Modern.az

Androloq: “Azərbaycanlı qadınların əksəriyyəti cinsi istəksizlikdən şikayət edirlər” - MÜSAHİBƏ

Androloq: “Azərbaycanlı qadınların əksəriyyəti cinsi istəksizlikdən şikayət edirlər” - MÜSAHİBƏ

Hadisə

13 Yanvar 2017, 16:20

Son illərin müşahidə və araşdırmaları onu göstərir ki, cinsi aktivliyi artıran dərmanlara tələbat artıb. Söhbət təkcə xarici ölkələrdən getmir. Tibb işçiləri deyirlər ki, Azərbaycanda da bu tipli preparatlardan istifadə edənlərin sayında hər il artım qeydə alınır. Bunu apteklərin satıcıları, androloq həkimlər də təsdiqləyirlər. İşin maraqlı tərəfi bundadır ki, bu dərmanlardan istifadə edənlər sırasında kişilərlə yanaşı, qadınlar da var.

Məsələ ilə bağlı Modern.az saytının suallarını tibb üzrə fəlsəfə doktoru, androloq Rauf Rzayev cavablandırıb.

 

-Cinsi problemlər yaşayan qadınlar daha çox hansı məsələlərlə bağlı müraciətlər edirlər?

- Qadınlar daha çox cinsi istəksizlikdən, ağrılı cinsi əlaqədən, uşaqlıq yolunun quruluğundan olan şikayətlərlə bağlı müraciətlər edirlər. Qadınların belə problemlər yaşamasına görə əsas səbbəkarlar kişilərdir. Kişidə cinsi əlaqəyə girmə ehtimalı 2 dəqiqənin ərzində ola bilir. Ancaq qadında bu məsələ bir az başqa cürdür. Qadında ön sevişməni bir az uzatmaq və onu cinsi fəaliyyətə hazırlamaq lazımdır. Bu hazırlığın olmaması qadını incidir və qadında cinsi əlaqəyə nifrət yaradır. Digər tərəfdən də qadınlar toy gecəsi olan ağrılara görə, sonralar bir növ cinsi əlaqədən küsürlər. Mentalitet baxımından qadınları toy gecəsi qorxudur. O vaxtdan da qadının psixologiyasında ağrılı cinsi əlaqə kimi mif yaranır.
Biz belə qadınları ailəvi olaraq qəbul edirik. Onun həyat yoldaşına müəyyən bir şeyləri başa salırıq ki, qadınla necə davranmaq lazımdır. Çünki Azərbaycan qadını bir az fərqli düşünür. Cinsi əlaqədə bir az utancaqdır. Qadınlarda cinsi istəksizliyin olması hər hansı bir xəstəliyin nəticəsi olaraq yaranır. Əgər məsələ psixoloji deyilsə, öncə həmin xəstəlik müalicə olunmalıdır.

- Qadınlar üçün cinsi istək artırıcı dərmanlar hansılardır?

- Bunlar fitoterapektiv dərmanlardır. Yəni bitki tərkibli dərmanlardır. Buna misal olaraq, “İspanski Muşka”, “Konski Kapli”, “Jenşen”, “Maka”  kimi dərmanları göstərmək olar. Bu qrup dərmanlar qadınlarda afrodizyak rolunu oynayır. Həmçinin, bəzi qadınlar intim gellərdən də istifadə edirlər. Bunun isə bir o qədər də ziyanı yoxdur.


- Bu dərmanlar hansı fəsadlara yol aça bilər?


- Qadınlar ümumiyyətlə kişilərdən fərqli olaraq, özbaşına dərmanlar istifadə etmirlər. Onlar bunun üçün həkimə müraciət edirlər. Qadınlar kişilər kimi hələ o həddə çatmayıblar ki, gedib apteklərdən qıcıqlandırıcı dərmanlar alsınlar. Yəni qadınlar illərlə cinsi əlaqədən zövq almadıqda da həkimə müraciət etmir. Həmin ağrını və acını içində yaşadır.

- Menstruasiya vaxtı qadın bu dərmanlardan istifadə edə bilər?


- Bu qətiyyən olmaz. Ümumiyyətlə, menstruasiya vaxtı cinsi əlaqə olmaz. Həm də qadında menstuarasiya vaxtı bakterial çirklənmə olur. Bu vaxt cinsi əlaqədə olmaq kişiyə də ziyandı. Həmin bakteriya kişiyə də bulaşa bilər. Həm də kişilərdə iyrənmək yarada bilər.

- Bəs bu dərmanlardan istifadə qadınlarda sonsuzluğa gətirib çıxara bilər?


- Yox. Sonsuzluğa gətirib çıxara bilməz. Uşaqlığında və döşündə mastit olan qadınlar bu dərmanları qəbul edərsə, digər əsas xəstəliyi sürətləndirəcək.

- Hamiləlik vaxtı cinsi istək artırıcı dərmanlardan istifadə etmək olarmı?

- Xeyr. Qətiyyən olmaz. Hamiləliyin müxtəlif vaxtlarında qadınların seksə baxışı müxtəlif cürdür. Məsələn, birinci 3 aylığında əksəriyyət qadınlar seksə nifrət edir. Elə qadın var ki, hamiləliyinin 8 və 9-cu ayında seksə marağı artır. Hamiləlikdə seksual həyat da bir az fərqlidir. Bəzi həkimlər deyirlər ki, hamiləlikdə seks olmaz. Amma əksinə.  Hamiləliyin 9 ayına qədər seks məsləhətdir. Çünki bu təbii doğuşu asanlaşdırır. Ancaq hamiləliyin müddəti artdıqca, müxtəlif pozalardan istifadə etmək lazımdır.

- Cinsi problemlərlə bağlı sizə daha çox hansı yaşda olan qadınlar müraciət edir?

- Adətən 30 və 40 yaşına qədər olan qadınlar bununla bağlı müraciətlər edir. Qadın klimaksa düşəndən sonra onda cinsi istək azalır. Bizə klimaksdan sonrakı qadınlar da müraciət edirlər. 45-50 yaşlı qadınlar. Cinsi istəksizlikdən və uşaqlıq yolunun quruluğundan şikayətlənirlər.

- Azərbaycanda mentalitet baxımından qadınlar bu məsələləri açıb-ağarda bilmirlər. Siz bununla bağlı qadınlara hansı məsləhətlər verə bilərsiniz?

- Öncə biz həmin qadınların kişilərini müalicə etməliyik. Çünki cinsi istəksizliyi qadında hiss edən kişi onu həkimə aparmalıdır. Cinsi əlaqə kişiyə 1 faiz xeyirdisə, qadına 100 faiz xeyirdi. Yəni normal qadın cinsi əlaqədə olub, orqazma düşməlidir. Orqazma düşən qadın çox mülayim bir xanıma çevrilir. Həmin qadın kişini və vətəni sevər. Pozitiv olar. Ancaq cinsi əlaqədə orqazma çatmayan qadın isə çox acıqlı və aqressiv olur. Normal cinsi əlaqəyə girməyən və orqazma çatmayan qadınlarda nevroz başlayır. Nevroz da digər xəstəliklərin yaranmasına səbəb ola bilir. Ən yaxşı stressdən çıxmaq yolu seksdir. Hətta seks qadının çəkisini də azaldır. Çünki seks zamanı çoxlu kalori ifraz olunur. Həm də qadını digər xəstəliklərdən qoruyur.

- Digər xəstəliklər dedikdə hansılar nəzərdə tutulur?
- Onkoloji xəstəliklər. Seks immuniteti artırır və qadını depressiyadan çıxarır. Əgər bir insanda stress varsa, digər xəstəliyin yaranması üçün zəmin var.

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir