2017-ci ildən respublikanın şəhər və rayonlarında peyvənd işinə nəzarət gücləndiriləcək.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
O bildirib ki, peyvənd işinə nəzarəti gücləndirmək üçün sağlamlıq kartı sistemi vasitəsi ilə hər bir uşağın peyvənd olunması barədə məlumatı hesabat formasında əldə etmək imkanı yaradılıb:
“Bu proqram Bakı şəhərində artıq sınaqdan keçirilib. Bu il ərzində respublikanın digər şəhər və rayonlarında tətbiqi nəzərdə tutulur”.
Nazirlik rəsmisi bildirib ki, peyvəndlər Azərbaycana 2014-cü ildən UNİCEF-in xətti ilə gətirilir:
“Vaksinlər istehsalçıdan uşağa qədər düzgün qaydada, yəni soyuq zəncir sistemi ilə çatdırılır. Əksər flakonlar bir dozalı olur. Vaksinlərin etibarlı saxlanması məqsədi ilə “soyuq zəncir” sistemi gücləndirilib. 2016-ci il ərzində respublika üzrə uşaqların profilaktik peyvəndlərlə əhatə səviyyəsi qənaətbəxş olub. Belə ki, yenidoğulmuşların vərəm əleyhinə BCG peyvəndi ilə əhatə olunması 97,8%, HepB peyvəndi ilə 98,0%, poliomielit əleyhinə (OPV0) 97,8%, 1 yaşa qədər uşaqlar arasında göyöskürək, difteriya, tetanus, b tipli hemofil infeksiya və hepatit B əleyhinə pentavaksinlə (GDTHibHepB3) 95,6%, poliomielit əleyhinə (OPV3) peyvəndi ilə 97,6%, pnevmokok əleyhinə peyvəndlə 96,5%, qızılca-parotit-məxmərək əleyhinə peyvəndlə 97,9% təşkil edib”.
A.Əliyevanın sözlərinə görə, yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər nəticəsində ölkədə dayanıqlı epidemioloji sabitlik təmin edilib.
Gülşən RAUFQIZI