Modern.az

Meyiti Ermənistanda saxlanılan şəhidin dekanı: “Çingiz tələbələr üçün nümunədir”

Meyiti Ermənistanda saxlanılan şəhidin dekanı: “Çingiz tələbələr üçün nümunədir”

13 Yanvar 2017, 17:57

2016-cı il dekbabrın 29-da Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatının qarşısını alarkən hərbçimiz Qurbanov Çingiz Salman oğlu şəhid olub. Onun cəsədi düşmənin əlinə keçib. ATƏT və beynəlxalq təşkilatlar Ermənistandan hərbçinin cəsədinin qaytarılmasını tələb edib.

 

Çingiz Qurbanov Azərbaycan Texniki Universitetinin 2016-ildə məzunu olub. O, Xüsusi texnika və texnologiyalar fakültəsində təhsil alıb.

Fakültənin dekanı Ramiz Hüseynov Modern.az-a açıqlamasında Çingizin tələbəlik illərinə qısa nəzər salıb.

 

“Çingiz sakit təbiətli, qabiliyyətli, tərbiyəli tələbə olub. Heç kəslə kobud rəftar etməyib. Dərslərini çox yaxşı oxumasa da, pis də deyildi. Kurs işlərini vaxtında yerinə yetirirdi. Dövlət komissiyasına buraxılmamışdan öncə, özüm onu bir də yoxladım. Kabinetə çağırıb onun çıxışına qulaq asdım. Çox məsuliyyətli tələbə idi. O, vətən uğrunda şəhid olub. Vətən uğrunda şəhid olmaq böyük şərəfdir. Hamıya qismət olmur. Çingizin valideynini universitetə dəvət edib onunla söhbət etdik. “Başını hər zaman uca tutub gəz. Çingiz ölməyib” dedim.

 

Universitetdə onun şəkli qoyulub. Daimi olaraq, onun haqqında çıxışlar olur. Fakültənin iki yerində  onun şəklini asmışıq.  Bu gün Çingiz Qurbanov tələbələr üçün bir nümunəyə çevrilib. Tələbələrə deyirik ki, hamınız Çingizə oxşamalısınız.

 

Tanınmış şair Sabir Əhmədlinin də oğlu şəhid olub. Onun belə bir söz var. “10 oğlum da vətən yolunda şəhid olsa, of demərəm. Çünki oğul vətən və  onu müdafiə etmək üçündür”.

Ramiz Hüseynov, universitetdə mövcud olan ənənədən də söz açıb.

“Fakültədə  belə bir qayda var. Universitetə qəbul olunan hər bir tələbə Mübariz İbrahimovun məzarını ziyarət edir. Bu, qrup şəklində olur. Gedib ziyarət edirlər və onun ata-anasına yazdığı məktubla tanış olurlar. Tələbələrlə daimi olaraq vətənpərvərlik  söhbətləri aparırıq. İzah edirik ki, siz universitetə qəbul olunmusunuz.

 

“Amma universitetə qəbul olmayan dostlarınız bu gün Murovda, Tərtərdə, Ağdamda hərbi xidmət keçir. Sərhəddə Ermənistan qoşunları ilə üz-üzə dayanaraq bizi müdafiə edir. Siz də burda müdafiə sənayesi üçün dövlətə söz vermisiz ki, mühəndis olasınız” deyirik. Tələbələrlə bu tərzdə söhbətlər aparırıq”.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir