Modern.az

Jurnalistlərin aylıq gəlirləri nə qədərdi? - JuHİ sorğunun nəticələrini açıqladı

Jurnalistlərin aylıq gəlirləri nə qədərdi? - JuHİ sorğunun nəticələrini açıqladı

Media

17 Yanvar 2017, 14:09

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2016-cı il üzrə sosial durumlarına və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatını açıqlayıb

 

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2016-cı ildə sosial durumlarının öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb.  JuHİ sədri Müşfiq Ələsgərli Modern.az-a bildirib ki, təşkilatın keçirdiyisorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 20 ümumrespublika yayımlı qəzet, 6 informasiya agentliyi, 15 xəbər portalı, həmçinin 6 həftəlik qəzet, 4 televiziya redaksiysının əməkdaşları cəlb ediliblər (ümumilikdə 51 redaksiya əhatə olunub).

Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2016-cı ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. 

Sorğu üzrə aşağıdakı nəticələr alınıb:

  1. Gündəlik nəşr edilən qəzetlərdə, informasiya agentliklərində və ümumrespublika yayımlı telekanallarda:

 

- İşçilərlə fərdi əmək müqavilələrinin  bağlanması məsələsində ciddi dəyişiklik olmayıb. 2015-ci ildə olduğu kimi, 2016-cı ildə də sorğuya cəlb edilənlərin 92  faizi (2015-ci ildə 90 faiz olub) çalışdıqları redaksiyalarda fərdi əmək müqavilələri bağlanıldığını bildiriblər. Əmək qanunvericiliyinə edilən yeniliyə uyğun olaraq, əmək münasibətlərinin rəsmiləşdirilməsinin elektron informasiya sistemi  müstəvisinə keçirilməsi ilə  bu sahədə ciddi irəliləyiş yaranıb.  Amma irəliləyişlərlə yanaşı, müəyyən qüsurlar da qalmaqdadır. Həll edilməli məqamlar siyahısına  aşağıdakılar daxildir:

a)  Bu sırada ilk yeri fərdi  əmək müqavilələrinin müddətli bağlanılması tutur.  Azərbaycan Əmək Məcəlləsinin  45-47 maddələri  daimi fəaliyyət göstərən iş yerlərində əmək müqaviləsinin müddətli bağlanmasını istisna etsə də, KİV redaksiyalarında jurnalistlərlə əmək müqavilələrini müddətli bağlamağa üstünlük verirlər ki, bu da həmin müqaviləyə istənilən vaxt xitam vermək üçün şərait yaradır.

b) Fərdi əmək müqavilələrin redaksiyaların bütün əməkdaşlarına şamil edilməməsi də   problemlərdən biridir.  Hələ də bəzi redaksiyada  əməkdaşlardan yalnız  50-55 faizi ilə fərdi əmək müqavilələri bağlanılır, təqribən 40-45 faizə qədər  əməkdaş əmək münasibətləri  rəsmiləşdirilmədən, şifahi sövdələşmə ilə çalışdırılırlar.

  c) Əmək haqqının əmək müqavilələrində göstərilən rəqəmlərlə uyğunsuzluğu problemi də  öz aktuallığını qoruyur, əksər redaksiyalarda əmək müqavilələri əmək haqqı və digər məsələlərlə bağlı reallığı tam əks etdirmir;

 d) Tibbi sığortanın tətbiq edilməsi məsələsində irəliləyiş və ya geriləmə yoxdur. Tibbi suğortanın tətbiq edilməsi vəziyyəti minimum həddə- 5  faizdən aşağıdır. 

 

  1.   Jurnalistlərin aylıq gəlirlərində  sabitlik müşahidə edilib:

 

a)       Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri 500-600  manat civarındadır (sorğu iştirakçılarının 83 faizi). Bu kateqoriya üzrə sorğu iştirakçılarının az qismi (3 faiz)  350-450 manat, qalanları isə (14 faiz) 700-800 manat və daha yuxarı həddə aylıq gəlir əldə etdiklərini bildiriblər.   

b) Analoji vəziyyət ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin  aylıq gəlirlərində də mövcud olub. Bu kateqoriya üzrə redaksiyalarda çalışan jurnalistlərin orta aylıq gəlirləri 250-350 manat arasında dəyişir.

 c) Regional KİV-lərdə əmək haqqı:  

 

 - Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 150-300 manatla ifadə olunur (91 faiz).  Rəyi soruşulanlardan 9 faizi 350-400 manat civarında əmək haqqı aldıqlarını bildiriblər.

- Regional televiziyalarda çalışan jurnalistlərin  aylıq gəlirləri   250-300 manat,

-Ümumrespublika yayımlı TV-lərin regional təmsilçilərinin gəlirləri isə 450-600 manat aralığında dəyişir.

 

d) Əmək haqqı və ya aylıq gəlir məsələsində diqqət çəkən əsas məqam KİV redaksiyalarında əmək haqqının infilyasiya tempinə uyğunlaşdırılmamasıdır. 2016-cı ildə manatın alıcılıq qabiliyyətinin aşağı düşməsinə, ABŞ dolları və evro ilə müqayisədə ucuzlaşmasına baxmayaraq, KİV redaksiyalarında əmək haqqının bu duruma uyğunlaşdırılması üçün ciddi addımlar atılmayıb. Rəyi soruşulanlardan yalnız  7 faizi əmək haqqının 2016-cı ildə infilyasiyaya uyğunlaşdırıldığını bildirib. Digər 93 faiz redaksiyalarda bu yöndə addım atılmayıb.   

 

Məlumat üçün qeyd edək ki, Azərbaycanda 2017 –ci il üzrə müəyyən edilmiş yaşayış minimumu 155  manatdır.    

 

  1.  Sorğu iştirakçıları 2016-cı ildə jurnalistlərin  durumlarına müsbət təsir edən amillər, həmçinin, diqqət çəkən proseslər  barədə də fikirlərini bildiriblər:

 

-          Prezident İlham Əliyev Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileyi münasibətilə televiziya və radio işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 102  nəfər jurnalist müxtəlif səviyyəli fəxri adlar və  mükafatlarla təltif ediliblər.

-          Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazılarının müsabiqələri vasitəsilə 2016-cı ildə 460 nəfər jurnalist qalib olaraq mükafatlandırılmaqla, əlavə maddi gəlir əldə ediblər.

-          Prezident İlham Əliyevin  imzaladığı əfv sərəncamı ilə həbsdə olan jurnalistlər - Xədicə İsmayıl,  Pərviz Həşimli,  Hilal Məmmədov, Rauf Mirqədirov azadlığa çıxıblar.

-           İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklikər qüvvəyə minib. Dəyişikliyə əsasən,  jurnalist hüquqlarının pozulmasına görə, xüsusən, jurnalist sorğusuna qanunla müəyyən edilən müddətdə cavab verilməməsinə görə cəzalar sərtləşdirilib.  Bununla yanaşı, 2016-cı il ərzində KİV haqqında qanuna, İnzibati Xətalar və Cinayət Məcəllələrinə bir sıra əlavə və dəyişikliklər edilib ki, bütün bunlar internetdə informasiya yayımının tənzimlənməsinə, jurnalist hüquqlarının qorunmasına, jurnalistlərin fəaliyyətlərinə münbit şərait yaradılmasına əhəmiyyətli təsir göstərib. 

-          Diqqət çəkən məsələlər arasında Dövlət Təhlükəsizliyi Xidmətinin  (DTX) uzun müddət KİV və jurnalistika adından istifadə edərək vətəndaşları şantaj edən dəstəni  zərərsizləşdirməsi də var. “Gündəlik Bakı” və “Bizim dövr” qəzetləri ətrafında cəmləniş məlum dəstənin hərəkətləri vətəndaşlara zərər verməklə yanaşı, jurnalistikanın nüfuzuna da ciddi  xələl gətirirdi.

 

  1. Sorğu iştirakçıları 2016-cı ildə onları qayğılandıran problemlərlə bağlı fikirlərini də açıqlayıblar. Bu sırada ən çox qabardılan məsələlər:

 

-         İlin əvvəlindən başlayaraq  qəzet kağızına əlavə dəyər vergisinin (ƏDV) tətbiq edilməsi, yəni 18 faizlik verginin də xərclərə əlavə olunması  çap mediasının durumunu  ağırlaşdırıb. Həmçinin, milli valyutanın ABŞ dolları və evro qarşılığındakı ucuzlaşması kağız satışının milli valyuta ilə qiymətinin təqribən 3 dəfə bahalaşmasına səbəb olub ki,  bu da  qəzetləri  risk altına salmaqla yanaşı, jurnalistlərin də durumlarına ciddi təsir göstərib.

-           KİV-lərdən “Gün.az” xəbər portalının,  “Gündəlik Teleqraf” qəzetinin,  ANS TV-nin, “Zaman Azərbaycan” qəzetinin   fəaliyyəti  dayanıb (Teleqraf qəzeti fəaliyyətini yalnız onlayn versiyada davam etdirir). Həmçinin, bəzi  KİV-lərdə işçi heyətlərin qrup halında, yaxud fərdi şəkildə ixtisar edilməsi diqqət çəkib. İnternet media qurumlarının sayının artması nəticəsində ixtisara düşən jurnalistlərin iş yeri ilə təmin edilməsi mümkün olub. Amma qurup və fərd  halında ixtisarların aparılmasının bir tendensiya olaraq ortaya çıxması  mənfi hal  kimi qiymətləndirilib.

-          Ermənistan-Azərbaycan ordusunun təmas xəttində hərbi əməliyatların bərpa olunması digər əhali qrupları kimi, jurnalistlər üçün də  problemlər yaradıb. Cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlər təhlükələrlə üzləşiblər, ATV-nin Qarabağ bürosunun  əməkdaşı yaralanaraq xəsarətlər alıb.

-          Jurnalistlərə qarşı fiziki təzyiq halları  qeydə alınıb. 2016-ci ildə  bir sıra KİV təmsilçiləri peşə fəaliyyətlərini yerinə yetirərkən müxtəlif şəxslər tərəfindən  fiziki hücuma məruz qalmış, əmək alətləri yararsız hala salınmış, hədələnmişlər. Bu da jurnalistlərin təhlükəsizliyi ilə bağlı tədbirlərin artırılması zərurətini ortaya çıxarmışdır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır