, Şəmsəddin Eldəniz, Uzun Həsən, Şah İsmayıl Səfəvi, Şah Təhmasib Səfəvi, Şah Abbas Səfəvi, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar və digər tarixi şəxsiyyətlərə qarşı saxta, elmdən uzaq, sağlam məntiqdən kənar fikirlərlə, qarayaxmalarla çıxış edənlər də tapılır.

Azərbaycan xalqının milli qüruru olan və millətimizə bütün dünyada başucalığı gətirən nadir tarixi şəxsiyyətlərimizin, hətta dahi füzulilərin, Üzeyir bəylərin, görkəmli dövlət və siyasi xadimlərimizin, sərkərdələrimizin, xalq qəhrəmanlarımızın yaxın keçmişdə televiziya ekranlarında “dahilərin divanı” kimi üzdəniraq verilişlərdə “tənqid” və lağ hədəfinə çevrilməsi yadımızdan çıxmayıb!

Təəccüblü deyilmi, bir tərəfdən torpaqlarımıza yiyələnməyə çalışan işğalçı dövlətin nümayəndələri bizim dahilərimizə sahib çıxmaq üçün guya onların “erməni mənşəli” olduğunu sübut etməkdən ötrü dəridən-qabıqdan çıxırlar, digər tərəfdən isə bizim içərimizdəki bəzi dönüklər bir çox dahi şəxsiyyətlərimizin “mənşəcə azərbaycanlı olmadıqlarını” sübuta yetirmək üçün əllərindən gələni edirlər, necə deyərlər, özlərini oda-közə vurmaqdan belə çəkinmirlər. İstər-istəməz düşünməli olursan: bu iki şər qüvvə eyni məqsədə xidmət etmirmi?!

Nə qədər acı olsa da, Azərbaycan xalqının yadelli işğalçılara qarşı mübarizəsinə 20 ildən artıq bir dövr ərzində rəhbərlik etmiş və böyük bir imperiyanın - Ərəb xilafətinin ordularını dəfələrlə ağır məğlubiyyətlərə uğratmış ölməz xalq qəhrəmanımız Babəkin şəxsiyyətini müzakirəyə çıxaranlar, onun soykökünün axtarılmasına, daha doğrusu, azərbaycanlı olmadığını sübut etməyə cəhd göstərənlər də var. Belələri düşünmürlər ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biridir. Başqa xalqlar kimi, onun da formalaşmasında müxtəlif türk etnosları, habelə digər etnoslar iştirak ediblər. Xalqımızın yaranışı tarixin ən qədim qatlarından başlayıb və erkən orta əsrlərdə başa çatıb. Buna görə də, üstündən yüzillər keçdikdən sonra formalaşmış vahid adı, dili, dövləti, mədəniyyəti olan bir xalqı yenidən “sortlara ayırıb” onun qəhrəmanlarını ümumazərbaycan gövdəsindən qopararaq ayrı-ayrı etnoslara aid etmək düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil!

Belələri, həm də unudurlar ki, xalq öz kökünü, tarixini hamıdan yaxşı bilir, dost-düşmənini də, qəhrəmanlarını da hamıdan yaxşı tanıyır. Məhz ümumxalq sevgisinin nəticəsidir ki, bu gün 60 milyonluq Azərbaycan xalqı öz ailələrində yüzlərlə babəklər, cavanşirlər tərbiyə edir!

Təəssüf ki, tarixi şəxsiyyətlərimizə sayğısız, laqeyd münasibət, hətta onları özgəninkiləşdirmək meyilləri səngimək bilmir. Hətta bəzi televiziya kanallarının hazırladığı verilişlərdə də Şah İsmayıl, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar kimi görkəmli şəxsiyyətlərimizi Azərbaycandan qoparmaq cəhdi açıq-aşkar nəzərə çarpır.

Bu gün təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edən Tarix İnstitutu ölkə başçısının çağırışları, tapşırıq və tövsiyələri ilə mükəmməl elmi araşdırmalar ortaya qoymaqla yanaşı, həm də yeniyetmələr arasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Bakı şəhərinin müxtəlif orta məktəbləri, təhsil kompleksləri və liseylərində, Şəki şəhərindəki 10 nömrəli orta məktəbdə “Heydər Əliyev”, “Şah İsmayıl Səfəvi”, “Şah Təhmasib Səfəvi”, “Şah Abbas Səfəvi”, “Nadir şah Əfşar”, “Ağa Məhəmməd şah Qacar”, “Vətən qeyrətli qadın hökmdarımız - Tomiris”, “Hacı Çələbi xan” mövzularında elmi-praktik konfranslar keçirilmişdir. Orta məktəb şagirdlərinin çox fəal iştirak etdiyi bu konfransların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu əvəzsizdir.

Yuxarıda göstərilən elmi-praktik konfransların gedişində çox qabarıq nəzərə çarpan sevindirici bir hal da bundan ibarətdir ki, gənc nəsil, onlara təhsil və tərbiyə verən tarix müəllimləri tarixi şəxsiyyətlərimizi yaxşı tanıyır, onların fəaliyyətini yeniyetmələrimizə doğru-düzgün öyrədirlər. Bu da səbəbsiz deyil. Çünki müstəqillik dövründə yeni - azad Azərbaycanın təhsil sistemi üçün yeni tarix dərslikləri yaradılmışdır. Təhsil Nazirliyinin çox ciddi şərtlər çərçivəsində həyata keçirdiyi müsabiqələr sayəsində ərsəyə gələn tarix dərslikləri bu gün xalqımızın çox qısa zaman kəsiyində əldə etdiyi böyük nailiyyətdir.

Bütün bunlarla yanaşı, ciddi narahatlıq doğuran haldır ki, hələ də sovet dövrünün zərərli və zəhərli konsepsiyalarının təsirindən yaxa qurtara bilməyən, tariximizin bir çox problemlərindən baş açmayan bəziləri Azərbaycanın oğuz-türk mənşəli Şah İsmayıl Səfəvi, Şah Təhmasib Səfəvi, Şah Abbas Səfəvi, Nadir Şah Əfşar, Ağa Məhəmməd şah Qacar kimi böyük tarixi şəxsiyyətlərini, onların yaratdıqları qüdrətli imperiyaları başqalarına aid edirlər, “ən yaxşı halda” isə Azərbaycana aid etmirlər. Bu böyük sərkərdələri Azərbaycanla, xüsusilə Şimali Azərbaycanla bağlı olaraq “işğalçı” kimi qələmə verirlər. Doğma dildə ana südü qədər dadlı və təmiz şeirlər yazan, divan bağlayan, Azərbaycan türkcəsini böyük Səfəvi imperiyasının dövlət dili səviyyəsinə yüksəldən, öz xalqı üçün vahid mərkəzləşdirilmiş dövlət yaradan Şah İsmayıl Səfəvinin bunca tarixi xidmətlərini bir tərəfə ataraq onu “islam dinini və türk dünyasını parçalamaqda” günahlandıranlar isə “daha dərinə gedərək” xalqı öz şanlı tarixindən, nadir şəxsiyyətlərindən məhrum etmək qədər zərərli addım atırlar. Bu cür təşəbbüslərlə çıxış edənlər həm də unudurlar ki, tarix elmində islam dininin nə vaxt və harada məzhəblərə parçalanması tarixi də yaxşı məlumdur, türk dünyasının parçalanması səbəbləri də, onu parçalayan qüvvələr də!

Kimin və ya kimlərinsə necə yozmasından asılı olmayaraq tarixi reallığı ört-basdır etmək olmaz. Çünki o həqiqətdir. Həqiqətin isə ancaq bir adı var: həqiqət! İskəndər, Atilla, Çingiz xan, Böyük Karl, Şəmsəddin Eldəniz, Alp Arslan, Əmir Teymur, Uzun Həsən, Fateh Sultan Mehmet, Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas, Pyotr, Nadir Şah, Napoleon Bonapart kimi tarixi şəxsiyyətlər öz xalqlarına misilsiz xidmətlər göstərməklə yanaşı, qüdrətli imperiyalar yaratmış, işğallar həyata keçirmiş, dünya tarixində dərin iz qoymuşlar. Bəs nədən və nə üçün İskəndərin, Böyük Karlın, Fateh Sultan Mehmetin, Əmir Teymurun, Pyotrun, Napoleon Bonapartın və onlarla başqa tarixi şəxsiyyətlərin mənsub olduğu xalqlar öz şəxsiyyətlərinə, bu şəxsiyyətlərin yaratdıqları imperiyalara sahib çıxdıqları halda biz Şəmsəddin Eldənizdən, Uzun Həsəndən, Şah İsmayıldan, Şah Təhmasibdən, Şah Abbasdan, Nadir Şahdan, Ağa Məhəmməd Şah Qacardan və digər onlarla qüdrətli şəxsiyyətlərimizdən üz döndərməli və onların yaratdıqları imperiyaların tarixindən imtina etməliyik?! Və ya onları başqalarına “bağışlamalıyıq”?! Səfəvi-qızılbaş türkləri, Əfşarlar, Qacarlar bizim kökümüzdə duran türk elatları, daha doğrusu, bizim özümüz deyilikmi? Necə olur, biz xalq qəhrəmanımız Cavad xan Ziyadoğlu ilə qürurlanırıq, yadellilərə qarşı qəhrəmancasına duruş gətirən İrəvan xanları olan Qacarlarla fəxr edirik, amma Ağa Məhəmməd Şah Qacarı özümüzdən hesab etmirik - “yadelli işğalçı” adlandırırıq?!

Daha ağrılı, daha dərin təəssüf doğuran hal budur ki, bəzən dünyanın hər yerində, çox görkəmli tədqiqatçıların olduqca yüksək qiymət verdiyi Nadir şah Əfşar kimi dahi tarixi şəxsiyyətlərimizi də öz içərimizdə özümüz ləkələyirik! Belə addımı ixtisası tarixçi olan alimlər atdıqda lap mat qalırsan (Məsələn, bax: Əsədov F. Nadir şah Əfşar. Bakı, “İqtisad Universiteti” nəşriyyatı, 2011). İnana bilmirsən ki, çökmüş Səfəvi imperiyasını yenidən dirçəldən, həmin imperiyanı öz aralarında bölüşdürmüş Çar Rusiyası və Osmanlı hərbi qüvvələrini, Şərqdən hücum etmiş əfqan müdaxiləçilərini qovub ölkədən çıxaran, yeni Azərbaycan Əfşarlar imperiyası kimi geniş ərazili bir dövlət yaradan, Hindistanı öz imperiyasından asılı hala salan, misilsiz sərkərdəlik istedadı ilə tarixi inkişafın gedişini öz ölkəsinin xeyrinə dəyişdirə bilən, mənsub olduğu xalqın ağır faciəsi olan məzhəb ayrılığını ləğv etməyə çalışan, həyata keçirdiyi inzibati ərazi islahatı ilə bütün tarixi Azərbaycan torpaqlarını bir vilayətdə birləşdirən və dünyada “Şərqin Napoleonu” kimi məşhur olan dahi sərkərdəni dünyanın heç bir tarixçisi aşağılamadığı halda tarix üzrə fəlsəfə doktoru olan bir azərbaycanlı alim onu “quldurluqla məşğul olan vücud” adlandırır, “quldurluğu özünə peşə seçməkdə”, “quldurluq peşəsi ilə ad qazanmaqda”, “özünəməxsus quldur dəstəsi olmaqda” təqsirləndirir, hətta heç bir əsas olmadan böyük sərkərdəni “ermənilərin dostu” kimi qələmə verir. Çox təəssüf, lap çox təəssüf!

Nadir şah kimi dahilər barədə yazı yazmaq üçün əlinə qələm alanlar unutmamalıdırlar ki, bu cür şəxsiyyətlərə gördükləri böyük işlərə görə qiymət verilir. Məgər İskəndər, Böyük Karl, Pyotr, Napoleon, Bismark və başqaları öz məqsədlərinə qan tökmədən nail olmuşdular?!

