Modern.az

“Yeni təyinat Beynəlxalq Bankı sağlamlaşdıracaq”

“Yeni təyinat Beynəlxalq Bankı sağlamlaşdıracaq”

12 Yanvar 2017, 13:43

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağında Xalid Əhədov İdarə Heyətinin sədri seçilib. X. Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edib. Bununla yanaşı, Aqşin Əmirov və Abbas İbrahimov İdarə Heyətində sədr müavini vəzifəsinə təyin olunublar.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, həyata keçirilən islahatlardan sonra Beynəlxalq Bankda vəziyyət müsbətə doğru dəyişəcək:

“Beynəlxalq Bankın yeni rəhbərini şəxsən yox, qiyabi tanıyıram. Bildiyim qədəriylə savadlı insandır, bank sistemini yaxşı bilir.

Mən hesab edirəm ki, ümumilikdə Beynəlxalq Bankın sağlamlaşdırılması üçün addımlar atılır. Bununla əlaqədar Prezidentin müxtəlif fərman və sərəncamları var. Likvid proseslər həll olunub, qeyri-aktiv maliyyə mənbələri aradan götürülüb. Bu işlər davam etdirilir. Yeni gələn kadr da bankın sağlamlaşıdırlması, sonra özəlləşdirməyə çıxarılmasına qədər müəyən işlər görəcək”.

 

Deputat bildirib ki, yeni kadrlar onlara verilən şansdan səmərəli istifadə etməlidirlər:

“Mən hesab edirəm ki, bu, onlara verilən bir şansdır. Bu şansdan səmərəli istifadə edib bankı sağlamlaşdırmalıdırlar”.

 

İqtisadçı Samir Əliyev də yeni təyinatla bağlı öz mövqeyini açıqlayıb:

“Beynəlxalq Banka yeni menecerlər təyin olunub. Onları böhran menecerləri da adlandırmaq olar. Bəzilərini şəxsən, bəzilərini qiyabi tanıyıram. İşlərinin peşəkarıdırlar. Bank sektorunun problemlərini kifayət qədər dərindən bilən şəxslərdir. Müzakirələrdə bank işçilərinə xas olan texniki yox, strateji yanaşmalarının şahidi olmuşam. Fikir mübadiləsi aparmışıq. Üst-üstə düşən məqamlar da olub, düşməyən də. Etiraf edim ki, onlarla müzakirələrdən daim həzz almışam, bir çox suallara onlarla müzakirələrdə cavab tapmışam. Onlara işlərində uğurlar arzulayıram. Çünki bank sektorunda uğura onların daha çox ehtiyacı olacaq. Batmaqda olan çürümüş bir gəmini təmir edib əvvəl dənizə, sonra okeana buraxmaq hədəfi ambisiyalı olduğu kimi də çətindir. Hərdən adama elə gəlir bu, mümkünsüzdür. Beynəlxalq Bankın xilası bank sektorunun xilası deməkdir. Kimlərinsə məsuliyyətsiz idarəetməsinin fəsadlarını əvvəl bank sektoru ödədi, sonra dövlət büdcəsi. İndi də yeni menecerlər xilas etməlidir”.

Ekspert bildirib ki, menecerlərin qarşısında çətin tapşırıq durur:

“Pozulmuş valyuta mövqeyi bərpa edilməli, xarici öhdəliklər qaytarılmalı, zərərli aktivlər sağlamlaşdırılmalı və s. Bankın problemləri çoxdur. Bank sektorunun xilası Beynəlxalq Bankın xilasından asılı olduğu kimi, Beynəlxalq Bankın xilası da hökumətin dəstəyindən asılıdır. Bu, Beynəlxalq Bankın xilası üçün son şansdır. Bank çöksə, bütün maliyyə sistemi çökəcək. Ona görə böhran menecerlərinin üzərinə böyük məsuliyyət düşür”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi