Modern.az

Cinlər bizi harada və necə izləyir? - İlahiyyatçıdan AÇIQLAMA

Cinlər bizi harada və necə izləyir? - İlahiyyatçıdan AÇIQLAMA

Reportaj

12 Yanvar 2017, 13:35

“Müsəlman kişi və ya qadın hamamda olarkən əsla çılpaq çimməməlidir. Sən demə, müsəlman hamamda olanda orada cinlər və şeytanlar tərəfindən izlənilir".

 

Bunu Türkiyədə özünü şeyx kimi təqdim edən ilahiyyatçı Kərəm Önder deyib. Onun fikrincə, cinlərlə şeytanlar daim pusqudadır.

“Müsəlman hamama  girən kimi o pusqudakı cinlərlə şeytanlar müsəlmana baxmağa başlayırlar. Müsəlman kişi, yaxud qadın hamamda olanda, çiməndə mütləq, amma mütləq diz qapaqları ilə göbəyi arasındakı yerləri örtməli, qapatmalıdır. Çılpaq, lüt çimənləri cinlər görür və bu adamlar cinlərin felinə uyurlar. Hədisdə də deyilib: "Kim gecə çılpaq yuyunarsa, sonra özündə dəlilik əlaməti görərsə - özündən savayı kimsəni qınamasın!"".

 

Qeyd edək ki, Quranda cinlər haqqında çox bəhs edilir. Qurana görə, cinlər insanlardan əvvəl oddan yaranıb. Xalq arasında da cinlərin mövcud olduğu və insanlara təsir etdiyi inancları hakimdir.

 

İlahiyyatçı Elşad Miri mövzu barədə Modern.az saytına danışıb. O deyib ki, ərəb dilində "cin" sözü "cin və nun" sözlərinin birləşməsi halında işlənir.

 

“Ərəb dilində bu iki söz bir yerdə işlənən zaman ümumiyyətlə görünməyən, tanınmayanlar bağlı bir anlayış ortaya çıxır. Məsələn, ərəb dilində cənnət sözü bağ deməkdir. Bəs niyə ona cənnət deyirlər? Bağın aşağısı o qədər sıx olur ki, ağacları görünmür. Buna görə də, ona cənnət deyilir. Ya da cinnət keçirmək ifadəsi var. Bu, bir adamın dəli olması anlamına gəlir. Cin sözü ilə bağlı İslam alimləri ixtilaflı düşünürlər. Bəziləri hesab edir ki, cin xüsusi bir varlıqdır. Bəziləri isə qeyd edirlər ki, bütün görünməyən varlıqlara cin deyilir”.

 

İlahiyyatçının fikrincə, bu kontekstdən yanaşanda mələklər özləri də cindir.

 

“Məsələn, mələklərin özləri də cindir. Şeytan da onların içərisində olduğuna görə, vaxtı ilə o da mələk olub. Amma sonradan Allahın əmrini qəbul etməyib, itaət etməyib. Buna görə də, o cənnətdən qovularaq cinlik vəzifəsini yerinə yetirməyə başlayıb. Quranda da “Cin” surəsi var. Yazılıb ki, onlar gəlib peyğəmbərə qulaq asdılar və “bu Musaya da göndərilib” dedilər. Bəzi alimlər deyirlər ki, buradakı cinlər məsələsi peyğəmbərə gəlib qulaq asan, insanların tanımadıqları yəhudilər olub”-deyə o əlavə edib.

 

E. Miri söyləyib ki, alternativ kainatlarda cinlərin olması mümkündür. O fikrini belə əsaslandırıb ki, Samanyolu qalaktikasında yalnız Yer planetində canlı həyat olduğu bilinir, digərləri isə hələ araşdırılmayıb.

 

“Buna görə də, cinlərin alternativ kainatlarda olması mümkündür”.

 

 

“Bəs cinlər varsa, bizi daha çox harada izləyə bilər” sualına isə ilahiyyatçı belə cavab verib:

“Bəzən gizli kameralara düşən bəzi varlıqları cin kimi təqdim edirlər. Allahın Quranda bildirdiyi cin isə canlı mənasındadır. Yəni, bizim tanımadığımız digər canlılardan söhbət gedir. Bununla yanaşı, bir çox uydurma şeylər hədis ədəbiyyatına girə bilib. Məsələn, Əbu Davud “Sünən” adlı əsəri var. Orada peyğəmbər öz xanımlarına deyir ki, sizin içinizdə muğriblər var. Aişə anamız sual edir ki, muğrib nədir? Peyğəmbər isə deyir ki, cinlərin müştərək olması mənasında bir ifadə işlədir. Bəzi alimlər deyir ki, muğrib deyilənlər insan və cin nəslindən gələn müştərək canlılardır.

 

Cinin bizi izləməsi anlayışı doğru deyil. Eyni zamanda qətiyyən İslama uyğun yanaşma tərzi deyil. Çünki, bu, İslamdan əvvəl cahiliyyə ərəblərinin inandığı bir düşüncə tərzi idi. Ona görə də, cinlərlə bağlı yazılan yüzlərlə kitablar var ki, orada gətirilən hədislərin böyük əksəriyyəti uydurmadır”.

 

Aqşin KƏRİMOV 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!