Əgər kasıb, zəhmətkeş bir əfşar ailəsindən çıxmış igid-dəliqanlı öz hərbi sərkərdəlik istedadına, göstərdiyi qəhrəmanlıqlara görə böyük Səfəvi imperiyasının hərbi qüvvələrinin başçısı səviyyəsinə yüksələ bilmişsə, son Səfəvi hökmdarlarının maymaqlığı ucbatından ölkə dövlət müstəqilliyini itirdiyi zaman bütün xarici qüvvələri məğlub edib çökmüş imperiyanın yerində yeni Azərbaycan - Əfşarlar imperiyası yarada bilmişsə, hətta Hindistan kimi böyük ölkəni də öz dövlətindən asılı hala salmağa nail olmuşsa, biz nə üçün belə şəxsiyyətin və onun kimi dahilərin fəaliyyətində qüsurlar axtarışına çıxmalıyıq?!

Bəli, Nadir Şah sərt bir mühitin övladı idi. Yeniyetmə ikən atasını, sonra da anasını itirmiş, bütün ailəni dolandırmaq yükü onun boynuna düşmüş, hər cür məhrumiyyət görmüşdü. Tayfasının düşmənlərindən qisas almaq üçün başına dəliqanlılar toplamış, döyüşlərdə göstərdiyi şəxsi igidliyə görə ad-san qazanmışdı. Belə istedadlı sərkərdələrə möhtac olan Səfəvi şahları da onu xarici müdaxiləçiləri dəf etmək üçün köməyə çağırmış, imperiya ordusunun taleyini bu igid sərkərdəyə tapşırmışdılar. Bu cür başlanmışdı böyük sərkərdənin həyat yolu!

Bəli, Nadir şah satqınları, xainləri, dedi-qoduçuları, çuğulları, qorxaqları, saray hiyləgərlərini sevmirdi və onlara layiq olduqları cəzanı verirdi! Lakin dara çəkmək üçün çağırtdırdığı Şəki hakimi Hacı Çələbi kimi sözü qorxmadan üzə deyə bilən cəsurların isə boynundan ipi çıxartdırıb azad edirdi!

Bu da tarixi həqiqətdir ki, Nadir şah Əfşar son səfəvilərdən fərqli olaraq başçılıq etdiyi imperiyanın torpaq itirməsinə yol vermirdi, ən ağır döyüşlərdə şəxsi igidlik göstərərək azad etdiyi torpaqlarda mərkəzi hakimiyyətə qarşı qiyamlar qalxarkən amansız olurdu, dövlətin sərhədlərinin pozulmasına imkan vermirdi.

Unutmaq olmaz ki, məhz Nadir şah dövründə xalqımızın düşmənləri nə Azərbaycan torpaqlarına, nə də onun yaratdığı böyük Əfşar imperiyasına hücum etməyə cəsarət göstərə bildilər! Lakin onun ölümündən sonra tarixi inkişafın gedişi dəyişdi və Azərbaycan torpaqları bölüşdürüldü...

Ölkə başçısının mütəmadi qayğısı sayəsində Milli Elmlər Akademiyasının Tarix İnstitutunda görkəmli tarixi şəxsiyyətlərimizin nəsillərə örnək olan fəaliyyətlərinin araşdırılmasına xüsusi diqqət yetirilir, dissertasiyalar yazılır, monoqrafiyalar, sənəd topluları nəşr olunur.

İnstitutda tarixdə mövcud olmuş böyük imperiyalarımız, qüdrətli tarixi şəxsiyyətlərimizin fəaliyyətləri barədə geniş tədqiqat işləri aparılmış, ciddi elmi uğurlar qazanılmışdır. Müasir mərhələdə dünyanın ən güclü səfəvişünaslıq məktəbi məhz Azərbaycanda - Milli Elmlər Akademiyasının Tarix İnstitutundadır.

Azərbaycanın müxtəlif dövrlərdə itirdiyi torpaqların tarixinin araşdırılması ilə məşğul olan son dərəcə gərəkli bir elmi məktəbin formalaşması son illərin ən böyük elmi nailiyyətlərindən biridir. Bu baxımdan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli alim Ramiz Mehdiyevin Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Səfəviyə və dahi Azərbaycan sərkərdəsi Nadir şaha həsr etdiyi tədqiqatlar (“Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi”. “Azərbaycan” qəzeti, 4 dekabr, 2012; “Şah İsmayıl Səfəvi: Döyüşçü və hökmdarın portreti”. Bakı, “Şərq-Qərb”, 2014; “Nadir şah Əfşar: diplomatik yazışmalar”. (Ön sözün müəllifi akademik Ramiz Mehdiyev) Bakı, “Şərq-Qərb”, 2015) xüsusi əhəmiyyətə malikdir. Alimin hər iki tarixi şəxsiyyət barədə ilk mənbələrə əsaslanan elmi nəticələri, apardığı ümumiləşdirmələr həm bu sahədə tədqiqat aparan alimlər üçün, həm də maraqlanan ziyalılardan ötrü istiqamətverici əhəmiyyətə malikdir. Akademik Ramiz Mehdiyev Şah İsmayıla həsr etdiyi “Şah İsmayıl Səfəvi: Döyüşçü və hökmdarın portreti” əsərində yazır: “Həqiqi alimlər, nüfuzlu tarixçilər üçün Şah İsmayıl böyük dövlət xadimi və istedadlı sərkərdə olaraq qalır. Azərbaycanlıların şüurunda isə Şah İsmayıl Azərbaycan torpaqlarını birləşdirmiş, mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaratmış şəxsiyyətdir” (s.32). Alimin Nadir şaha həsr edilmiş sənədlər toplusuna yazdığı geniş həcmli “Ön söz”də isə oxuyuruq: “Nadir şah Əfşar (1688-1747) nəinki Azərbaycanın və İranın, həm də bütün müsəlman Şərqinin tarixində silinməz iz qoymuş böyük fateh, görkəmli dövlət xadimi, mahir sərkərdədir. Təsadüfi deyil ki, Avropanın ən tanınmış şərqşünasları “Şərqin Napoleonu” adlandırdıqları Nadir şahın adını Makedoniyalı İskəndərlə, Yuli Sezarla, Böyük Fridrixlə yanaşı çəkirlər. İftixar hissi ilə qeyd edə bilərik ki, qərbdə xalqımızın ən böyük oğlunun şəxsiyyətinə, siyası fəaliyyətinə və hərbi dühasına maraq belə onun sağlığında yaranmışdı... XVIII əsrin 20-ci illərində Azərbaycan Səfəvilər dövlətinin süquta uğradığı, ölkə torpaqlarının bir qisminin çar Rusiyası, digər qisminin isə Osmanlı dövləti və əfqan tayfaları tərəfindən istila edildiyi ağır, ümidsiz dövrdə siyasi səhnəyə çıxan və yaranmış faciəli mənzərəni cəmi 10 il ərzində aradan qaldıraraq, dövrünün ən qüdrətli imperiyasını qurmağa müvəffəq olan Nadir şah Əfşar tariximizin bu qəbildən parlaq simaları sırasındadır” (Nadir şah Əfşar: diplomatik yazışmalar..., Titul vərəqi; s.6-7).

Fikrimizcə, alimin hər iki tarixi şəxsiyyətə verdiyi bu qiymət ilk mənbələrin təkzibolunmaz məlumatlarına əsaslanmaqla yanaşı, həm də Heydər Əliyevin bizə əmanət etdiyi azərbaycançılıq məfkurəsinə sədaqət örnəyidir.

Unutmaq lazım deyil ki, tarix yalnız dahi şəxsiyyətlərin gördükləri böyük işlər, onların həyata keçirdiyi islahatlar və nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan xalqı dünya tarixinə Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Səfəvi, Şah Təhmasib Səfəvi, Şah Abbas Səfəvi, Nadir şah Əfşar kimi qüdrətli şəxsiyyətlər bəxş etmişdir.

Əsrlər keçdikdən sonra - XX yüzillikdə xalqımız daha bir dahi şəxsiyyət yetirdi. Dünyanın Atatürk, Vaşinqton, Nehru, De Qoll kimi nadir tarixi simaları sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu.

Yazdığımız hər bir əsərdə, söylədiyimiz hər bir fikirdə azərbaycançılıq ruhunu uca tutaraq qüdrətli tarixi şəxsiyyətlərimizi xalqımıza olduğu kimi təqdim etmək, tarixi keçmişimizə sahib çıxmaq Azərbaycan ziyalısı olaraq hər birimizin müqəddəs borcudur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir