Modern.az

"Mən ölsəm ağlayarsan?" (Atəş alıtndakı kənddən reportaj)

"Mən ölsəm ağlayarsan?"  (Atəş alıtndakı kənddən reportaj)

18 Mart 2011, 18:52

"Zalım düşmən Farizin başını nişan almışdı, beyni parçalanmışdı"

Martın 19-da şəhid Fariz Bədəlovun 9 yaşı tamam olur

Orta Qərvənd sakinləri Ağdam rayon icra hakimiyyətinin başçısından və deputatlarından narazıdırlar

Birinci dəfədir ki, əvvəlcədən beynimdə hazırladığım yazını bilgisayara köçürməkdə çətinlik çəkirəm. Çünki gördüklərim və eşitdiklərim məni o qədər sarsıdıb ki, bir anlıq hisslərim ağlıma güc gəlir və fikirlərimi qarışdırır. Ancaq tez də hisslərimi cilovlaya bilirəm və heç bir şeyi qaçırmadan yazmağa başlayıram...

Martın 16-da Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifovanın təşkilatçılığı ilə bir qrup qadın jurnalist-"Yeni Müsavat" qəzetinin şöbə müdiri Həbibə Abdullayeva, "Həftə içi" qəzetinin əməkdaşı Sevda Zahidqızı və mən Ağdamın Orta Qərvənd kəndinə-erməni cəlladlarının qətlə yetirdiyi 9 yaşlı Fariz Bədəlovun baba ocağına yollandıq.

550 manata satılan torpaq

Bizim əziyyətimizi çəkən əslən ağdamlı sürücü Kənan Hacıəkbəroğlu məsləhət gördü ki, Ağsu istiqamətindən gedək. 
Qobustan rayonundan çıxan kimi yazın ilıq nəfəsi könlümüzü oxşadı. Dağların başı hələ də qar örtüyülə bələnsə də, düzlər yavaş-yavaş yaşıl donunu geyməyə başlayıb. Yolboyu insanların yer bellədikləri, ağaclarda budama apardıqları da diqqətimizdən yayınmadı. İnsafən demək lazımdır ki, məşhur Ağsu aşırımına kimi yollar rahat idi. Ancaq aşırıma çatanda gördüyümüz mənzərələr bu yerlərdə qar yağan zaman sürücülərin hansı problemlərlə üzləşdiyindən xəbər verirdi. Birincisi, dolanbac və hündür aşırımlı bu yolda yol hərəkəti nişanələrindən əsər-əlamət yox idi. Qaranlıqda və dumana bürünmüş bu yolda maşın sürən sürücülər həmin nişanların yoxluğu üzündən təhlükələrlə üz-üzə olurlar. Bəlkə də elə bunun nəticəsidir ki, bu yollarda qəzaların sayı çoxdur. İkincisi, Ağsu aşırımının bir neçə yerində torpaq sürüşməsi baş verib ki, bunun da qarşısı alınmasa faciələrə səbəb ola bilər.

Bir neçə yerdə isə "Kamaz" markalı maşınların torpaq daşıdığını gördük. Öyrəndik ki, torpaq yüklü maşınlar paytaxta yol alacaqlar. Bu yerlərin torpağı münbit olduğundan işbazlar alver yeri açıblar. Bir maşın torpağın qiyməti 550 manat olmaqla paytaxt ətrafında bağı olan imkanlı şəxslərə satırlar...

Koma həyatının səbəbləri

...Bərdə şəhərinə qədər bir neçə yerdə hələ də məcburi köçkünlərin yaşadıqları çiy kərpicdən tikilmiş balaca evlər sıralanıb. Bu insanların nədən məcburi köçkünlər üçün yeni salınan qəsəbələrə köçmədiklərini soruşanda məlum oldu ki, onlar əsasən dolanışıqlarını mal-qara saxlamaqla yoluna qoyurlar. Ona görə də yeni qəsəbələrə köçməkdən imtina ediblər. Bərdə şəhərində də Bakıda olduğu sayaq təmir və bərpa işləri aparılır. Yəni küçələr asfaltlanır, yol ətrafındakı binalar üzlük daşla bəzədilir və s...

...Kənan Ağdama yaxınlaşdığımızı bildirir. Elə oradanca maşını sola döndərir. Ağdama cəmi 20 dəqiqəlik yoldur. Və bu yola yolçular 18 ildir həsrət qalıblar. Kənanın qardaşı torpaqlarımızı yağı düşməndən qoruyarkən şəhid olub. Ağdamda uyuyan başqa şəhidlərimiz kimi onun da məzarı ziyarət olunmur, Hovruzda səməni qoyulmur...

Orta Qərvəndə aparan yollar

...Asfalt yolla gedib şəhərin girişi sayılan yerə çatırıq. Burada hündür təpədə bayrağımız dalğalanır. Mərmər lövhədə Ağdam şəhərinin şəhid övladlarının adları həkk olunub. Yoldan keçənlər buranı ziyarət edir, hələ bir şəkil də çəkdirirdilər. Qərvənd kəndinə yol alırıq. Əgər buralara yol demək mümkünsə...

Şükür edirik ki, nə yaxşı yağışlı hava deyil, yoxsa kələ-kötür yollarda palçığa batarıq. Xüsusi olaraq bildirim ki, Aşağı və Orta Qərvəndə doğru getdiyimiz vaxtda tək-tək maşınlara, eləcə də insanlara rast gəlmək olurdu. Ermənilərin davamlı atəşkəsi pozması üzündən bu yerlərin insanları gündüzlər qapı-bacada görünməyin təhlükəsini yaşayırlar. Elə buna görə də bir çox işlərini gecələr görməli olurlar. "Meşəlik" deyilən ərazidən keçərək Orta Qərvənddə soraqlaya-soraqlaya Fariz Bədəlovun ata ocağına çatırıq. Bir-birindən xeyli aralı, kasıb komalar və bu komalarda erməni gülləsinin açdığı dəlmə-deşiklər diqqətimi çəkir. 18 ildir bu insanlar hər gün ölüm təhlükəsilə üz-üzədirlər, ancaq doğma ocaqlarını tərk etmək fikri ağıllarının ucundan belə keçmir. Çünki bilirlər ki, gec-tez ermənilər layiq olduqları cavabı alacaqlar və torpaqlar işğaldan azad ediləcək...

Orta Qərvənddə məktəb yoxdur

Erməni gülləsinə tuş gələn, ömrünün fidan çağında faciəli surətdə şəhid olan Farizin yaşadığı həyətdəyik. Birmərtəbəli, təmirsiz evin divarları atılan güllələrdən deşik-deşikdir. Bu kəndin bütün evlərinin həyəti kimi, Farizin baba evinin həyəti də məftillərlə çəpərlənib. Lap yaxın qonşularla isə bu cür çəpərlə də yoxdur.

Bizi ilk qarşılayan Farizin dayıları və ana nənəsi Məlahət Bədəlova oldu. Başsağlığı verib içəri keçirik. Soyuq otaqda əyləşən qohum və qonşu qadınlar haradan gəldiyimizlə maraqlanırlar. Jurnalist olduğumuzu biləndə dərdlərindən-azarlarından danışırlar. Məlum olur ki, Orta Qərvənd kəndində məktəb olmadığından uşaqlar təhsil dalınca Aşağı Qərvənd kəndinə gedirlər. Bu da xeyli məsafə deməkdir. Həm də təhlükəlidir. Çünki hər an erməni gülləsinin qurbanına çevrilə bilərlər. Orta Qərvənd kəndinin bəlkə də ən birinci problemi tibb məntəqəsinin yoxluğudur. Əgər biri yaralanırsa, xəstələnirsə, o zaman doğmaların çətin günləri başlayır. Xəstəni və yaralını xəstəxanaya çatdırmaq üçün ya Bərdə şəhərindəki xəstaxanaya, ya da Sarıcalıdakı hərbi hospitala üz tuturlar. Bu da iki saatlıq məsafə deməkdir. Bəzən olur ki, hamilə qadınlar xəstəxanaya çatdırılmadan yolda azad olur. Qaldı ki, uşaq bağçasının olmamasına, bu da körpələrin başlıca problemidir.

Neftli ölkənin mazutsuz sakinləri

Bu kəndin camaatının dolanışıq yeri mal-qara saxlamaq, əkin-biçindən çıxır. Ermənilərin müntəzəm açdığı atəş nəticəsində min bir əziyyətlə saxlanılan mal-qara tələf olur, kənd camaatı isə istədikləri kimi torpaqlarını əkib-becərə bilmirlər. Elə bir gün olmur ki, ermənilərin açdığı güllədən bu insanlar əziyyət çəkməsin. Qonşu Gözəl Zeynalova deyir ki, kənd camaatından bir neçə nəfəri müxtəlif vaxtlarda yaralanıblar. Hətta Farizin babası 2004-cü ildə ayağından güllə yarası alıb. Bu azmış kimi atılan "Qrad" raketi də evlərini yerlə yeksan eləyib. Xoşbəxtlikdən ölən olmasa da, onsuz da kasıbçılıqla dolanan ailə evsiz-eşiksiz qalıb. Üstəlik, ailənin başçısı bir müddət xəstəxanalarda müalicə olunub. Sonradan ev tiksələr də, tam olaraq başa gətirə bilməyiblər. Çünki bütün kəndin başıpapaqlıları kimi, Farizin babası və dayıları da işsizdirlər. Soruşa bilərsiniz, bəs bu kəndin camaatı nəylə dolanırlar? Deyirlər ki, hökumətin ayırdığı çörək pulu və pensiyalar almaqla yaşayırlar. Əgər buna yaşayış demək mümkünsə...

...Otağa daxil olanda dəhlizin bir küncündə əldə düzəldilən elektrik peçini görüb, bu kənddə təbii qazın olub-olmamasıyla maraqlandım. Məlum oldu ki, kənd əhli təbii qaz üzünə həsrətdir. Elektrik enerjisi də fasilələrlə, gündə bir neçə saatlığa verilir. Elə oturduğumuz yarı qaranlıq otaqda özümüz şahidi olduq ki, elektrik lampası yanmır, közərir. Camaat soyuqdan qorunmaq üçün odun peçlərinə üstünlük verirlər. Bəlkə də elə bunun nəticəsidir ki, bağlarda təkəmseyrək ağaclar gözə dəyir. Əslində hər bir ailəyə yanacaq verilir. Əgər buna yanacaq deəmk mümkünsə...Palçığa bənzəyən mazutu isə yandırmaq çox çətin bir işdir.

Qəribədir deyilmi? Heft və qazla zəngin Azərbaycanda erməni qaniçənlərindən cəmi 300 metr aralıda yaşayan bu kənd camaatı mazut və qaz üzünə həsrətdirlər. Ancaq ermənilərin işğalı altında olan yerlərdə işıqlar yanır, özü də gur...

Ağdamın icra başçısı Hizami Sadıxov kəndin camaatını "qəhrəman" adlandırıb, onlara bildirib ki, hər birinizə qəhrəman adı verilməlidir. Kənd əhli belə gəlişi gözəl sözlərdən doyub. Artıq onlar müvafiq icra orqanlarından əməli, xeyirli fəaliyyət, iş gözləyirlər. Gəzləyirlər ki, kəndə təbii qaz verilsin, elektrik işığı yansın, kənd yolları asfaltlansın, kənddə tibb məntəqəsi və uşaq bağçası açılsın. Cavanlar işlə təmin edilsin ki, onların gözləri pensiya alan atı-ana, baba-nənə əlinə tikilməsin. Bunları isə neftlə zəngin, iqtisadiyyatı gündən-günə inkişaf edən ölkədə həyata keçirmək mümkündür. Ən azından rayonlarda küllü miqdarda vəsait hesabına tikilən olimpiya komplekslərinin birinə çəkilən xərclə ermənilərin gülləsi altında olan Orta və Aşağı Qərvənd kəndinin problemlərini həll etmək olar. Kənd sakinləri deputatlarından da narazıdırlar. Fariz şəhid olandan bəri deputatın Orta Qərvənd kəndinə yolu düşməyib. İcra hakimiyyəti başçısı isə millət vəkili Qənirə Paşayeva, ombudsman Elmira Süleymanovanın kəndə getməsindən sonra insafa gəlib. Şəhid ailəsinə cəmi 500 manat pul verib...

...Qonşu Səyyarə deyir ki, hər şeyə dözmək olar, təki torpaqlarımız azad olsun: "Əvvəlləri deyə bilməsəm də, hazırda Milli Ordunun əsgərləri bizi yaxşı qoruyur. Sizə bir misal çəkim, özünüz nəticə çıxarın. Bir neçə il bundan əvvəl qonşulardan birinin qapısı döyülür, qadın açanda görür ki, əsgərdir. Əsgər ac olduqlarını deyir. Həmin qadın da evində nəyə gümanı çatırsa, yığışdırıb ona verir. Əsgər deməyəsən, erməniymiş. Bunu sonradan bildik. Ancaq indi erməni Yuxarı Qərvənddən bəri gələ bilməz. Atəş açırlar ki, bunu da ordan-burdan gətirdikləri erməni muzdlular edir".

"Böyüyüm, ev tikib səni özüm saxlayacağam"

...Şirinnaz Bədəlova həyat yoldaşından ayrılandan sonra oğlu Farizlə birlikdə valideynlərinə və qardaşlarına pənah gətirib. Qardaşları Farizi öz doğma övladları kimi seviblər, hər cür qayğısına qalıblar. Farizin arzusu böyüyəndə maşın almaq idi. Bəlkə də bu arzunun reallaşmasına çatmaq üçün məftildən "maşın" düzəldir, qonşu uşaqlarıyla oynayırdı. Valideynlərinin ayrılması kiçik Farizin də qəlbini yaralamışdı. Anasına hər zaman "böyüyüm, ev tikib səni özüm saxlayacağam", deyərdi. Bu da anaya sabaha inamla baxmaq, oğula arxalanmaq üçün bir stimul verirdi. Şirinnaz fikirləşirdi ki, çətin günün ömrü az olar. Bu gün, sabah oğlu böyüyər bütün çətinliklər arxada qalar:"Mən nə bilim ki, arzularım puç olacaq. Ölümündən 4 gün əvvəl bacımgilə getmişdik. Fariz gəlmək istəmirdi. Bacımın qaynanası da dedi ki, uşaqdır, qoy, oynasın. Onsuz da ayın 11-də gəlib bacınla bayrama hazırlıq üçün şəkərbura, paxlava bişirəcəksən. Razılaşmadım, bunu görən Fariz dedi ki, onda paxlavanı çox bişirərsən. Çox sevirdi paxlavanı. Bayramın gəlişini elə gözləyirdi ki"...

Çərşənbə tonqalının qanlı aqibəti

...Fariz ölümündən bir gün əvvəl nənəsinə deyir: "Mən ölsəm ağlayarsan?" Məlahət xanım uşağın belə qəfil sualından təəccüblənir: "Bu hardan ağlına gəldi? Biz hamımız səni çox istəyirik. Başına bir iş gəlsə, özümü öldürərəm. Soruşdum ki, bəlkə yuxu görmüsən. Dedi yox, elə-belə soruşuram. Səhəri də erməni gülləsinin qurbanı oldu".

Martın 8-də az-az qar yağırdı. Fariz həyətə çıxmaq istəyəndə nənəsi və anası qoymur ki, soyuqdur, həm də ermənilər atəş aça bilər. Çünki ermənilər hər gün kəndi atəşə tururmuşlar. Fariz günortadan sonra həyətə çıxır ki, axşam yandıracağı tonqalı hazırlasın. Tonqalı çatıb bir qədər aralıda məftildən düzəltdiyi "tapaça" ilə oynamağa başlayır. Bu vaxt 300 metr aralıda qarşıdakı çənin üstündən atəş açılır. Səsə birinci nənəsi Məlahət çıxır: "Baxdım ki, Fariz çəpərin yaxınlığında yerə sərilib. Yüyürüb al qana bürünmüş uşağı qucaqladım. Zalım düşmən Farizin başını nişan almışdı, beyni parçalanmışdı. Səs-küyə evdəkilər, qonum-qonşu gəldi. Uşağı götürüb xəstəxanaya apardıq. Fariz xırıldayırdı, ancaq yenə də ümid edirdik ki, həkimlər nəvəmi xilas edə bilər".

Böyüyəndə dayısı kimi əsgər olacağını, ermənilərdən qisas alacağını deyən Fariz Bədəlov şəhidliyinə belə qovuşur. Martın 19-da, yəni bu gün Farizin 9 yaşı tamam olur. Hənəsi, anası adına süfrə açacaqlar, şam yandıracaqlar. Ancaq bunları Fariz bir daha görməyəcək. Xocalının və digər işğal altında olan yurdlarımızın şəhid uşaqlar kimi...

Arzy Şirinova
Bakı-Ağdam-Bakı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir