Modern.az

Vahid soyqırımı abidəsi Şəhidlər xiyabanında yaradılacaq

Vahid soyqırımı abidəsi Şəhidlər xiyabanında yaradılacaq

12 Yanvar 2017, 14:40

Milli Məclisin deputatı Tahir Kərimli Modern.az-a açıqlamasında deyib ki, yaz sessiyasında “Soyqırımı cinayətlərinin məsuliyyəti haqqında” qanun layihəsi müzakirəyə çıxarıla bilər.
“Yaz sessiyasında soyqırımı cinayətləri ilə bağlı bir neçə sənəd olacaq. Cinayət, inzibati və digər məcəllələrdə də dəyişikliklər ola bilər.  Hətta Xocalı abidəsinin yerinin 20 Yanvar şəhidləri olan yerə də dəyişdirilməsi və “Vahid abidə kompleksi”nin yaradılması haqqında təkliflər də var”. 


Məsələ ilə bağlı Milli Məclisin Xocalı rayonundan olan deputatı Elman Məmmədov da Modern.az-a açıqlama verib.

Elman Məmmədov Şəhidlər xiyabanın yanında “Soyqırımı abidəsi” və “Soyqırımı muzeyi” yaradılacağını bildirib.


“Çünki ermənilər müxtəlif dövrlərdə və yerlərdə mütəmadi olaraq azərbaycanlılara qarşı soyqırımları törədiblər. Ona görə də muzeyin və abidənin yaradılması vacibdir. Mən Milli Məclisdə bir təklif irəli sürmüşəm ki, bu muzey və abidə kompleksi Şəhidlər xiyabanında, Türk şəhidlərinin abidəsinin yanında yaradılsın. Xaricdən gələn qonaqlar da  Şəhidlər xiyabanını ziyarət edən zaman bu abidələrə də baxsınlar. Bu məsələ ölkə prezidentinin nəzərindədir. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyava da müəyyən işlər görür”.
 

Deputat deyib ki,  “Soyqırımı cinayətlərinin məsuliyyəti haqqında” qanun layihəsi əvvəllər də  Milli Məclisə təklif olunub.

“Hətta bu sənəd ətrafında müəyyən müzakirələr də aparılıb. Qanun layihəsinin gündəliyə salınması da təklif olunmuşdu.
İndi bu qanun layihəsinin yaz sessiyasına çıxarılacağı haqda məlumatım yoxdur. Milli Məclisdə Xocalı soyqırımının 25 illiyi ilə bağlı gündəliyə müəyyən məsələlər salına bilər. Bir neçə ay bundan əvvəl də bununla bağlı Milli Məclisə Xocalı soyqırımı ilə bağlı təkliflər daxil olub. Parlamentin gündəliyinə bu məsələlərin salınma ehtimalı yüksəkdir. İlk dəfə olaraq, 1994 –cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımına hüquqi və siyasi qiymətin verilməsi ilə bağlı məsələlər müzakirə olunub və hadisə siyasi qiymətini alıb. Amma hələ elə məsələlər var ki, mən hesab edirəm ki, onlara baxılması vacibdir”.

 

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir