Modern.az

ANS-in Türkiyə təmsilçisi: “ANS-siz telejurnalistika yatmış telejurnalistikadır” - MÜSAHİBƏ

ANS-in Türkiyə təmsilçisi: “ANS-siz telejurnalistika yatmış telejurnalistikadır” - MÜSAHİBƏ

13 Yanvar 2017, 11:07

ANS telekanalı bağlanandan sonra bu TV-nin əksər əməkdaşları başqa KİV-lərdə iş tapmaq məcburiyyətində qaldılar. Türkiyədə baş verən hadisələrin canlı şahidi olan və ANS TV vasitəsilə Azərbaycanı həmin olaylardan xəbərdar edən telekanalın Türkiyə təmsilçisi Pərviz Sultansoy hazırda elə qardaş ölkədə fəaliyyətini davam etdirir.

O, Modern.az-a müsahibəsində hazırki fəaliyətindən danışıb.

-ANS telekanalının bağlanmasından sonra nə iş görürsünüz?

-Düzünü desəm, ANS televiziyası bağlanandan sonra hələ ki heç bir fəaliyyətim yoxdur. Amma ondan öncə bizim “Sultansoy” adlı Türkiyədə şirkətimiz var idi. Həmin şirkətin fəaliyyəti 2014-cü ilə qədər davam edib. Türkiyənin TRT, Mavi Karadeniz, Azərbaycanın ANS və bir neçə telekanala verilişlər istehsal edirdik, onların prodakşın fəaliyyətini həyata keçirirdik. Həmin şirkətin fəaliyyətinə bu günə qədər heç nə etməmişəm, amma fikrim var ki, həmin şirkəti yenidən işə salım.
Bundan başqa, mənim həyat yoldaşımın Turkaznews.com adlı xəbər saytı var. Jurnalist fəaliyyətim dayanmasın deyə, həmin saytda fəaliyyətimi davam etdirəcəyəm. Sayt vasitəsi ilə əlimdən gəldiyi qədər Azərbaycana, millətimizə, millətçiliyimizə, dövlətçiliyimizə xidmət edəcəyəm. Biz 8 ildən çoxdur ki, Türkiyədə yaşayırıq. Türkiyə-Azərbaycan körpü yolunda ən azından bir çox fəaliyyətlər göstərmişik və həmin sayt vasitəsilə də bundan sonra işimizə davam edəcəyik. Səmimi desək, hal-hazırda heç bir yerdən gəlirim yoxdu. Jurnalist fəaliyyətimlə ən azından əlimdən gələni etməyə çalışacam. Dövlətimizə, xalqımıza, özümüzə yararlı olmaq üçün addımlar atacağıq.
 

-Saytınıza kimlərsə dəstək verir?


-Saytımıza heç kim dəstək olmayıb. Həyat yoldaşım da jurnalistdir. Jurnalist fəaliyyətimiz dayanmasın deyə, saytı açmaq qərarına gəlmişik. Oturduğumuz yerdən dövlətimizə, xalqımıza, ölkəmizə dəstəyimiz  olsun deyə, işə başlamışıq. Bizim bu yolda heç bir dəstəyimiz olmayıb. Öz imkanlarımız daxilində, bacardığımız qədər bu saytın fəaliyyətini davam etdirəcəyik. Sayt həm türk dilində, həmdə Azərbaycan dilində yayımlanır. Uzun müddətdir ki, mən saytla məşğul olmurdum, yoldaşım məşğul olurdu. Qələmimizin ucu korlanmasın deyə, bu işlə məşğul olmağa başladıq. Böyük şirkətlərimiz var, Azərbaycan diasporu var, bəlkə kimlərsə dəstək olar, bu fəaliyyətimizi həmişə davam etdirmək istərdik.
 

-ANS TV bağlandı. Televiziyanın fəaliyyəti dayandırıldıqdan sonra ANS rəhbərliyi ilə təmaslarınız qalırmı?


-Əlbəttə, bizim ANS rəhbərliyi ilə həm dostluq, həm də qardaşlıq münasibətimiz olub. Biz ANS-dən bir çox şeylər öyrənmişik. Tək biz  jurnalistlər üçün deyil, jurnalistika fakültəsində təhsil alan çox insanın  xəyalında ANS məktəbindən keçmək olub. Biz də ANS məktəbini keçmişik və düşünürəm ki, ölkəmiz üçün,  dövlətimiz üçün yararlı jurnalistik. 
Mən əslində ilk işlərimə Region televiziyasında başlamışam. Türkiyə telekanallardan təklif almışam və gedib orada çalışmışam. Daha sonra isə ANS  telekanalının Türkiyə təmsilçisi olaraq çalışmışam. ANS-in həm Türkiyədəki təmsilçisi, həm də müxbir məntəqəsinin rəhbəri olmuşam. Bu gün ANS rəhbərliyi ilə münasibətlərimiz çox yaxşıdır. Biz 15 iyul  hadisələri zamanı əlimizdən gəldiyi qədər Türkiyə hökumətinə, xalqına dəstək olmuşuq. Əlimizdən gəldiyi qədər də Türkiyədəki hadisələrdə FETO terrorist qruplaşmasının etdiyi şərəfsizliyi göstərməyə çalışmışıq. Tankın, topun küçələrdə olduğu zaman biz yayımda olmuşuq. Türkiyədən də bir çox insanlar bizə təşəkkür etdilər.  Biz orada əsl jurnalist fəaliyyəti göstərmişik. Biz dövlətinin arxasında duran türk xalqının yanında yer almışıq və sonuna qədər də orada olmuşuq.

-ANS-in fəaliyyətinin dayandırılılmasından sonra televiziya məkanında hansısa fərq hiss olunurmu?


- Məncə ANS-siz telejurnalistika yatmış telejurnalistikadır. Ümumilikdə Azərbaycan televiziyalarına baxmış olsaq, bu gün ANS-in xəbər fəaliyyəti yoxdur deyə, sanki bütün insanlarda xəbər boşluğu var. Hələ də insanlar yaxınlaşıb ANS-in nə zaman açılacağını soruşurlar. Bizim onlara cavabımız o olur ki, hamı kimi biz də ANS-in açılmasına ümid edirik. Dövlətimizin verdiyi cavabı gözləmək hamı kimi, bizim də borcumuzdur.

 

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi