Modern.az

Pənah Hüseyn: “Əli Həsənov dedi ki, müxalifət göysatan axtarır, Mübariz Qurbanlı da mənasız bir ifadə işlətdi” (MÜSAHİBƏ)

Pənah Hüseyn: “Əli Həsənov dedi ki, müxalifət göysatan axtarır, Mübariz Qurbanlı da mənasız bir ifadə işlətdi” (MÜSAHİBƏ)

19 Mart 2011, 10:03

“Əvəz Temirxanla İqbal Ağazadəni heç kim “çıxdaş” eləməyib”

“Hakimiyyətin siyasi dialoq təklifi olarsa, İctimai Palata buna razılıq verər”

İctimai Palatanın təsisçilərindən olan Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn müxalifətdaxili inteqrasiya məsələlərinə aydınlıq gətirib. Modern.az-a müsahibəsində eks-deputat İctimai Palatanın perspektiv planlarından danışıb və bununla bağlı bəzi suallara cavab verib.

- İctmai Palata yarandıqdan sonra onun statusu ətrafında müzakirələr səngimir. Müsavat başqanı İsa Qəmbər onu “alternativ parlament” adlandırıb, digərləri “müxalifətin əməkdaşlıq mərkəzi” deyirlər. İctimai Palatanın statusu necədir?

- Siz İctimai Palatanın statusu ifadəsini işlətdiniz. Bu baxımdan bir neçə dəfə mən və İctimai Palatanın üzvləri tərəfindən və palatanın hüquqi statusu məsələsinə toxunmuşduq. Mən çox vacib sayıram ki, bunun fəaliyyətinin hüquqi təminatı yaradılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsində vətəndaşların başqaları ilə birləşmək hüququ əks olunub və bu maddənin ikinci bəndində deyilir ki, hər kəs-istənilən birlik, o cümlədən, siyasi partiya, həmkarlar ittifaqı və digərləri ictimai birlik yaratmaq, mövcud birliyə daxil olmaq hüququna malikdirlər. Diqqət edirsinizsə, burada istənilən birlik ifadəsi var. İndi bizim mövcud qanunvericilik sistemində “Siyasi partiyalar haqqında” qanun vardır.  Lakin ictimai-siyasi fəaliyyət tipli təşkilat haqqında qanun yoxdur. Ona görə də, biz İctimai Palatanın qanunvericilik təminatı deyərkən Konstitusiyanın 58-ci maddəsini birbaşa əsas götürürük.
Bilirsiniz ki, İctimai Palata Konstitusiyanın maddələri ilə təchiz olunan bir qurumdur. Bu siyasi partiyalar və ictimai təşkilatların attestasiyası deyil. Keyfiyyəcə yeni tipli bir təşkilatdır. Burda hansı siyasi partiyanın üzvü olmasından aslı olmayaraq əsas fərdlər iştirak edir.
O ki qaldı onun konkret olaraq hansı funksiyaları yerinə yetirməsinə  artıq funksional yanaşma hüquqi yanaşma deyil. Orada alternativ parlament ifadəsi məncə işlənməyib. Daha çox “kölgə parlamenti” ifadəsi işlənib. Bilirsiniz ki, bizim qanunvericilikdə və ümumiyyətlə dünyanın hər yerində mövcud hakimiyyət qurumlarına alternativlər yaratmaq və yaxud onların səlahiyyətlərini mənimsəmək qadağan olunur. Bu baxımdan da İctimai Palata mövcud qanunvericilik və Konstitusiyanın müvafiq maddələrinə tam əməl eləmək prinsipi ilə bu məsələlərə yanaşır. Hər hansı alternativlik və mövcud hakimiyyət orqanlarına, onların demokratikliyini və legitimliyi barədə bizim siyasətimizdən aslı olmayaraq bu qurumların səlahiyyətlərini mənimsəmək məqsədi daşımır. Bunu birmənalı şəkildə rədd edir.
“Dünya parlamenti” ifadəsi isə bilirsiniz ki, dünyanın bir çox yerlərində müxtəlif şəkildə mövcud olan qurumlara, səhv eləmirəmsə, İngiltərədə belə var, Avropa ölkələrində var. Bu belə demək mümkünsə, bu bir ictimai xarakterli olan bir təsisat kimi nəzərdə tutulur. Burda bir çox məsələlərin, qanun layihələrinin, qərarların müzakirəsi nəzərdə tutulur. Siyasi olaraq bizim, 2010-cu ilin parlament seçkilərinin azad, demokratik keçirilmədiyi, nəticələrinin ciddi şəkildə saxtalaşdırıldığı ilə bağlı bəyanatlarımız vardı. Bu barədə Azərbaycanın müqavilə öhdəliyi ilə bağlı olduğu seçki məsələləri üzrə ATƏT-in missiyasının rəsmi rəyi vardı. Bu baxımdan da biz İctimai Palatanı yaradarkən təsisçiləri qismində həmin seçkilərdə namizəd kimi iştirak edən şəxslər əsas olub. Sonra isə bu bir vətəndaş hərəkatı olduğundan bura demokratik prinsiplərin, o cümlədən azad, ədalətli seçkiyə nail olmaq uğrunda mübarizə aparan vətəndaşların, fərdlərin birliyi kimi olduğuna görə, bura bir sıra vətəndaşlar, ictimai birliklərdə olan tanınmış şəxslər, seçkilərdə iştirak etməyən partiyaların üzvləri, QHT nümayəndələri, ayrı-ayrı ziyalılar və başqaları qoşuldular. Bu baxımdan “kölgə parlamentinin” də əlaməti vardır. Digər tərəfdən çoxdandır ki, Azərbaycanda demokratik qüvvələrin bir birləşmə modeli üzərində düşünülürdü. Seçkilərdə sonra İctimai Palata demokratik qüvvələrin bir birləşmə modeli hesab edildi. Bu da müxalifətdən olan bir neçə partiyaların siyasi nüvəsini təşkil edir. Bu mənada İctimai Palata müxalifətdə olan siyasi pariyaların əməkdaşlıq mexanizmi kimi meydana çıxmağa başladı. Və nəhayət demokratiya uğrunda Azərbaycan cəmiyyətində aparılan mübarizənin bir təşkilatı kimi də baxılmağa başlandı. İctimai Palata müxtəlif fərdlər olaraq siyasi partiyaların üzvlərinin də bura daxil olması və cəmləşdiyi bir qurum olaraq nəzərdə tutulan, düşünülən problemin bir həlli kimi meydana çıxdı. Həqiqətən bu spesifik bir qurumdur. Mən bunu şərti olaraq bildirirəm. Təbii ki, bir çox məsələlərdə fərqlər vardır. Ancaq 80-ci illərin sonundakı Xalq Cəbhəsi ilə müqayisə oluna bilər. O zaman siyasi partiyalar yaranmağa başlamışdı, müxtəlif təşkilatlar da vardı. Onların bir çoxu Xalq Cəbhəsinin üzvləri idi.

- O zaman kollektiv üzvülük vardı...

- Kollekriv üzvülük sonradan, 91-ci ildə bizim nizamnaməyə daxil oldu. Xalq Cəbhəsinin kollektiv üzvləri yox idi.

-Pənah bəy, mən bilmək istəyirəm ki, bir sıra siyasi partiyaların İctimai Palatadan çıxdaş olunmağı, kənarda saxlanması nəyin əlamətidir?

- Bir daha təkrar edirəm ki, burda siyasi partiyalar üzv ola bilmədiyi kimi, siyasi partiyalar çıxdaş oluna bilməz.

-Siyasi partiyaya rəhbərlik edən şəxslərin, tutaq ki, Əvəz Temirxanın, Əli Əliyevin, İqbal Ağazadə və hətta Sərdar Cəlaloğlunun İctimai Palatadan kənarda qalması nə ilə bağlıdır?

-Sərdar Cəlaloğlunu kim saxlayıb kənarda? Siz adlar çəkdiniz. Gəlin o adamları biz dəqiqləşdirək. Sərdar Cəlaloğlu, Əli Əliyev və Əvəz Temirxanı kim çıxdaş eləyib? Bu üç nəfəri dəqiqləşdirək. Çox xahiş edirəm ki, bu hissə qeyd olunsun. Konkret olaraq siz 4 nəfərin adını çəkdiniz. Onları kim çıxdaş eləyib? Onları kim qoymur İctimai Palataya gəlməyə?
İctimai Palataya gəlmək vətəndaş olaraq, çünki bu vətəndaş hərəkatı olaraq Əvəz Temirxan üçün də, Əli Əliyev üçün də, Sərdar Cəlaloğlu və eləcə də digərləri üçün də açıqdır. İqbal Ağazadə məsələsi yalnız əlahəddə bir məsələdir.
Bu gizli deyil ki, Ümid Partiyasının bizdə üzvləri var və bu partiyada namizəd olmuş hər hansı üzvlərin də İctimai Palataya üzv olması üçün heç bir problem yoxdur. İctimai Palata təsis olunarkən hüquqları pozulmuş namizədlər ifadəsi səsləndiyinə görə və bizim hörmətli İqbal Ağazadənin də bu sahədə hüququ pozulmadığına görə, o vaxt onun üzv olması  bu məsələdə palatanın təsisat prinsinə görə mümkün deyildi. Bu məsələləri bir-birinə qarışdırmaq mümkün deyil.

- İqbal bəy gəlib İctimai Palatada sizin pozulmuş  hüquqlarınızla bağlı dəstək versin, mübarizə aparsın.

- O, Milli Məclisdə və hardasa bu mübarizəni apara bilər. Yəni mən təsis prinsipini dedim. Mən fikrimi izah eləyə bildimmi sizə? Siz bir jurnalist olaraq, bizim nə edib, nə etmək istəmədiyimizi imkan verin özümüz həll edək. Sizi informasiya olaraq nə maraqlandırır?

- Mən sadəcə bilmək istərdim ki, əgər müxalifətin inteqrasiyasından söhbət gedirsə.....

- Müxalifətin inteqrasiya prosesi, məsələn, Ümid Partiyası özünü müxalifət partiyası bəyan edir. Elədimi? Əgər İctimai Palataya İqbal Ağazadə gəlmirsə, onun hər hansı bir üzvünün inteqrasiyasına niyə mane olmalıdır? Yəni orda kifayət qədər üzvlər var. Tanıdığımız, yaxşı münasibətimiz olan insanlar var. Yəqin ki, bu mövzu sizə də aydın oldu mənə də. Onda gəlin başqa sual ətrafındfa söhbətimizi davam etdirək.

- Pənah bəy, bundan sonra İctimai Palatanın hədəflərində əsas parlament seçkiləridir yoxsa sizin digər hədəfləriniz var?

-İctimai Palatanın çox hədəfləri var. Məsələn, ölkənin demokratikləşməsi, demokratik islahatların aparılması. İstər siyasi sahədə olsun, istər sosial sahədə insanların əsas hüquq və azadlıqlarının təmin olunması əsas hədəflərimizdəndir. Məsələn, Azərbaycanın çağdaş siyasi mədəniyyətinin çatdırılması. Bunun üçün də çox ciddi vasitələrdən, mexanizmlərdən biri olaraq ölkədə ədalətli seçkinin keçirilməsi nəzərdə tutulur. Şəffaflığın, aşkarlığın prinsiplərinin ciddi bir şəkildə təsdiq olunmasını əsas tuturuq. İctimai Palatanın bu gün dünyada və Azərbaycanda gedən prosesləri təhlil edərək, özünün rəsmən qəbul elədiyi bəyanatlarında ilkin ciddi siyasi islahat olaraq bu parlamentin indiki tərkibinin buraxılması və parlament seçkilərinin keçirilməsi hesab olunur, bu səslənib.
Hesab edirik ki, bu addımın atılması Azərbaycandakı siyasi proseslərin, siyasi dəyişikliklər üçün bu mühüm bir vasitə ola bilər, onların sivil məcrada inkişafına şərait yarada bilər. Faktiki dəyişiklik olaraq digər başqa dəyişikliklər üçün də təkan rolunu oynaya bilər. Amma ola bilər ki, bir-iki aydan sonra bu məsələ gündəmə gəlməsin. Hələki rəsmi şəkildə İctimai Palata ölkə prezidentinin istefası tələbini səsləndirməyib. Baxmayaraq ki, üzvlər tərəfindən bu səsləndirilib. Amma əksəriyyət hələ də hesab edir ki, Azərbaycanda siyasi islahatların, sivil, demokratik bir məcrada davam eləməsi üçün ilkin ciddi addım olaraq ölkə parlamentinin yenidən seçilməsi mühüm rol oynaya bilər. Məqsəd bir tərkibin gedib yerinə başqa bir tərkibin gəlməsi deyil. Hərçənd ki azad, ədalətli, legitim bir parlament çox mühüm bir vasitədir o, digər islahatlar üçün mərhələ rolunu oynaya bilər. Ona görə də bu gün həmin tələb siyasi tələblərin içərisində irəli sürülüb. Əlbəttə ki, qurum korrupsiyaya qarşı mübarizənin ciddi şəkildə aparılmasını, məmurların fəaliyyətinin yoxlanmasını tələb edir. Əsas siyasi tərəf kimi, İctimai Palata yeni parlament seçkilərinin dərhal keçirilməsini hesab edir və bu da doğrudur.

- Pənah bəy hakimiyyətlə dialoq və digər məsələlərlə bağlı İctimai Palatanın mövqeyi necədir?

-  Ümumiyyətlə, dialoq bilirsiniz ki, istər beynəlxalq münasibətlərdə, istər milli çərçivələrdə gedən siyasi münasibətlərdə olsun, sivil prinsiplərdən biri hesab olunur. Amma bu gün İctimai Palatada olan qüvvələrin əhval-ruhiyyəti ondan ibarətdir ki, bu dialoq təklifi Azərbaycan hökümətindən gələrsə, ona müsbət cavab verilə bilər. Mən bunu öz təsəvvürüm daxilində deyirəm. Lakin bu gün İctimai Palata tərəfindən hökümətə dialoq təklifi ilə müraciət etmək fikrimiz yoxdur. Çünki, buna Azərbaycan höküməti bütün dövrlər ərzində, o cümlədən indiki halda istər rəsmi vəzifə tutan şəxslər, istərsə də Yeni Azərbaycan Partiyasının yetkililəri tərəfindən qeyri-ciddi yanaşılıb.
Məsələn, Misir hadisələri başlayanda deyək ki, Əli Həsənov dedi ki, guya müxalifət göysatan axtarır, başqa bir YAP nümayəndəsi deyib ki, Azərbaycanda YAP-ın dialoq qura biləcəyi bir siyasi qüvvə yoxdur. Bu yaxınlarda Müsavat Partiyasıın keçirdiyi mitinq zamanı Mübariz Qurbanlı “Müsavat bir dərnəkdir” kimi mənasız bir ifadə işlətdi.
Ölkə prezidenti səviyyəsində 8 ildir İlham Əliyev prezident vəzifələrini icra eləyir. Bir dəfə də olsun o, müxalifətdə olan siyasi partiyalarla, hətta özünün müttəfiq partiyalarla belə görüş keçirməyib. Ölkə KİV-inə müsahibə verməyib. Prinsip etibarı ilə onların yanaşma tərzi demokratik təbiətə malik olmadıqlarını göstərir. Hətta, müxalifət bir neçə dəfə də Dağlıq Qarabağ məsələsi barədə hökümətə dialoqlar təklif edibdir. O cümlədən bizim İctimai Palatanın axırıncı Qarabağ qətnaməsində Qarabağ qurultayının keçirilməsi qeyd edilmişdi. Hakimiyyət dialoqa gəlmir. Bu baxımdan da prinsipcə sizin sualınız onda ibarət olsa ki, hakimiyyət tərəfindən siyasi dialoq təklifi olarsa, İctimai Palata razı olarmı? Mən bu barədə qəti bir şey deyə bilmərəm. Amma mən hesab edirəm ki, razılıq verər. Amma deyək ki. Yaxın günlərdə İctimai Palata hakimiyyətə dialoq təklifi ilə müraciət edəcəkmi, məncə bu da gözlənilmir.

Xaqani Səfəroğlu

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir