Modern.az

Ölkədə dollar bolluğudur, manat isə tam "üzməyəcək" 

Ölkədə dollar bolluğudur, manat isə tam "üzməyəcək" 

İqtisadiyyat

14 Yanvar 2017, 10:33

Mərkəzi Bank manatın rəsmi məzənnəsinə tətbiq etdiyi 4 faizlik marjanı ləğv etdi. Nəticədə isə kommersiya bankları dolları açıq şəkildə yüksək məzənnə ilə satmağa başladılar.

 

Məsələni şərh edən iqtisadçı Samir Əliyev Modern.az-a deyib ki, problemin kökü dollar qıtlığında idi:

 

Ölkədə dollar bolluğunu yaradan marjanın ləğvi deyil

 

“Dollar ona görə tapılmırdı ki, 4 faizlik marja var idi. Kommersiya bankları isə daha çox gəlir əldə etmək üçün dolları “qara bazar”a yönəldirdi. Daha çox gəlir əldə edən zaman isə Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən 10 faiz baha satılırdı. Nəticədə isə banklarda açıq satışda dollar olmurdu. Problemin səbəbi budur. Amma kökü dollar qıtlığıdır. Necə ki, ötən ilin aprel-may aylarında ölkədə kifayət qədər dollar var idi və heç kim problem yaşamırdı. Yəni dollar bolluğunu yaradan marjanın ləğv olunması deyil”.

 

“Qara bazar”dakı dollar indi banklarda açıq satılır

 

Mütəxəssis deyib ki, dollar bolluğunun yaranmasına səbəb keçirilən hərraclarda bazara dollar buraxılmasıdır:

“Sonuncu hərracda Mərkəzi Bank Dövlət Neft Fondu ilə birgə satışa 300 milyon dollar çıxardı və bütün tələbat ödənildi. Amma ondan əvvəlki vaxtlarda hərraca 50 milyon civarında dollar çıxarılırdı. Hətta 2016-cı ilin dekabrında məbləğ 30-35 milyona düşmüşdü. Hərracın səhəri günü isə bir sıra banklar artıq dollar satmağa başladı. Təbii ki, 4 faizlik marjanın götürülməsi dolların “qara bazar”a yox, banklarda satılmasına gətirib çıxardı. Amma dollar olmasaydı, marjanın götürülməsi heç nəyi dəyişməyəcəkdi.

 

“Qara bazar”da 1 dollar 1, 92 AZN, 1,93AZN hətta bəzən 2 AZN-ə satılırdı. Amma marja götürüləndən sonra banklar dolları 1,80 AZN-ə təklif edir. Deməli “qara bazar”dakı qiymət endirilib və satış keçib kommersiya banklarına. Dollar olmadığı təqdirdə marjanın götürülməsi qiymətlərin daha da bahalaşmasına gətirib çıxarardı. Amma hazırda ölkədə dollar var. Yəni ölkədə dollar bolluğunu yaradan da marja deyil. Dollar bolluğunu yaradan Dövlət Neft Fondunun 4, 2 milyard dollar transfertidir. Yəni Mərkəzi Bank 4.2 milyard dollara arxayınlaşıb marjanı artırmadan onu birbaşa ləğv etdi”.

 

4,2 milyard dollar manatın indiki məzənnəsini qoruyub saxlayacaq

 

S.Əliyev qeyd edib ki, məhz bu transfert manatın məzənnəsini sabit saxlamaq üçündür:

 

“Həmin pul kütləsi bazara yönəldiləcək və manatın məzənnəsi qorunub saxlanacaq. 4,2 milyard dollar tam üzən məzənnəyə keçidi təxirə salacaq. Yəni birdən-birə tam üzən məzənnəyə keçilsəydi, manat kəskin ucuzlaşardı. Bu isə ölkədə maliyyə vəziyyətinin sıradan çıxmasına səbəb olardı.

 

Ona görə də Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil. Mərkəzi Bank marjanı ləğv etməklə sanki beş inzibati üsuldan birini ləğv etdi. Amma yerdə qalanlar var. Bundan sonra Mərkəzi Bank bazara pul kütləsi buraxacaq, ehtiyac olanda onu azaldacaq, müəyyən alətlərdən istifadə edərək vəziyyəti tənzimləyəcək. Yəni bu il 4, 2 milyard dollar transfert edildi. Əgər qarşıdakı ildə bu məbləğ yenidən dövriyyəyə buraxılmasa onda görün tam üzən məzənnə olur, yoxsa yox”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir