Modern.az

Azərbaycanda qripə yoluxmuş müəllim dərsdə öldü

Azərbaycanda qripə yoluxmuş müəllim dərsdə öldü

18 Yanvar 2017, 13:50

Biləsuvar rayonu Aşağı Cürəli kəndində riyaziyyat müəllimi 57 yaşlı Mürsəl Bağırov yanavrın 17-də saat 12.20 radələrində dərs keçərkən qəfildən ürək tutmasından şagirdlərin gözü qarşısında vəfat edib.


Məktəbin direktoru Əlifağa Şirinov Modern.az-a açıqlamasında faktı təsdiq edib.

O deyib ki, müəllim bu gün artıq dəfn olunub:


“Mürsəl müəllim 4-5 il əvvəl ürək əməliyyatı keçirmişdi. Mütəmadi olaraq yoxlanışdan keçirdi, müalicə götürürdü”.

Direktor deyib ki, müəllim həmişəki kimi, adi qaydada dərs keçirmiş:

“Havalarla bağlı qrip keçirmişdi. Biz təkid edirdik ki, sağlamlığına fikir versin. Amma o, dərsləri buraxmaq istəmirdi. Deyirdi ki, “şagirdlərim mənsiz neyləyər?”. Savadlı, məsuliyyətli bir müəllim idi. Öz həyatını təlim-tərbiyəyə sərf etdi. Mürsəl Bağırov ailəli idi. Bir qızı, bir oğlu var. Qızına toy etmişdi, hazırlaşırdıq ki, bu il də oğlunu evləndirək. Amma qismət olmadı”.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub