Modern.az

Azərbaycanlılar XXI əsrin tələblərinə cavab verə bilmirlər - Texnoloji bilgisizlik, intellekt azlığı...

Azərbaycanlılar XXI əsrin tələblərinə cavab verə bilmirlər - Texnoloji bilgisizlik, intellekt azlığı...

Ədəbi̇yyat

13 Yanvar 2017, 17:07

Sənaye dövrü olan XX əsr Azərbaycan cəmiyyətinin təfəkkür tərzinə qismən də olsa adekvat idi. Əsrin 70 ilini sovet istilası altında yaşasaq da, rejimin sənaye və kənd təsərrüfatına xüsusi önəm verməsi, həmçinin, dünyadan təcrid olunan qapalı idarə üsuluna əl atması Azərbaycanda bu iki sahənin inkişafına səbəb oldu. Lakin əsrin sonlarında Azərbaycanın müstəqil olması, sənayenin deyil, texnologiyanın hakim olduğu dünyaya adlaması bəzi problemlərə səbəb oldu.

Artıq XXI əsrin 17-ci ilini yaşayırıq. Lakin cəmiyyətdə XXI əsrin əsas yaşam formulu olan elm və texnologiyanın standartlarına cavab verə bilməmək, əksər azərbaycanlının təfəkkür və psixologiyasına ağır zərbə vurub. Qısası, zaman məfhumu kimi XXI əsrdə yaşasaq da, düşüncə faktoru kimi hələ də bu əsrə adaptasiya olunmağın yollarını axtarmaqdayıq. Bu axtarış isə həm mənəvi, həm psixoloji, həm də hələ də maddi itkilərə yol açır.

Azərbaycan cəmiyyətini XX əsrdə daha xoşbəxt görmək olardı. Çünki sənaye dövrünün adamları sanki öz əsrlərini yaşayır, zamanla bərabər addımlaya bilirdilər. Düşüncələrarası keçid dövrü isə XXI əsrin Azərbaycan cəmiyyətində psixoloji zədələrə yol açıb.


Milli Məclisin sabiq komitə sədri, professor Şahlar Əsgərov Modern.az saytına açıqlamasında XX və XXI əsrlər Azərbaycan insanı arasındakı fərqlərin əsas səbəbinin intellekt olduğunu bildirir.  Onun sözlərinə görə, XX əsrin sənaye təfəkkürünə cavab verən cəmiyyət XXI əsrin intellektual tələbinə cavab vermir:

XX əsrlə XXI əsr insanı arasında fərqlər çoxdu. Çünki XX əsr sənaye, XXI əsr isə texnologiya əsridir. Azərbaycan, xüsusilə də, Bakı sənaye dövrünün tələblərinə çox yaxşı cavab verirdi. Odur ki, XX əsrin azərbaycanlıları da dövrün tələbləri ilə uyğunlaşa bilirdi. Amma gəlin görək, XXI əsrin azərbaycanlısı texnologiya, elm əsri olan XXI əsrin tələblərinə cavab vermək üçün yetərin qədər intellektə cavab verə bilirmi? İki əsr arasındakı fərqlər bundan ibarətdir - birinin tələblərinə cavab verirdik, o birinin isə yox. ABŞ-ın UBER taksi xidmətini bir neçə il bundan əvvəl 35-36 yaşlı cavan kanadalı şəxs yaratdı. O, insanlarda texnoloji vasitələrdən - kompüter və mobil telefonlardan yararlanmaqla 7-8 il ərzində 60 milyard dollar qazandı. İndi görürsüzmü, necə çətin bir əsrdə yaşayırıq?! Bu əsrdə hər şeyi intellekt həll edir. Azərbaycan cəmiyyətinin insanlarının əsrin tələb etdiyi intellektə nə cür cavab verəcəyini araşdırmaq lazımdı. Bunun üçün də yaxşı təhsil sistemi formalaşmalıdır”.

 

Filosof Müşfiq Ötgün iki əsrin insanları arasındakı fərqi birbaşa düşüncə meyarı ilə əsaslandırır. Filosofun fikrincə, Qərb praqmatizmi üzərində qurulan XXI əsrin texnologiya cəmiyyətinə Azərbaycanın cavab verə bilməməsi vətəndaşlarda mənəvi, maddi problemlərə yol açır. Hansı ki, bu problemlər XX əsrdə yaşanmırdı:

“Biz - Qərbin təsirlərinə açıq olan Şərq ölkəsiyik. XX əsrdə Azərbaycan maarifçiləri çox böyük cəsarətlə geriliyimizi tənqid etməyə girişdilər. Məsələn, “Molla Nəsrəddin” kimi jurnalın səviyyəsinə biz hələ indi də yetişə bilmirik. Ümumiyyətlə, nə baş verdi, müsəlman Şərqi Qərblə tanışlıqdan az sonra dərhal (bir əsr kiçik zamandır) geriyə dartındı, dəyişikliklərdən qorxdu. Son onilliklərdə ətrafımızda, İranda, Türkiyədə, Suriyada baş verən hadisələri bu tezisin işığında da anlamaq mümkündür.

Azərbaycana ən böyük zərər Sovet hakimiyyətindən gəldi. Çar zamanında şüur az ya çox dərəcədə azad idi. Maarifçi çabalarda səmimiyyət və ruh vardı. Totalitar ideologiya hər şeyi saxtalaşdırdı. Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı kimilərin başladığı iş konservasiya oldu. Əvəzinə mədhiyyəçi ziyalılar ordusu yaradıldı. Millətin şüuru ən böyük zərbəni elə o zaman aldı. 70 illik “yuxuya” getdik sanki. Ayıldıq, gördük ki, XIX- XX əsr maarifçilərimizin qoyduğu yerdəyik. Yenə seksizmlə mübarizə etməliyik, yenə həqiqi tolerantlığa yol açmalıyıq, yenə feodal təfəkkürümüzdən, zəbtçiliyimizdən, yerliçiliyimizdən uzaqlaşmağa çalışmalıyıq. Yenə Qərbdən öyrənməliyik. Yaponlar məsələn, bu tələbəliyi çox uzatmadılar. Tez zamanda dirçəldilər. Biz isə 70 ilin yuxusundan ayıldıq və gördük ki, “köhnə hamam, köhnə tas”.
XXI əsrdə də yeni heç nə baş vermir,  bizim üçün yeni yaranan azsaylı maarifçi- ziyalılar yenə öz işlərinin başındadırlar”.


E.Nazimoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar