Modern.az

Türkçülüyün kiçik Turanı: Azərbaycan Cümhuriyyəti - III YAZI

Türkçülüyün kiçik Turanı: Azərbaycan Cümhuriyyəti - III YAZI

13 Yanvar 2017, 16:55

Dos., Dr. Faiq Qəzənfəroğlu

 

XIX əsrin ikinci yarısından başlayaraq rus və fars ideoloqlar “tarixi-coğrafi Azərbaycan” anlayışının və həmin “Azərbaycan”da yaşayan türk millətinin Türklük ya da Turandan ayrı tutulması üçün antitürk ideyaları daha geniş şəkildə təbliğ etməyə başladılar. Türk düşmənlərinin burada əsas məqsədi bir tərəfdən “tarixi-coğrafi Azərbaycan” kəliməsini türklükdən, turanlılıqdan uzaqlaşdıraraq onu “İran”, “Persia” ilə bağlamaq, digər tərəfdən “Azərbaycan”ın türk xalqının sadəcə türk dillərindən birində danışdığını, əslində isə farslardan ya da başqa bir qeyri-türk soyundan gəlmiş “mələz xalq” olduğunu ortaya qoymaq, eləcə də Şimali Azərbaycan türkləriylə Cənubi Azərbaycan türklərini biri-birindən ayırmaq olmuşdu. Bu anlamda irançı, rusiyaçı ideoloqlara görə, Qacarlardakı “Azərbaycan əyaləti” daha çox tarixi-coğrafi anlamda “İran”ın qədim bir əyaləti idisə, “Azərbaycan”ın türk əhalisi də türk dillərinin birində danışmalarına baxmayaraq adət-ənənə, etnik anlamda farslara bağlı olub, farsdan dönmə idilər; Şimali Azərbaycan ya da “Zaqafqaziya”nın müsəlman əhalisi də “tatar dili”ndə danışan yarıfars yarıtatar olub, mələz bir xalqdır.

Gördüyümüz kimi, çar Rusiyası vahid bir xalq olan Azərbaycan Türk xalqı üzərində “parçala və hökm sür!” siyasətinə uyğun olaraq ideoloji oyun oynayırdılar. Bunun üçün də ilk növbədə, çar Rusiyası Qafqaz türklərini Qacarlardakı Azərbaycan türklərindən ayırmağa çalışır, bu anlamda Güney Azərbaycandan olub ancaq özlərini “Persian”, “Persiyalı”, “farsdan dönmə” hesab edən təbəələrinə hər cür şərait yaradırdı. Bunun nəticəsi idi ki, Mirzə Fətəli Axundzadə, Zeynalabdin Marağayi kimi Güney Azərbaycandan olan türk aydınları “tarixi-coğrafi Azərbaycan”ı və onun əhalisini etnik, adət-ənənə anlamında daha çox çar Rusiyasının və irançıların mövqeyinə yaxın şəkildə izah edirdilər. Məsələn, Güney Azərbaycandan köçüb çar Rusiyasının təbəəsi kimi Tiflisdə yaşayan M.F.Axundzadə əvvəlcə soyunun-sopunun türkmən olduğunu ifadə etdiyi halda, sonralar özünü “zahirən türk” adlandırıb əslini-nəslini farslara bağlamış, üstəlik “Kəmalüdövlə məktubları” əsərində açıq-aşkar “İran” və irançılıq məfkurəsinin təbliğatçısına çevrilmişdir. Axundzadənin iranpərəst “yol”unu davam etdirən Zeynalabdin Marağayi də çar ideoloqlarının təsiri altında etnik soyunu kürdlərə bağlayaraq “İbrahim bəyin səyahətnaməsi” əsərində (o, bu kitabını çar Rusiyasının təbəəsi olduğu dövrdə yazmışdır) “İran” və irançılıq ideyalarını təbliğ etmiş, “tarixi-coğrafi Azərbaycan”a və onun əhalisinə də bu antitürk məfkurənin çərçivəsində yanaşmışdır.

Çox maraqlıdır ki, Axundzadələr, Marağayilər Qacarların Azərbaycan əyalətindən çar Rusiyasına gəlib onun təbəəliyini qəbul etdikdən sonra “irançılıq” ideyasına qapıldqları halda, onlardan fərqli olaraq 1828-ci ildən sonra Şimal imperiyasının müstəmləkəçiliyi altında yaşamağa məhkum olan Qafqaz Azərbaycanının türk aydınlarının çoxu “Azərbaycan” anlayışını və onun müsəlman əhalisini Türklüklə izah etmişlər. Buna örnək olaraq A.A.Bakıxanovu, S.Ə.Şirvanini, H.Zərdabini, Q.Zakiri və başqalarını göstərə bilərik ki, onlar hər fürsətdə türk olduqlarını dəfələrlə ifadə etmişlər. Belə ki, Bakıxanov ilk əsərini doğma türk dilində yazmasını, Zərdabi nəşr etdiyi “Əkinçi” qəzetinin çar Rusiyasında ilk Türk qəzeti olmasını, S.Ə.Şirvani şeirlərində türk kimliyini vurğulamasından bir müddət sonra “Azərbaycan” anlayışının həm tarixi-coğrafi, həm də etnik anlamda türklüklə bağlılığını ilk dəfə irəli sürənlər də Şimali Azərbaycan türk aydınları olmuşlar. Məsələn, Cəlal Ünsizadənin baş redaktoru olduğu “Kəşkül” qəzetinin 1890-cı ilin noyabr ayında nəşr olunan (“Kəşkül”, 16 noyabr, 1890, № 115) “Əvam gəzmək – yuxu yatmaqmı dedin?” adlı məqalədə “Azərbaycanlı” imzalı müəllif  (çox güman ki, bu müəllif C.Ünsizadənin özüdür – F.Q.) yazırdı ki, quzeyli-güneyli Azərbaycan türkləri rusların adlandırdığı kimi tatar deyil “Azərbaycan milləti”dir. C.Ünsizadə Azərbaycanın türk əhalisinin dilini də Türk dili ilə yanaşı “Azərbaycan dili” adlandırmış, üstəlik 1891-ci ildə “Azərbaycan” adlı qəzet çıxartmaq üçün Tiflisdəki Baş Mətbuat İşlər İdarəsinə müraciət etmişdir. Ünsizadələrlə eyni dövrdə yaşamış Məhəmməd Ağa Şahtaxtlı da 1891-ci ilin sonlarında “Kaspi” qəzetində yazırdı ki, Qacarların məğlubiyyətindən sonra Rusiyanın işğalı altında qalan “Aderbedjan mahalı”nın indi “Zaqafqaz­iya müsəlmanları” adlanan əhalisi etnik mənşə və dil etibarilə nə tatar, nə də fars amili ilə bağlıdırlar, onlar türkdürlər-Azərbaycan türkləri: «Gün­dəlik həyat­ımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil: məsələn azərbaycanlı türk və yaxud ader­bed­canlı türk dili. Ona görə də Zaqafqaziya müsəlman­larını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azər­baycan dili adlandırmaq məqsədəuyğun olar­dı».

Hesab edirik ki, C.Ünsizadənin, M.A.Şahtaxtlının “Azərbaycan”, “Azərbaycan dili”, “Azərbaycan milləti” anlayışlarını gündəmə gətirərək daha çox sahiblənmələrinə baxmayaraq, bu məsələdə ciddi uğur əldə edə bilməmələrinə əsas səbəb, həmin istilahları türklük və turanlılıq anlamında yetərincə ortaya qoya bilməmələri olmuşdur. Başqa sözlə, Ünsizadə və Şahtaxtlı Axundzadə ilə Marağayidən fərqli olaraq “Azərbaycan” və onun əhalisini əsasən “İran”, “iarnçılıqdan” uzaq tutaraq daha çox türklüklə bağlamaqla doğru yol tutsalar da, ancaq “Azərbaycan”, “Azərbaycan dili”, “Azərbaycan milləti” anlayışlarının Türklük və Turanlılıqla bağlı olmasının dərinliyinə varmamış, bu məsələlərə bəsit ya da zahiri cəhətdən yanaşmışlar. Onlar sadəcə, “tarixi-coğrafi Azərbaycan” əhalisini Türk dilində danışdıqları və Türk adət-ənənələrindən çıxış etdikləri üçün tatar, fars, müsəlman deyil, məhz türklüyün eyniyyəti kimi “azərbaycanlı”, “Azərbaycan milləti”, “Azərbaycan dili” adlandırılmasını məqbul hesab etmişlər.

Ola bilsin ki, Ünsizadə qardaşlarının, Şahtaxtlının bu məsələlərdə daha dərinə getməmələrində çar Rusiyasının maraqlarının dairəsindən çox kənara çıxa bilməmək də mühüm rol oynamışdır. Belə ki, çar Rusiyası “Azərbaycan” “azərbaycanlı”, “Azərbaycan milləti”, “Azərbaycan dili” anlayışlarının Türklük və Turanlılıq əsasında izahının birmənalı şəkildə tərəfdarı olmadığı üçün, bu istilahların daha çox farsdan dönmə, tatardan-türkdən dönmə,  albandan dönmə “mələz xalq” ətrafında formalaşdırmağa çalışmışlar. Bu anlamda Axunzadələrin, Marağayilərin Güney Azərbaycan türklərini farsdan dönmə hesab edib “İran”a, irançılığa Ünsizadələrin, Şahtaxtlıların isə Qafqaz türklərini “azərbaycanlı”, dillərini “Azərbaycan dili” adlandırmaları çar Rusiyasının maraqlarına qismən cavab verirdi. Ancaq bütün hallarda “tarixi-coğrafi Azərbaycan” əhalisinin aydınlarının müxtəlif ideyalara üz tutaraq bir qisminin özünü “Türk”, “Qafqaz türkü” ya da “qafqaziyalı”, digərinin “zahirən türk” ya da “farsdan dönmə” persiyalı-iranlı, üçüncüsünün “azərbaycanlı” ya da “Azərbaycan milləti”, dördüncüsünün də “tatar” adlandırması çox ciddi problemlərə yol açmışdır.

Beləliklə, “tarixi-coğrafi Azərbaycan” əhalisinin böyük çoxluğu türk olmasına baxmayaraq, çar Rusiyası ideoloqlarının və ingilis dəstəkli irançı ideoloqlarının sayəsində müxtəlif adlarla adlandırılmağa başlanmışdı. Şübhəsiz, belə bir durumda quzeyli-güneyli Azərbaycan türklərinin vahid ulus olaraq həm Qacarlar dövlətinin qurucusu və sahibi olaraq ingilis-rus dəstəkli irançılara, buna paralel də olaraq dünyanın jandarmı olmağı bacarmış çar Rusiyasına qarşı mücadilə aparmaları çox çətin idi. Məhz belə bir şəraitdə ən doğru yol “tarixi-coğrafi Azərbaycan”la Türklüyün, Turanlılığın bütünlüyündən çıxış etmək idi ki, bunun ilk cizgilərini Əli bəy Hüseynzadə, Mirzə Ələkbər Sabir, Əbdülxaliq Cənnəti, Ömər Faiq Nemanzadə, M.Hadi, H.Cavid kimi milli ziyalılarımız ortaya qoymuşdursa, ancaq bu məsələdə əsas rolu birmənalı şəkildə Məhəmməd Əmin Rəsulzadə oynamışdır.

Turani ləqəbiylə yazılar şeirlər yazan Əli bəy Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir” (1905) əsəri bizcə, Turançılığa, Türk-Turan mədəniyyətinə giriş olmaqla yanaşı, Azərbaycan türklərinin Turan daxilində mühüm  yer tutuduğunu ifadə etmişdir. Çünki bu əsərdə “əcdadımızın müştərək mənşəyi Turan”a işıq tutulmağa cəhd göstərilir ki, burada da Azərbaycan türklərinin Türk-Turanlı olduqlarını və Azərbaycan türkəcəsinin də Turan dil ailəsinə aid Türk dilindən başqa bir dil olmadığını açıq şəkildə ifadə etmişdir. Ə.Hüseynzadəyə görə bu gün türklərin, o cümlədən Azərbaycan türklərinin Yaz bayramında təbiət ünsürləri (od, su, torpaq və hava) ilə bağlı keçirdiyi mərasim­lərin kökü, mənşəyi də irançı zərdüştiliklə de­yil Türklərə aid şamanizmə, tanrıçılığa gedib çıxır. Beləliklə, Azərbaycan türkləriylə “İran” farslarının adət-ənənələri arasındakı fərqləri də otaya qoyan Turançılığın ideoloqu bildiridi ki, Qacarlar dövlətində yaşayan türklərin böyük qismi də məhz Turana bağlı Azərbaycan türkləridir.

Ə.Hüseynzadənin bu ideyalarından təsirlənən M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Cənnəti, Y.Talıbzadə, M.Hadi, H.Cavid və başqaları məqalə və şeirlərində artıq istər tarixi-coğrafi, istərsə də etnik anlamdakı “Azərbaycan”ı az da olsa, Türklüklə, Turanlılqla bir bütün kimi görməyə başlamışlar. Məsələn, Ə.Cənnəti məhz həmin hisslərin altında Hüseynzadənin “Füyuzat” jurnalında (1907, 7 avqust) nəşr olunan “Fəxriyyə” şeirində yazırdı:

Hərçənd düçari-mühəni-əhli-cəfayız,

Hərçənd bu əyyamdə pabəndi-bəlayiz,

Ey xar görən bizləri, bizlər nücəbayız,

Meydani-həmiyyətdə ələmdari-vəfayiz.

Turanlılarız, sahibi-şənü şərəfiz biz!

Əslafımızın nayibi xeyrül-xələfiz biz!..

Sabir isə Cənnətinin “Fəxriyyə”sinə cavab olaraq “Molla Nəsrəddin” jurnalında (1907-ci il, 26  avqust) nəşr olunan eyni adlı şeirində açıq-aşkar türklər arasında yayılmış rusçuluq, iranlılıq, osmanlılıq, sünnilik və şiəlik təəssübkeşliyini tənqid edərək Turan, Türklük üçün mücadilə verməyə çağırırdı. Əsrlər boyu müxtəlif dini, qeyri-dini inanclara görə bir-birinə düşmən kəsilən, həmin inanclar uğrunda savaşan türklərin (Şah İsmayılla Sultan Səlim, Çingiz xanla Məhəmməd Şah Xarəzm, Cahan şahla Uzun Həsən, Əmir Teymurla İldırım Bəyazid və başqaları kimi) Türklüklə Turanlılığı bir kənara qoyub çar Rusiyasında rusçuluq, Türkiyədə “osmanlılıq”, Qacarlarda “iranlılıq” üçün mücadilə verməsini Sabir belə tənqid edirdi:

İndi yenə var tazə xəbər, yaxşı təmaşa,

İranlılıq, osmanlılıq ismi olub ehya,

Bir qitə yer üstündə qopub bir yekə dəva,

Meydan ki, qızışdı olarıq məhv sərapa...

Onsuz da əgərçənd ki, yeksər tələfiz biz!

Öz qövmümüzün başına əngəlkələfiz biz!

Həmin dövrdə Türk aydını Əlabbas Müznib isə “Türk tarixi” kitabında türk, tatar və moğolları Turanlı ruslar, farslar, hindlilər, ermənilər isə Ariyalı adlandırmışdır. Turan və Turanlı anlayışlarını daha çox Azərbaycana, Qafqaza bağlayan Müznibin də Turançılıq  məfkurəsinə sahibləndiyini görürük.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı