Modern.az

Lələ təpə uğrunda döyüşən QARDAŞLAR - Biri şəhid oldu, digəri yaralandı - FOTOLAR

Lələ təpə uğrunda döyüşən QARDAŞLAR - Biri şəhid oldu, digəri yaralandı - FOTOLAR

17 Yanvar 2017, 12:36

Vətəni qibləgah edən şəhidlər...


Qəhrəmanovlar ailəsinin 4 oğlunun hamısı ermənilərlə dava başlayandan evə yığışmadı. Cavanların gecələri-gündüzləri səngərlərdə, düşmənlərlə üzbəüz mövqelərdə keçdi. Maya xala nə qədər yalvardı, dillər tökdü, nə qədər ağladısa, oğlanları dedilər ki, “yox, biz evdə rahat otura bilmirik”.

İndi həmin o dəhşətli günlərin acı xatirələrini Cəbrayıl rayonunun Xudaverdili kəndində anadan olmuş Əşrəf Qəhrəmanov bizə danışır. Yaşı 50-ni indi haqlayıb... Ancaq  bütün müharibə iştirakçıları kimi qan-qadalar görüb, şəhidlər dəfn edib... Qohumları doğmaları, dostları var idi içərisində. 25 ildən sonra isə... oğlu da o Şəhidlərin sırasına qoşuldu. Özü də Cəbrayılı görməyən, uzaqdan dağlara baxıb, onu təsəvvür edib, ürəyinə köçürən oğlu Ruhin Qəhrəmanov. Adını eşitdiyi Cəbrayılın bir parçasını azad edənlərdən oldu.

Modern.az saytı “Aprel şəhidləri” barədə silsilədən npvbəti yazını təqdim edir...

- Gecəmiz-gündüzümüz, rahatlığımız yox idi, - deyir, şəhid atası Əşrəf Qəhərəmanov.

- Döyüşlər başlayanda təzə evlənmişdim. Sonra böyük oğlum doğuldu. 1992-ci ildə bizim batalyonun əsgərləri ilə birlikdə keçmiş Cəbrayılla qonşuluqdakı keçmiş Hadrut rayonuna girdik. Əməlli-başlı irəliyə getmişdik. İlk dəfə may ayının 15-də orada yaralandım. O döyüşlərdə 35 şəhid verdik, 150-dən çox yaralımız oldu.  Hadrutun ən yüksək yerində idik. Birdən birə gəlib hara düşdük... Nə baş verdi, harda kim-kiminlə anlaşdı, nə danışdı, nə aldı, nə satdı... biz döyüşçülərin xəbəri olmadı. Bir də gördük ki, Cəbrayıl da getdi əldən...
Dəfələrlə döyüş əməliyyatlarına girdik. Son əməliyyatımız Füzuli rayonunun Əbdurrəhmanlı kəndində oldu. Ora ilk dəfə 1992-ci ildə işğal olunub, 1993-cü ildə qaytarıb aldıq.
Bizim ailələri torpaqlar işğal olunandan sonra qışın qırx beşində gətirib tökdülər bu düzlərə... Gör  eeeee... hardan gəlib, hara düşdük. Ağıllı başla oturub fikirləşəndə, adamın ürəyi partlayır. Hərdən deyirəm ki, nə yaxşı ki, bu dərdlərin içərisində o Vətənin, torpağın dərdini çəkə-çəkə hələ ölməmişik, üzümüz bərkdir demək. Biləsüvardakı yayı ilan mələyən düzlərdə qaldıq cənnətlə cəhənnəmin arasında. Cənət vətəni verib, çadırlara sığındıq.
1994-cü ilin mart ayının 5-də Lələ təpənin alınması uğrunda döyüşdə yaralandım. Bu, indi oğlumun və onun döyüşçü dostlarının geri aldığı Lələ təpə var eeee... Siz ora elə-belə baxmayın... O Lələ təpənin uğrunda o qədər canlar qurban gedib ki... O döyüşləri, o verilən qurbanları görən danışa bilər... Orda komandirlərimiz, zabitlərimiz, dostlarımız həlak olub... Nə qədər qəhrəmanlar itirmişik orda. Oranı almaq an məsələsiydi. O anı da Elnur, Ruhin, Orxan yaşatdı bizə... Övladı da, oğulu da Vətən üçün böyüdürük... Qaçırıb gizlətməməliyik...
Ona təssüflənirəm ki, müharibə başlayanda dövlətimizin gücü, ordunun döyüş taktikası, təminatı yox idi... Əslində biz döyüşü udub, balalarımıza saxlamamalı idik... Saxlamışıqsa, deməli , onların borcudur almaq... Əlbəttə, valideynik, arzularımız var idi, onlar yarımçıq qaldı...
Görən deyir ki, ə elə bir təpədir də... Ancaq elə deyil, onu görən danışa bilər, oranı gedib görsə... Bilməz oranı hər adam. Qıraqdan balaca görünə bilər. Çox itkilər vermişik. Orada komandirlərimiz, zabitlərimiz, dostlarımız ölüb... qəhrəmanlarımız şəhid olub... Bir ona sevinirəm ki, oğlum Ruhin o sevinci yaşatdı mənə. Qanımı tökdüyüm, doğmalarımı, dostlarımı itirdiyim Lələ təpə yüksəkliyində iki oğlum qan tökdü, biri yaralandı, digəri həyatını itirdi. Ancaq bir qism torpağımızı geri aldıq...Vallah yalan deməklə deyil, düz gəlmir yalan danışmaq... Biz bacarmadıq... Onlar bacardı... Aprel döyüşünə qatılanlar bacardı... Biz buralara müvəqqəti gəlmişdik, daş qoymağa, yurd salmağa gəlməmişdik... daş qoyduq... ev tikdik... Ona görə də oğullarımıza qaldı döyüş... İndi gərək dayanmayaq... Nəvələrimizə saxlasaq... Bu biqeyrətlik olar... Tarix bizə bağışlamaz.


Əşrəf  Qəhrəmanov danışdıqca, üzünün əzələlərinə baxıram, sifəti dəmir kimidir... O gördüyü itkilər bərkidib onu... Deyəsən dözmək istəyir, ancaq söz-söhbətindəki tufandır, təlatümdür, oğlunun töklüən qanına görə qisasdır... Qisas almağa hər an can atması səsinin ahəngndən də hiss olunur... O danışmırdı, o hayqırırdı... Bəzən insan sakit səsi ilə də hayrıra bilir...

Şəhid atası 2016-cı il aprelin 2-dəki ab-havanı təsvir edir:

- Aprelin 1-dən 2-nə keçən gecə Horadiz tərəfdən, Füzuli tərəfdən güllə səsləri eşidilirdi. Səhər top-mərmi səslərindən qulaq tutulmağa başladı. Həmin gün necə olmuşdusa, cəbhə xətti tərəfə getməmişdim. Adətən həftədə 1-2 dəfə mütləq siqaretdən, sudan alıb, gedirdim əsgərlərin yanına... İndi əsgərlərin yemək, paltar təminatı yüksək səviyyədədir, sadəcə əliboş getmək olmur. Elə bil ki, o hərbi geyimli zabitləri, əsgərləri görəndə canımda rahatlıq tapıram. O yerlərdə dayanıb, işğal altında olan torpaqlara baxıram. Uzaqdan da olsa gözlərimə rahatlıq bəxş edirəm, gah da dərd yığıram.
Gördüm yamanca atırlar. Sizə bayaq dedim axı, iki oğlumun ikisi də eyni hərbi hissədə qulluq edirdi. Xəbər gəldi ki, Cəbrayılı geri almışıq... Oğlum Qəhrəmanla danışdım. Soruşdum bala hardasan? Dedi ki, “ata, muştuluğumu ver, Lələ təpəni işğaldan azad etdik. Özüm də  burnumdan yüngül yaralanmışam. Bu dəqiqə isə dayanmışam Lələ təpəyə sancılan bayrağımızın yanında”.
Elə bil dünyanı mənə verdilər. Dedim bala, ölməmisən ki... onda  durduğun yerdə dayan, birdən aşağı düşərsən, yanındakılar da ikisi qolundan tutub sənə kömək edərlər... Nəbadəəəə... Oradan düşməyin ha... Düşmən o yeri daha boş görməsin... Heç nədən qorxmayın...
...Bir az sonra bildim ki, o biri oğlum Ruhin şəhid olub...
Biz gedib Lələ təpəyə çatdıq...  Qəhrəmanı gördüm. Ancaq qardaşının şəhid olduğunu demədim ki, ruhdan düşməsin. dayandığı yerdə dursun. Oranın dəyərini qan tökənlər, can qoyanlar bilər...


Danışdıqca ah çəkdi, Əşrəf...

Təzəcə dost olduğum bu Vətən oğlu Əşrəf , belə şövqlə danışanda gözlərimin yaşını qoşa bulaq kimi tökdüm. Danışdıqları silkələmişdi məni... içimdə yenidən  bir Lələ təpə vüqarı baş qaldırmışdı, dünyam dünyamdan olmuşdu, bir anlığa elə bildim ki, elə Göy Tanrıya yaxınlıq belə olur, Torpağa, Vətənə, Tanrıya eşqin ekstazı belə olur, onda insanın gözündən sevinc yaşları  mənim gözümdən axan kimi axır...

Üzümə sərt bir şəkildə baxıb: - Niyə ağlayırsan ki? – deyə sual etdi. Tez gözlərimin yaşını silib,- acizlikdən deyil, Sizin mətanətinizə, vüqarınıza sevindiyimdən ağladım...- deyib, dayandım.


Sonra söhbətimizə Əşrəfin özündən 1-2 yaş kiçik qardaşı Kərim müdaxilə etdi:


- Torpaqlarımız, Vətənimiz əldən gedəndə mənim 21 yaşım var idi. Biz Vətəni qoruduğumuz o səngərlərdən aylarla ayrılmadıq, elə vaxt olurdu ki, 1 il evimizə gəlmədik. Çayın dadını itirmişdik. Qəndi əsgər “kaska”sında yandırıb, çay içərdik. Şomudan, otdan ələfdən yeyirdik... Ancaq sonunda bu torpaqları qaytarmağımıza ümid edirdik. Heyf ki, ümid bizi çox gözlətdi...
1993-cü il avqustun 23-ü Cəbrayıl da işğal olundu... gücümüz çatmadı... Özümüzə qalsaydı... vuruşardıq... Torpağı satanlar, alanlar, alver edənlərin badına getdi...yurd-yuvamız. Kənd, el-oba, arvad-uşaq da ki, hamısı çadırlarda yaşamağa başladı...

Ruhin də 1994-cü ilin oktyabr ayının 10-da burada çadırda dünyaya gəldi... Uşaq idi də... məktəb yox, təhsil yox... bütün çadır uşaqları kimi böyüyürdülər... Bizim də ki, günümüz  səngərlərdə, düşmənlə üzbəüz olan bölgələrdə keçirdi... Özüm evə tez-tez  gəlməzdim... Bir dəfə düz bir il gəlmədim... Ailəni, ata-ananı, bacı-qardaşı gəlib burda çadırlardan axtarıb tapdım...
Ata –baba ocağı yox idi ki, bizi çəkəydi özünə... Yurdu verib, gəlib çadırlara sığınmışdıq... Beləcə Ağdam döyüşlərində, Murov, Laçın əməliyyatlarında iştirak etdim... Sonra qanuni səfərbərlik yarandı, qaldım Orduda. Şakir Abdullayev adlı batalyon komandiri vardı, çox cəsur oğlan idi... Onun rotasında idim. Cəbrayılı  işğal etdirdilər, biz də hələ ümid edirdik nəyəsə...   

Sonra yaşadıq da... gözləyə-gözləyə ki, bu qan yerdə qalmayacaq... Axırda estafeti oğullarımıza verdik... Axırıncı dəfə martın sonunda gördüm Ruhini. Adətən gəlməyi ilə getməyi bir olurdu. Qəhrəmanla Ruhin evə gələndə, qardaşım Əşrəf özünə yer tapa bilmirdi. Elə hey tələsdirirdi onları ki, tez qayıdın hərbi hissəyə. Elə bilirdi ki, o uşaqlar burda 1 saat artıq otursalar, oralar boş qalacaq.



Bir il yarım idi  MAXE idi Ruhin. Yanvar ayından isə onu kəşfiyyata keçirmişdilər. Sanki tay-tuş kimi idik. Əmi ilə qardaşoğlunun dost olmasının, tay-tuş olmasının başqa ləzzəti var axı... Yanına gedirdim. Saatlara otururdum səngərdə, keçmiş döyüşçü kimi ona üzbəüz  əraziləri, dağları, kəndləri göstərib orada apardığımız döyüşlərdən, itkilərdən danışırdım. Şişqaya əməliyyatında necə yaralandığımdan danışmışdım... Ona deyirdim ki, bizim bu ərazilərdə bir gündə bir nəfər şəhidimiz olanda onu artıq adi gün hesab edirdik, yəni elə bilirdik ki, həmin gün döyüş olmayıb... Əşrəfin yaralı-yaralı gəlib bizi bu səngərlərdə tək qoymamasından danışırdım. 
Quycaq döyüşündən danışırdım ona... Biz Quycaq döyüşündə 12 nəfər qalmışdıq, 1993-də sentyabrda girib Quycaq kəndində dayanmışdıq. Bir balaca yaralanmışdım. O döyüşlərdə qrupumuza təzə yazılan Əzizağadan danışdım... son döyüşdə Əzizağanın itkin düşməsini söylədim... 12 nəfərlə Allah ümidinə döyüşdən necə sağ çıxmağımızdan bəhs etdim...  Əzizağanın yaralanıb qaldığı yerləri göstərdim... Bəzən hirsindən oturub ağlayırdı... Ölən qohumlar, dostlar, ad verdiyimiz yüksəkliklər, postlar haqqında danışanda kin-küdurət dolurdu qəlbinə... O qədər qovrulurdu ki, içində, axırda məcbur olub siqaret istəyirdi məndən. Kin-küdurətini tüstüyə verib, ciyərlərindən ötürürüdü...  hirsini siqaretlə soyudurdu... - -- Yəni belə döyüşlər, belə anlar olub?- deyə soruşurdu.  Soruşurdu ki, döyüş başlyanada nə etmək lazımdır? Deyirdim ki, bala, arxada qalma, gizlənmə, sonra  yanındakı döyüş dostlarının arasında başın aşağı olar... gözlərinin içinə baxa bilməzsən.  Ehhhh... Onu döyüşə biz hazırlamışdıq... Ruhin ruhən  o döyüşlərdə idi həmişə...

Həmişə ürəyi  işğalda olan torpaqlarda  olub. İki gündən bir zəng vururdum, hər gecə onunla əlaqə saxlayırdım,  deyirdi ki, heç babanı soruşmursan... “Baba”  qardaşı Qəhrəmana deyirik. O da babamızın adını daşıyır. Babamız da 1941-45-ci il döyüşlərində qəhrəmanlıq göstərib... 

Həmin aprel gecəsində isə Ruhin qəhrəmanlıq  göstərdi. Demək bunlar 12 nəfər kəşfiyyat qrupu öndə gedərək aranı açıb, təmizləyiblər, deyirlər ki, 30-40 dəqiqəyə götürüblər bizimkilər Lələ təpəni... Lələ təpənin uğrunda biz qətrə-qoşun qurbanlar vermişik.  Bunların geri aldığı yerlərdə isə qardaşı Qəhrəman və digər əsgərlər bərkitmə əməliyyatları aparıblar. Ruhin isə qrup üzvləri ilə daha irəli gedib... İrəlilədikcə erməniləri qabaqlarına qatıb qovurmuşlar... Bir də baxıblar ki, Ruhin yoxdur. Sən demə Ruhin gedib lap qabağa... Qarşısına erməni DOD-u çıxıb. (DOD hərbi hissələrin nəzarət etdikləri yerdəki gözətçi mənətəqəsinə deyilir: -red.)

Ruhin qəfil açıb DOD-un qapısını, gözünə döndüyüm əlindəki avtomatla  güllələri döşüyüb ermənilərin başına. DOD-da 5 ermənini təkbaşına öldürüb. Bunları qırandan sonra , bir az irəli gedəndə qarşıdakı hansısa erməni onu nişan alıb düz ürəyindən vurub. Bir gülləyə yerə sərilib. Üzü üstə düşməyib, üzü GÖYLərə baxırmış... Səhər üzü sərin mehlər yumub qardaşım oğlunun gözəl gözlərini... İntiqamımızı almışdı... Bütün qohumların, elin-obanın intiqamını alıb...
Atasına deyirdi ki, bir gün görərsən ki, Cəbrayılı azad etmişəm. Ayın 2-də də zəng vurdular ki, Cəbrayılı geri almışıq.  Döyüş dostları deyir ki, Ruhin bağıra-bağıra , erməniləri söyə-söyə irəli gedirmiş, qan tutubmuş gözlərini ... İllərdən bəri yığdığı hirsini-hikkəsini həmin səhər o torpaqlarda əritdi. 


Bax belə... Lələ təpəni bizə verib gedib... Lələ təpə də bilirsən də nə deməkdir?  Çocuq Mərcanlı kəndindən ta üzü Beyləqana qədər bizim Odrumuzun həmin yerlərə nəzarəti deməkdir... 23-25 ildən sonra, güllə ata bilmədiyimiz yerlər indi bizim nəzarətimizdədir... Bütün o ərazilərin indi təhlükəsizliyini təmin edə bilir ordumuz. Ucu-bucağı görünmür ki... Baxdıqca adamın ürəyi açılır... Di gəl ki... ermənilər, ruslar beynəlxalq aləmi qatdılar araya... 

Başqa nə danışım? - deyərək, sözünü bitirdi keçmiş döyüşçü Kərim.

Döyüşçü Kərim qəhrəmanlıqla həlak olan qardaşı balasının, ciyərparasının qəhrəmanlığından, rəşadət və şücaətindən danışanda, Qəhrəman və Ruhin Qəhrəmanov qardaşlarının elə özləri kimi qəhrəman anaları Təranə də söhbətimizə müdaxilə edirdi:


- Biz burala didərgin olub gəldik... Çadırlarda ömür sürdük. Zülümlər çəkdik. Ruhin də bu çadırlarda dünyaya gəldi. 1993-cü ildə bir soyuq, bir çovğun var idi ki, gəl görəsən. Yerli camaat deyirdi ki, buralarda belə sərt qış olmayıb. Həmin il qış da oktyabr ayından başladı. Qar başımıza tökürdü. Uşaq doğulanda bükməyə əski tapmadıq. Nənəsi Maya əynindəki taxtalı tumanını çırıb, uşağı ona bükdü.

Biz onları nə zülmlərlə böyütdük, kişilər səngərdə yatdı, biz  qadınlar da bu çadırlarda böyütdük o uşaqları... Sonradan qarğıdan, qamışdan, palçıqdan daxmalar tikdik... Əvvəl məktəb olmadı, sonralar məktəb də düzəltdilər.
Qəsəbəni saldılar. Hər ailəyə bir ev verdilər. Kaş buralara daş qoymayaydıq. Ruhin də böyüdü, gah məktəbə, gah da mənimlə tarlalarda kətmən vurmağa getdi... Günü 5 manata kətmən vurduq... Tərəkəməliklə həyatımızı , gün-güzəranımızı keçirirdik.  Atasından, əmisindən, qohum-əqrabadan ancaq  hərb, dava, müharibə haqqında söhbətlər eşitmişdi. Nə Qəhrəman, nə də Ruhin Cəbrayılı görmüşdülər. Onları yay olanda dağ yerlərinə aparardıq, Yardımlı dağlarına, Quba tərəfə Baba dağına gedərdik...  

Sonuncu dəfə Baba dağına gedəndə, o ziyarətgahda əhd etmişdim ki, balalarımın toyu olsun, bu müharibənin qan-qadasından qurtarsın, gətirib orada qurban kəsərəm... Baba dağı qurbanımı götürmədi... Qəbul olmadı qurbanım... Baba dağında  bir qadın su axtarırdı. Ruhin öz su payından ona verdi. Arvad əllərini göyə açıb balam üçün o qədər dualar etdi ki... Dedi ki, bala sən cənnətini bu dünyada qazandın. Məni ki, bu susuzluqdan qurtardın, elə cənnətliksən...
Nə bilim bəlkə elə indi cənnətdədir Ruhin... Deyirəm bəlkə elə o arvada su verdiyinə görə balalarım zalım əlinə düşmədi, ikisi də gəlib çıxdı evimə...


Ruhin Naxçıvanski adına hərbi liseyə vermişdi sənədlərini... Ora da qəbul olunmadı. Nə qədər ağladı hirsindən-hikkəsindən. Sakitləşəndən sonra əsgər getdi. Qayıdandan sonra da, gedib MAXE-yə yazıldı.
Yaman xoşbəxt hiss edirdi özünü. Xidmət etdiyi yerlərdə əsgərləri üçün hər şərait yaratmışdı. Atam Oruc kişi də nəvələrindən onu seçirdi.  Hər balanın öz yeri, öz dadı var. Ruhinin də dadı başqa idi. Atam da onu çox istəyirdi. Hər dəfə gələndə, kişiyə nəsə düzəltdirirdi ki,  əsgərlərinə xeyri dəysin, şəraitləri yaxşılaşsın... Kəşfiyyata yazıldığını biləndə narahat oldum, dedim bala, kəşfiyyat gedər-gəlməzdi... Boynumu qucaqlayıb dedi ki, məni Tanrı qoruyur... Heç nə olan deyil.

Balamı Allaha əmanət etmişdim... Hərdən Allahın da eşitmədiyi vaxtlar olur.... Elə eşitsəydi, görsəydi, bizi bu zülümlərə salmazdı... Vətənsizlik hər dərddən çətindir...  Xidmət etdiyi ərazidə atası bir qəbri göstərib demişdi ki, burda bir naməlum əsgər yatır. Ruhin öz əlləri ilə o əsgərin qəbrini götürmüşdü, düzəldib üstünə baş daşı qoyub yazmışdı ki, “Mən səni sevirəm”...


Hə... onu deyirdim axı... Ruhin Aprel döyüşlərində ən birinci şəhidlərdən oldu. Adını tarixə yazdı. Aprelin 7-si Mehriban xanım Əliyeva şəhidlər üçün keçirdiyi anım məclisinə məni də dəvət etmişdi. Getdim. Başımı aşağı dikib dayanmışdım. Hamı ilə bir-bir görüşdü, dərdimizə şərik oldu. Mənə dedi ki, başını niyə aşağı dikirsən? Sən başını yuxarı tut ki, elə qəhrəman bir oğulun anasısan... Bu 25 ildə azad olunmayan torpağı sənin balan geri alıb...


Köçkünlərin yaçadığı qəsəbənin icra nümayəndəsi, elə Cəbrayılın Xudaverdili kəndinin sakinlərindən olan Zakir Camalov Qəhrəmanovlar ailəsinin əziz adamıdır.  Əşrəflə, Kərimlə bir keçib uşaqlığı da, gəncliyi də, müharibə illərini də bir yerdə olublar. Dedi ki, indiki gəlmisiniz, mənim də sözlərimi yazın: 

- Bu gördüyünüz  Biləsuvar düzlərində 11 qəsəbəsi var Cəbrayılın. Bizimki 2 saylı qəsəbədir. Qəsəbələrin 20 minə yaxın əhalisi var. Bu Qəhrəmanovlar nəsli elə binadan qəhrəmandırlar, vətənpərvərdirlər.  Əşrəf də, Əşrəfin sənəddə adı Hökumətdir, biz sonradan Əşrəf demişik, elə də çağırırıq - 4 qardaş bunların hamısı o torpaqlarda qan  töküb, can qoyublar.  Azərbaycanda  yegnə ailədir ki,  əvvəl özləri vuruşub Lələ təpə uğrunda, sonra oğlanları... belə işlər tarixdə az-az olur.  Uşaqlarının ikisini də ən təhlükəli bölüyə, kəşfiyyat bölüyünə göndərmişdi.  Elnur, Orxan, Ruhin səhər o başdan şəhid olmuşdular. Xəbərini alıb getdik. Axşam 5-ə qədər axtardıq. Sonra dedilər ki, Beyləqana gətiriblər. Getdik, gül balamızın nəşini gətirməyə. Orada Əşrəfin mərdi-mərdanə irəli keçib, balasının cansız bədənini özü götürdü... Biz ona toxtaqlıq verməkdənsə, o  bizə toxtaqlıq verirdi...


Sonra Maya nənə gəldi. Bu evin-ocağın ağbirçəyi. Beli bükülmüşdü. Yarıbükülü halda evə keçdi. Əlini belinə dayaq verdi. Bir azca dikəltdi qamətini. Qarşısına keçdim.Boynumu qucaqlayıb ağladı:


Əzizim balabanı,

Asta çal balabanı.

Hamının balası gəldi,

Bəs mənim balam hanı...

 

Mən aşiq meh dumandı,
Lalə təpə dumandı.

Soruşdum o yerlərdən

Bəs mənim Ruhinim hanı?

 

Bayraqlar qoşa gəldi,

Dolandı başa gəldi.

Bu yurdsuz  ocağımda
Ruhinin tabutu başa gəldi...

 


- Ay qızım, əlimdə xəmir yoğururdum. Dedilər şəhərdən gələn var... Balamdan yazacaq... Dedim mənim dediklərini də yazsın. Mən bu elin-obanın dərd aşığıyam...  Ruhinimi də belə ağlaram. Görürəm ki, daha gəlməz, ürəyimi dağlaram. Balam gül idi getdi,  göyərçin idi getdi. Bu Vətən üçün getdi... Torpağa döndü oğlum... Vətənsiz öldü oğlum... Mən balalarımı  müharibə üçün doğdum... Yarısı yaralı... sonrası da belə gəldi...

    
Söhbətimizin sonu idi... Əslində şəhidlər haqqında danışmaqla qurtarmaz ki... Əgər həmin gecə onların evində qonaq qalsaydım, Ruhinin anası Təranə xanım səhərə qədər danışacaqdı... 22 yaşlı cəngavər balası haqqında o qədər demədiyi xatirələri var idi ki... Deyəcəkdi ki, o dünyaya bir çadır pəncərəsindən baxmışdı... Onun uşaqlığının  taxta qapısı, daş divarı yox idi... Onun uşaqlığının bahalı oyuncaqları yox idi... O atasının əllərini tutanda, atasının əllərindən həmişə barıt qoxusunu duymuşdu... O atasının, əmisinin əlində gördüyü  avtomatın  sevgisini  taxtadan düzəltdiyi avtomata  salmışdı... Sonra palçığın, tozun, torpağın içərisində gah qoyun otarmış, gah kətmən vurmuşdu... Nənəsi Mayanın bişirdiyi çörəkləri tabağa yığıb çadıra daşımışdı... Qonşuya kömək etmişdi, yıxılanın əlindən tutub qaldırmışdı... İndi haraya baxsa Ruhinli xatirələrdir ətrafı... Ruhini unutmaq olardı ki...

Otağına apardılar məni... Heyrət ey büt... Surətin görəndə lal eylər məni...  Burada bir çəhrayı rəngli otaq düzəltmişdilər. Divarda Ruhinin və onunla aprel döyüşündə şəhid olanların böyük portretini çəkib asmışdılar... üstündə də qan rəngində bu sözlər yazılmışdı: “Nə qədər qəddarlıqla işim olmasa da, yarpağımı qoparanın ağacını kökündən kəsərəm... Bayraqları bayraq edən üstündəki qandır...”  


Bu otaqda Ruhinin döyüş paltarları, əşyaları, kəşfiyyata gedəndə geyindiyi çəkmələrini saxlayırlar. Şəkillərə, çiçəklərə dönüb gələnlərə-gedənlərə gülümsəyir gül üzlü Ruhin bala...

