Modern.az

Avropa Parlamentinə yeni sədr seçilib - YENİLƏNİB

Avropa Parlamentinə yeni sədr seçilib - YENİLƏNİB

Aktual

18 Yanvar 2017, 00:45

Avropa Parlamentinə yeni sədr seçilib. Modern.az saytı xəbər verir ki, səsvermənin dördüncü turunun nəticələrinə əsasən Avropa Xalq Partiyasının nümayəndəsi, Antonio Tayani Avropa Parlamentinin sədri seçilib. 

 

23:29

 

Avropa Parlamentinə sədr seçkisinin üçüncü turu da yekunlaşıb. Modern.az saytı xəbər verir ki, bu mərhələdə də heç bir  namizəd qələbə üçün lazımi səsləri toplaya bilməyiblər.

Beləliklə, mövcud qaydalara əsasən dördüncü – sonuncu tur keçiriləcək. Bu tura isə əvvəlki səsvermə vaxtı ən böyük səslərin sayını almış iki namizəd çıxacaq.

Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək dördüncü turda da qalib müəyyənləşməsə, mövcud qaydalara əsasən iki namizəddən yaş üzrə daha böyüyü qurumun sədri seçiləcək.

Qeyd edək ki, Tayaninin 63, Pitellanın isə 58 yaşı var.

 

21:44

 

Hazırda Avropa Parlamentinin sədrliyinə seçkilər keçirilir. Artıq birinci və ikinci raund seçkilər başa çatsa da, qalib müəyyən olunmayıb. Modern.az saytı Avropa Parlamentinin səlahiyyəti başa çatan sədri Martin Şultsun necə yadda qalmasına  münasibət öyrənib.

Məsələyə münasibət bildirən Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Azərbaycan Parlamentinin AVRONEST-dəki  nümayəndə heyətinin rəhbəri Fuad Muradovun sözlərinə görə, Martin Şults siyasi baxımdan ciddi yaddaqalan rəhbər olmayıb: “Martin Şults nəinki digər ölkələr, hətta Avropa ölkələri üçün də ciddi sayılacaq bir iş görməyib. Onun fəaliyyəti dövründə hansısa ciddi müzakirələrin aparıldığının da şahidi olmamışıq”.

F. Muradovun sözlərinə görə, hazırda sədrlik uğrunda 6 nəfər namizəd mübarizə aparır: “Seçkilərin birinci turunda heç bir nəticə əldə olunmadı. İkinci turda isə 287 səslə Antonio Tayani, 200 səslə isə Canni Pitella irəlidədir. Digər namizədlər isə 60, 55 səslə digər yerləri bölüşürlər. Bir qədər sonra seçkilərin üçüncü turu keçiriləcək.  Sədrin kimliyi də üçüncü turdan sonra məlum olacaq”.

F.Muradovun sözlərinə görə, Avropa Xalq Partiyasının nümayəndəsi Antonio Tayaninin şansı daha çoxdur: “Çünki o, ikinci mərhələdə 287 səs alıb. Həm də 200 səs alan Canni Pitella sabiq sədr Martin Şultsla eyni partiyanın  təmsilçiləridir”.  

Tayaninin dünya səviyyəsində tanınmasına gəlincə, Fuad Muradov bildirib ki, o,  İtaliyanın xarici işlər naziri vəzifəsində çalışıb: “Tayani həm də dünya siyasətində öz sözünü deyən şəxsdir. Ümid edirik ki, Tayani Avropa Parlamentinin sədri seçilərək bu qurumda ciddi irəliləyişə nail olan bir rəhbər olacaq”.

F.Muradovun sözlərinə görə, sədrlik uğrunda mübarizə aparan namizədlər arasında bir nəfər qadın namizəd də olub: “Amma hər zaman gender bərabərliyindən danışan və bu məsələni önə çəkən Avropa Parlamentində 6 namizəddən ən az səs toplayan da həmin xanım oldu. Bu da onu göstərir ki, Avropa Parlamentində söylənilənlərlə gerçəklik çox vaxt üst-üstə düşmür”.

Qeyd edək ki,  Avropa Parlamentinin sədrliyinə seçkilərdə öndə gedən hər iki namizəd - həm Antonio Tayani, həm də Canni Pitella İtaliyanı təmsil edir. 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı