Modern.az

"Torpaq uğrunda ölən varsa, Vətəndir" tədbiri keçirilib

"Torpaq uğrunda ölən varsa, Vətəndir" tədbiri keçirilib

Aktual

16 Yanvar 2017, 16:45

Binəqədi rayonunda "Torpaq uğrunda ölən varsa, Vətəndir” mövzusunda tədbir keçirilib.

Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Fəxrəddin Qurbanlının doğum günü ilə əlaqədar Binəqədi rayonundan həqiqi hərbi xidmətə çağırılmış gənc çağırışçılar və rayonun fəal gəncləri şəhid Fəxrəddin Qurbanlının məzarını ziyarət ediblər.

Ziyarətdən sonra Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə keçirilən tədbir Binəqədi Mərkəzi Mədəniyyət Evində davam edib. Azərbaycanın Dövlət Himni ilə açıq elan olunan tədbirdə çıxış etmək üçün ilk söz şəhidin təhsil aldığı 179 nömrəli tam orta məktəbin direktoru Almaz İsmayılovaya verilib. Natiq çıxışında şəhidin məktəb illərindən söz açıb.

Tədbirdə çıxış üçün söz F.Qurbanlının atası Seyfəddin Qurbanova verilib. Şəhidin atası tədbirdə iştirak edən şəxslərə minnətdarlığını bildirərək, dövlətimizin şəhid ailələrinə qayğısından razılığını ifadə edib. Sonra çıxış üçün söz alan şəhidin təhsil aldığı Azərbaycan Universitetinin dekanı Aygün Musayeva, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Novruz Rəhimov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva nitqlərində şəhid Fəxrəddin Qurbanlının timsalında bütün şəhidlərin əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacağını vurğulayaraq, onların ailələrinə dərin hüznlə başsağlığı veriblər.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra şəhidin təhsil aldığı 179 nömrəli orta məktəbin istedadlı şagirlərinin ifasında bədii kompozisiya nümayiş olunub. Alqışların sədası ilə bitən kompozisiyadan sonra Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı səmimi hisslərini tədbir iştirakçıları ilə bölüşüb, sonra isə vətənpərvərlik ruhunda mahnılar ifa edib.

İfa olunan mahnıların müşaiyəti ilə Binəqədi rayonundan həqiqi hərbi xidmətə çağırılmış gənc çağırışçılar Azərbaycanın Dövlət Bayrağını öpərək hərbi xidmətə yola düşüblər.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!