Bu yazını yazanda sosial şəbəkələrdə Ruhin haqqında yazılanlara, çəkilənlərə baxdım bir də... Onu kəşfiyyatçı dostlarının böyük hörmətlə yad etdiklərini gördüm. Kəşfiyyat bölüyünün rəhbəri Nahid Muradov söbətində qeyd edir ki, həmin gün əsgərlərindən təkcə Ruhinə deyib ki, əməliyyat başlayır, get, qardaşınla görüş. Ruhin də tez gedib qardaşı Qəhrəmanla görüşüb, əməliyyata yola düşüb.

Özündən yaşlı, özündən təcrübəli kəşfiyyatçı dostları aralarına gec qatılıb, tez də göylərə çəkilən Ruhin haqqında o qədər xoş sözlər, xoş xatirələr danışırlar ki... Dedilər ki, biz Ruhinlə danışaraq deyil, döyüşərək anlaşırdıq...
Və Rihindən danışdıqca  o rəşadətli əsəgrlərin, kəşfiyyatçıların gözlərində yaş gilələnirdi...
Bu mənzərəni seyr edəndə bir daha əmin olursan ki, bu şir və pələng cüssəli qəhrəmanlar həm də dost qədri bilən və onu dəyərləndirməyi bacarandırlar. 


Bir də danışmayan  qardaşı  bu gün də  səngərdə düşmənlə üz-üzə dayanan Qəhrəman oldu. Onu video lentlərdə izlədim. Hansı lentə baxdımsa, Qəhrəmanın gözünü yaşlı gördüm. Qəhrəman qardaşı Ruhinlə  aralarında kiçik yaş fərqi olsa da, ruh əkizi idilər. Elə ona görə də hər ikisi eyni bölükdə xidmət etməyə getmişdi. Bir də ki, Ruhinin ad günündə çəkilən bir fraqment kövrəltdi məni. 10 oktyabr 2016-cı ildə Ruhinin  döyüş dostları  indi onun uyuduğu  məzarın üstünə gəlib, Ruhini  yad edirlər. Ruhinin adına bişirilmiş tortu qardaşı Qəhrəman kəsir. 24 yaşını qeyd edir. Və həmin tortun ilk dilimini göz yaşları içərisində aparıb qardaşının  bəy otağı kimi bəzədilmiş məzarının üstünə qoyur... və  arxasını qonaqlara çevirib, göz yaşlarına hakim ola bilməyəcək tərzdə ayrılıb gedir... 

Ruh əkizi Ruhinin burada uyumasına hələ də inanmaq istəmir Qəhrəman... Qəhrəman üçün çox ağırdır... Deyir ki, müharibə başlasaydı,  gedib yenə vuruşardı... İndi qardaşının əvəzinə özü qabağa düşmək istəyir... Deyir ki, öldü var, bu yoldan döndü yoxdur...


Bu yazını Lələ Təpə yüksəkliyini azad edən , ölümündən sonra Azərbaycan Prezidentinin “İgidliyə görə” medalı ilə təltif olunan Ruhin Qəhrəmanovun atası  Əşrəfin sözləri ilə yekunlaşdırmaq istəyirəm:

“Oğlum Ruhin və onunla birlikdə döyüşənlər, həlak olanlar o bayrağı asdılar ki, millət alçalmasın. Əyilən qəddimizi bir azca düzəltdilər. Məni ağrıdan bilirsiniz nədir? Qorxuram buralarda öləm... Uzun sözün qısası... bu millət yalandan qışqırmasın ki, Şəhidlər ölməz, Vətən bölünməz! Birləşib, bir olub o torpaqları qurtarmaq lazımdır. Gözləmək olmaz. Qeyrət vaxtıdır. Müharibəni aparmaq istəməyənlər, məni bu torpaqda basdırsalar, o dünyada üzümə necə çıxacaqlar... Mən doğulduğum  Cəbrayıla dönmək, orada ölmək istəyirəm...”.





Aida Eyvazlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi