Modern.az

Bir şəklin tarixçəsi: Azərbaycanda OMON-u yaradan generalın FACİƏSİ

Bir şəklin tarixçəsi: Azərbaycanda OMON-u yaradan generalın FACİƏSİ

17 Yanvar 2017, 17:22

Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında növbəti fotonu təqdim edir.

Zaman - 1990-cı il... Məkan Kəlbəcər rayonu...

Azərbaycanın daxili işlər naziri, müstəqil respublikanın ilk generalı Məhəmməd Əsədov ordusu olmayan dövlətin milis dəstəsi ilə söhbətləşir, onlara tapşırıqlar verir..

Bu o zaman idi ki, erməni separatçıları təzə-təzə baş qaldırır, hələ işğal olunmayan rayonlarımızla bağlı gələcək üçün xain planlar cızırdılar.

1990-cı ilin may ayında Məhəmməd Əsədov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdi. Bu təyinat, o dövr üçün, vaxtında və yerində verilən təyinat idi. Çünki M.Əsədov çox güclü potensiala, enerjiyə malik olan general, cəsarətli ictimai-siyasi dövlət xadimi kimi ad-san qazanmışdı...

O zaman Azərbaycanın Ermənistanla sərhəd rayonlarını qarış-qarış gəzərək erməni-daşnaq təcavüzünü gözləri ilə görən daxili işlər naziri Məhəmməd Əsədov həyəcan təbili çalır, təcili tədbirlərin görülməsi üçün Moskvaya - SSRİ Daxili İşlər Nazirliyinə müraciət ünvanlayır, asayişi qorumaq üçün silah-sursat tələb edirdi. 

O, Ağdama, Gədəbəyə, Kəlbəcərə, Laçına, Goranboya, Tərtərə gedir, yaşayış məntəqələrinin- kəndlərin erməni quldurlarından qorunması, təmizlənməsi əməliyyatlarında şəxsən iştirak edirdi.

Erməni separatçıları Məhəmməd Əsədovun adından belə, bərk qorxurdular. 

Məhəmməd Əsədovla bağlı xatirələrdən: Məhəmməd Əsədov nazir kimi Azərbaycana rəhbərlik edən birinci katib Kamran Bağırova erməni separatizmiylə bağlı məruzə edəndə, Kamran Bağırov ona bir az səbr etməyi məsləhət görür. Məhəmməd Əsədov əsəbiləşərək deyir: "Əşşi, nə səbr? İcazə verin inzibati orqanlara göstəriş verim, hamısı məlumdur, qandallayıb, gətirsinlər Bakıya”.

Məhz Məhəmməd Əsədovun o zamanki təkidindən sonra Azərbaycanda xüsusi təyinatlı milis dəstəsi (OMON) yaradılır. 

OMON-un yaradılması, milis rotaları və alaylarının qaynar nöqtələrdə fəallığı dinc əhalidə tezliklə münaqişəyə son qoyulacağına inam yaradırdı. 
Məhəmməd Əsədov 1991-ci ilin noyabrında Milli Ordunun yaradılmasını tezləşdirmək, ordu quruculuğu işində mərkəzlə hüquq-mühafizə orqanları arasında birgə işin təşkilini həyata keçirmək üçün Azərbaycan Prezidenti tərəfindən dövlət müşaviri təyin edilir. Təyinatı zamanı Prezident ona deyir: "Siz bütün güc strukturlarına rəhbərlik edəcəksiniz, qaldırdığınız məsələlərin həllini isə özünüzə tapşırıram. Ona görə Sizi dövlət müşaviri təyin edirəm".

1991-ci il noyabrın 19-da Ağdama uçan Məhəmməd Əsədov orada dövlət katibi Tofiq İsmayılovun təşəbbüsü ilə keçirilən geniş müşavirədə iştirak edir. Bu müşavirədə həmçinin Rusiyanın, Qazaxıstanın qondarma Dağlıq Qarabağ problemi ilə məşğul olan yüksək çinli rəsmi nümayəndələri də iştirak edirdilər.


Azərbaycanın dövlət katibi T.İsmayılov Qarabağda, Xocavənddə, ümumiyyətlə, azərbaycanlılar yaşayan kəndlərdə qırğınların, terrorun aparıldığını, dinc azərbaycanlılara qarşı genosid siyasətinin həyata keçirildiyini Qarabağın Hərbi komendantına kəskin şəkildə bildirmişdi. Bunu sübut etmək üçün hər üç dövlətin nümayəndələrinin Xocavəndə uçması təklif olunur.

Noyabrın 20-də üç dövlətin yüksək rütbəliləri- sülhməramlı nümayəndə heyəti Mİ-8 vertolyotunda Xocavəndə doğru uçarkən Qarakənd səmasında erməni terrorçuları tərəfindən vuruldular.

Məhz 20 noyabr 1991-ci il faciəsindən sonra Azərbaycanın faciələri davam etdi, rayonlarımız-bir-birinin ardınca işğal olundu.


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir