Modern.az

“Azərsu” Hacıqabulda bir qəsəbəni sevindirdi

“Azərsu” Hacıqabulda bir qəsəbəni sevindirdi

16 Yanvar 2017, 15:04

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq içməli su çatışmazlığı müşahidə edilən kəndlərin su təchizatının yaxşılaşdırılması tədbirlərini davam etdirir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-yə daxil olmuş müraciətlər əsasında Hacıqabul rayonunun içməli su problemindən əziyyət çəkən Navahı qəsəbəsində  layihə icra edilib və qəsəbədə yeni  su təchizatı sistemləri  yaradılıb.
 

Modern.az-ın məlumatına görə, qəsəbəyə içməli suyun verilməsi mərasimində Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əslan Səmədov bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışıb, ölkə rəhbərliyinin şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərin də içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb.


“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun müavini Ramin Sadıqov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat verib və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Bir neçə il öncə Hacıqabul şəhərində yeni layihə icra edilmiş, şəhərdə uzun illər mövcud olmuş içməli su problemi həllini tapmışdır. Növbəti mərhələdə kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə  və “Azərsu” ASC-ə daxil olmuş müraciətlər əsasında Hacıqabul rayonunun Navahı qəsəbəsində yeni layihənin icrasına başlanılmış və qısa müddətdə tikinti-quraşdırma işləri yekunlaşmışdır”.


Tədbirdə çıxış edən qəsəbə sakinləri içməli su probleminin həllinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Qeyd edək ki, Hacıqabul rayonunun Navahı qəsəbəsini içməli su ilə təmin etmək üçün mənbə olaraq Kür-Bakı su kəməri seçilib. Bu kəmərdən Navahı qəsəbəsinə müxtəlif diametrli polietilen borularla 2,4 km magistral su xətti çəkilib. Eyni zamanda qəsəbə daxilində 5 km yeni su şəbəkəsi yaradılmış, 300-ə yaxın ünvana birləşmə verilib. Bununla da 2300 nəfər əhalisi olan qəsəbənin içməli su təchizatı yaxşılaşdırılıb. 


Hacıqabul rayonunun Navahı qəsəbəsində 1980-ci illərdə su şəbəkəsi yaradılmış su təchizatı sistemləri uzun illər istismar olunduğundan yararsız vəziyyətə düşmüş və qəsəbəni tam əhatə etmirdi. Odur ki, sakinlərin böyük əksəriyyəti içməli suya olan tələbatını fərdi qaydada ödəmək məcburiyyətində qalmışdılar.


Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə  və “Azərsu” ASC-yə bölgələrdən daxil olmuş müraciətlər əsasında 5 rayonda 13 kəndin içməli su təchizatının yaxşılaşdırılması Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Planına daxil edilib və həmin kəndlərdə layihələrin həyata keçirilməsinə başlanılıb.  Xaçmaz rayonunun Qaradağlı, Alıcqışlaq, Çiləgir, Manaf-Oba, Seyidlər, Aşağı Ləgər və Gülalan, Ağsu rayonunun Elabad və  Yenilik, Şabran rayonunun Təzəkənd və Dəvəçi, İsmayıllı rayonunun Kürdmaşı  kəndlərində  həyata keçirilmiş layihələr çərçivəsində həmin yaşayış məntəqələrində yeni içməli su təchizatı sistemləri yaradılıb. Ümumilikdə 5 rayonun 13 kənd və qəsəbəsində 30 km-dən artıq su xətti çəkilib. Bu layihələrdən həmin yaşayış məntəqələrinin 10 mindən çox sakin faydalanıb.

 

Modern.az  

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?